Yeni tikililərdə “kupça” böhranı: Bu üç sənəd kifayətdir ki,..
Bizi izləyin

Sosial

Yeni tikililərdə “kupça” böhranı: Bu üç sənəd kifayətdir ki,..

Keçən illərlə müqayisədə yenitikililərdə çıxarış alınması müşkülə çevrilib. Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.

Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb. Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir. Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yenitikililərdəki minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi. İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.
Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir?

Rəqəmlər nə deyir?

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Rəqəmləri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisə etsək görərik ki, çıxarışların sayı həmin dövrdə 306 456 olub.
Statistikadan görünür ki, 2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən aşağıdır və bu da çıxarışların verilməsində müəyyən yavaşlamaya işarə edir. Maraqlıdır ki, 2023-cü ildə ölkədə əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunub. Həmin ilin yanvar-oktyabr aylarında 406 180 mülkiyyət hüququ qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur.

Belə görünür ki, dövlətin keçən illərdə sürətləndirdiyi proses indi öz tempini itirib.

Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: “Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi. Bunun əsas səbəbi Prezidentin müvafiq Fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismara qəbul edilirdi. Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu. Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir”.
Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: “Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır. Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir”.

“Bəzi MTK-lar torpaqları özəlləşdirməyib”

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: “Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular. Amma çıxarış verilməyən binalar da var və onların müəyyən problemləri mövcuddur. Əsas məsələ təhlükəsizlikdir. Həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib, çünki Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri təqdim olunmayıb”.

Ekspert bildirir ki, digər problem torpaqla bağlıdır: “Bəzi Mənzil-Tikinti Kooperativləri və ya MMC-lər binanın torpaq sahəsini özəlləşdirməyiblər. Dövlət torpaqlarında bina inşa edən şirkətlər bəzən məlumat vermirlər. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Dövlət qurumu həmin MTK-ları məhkəməyə verib və torpaq sahəsinin özəlləşdirilməsini tələb edib. Hüquqi məsələlər də problem yaradır. Baş Prokurorluq bəzi binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı işləri araşdırır. Ona görə də aidiyyəti qurumlar vətəndaşların təhlükəsizliyi baxımından bu binalara rəy vermirlər”.

“Bu üç sənəd kifayətdir ki, çıxarış alınsın”

Mütəxəssis çoxmənzilli binalarda ev almaq istəyən vətəndaşlar üçün bir sıra vacib məqamları da sadalayır: “Ev almadan öncə mütləq həmin binanın dövlət qeydiyyatına alınıb-alınmadığı barədə müvafiq sənədi tələb etsinlər. Əgər həmin bina dövlət qeydiyyatına alınıbsa, demək orada heç bir problem yoxdur və çıxarış əldə etmək rahat olacaq. Bəzən MTK-lar özləri də bu məsələdə maraqlı olmurlar. Sənədləri gecikdirir, maliyyə arayışlarını vermirlər. Bu, onlara sərf edir və əlavə qazanc əldə edirlər. Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Bu baxımdan, vətəndaşlar dərhal maliyyə arayışlarını, ölçü sənədləri və binanın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın surətini tələb etməlidirlər. Bu üç sənəd kifayətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti mənzilə çıxarış versin. Dövlət qeydiyyatına alınmayan binada yerləşən mənzilə isə vətəndaş istəsə belə, çıxarış almaq mümkün deyil. Məndə olan məlumata görə, hazırda təxminən 30 belə bina mövcuddur”.

“Bu prosesdə 41 komissiya rəy verməlidir”

Rieltor Nofəl Quliyev isə bildirir ki, son illərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət aktının alınması prosesi mürəkkəbləşib: “Hazırda bu prosesdə 41 komissiya rəy verməlidir və bu, ilk əsas səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, bir çox MTK rəhbəri çıxarışların verilməsini istəmir. Çünki bir mənzil bir neçə şəxsə satıldıqda MTK hər dəfə 3–5 min manat əldə edir, eyni zamanda çıxarışlı mənzillərin alqı-satqısı zamanı həmin ərazi üzrə dövlətə indeksləşmə əsasında vergi ödənilir”.

Ekspert qeyd edir ki, prosesin yenidən sürətlənməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir: “MTK-lara müəyyən tövsiyələr verilməli, təhvil aktının verilməsi prosesi sürətləndirilməlidir”.("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm