Sosial
Yanacaq xərcləri niyə azalmır? - Səbəb bu avtomobillərdir
Azərbaycanda elektromobil və hibrid avtomobillərə edilən vergi güzəştləri ümumilikdə avtomobil parkının yenilənməsini sürətləndirib. Son vaxtlar paytaxt Bakının küçələrində daha çox yeni və qənaətcil avtomobillər görürük. Bu, əslində vətəndaşların yanacağa çəkdiyi xərcləri də azaltmalı idi. Amma rəsmi statistika fərqli mənzərə ortaya qoyur. Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar təkcə avtomobil benzini və dizel yanacağına 3 milyard 856,3 milyon manat xərcləyib.
Bu, əvvəlki illə müqayisədə 7,8 faiz çoxdur. Məntiqə görə, yanacağa qənaət edən avtomobillərin artması xərclərin azalmasına gətirib çıxarmalı idi. Deməli, problem yalnız avtomobillərin texniki göstəricilərində deyil. Bəs yanacağa tələbatı artıran əsas amillər hansılardır?
“Bütün avtoparkın yenilənməsi üçün illər lazımdır”
Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, benzin və dizelə sərf olunan vəsaitin artması mövcud şəraitdə normaldır: “Bunun əsas səbəbi daşımaların və yükdaşımalarının hələ də əsasən benzin və dizellə işləyən avtomobillərlə həyata keçirilməsidir. Son illər ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər nəticəsində avtopark qismən yenilənsə də, bu, bütün avtomobil parkının dəyişməsi demək deyil. Məsələn, taksi parkının 60–70 faizi yenilənib. Vətəndaşlar ikinci əl, köhnə avtomobil almaqdan imtina edərək, daha yeni elektrikli avtomobillərə yönəliblər. Amma bütün avtoparkın yenilənənməsi üçün illər lazımdır. Ona görə də düşünürəm ki, yalnız müəyyən dövrdən sonra yanacaq sərfiyyatının azalmasını müşahidə etmək mümkün olacaq”.
E.Əliyevin sözlərinə görə, güzəştlərin ləğvi insanların yenidən benzin və dizellə işləyən avtomobillərə yönəlməsinə səbəb olacaq: “Gələcəkdə hibrid və elektromobillər özünü tam doğruldarsa, vətəndaşlar onları daha çox əldə etmək istəyəcək. Hibrid avtomobillər artıq etibar qazanıb, lakin elektromobillərə hələ də ehtiyatla yanaşılır”.
“Artım bu il də davam edəcək”
E.Əliyev əlavə edir ki, tıxaclar da yanacaq sərfiyyatını artırır: “Şəhərdə mikromobilliyin və avtobusla daşımaların inkişafı bu baxımdan müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə isə xərclərin azalacağı real görünmür. Əksinə, bu il artımın davam edəcəyi ehtimal olunur. Çünki avtomobillərə tətbiq olunan güzəştlər dayandırılıb, ikinci əl bazara maraq artıb və daxiliyanma mühərrikli avtomobillər yenidən gündəmə gəlib”.
“Xidmət sektorunda daşınma dövriyyəsi artıb”
Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov isə bildirir ki, 2025-ci ildə yanacaq sərfiyyatının artmasının əsas səbəblərindən biri yük və sərnişin daşımalarıdır: “Xidmət sektorunda daşınma dövriyyəsi artıb. Kuryer fəaliyyəti, onlayn ticarət və yüklərin daşınması da bu artımda rol oynayır. Tıxaclar da yanacaq sərfiyyatını xeyli artırır. Elektrikli və hibrid avtomobillərin ümumi avtoparkda payı hələ o qədər də yüksək deyil. Buna görə də hələlik yanacaq sərfiyyatına ciddi təsir göstərmir”.
A.İsmayılov əlavə edir ki, iqtisadi aktivliyin artması da yanacaq sərfiyyatını yüksəldir: “Tikinti sahəsində istifadə olunan texnika əsasən dizel yanacağı ilə işləyir. Ticarət sektorunda da daşımaların artması müşahidə olunur”.
İctimai nəqliyyatın elektrikləşməsi də töhfə verə bilər
Ekspertin sözlərinə görə, yanacaq sərfiyyatını azaltmaq üçün ictimai nəqliyyatın cəlbediciliyinin artırılması vacibdir: “Keyfiyyətin yüksəldilməsi, intervalların azaldılması, inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqi və müəyyən endirimlər bu baxımdan əhəmiyyətli ola bilər. Şəxsi avtomobildən imtina da müsbət təsir göstərə bilər. İctimai nəqliyyatın və taksilərin mərhələli şəkildə elektrikləşdirilməsi yanacaq sərfiyyatına daha əsaslı təsir göstərə bilər”.
A.İsmayılovun fikrincə, yaxın müddətdə sərfiyyatın azalacağını gözləmək çətindir: “Xüsusilə bu il qiymətlərin artması fonunda statistik göstəricilərin aşağı düşəcəyi real görünmür. Yəni istehlak eyni səviyyədə qalsa belə, xərclər arta bilər. Müəyyən tədbirlər görülsə, artımın sürətini azaltmaq mümkün olar. Elektromobil və hibrid avtomobillərin sayını qısa müddətdə kəskin artırmaq mümkün deyil, bunun üçün vaxt lazımdır. Taksilərin və kuryer nəqliyyatının elektrikləşdirilməsi müəyyən qədər təsir göstərə bilər”.
Səbəb yaşı 10-dan yuxarı olan avtomobillərdir
Nəqliyyat eksperti Aslan Əsədov qeyd edir ki, yanacağa çox pul xərclənməsi adətən qiymət artımı ilə əlaqələndirilir, lakin ötən il yanacağın qiymətində artım olmayıb: “Bizdə yaşı 10-dan yuxarı olan avtomobillər ümumi avtoparkın 70–80 faizini təşkil edir. Onlar əsasən benzin və dizellə işləyir. Bu səbəbdən yanacağa xərclənən vəsaitin hələ də artması normaldır. Elektromobillərin avtomobil parkında payı o qədər də böyük deyil. Ona görə də onlar ümumi yanacaq sərfiyyatının azalmasına təkan verə bilmirlər”. ("Kaspi" qəzeti)
-
Sosial12:14Kiçik flakonda böyük risk: Qramla satılan ətirlərin yaratdığı təhlükə
-
Sosial10:46Yanacaq xərcləri niyə azalmır? - Səbəb bu avtomobillərdir
-
Region10:23Ermənistanda dəhşət - 5 silahlı dayanacağa hücum etdi
-
Maraq dünyası09:20Ürəyin “sığınacaq” tapdığı şəhər: Cəmi 508 nəfər əhalisi var - Fotolar
-
İdman09:10Hamı Ronaldonun oruc tutmasından danışır
-
Dünya09:00ABŞ hərbi gəmilərinin dörddə birini Yaxın Şərqə yönəltdi - Müharibəyə günlər qaldı
-
Region08:30Türkiyədə zəlzələ oldu
-
Sosial07:35Restoranda iftar etmək neçəyə başa gəlir?






















.jpg)












