Cənubi Qafqaz
Erməni mafiyasının siyasi cinayətləri: Paşinyan Berlinə getdiyi gün nə baş verdi? - ŞOK FAKTLAR

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də
Almaniyaya səfər edib. Bu səfərin məqsədi Ermənistanın yeni
hökumətinin Almaniyadan iqtisadi dəstək almaq istəyi idi, fevralın
1-də kansler Angela Merkellə görüşdə də Paşinyan bunu dilə gətirdi.
Lakin Paşinyanın alman torpaqlarına ayaq basdığı gün Berlində nəşr
olunan nüfuzlu “Tagesspiegel” qəzetinin manşeti diqqət
çəkdi.
“Erməni mafiyası Almaniyada fəallaşır”, qəzet
yazır (https://www.tagesspiegel.de/berlin/bundesregierung-bestaetigt-armenische-mafia-in-deutschland-aktiv-42-verdaechtige/23932792.html).
Qəzet qeyd edir ki, Federal Hökumət Almaniyada erməni mafiyasının
fəallığını təsdiqləyir. Erməni mafiyasının fəaliyyəti “mütəşəkkil
cinayətkarlıq”la təsnif olunur.
Bundestaqda “Sol” partiyasının sorğusuna cavabda Federal Hökumət
“Şpigel” nəşri və MDR ictimai televiziyasının 2018-ci ildə erməni
mafiyasının Almaniyadakı mütəşəkkil cinayətkarlığı ilə bağlı
apardığı araşdırmaların doğru olduğunu təsdiqləyib. Məlumata görə,
Federal polis indiyə qədər 42 şəxsə qarşı 14 araşdırma aparır.
Ötən il Almaniya mediasında erməni mafiyasının mütəşəkkil
cinayətkarlığı haqqında üç ciddi araşdırma yayımlanıb.
2018-ci il, 2 noyabr: “Spiegel” nəşrində yayımlanan “Erməni
mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı
məqalə;
2018-ci il, 7 noyabr: “Almaniyada xaç ataları:
Erməni mafiyası və qanuni oğrular” adlı sənədli film. MDR
televiziyasının (ARD ictimai televiziyalar qrupuna daxildir)
hazırladığı bu filmin nümayişi Ermənistan səfirliyinin şikayəti
əsasında Berlin məhkəməsinin qərarı ilə müvəqqəti
dayandırılıb;
2018-ci il, 19 dekabr: ARD ictimai televiziyasında
yayımlanan “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol
cinayətkarlığı” sənədli filmi və həmin televiziyanın
“sportschau.de” idman xəbərləri saytında dərc olunan “Erməni mərc
mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı
məqalə;
Araşdırmalarda erməni mafiyasının qanunsuz mərc oyunlarının
təşkili, narkotik, şantaj, zorakılıq, quldurluq və s. cinayət
əməlləri ifşa edilib. Məlum olub ki, erməni mafiyası təkcə
Almaniyada yox, Avropanın müxtəlif ölkələrində – Fransa,
Bolqarıstan, Slovakiya, Niderland, o cümlədən Birləşmiş Ştatlarda
da koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Almaniya
polisi ötən il bu cinayətkarlığa qarşı əməliyyatlar keçirib,
analoji əməliyyatlar adıçəkilən Avropa ölkələrində də həyata
keçirilib.
Böyük maliyyə resurslarına malik olan və Almaniya da daxil olmaqla,
Avropa ölkələrində kök atmış erməni mafiyası Avropa Parlamenti,
Avropa Şurası Parlament Assambleyası, ümumiyyətlə, Avropa siyasi
sistemində siyasətçilərin pulla ələ alınması, onların Azərbaycanın
işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkil olunması,
Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı
kampaniyaların aparılması kimi çirkin işləri də həyata keçirir.
Erməni mafiyası əslində erməni lobbisidir və kifayət qədər
siyasiləşmiş radikal təşkilatdır. Avropanın paytaxtı hesab olunan
Brüsseldə erməni mafiyasının xaç atası brilyant biznesi ilə məşğul
olan Kaspar Karampetiyan özünə məskən salıb. İsveçrədə isə erməni
mafiyasının xaç atası rolunda çıxış edən şəxs dünyaca məşhur Frənk
Müller saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş
ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Bu
şəxslərə qarşı hələ də heç bir addım atılmayıb.
Faktlar təsdiq edir ki, erməni mafiyası siyasiləşmiş təşkilat
olaraq Avropanın strukturlarının qərarlarına təsir edir, müxtəlif
deputatları, siyasi fiqurları pulla ələ alır.
Prezident İlham Əliyevin dediyi “Ermənistan beynəlxalq
arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri
satın alıb” sözləri də erməni mafiya-lobbisinin siyasətə
gətirdiyi cinayətkarlığın istiqamətlərindən birini göstərdi.
(https://asifnerimanli.wordpress.com/2019/01/12/konyak-diplomatiyasi-erm%c9%99nil%c9%99rin-bakiya-qarsi-sui-q%c9%99sd-planinda-kiml%c9%99r-yer-alir/).
Bu şəbəkə Ermənistan dövləti də daxil olmaqla dünyanın müxtəlif
yerlərindəki erməni diaspor nümayəndələri, biznesmenlər və
siyasətçilərdən ibarətdir.
Almaniyada erməni mafiyasının törətdiyi cinayət əməllərində
Ermənistan səfirinin də adının hallanması bunu təsdiq edir.
“Tagesspiegel” yazır ki, müstəntiqlər Berlindəki Ermənistan
səfirliyinin əməkdaşlarının da bu cinayətkar şəbəkədə iştirakını
aşkarlayıblar. Federal hökumətin “Sol” partiyasının sorğusuna
cavabında qeyd olunur: “Ermənistan səfiri 19 dekabr 2017-ci ildə
Federal Daxili İşlər Nazirliyində olub. Görüş səfirin xahişi ilə
təşkil edilib. Görüşün detalları haqqında məlumat Federal hökumətdə
yoxdur”. Lakin ekspertlər şübhələnirlər ki, səfir cinayət
araşdırması zamanı özünü ittihamlardan qorumaq üçün Daxili İşlər
Nazirliyinə gəlib. Federal hökumət erməni mafiyasının fəaliyyəti
haqqında ilk informasiyaları 2008-ci ildə kəşfiyyat tərəfindən
aldıqlarını etiraf edir. 2008-ci ildə Ermənistan səfirliyinin
sıravi əməkdaşı olan hazırkı səfir Aşot Smbatyan erməni mafiyasının
Almaniyaya qeyri-qanuni yolla miqrantların gətirilməsi
fəaliyyətində yer alıb. Onun hələ də cinayətkar qrupla əlaqələrə
malik olduğu deyilir.
Göründüyü kimi, erməni mafiyası bütün Avropanı öz “qanlı toruna”
sala bilib. Almaniya hazırda bu şəbəkəyə qarşı mübarizə aparır.
Araşdırmaların Almaniyanın ictimai televiziyalarında aparılması da
Federal Hökumətin məsələsinin ictimailəşməsində maraqlı olduğunu
deməyə əsas verir.
Ən diqqətçəkən məqam isə Nikol Paşinyanın Almaniyaya ayaq basdığı
gün “Tagesspiegel” qəzetinin erməni mafiyasının əməlləri ilə bağlı
geniş araşdırma ilə çıxış etməsidir. Almaniya bununla erməni baş
nazirə əslində kim olduqlarından xəbərdar olduğu mesajını verir.
Xüsusilə Paşinyanın yanvarın 31-də – məqalənin yayımlandığı gün
Kölndə erməni icması ilə görüşməsi və erməni icmasının əslində
erməni mafiyası olduğu haqqında məlumatlar məqalənin məhz bu
tarixdə dərc olunmasının təsadüfi olmadığını göstərir.
Asif Nərimanlı

-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı