Karapetyanın qovulmasında Bakının təsiri: Paşinyan müdafiə nazirini niyə dəyişdi?
Bizi izləyin

Cənubi Qafqaz

Karapetyanın qovulmasında Bakının təsiri: Paşinyan müdafiə nazirini niyə dəyişdi?

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı istefaya göndərdi, yerinə köməkçisi Suren Papikyanı təyin etdi. Son proseslər fonunda bu, sıradan kadr dəyişikliyi deyil və proseslərin inkişafı Bakının təzyiq siyasətinin İrəvanın siyasi qərarlarına təsir imkanlarını göstərir.

A.Karapetyan müharibənin başa çatmasının ildönümündə Qarabağa səfər etdi. Burada qanunsuz erməni silahlı dəstələri ilə görüşən nazir “ordunun hazırlığı sülh üçün zəmindir” açıqlaması ilə təxribat xarakterli mövqe nümayiş etdirdi. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq, Karapetyanın Qarabağda görüşdüyü, təlimatlar verdiyi erməni dəstələr çıxarılmalıdır. Karapetyanın səfəri və verdiyi açıqlamalar Ermənistanın bu niyyətdə olmadığını göstərir.

Qarabağa qanunsuz səfərdən sonra Karapetyanın təlimatı ilə Ermənistan ordusu Qaragöl ətrafında təxribata əl atdı: 60-a yaxın erməni hərbçisi Azərbaycan Ordusunun postları arasındakı yolu bağlamağa çalışdı, lakin ordumuzun dərhal müdaxiləsi onlara imkan vermədi və erməni hərbçilər mühasirəyə düşdü. Danışıqlardan sonra Azərbaycan erməni hərbçilərin geri qayıtmasına icazə verdi.

Lakin bu, Ermənistan üçün dərs olmadı və dövlət sərhədi istiqamətində iki gün ərzində atəşkəsi pozmağa başladı.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın hərbi rəhbərliyinə sərt reakisiyası və “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq” xəbərdarlığı Paşinyanı kadr dəyişikliyinə məcbur etdi. Nikol Paşinyan anladı ki, təxribatçı naziri dəyişməsə, növbəti addımda daha biabırçı vəziyyətlə üzləşməli olacaqlar.

Baş verənlər Ermənistanın əsas gündəminə çevrilib: hazırda erməni ictimaiyyəti müdafiə nazirinin dəyişilməsini və sərhəddə baş verənləri müzakirə edir.

Bu, müharibədən bir il sonra da Ermənistanın gündəmini Azərbaycanın müəyyən etdiyini göstərir. Və ən əsas məqam Bakının bölgədəki gərginliyi Ermənistanın daxilinə köçürmək strategiyasının uğurla nəticələnməsidir.

Mülki şəxs olan və haqqında xoşagəlməz məlumatlar yayılan yeni nazir Suren Papikyan Paşinyanın hakimiyyətə gəlişindən sonra təyin olunan 4-cü müdafiə naziridir. Onlardan üçü məhz kapitulyasiya aktından sonra təyin olunub. Bu faktın özü belə Ermənistan ordusunda real vəziyyəti anlamağa imkan verir.

Papikyanın müdafiə naziri postunda qalmaq müddəti özündən asılı olacaq: sələflərinin səhvlərini təkrarlamasa, uzunmüddətli nazir ola bilər, əks təqdirdə Azərbaycana qarşı yeni təxribatlar daha sərt və təsirli tədbirlərlə üzləşməsi ilə nəticələnəcək. Və Ermənistan rəhbərliyi Karapetyan kimi onu da göndərmək məcburiyyətində qalacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm