Fahişə sözündən xoşum gəlmir-QADIN KLUBU
Bizi izləyin

Tabloid.az

Fahişə sözündən xoşum gəlmir-QADIN KLUBU

Dörd qadın birləşib, bir adı "ŞQK" olan qadın klubu yaratdıq. ("ŞQK"nın mənasını bilmək istəyənlər redaksiyamıza zəng eləsinlər)


Klubumuzun üzvləri:

Günel Mövlud (yazar)
Aygün Aslanlı (kinoşünas)
Xalisə Şahverdi (hüquqşünas)
Günay Muradlı (QHT sektorundan).

Klubumuzun məqsədi

Klubumuz ən müxtəlif layihələr təqdim edəcək.
İlk layihəmiz məşhur kişilərlə axşam yeməyidir.
Maraqlıdır, bir jurnalistin yanında belə sərbəst ola bilməyən, cavablarını ölçüb-biçən məşhur siyasilər, yaradıcılar, iş adamları dörd fərqli qadının yanında nə qədər sərbəst olacaqlar?
Onların suallarını cavablandıra biləcəklərmi?

Obrazlarımız:

Günel Mövlud: romantik solçu
Aygün Aslanlı: melanxolik ziyalı
Xalisə Şahverdi: realist iş adamı
Günay Muradlı: qeyri-səlist məntiq nəzəriyyəsini həyat kredosuna çevirmiş xanım...

İlk qonağımız:

Rejissor Ayaz Salayev

Kafedə

Təklifimizi tez qəbul elədi.
Bu bir az qəribə oldu - çünki adətən müsahibə verməyi, mətbuata çıxmağı xoşlamır.
Kafeyə vaxtında gəldi.

Bir az gərgin, bir az yorğun idi - buna görə dəfələrlə üzr istədi. Heyətimizdəki qadınlardan ikisi - Günel Mövlud və Aygün Aslanlı ilə çoxdan tanış idi. Odur ki, elə də çox qəribçilik çəkmədi.
Axşam yeməyi sifariş veriləndən sonra söhbət başladı.

Söhbət

Pul müqabilində seksual xidmət göstərən qadına mən "fahişə" deyə bilmərəm...

Günel:

- Adətən, belə yerlərdə moderatorluğu mən eləyirəm, amma bir halda ki, məclisimizdə kinoşünas qadın var, bu dəfə söhbəti Aygün idarə eləsin.

Aygün:

- Yox, yox, bilirsən ki, belə şeyləri bacarmıram!

Günel:

- Yaxşı, onda mən başlayım. Ayaz müəllim, kino olmasaydı, bəşəriyyətin həyatında nələr dəyişərdi və ümumiyyətlə, nəsə dəyişərdimi?

Ayaz Salayev:

- Bilirsiniz, Napoleondan sonra dünyada yeni icadlar dövrü başladı. Və bu dövrün yeni olmağı həmin yeni icadların nəticəsi idi. Fotoqrafiya, buxar mühərriki ilə işləyən gəmilər, insan enerjisi tələb eləməyən yeni cihazlar.

Kino sənəti də bu dəyişikliyin nəticəsi idi. Kino yeganə sənət növüdü ki, biz onun təvəllüdünü bilirik. Çünki o bizim gözümüzün qabağında yaranıb. Ondan başqa bütün sənət növləri - memarlıq, ədəbiyyat, teatr - hamısının tarixi qədimdi. Buna görə də, söhbət ondan gedə bilməz ki, kino nəyisə dəyişdi. Kino özü bir dəyişikliyin nəticəsi idi.

Aygün:

- Azərbaycanda kinonun vəziyyətinə baxanda mənə elə gəlir ki, bizdə kino olmasaydı da heç nə dəyişməyəcəkdi...

Ayaz Salayev:

- Bilirsiniz, mən həmkarlarım barədə ya yaxşı fikirlər deyirəm, ya da heç nə demirəm...Odu ki, biz dünya kinosu barədə danışa bilərik, amma yerli kinodan yox...

Günel:

- Qabriel Qarsiya Markes deyirdi ki, mənim bütün yaradıcılığım uşaqlığımda baş verənləri danışıb bitirmək cəhdidir. Rejissorlar da uşaqlığını çəkmək istəyir, yoxsa...

Ayaz Salayev:

- Baxır rejissorun uşaqlığı nə vaxt qurtarır. Çünki, elə olur, rejissor ömrü boyu uşaq qalır, onun uşaqlığı heç vaxt qurtarmır. Ümumiyyətlə, bəzən kişilər ömrü boyu uşaq qalır, heç vaxt böyümür. Buna görə də, sənətkarların əksəriyyəti kişilərdi. Və vacib deyil ki, rejissor uşaqlığından nəsə çəkir ya yox. O, ümumiyyətlə hər şeyə, qocalığa da uşaq kimi baxır.

Qadınlarda bu dövr tez yaşanır və bitir. 12-14 yaşına çatan qızlar artıq böyüyür, onun üçün uşaqlıq dövrü geridə qalır. Buna görə də məktəbli qızlar heç vaxt öz yaşıdlarına vurulmurlar...

Xalisə:

- Ayaz müəllim, bu günün Azərbaycan qadınlarını necə görürsünüz?

Ayaz Salayev:

- Bayaqkı cavabıma baxmayaraq, mən Azərbaycanın gələcəyini Azərbaycan qadınında görürəm. Son vaxtlar tanış olduğum, yaradıcılıqlarından təsirləndiyim şəxslərin demək olar ki, hamısı qadındı.

Günay:

- Ayaz müəllim, niyə türk kinosunda Türkiyəyə fahişəliyə gəlmiş azərbaycanlı qadın obrazı bu qədər çoxdur?

Ayaz Salayev:

- Bilirsiz, mənim "fahişə" sözündən xoşum gəlmir. Bu ifadə elə bil qadını təhqir etmək üçün işlədilir. Qadın pul müqabilində seksual xidmət göstərsə də, mən ona “fahişə” deyə bilmərəm. Qədim Romada fahişələr ümumiyyətlə müqəddəs peşə sahibləri hesab olunurdular. O ki qaldı, sualınızın cavabına, nə bilim... bu suala cavab verməkdə bir az çətinlik çəkirəm. Rejissorun belə qadınlara yanaşma tərzi başqadı.

Federiko Fellininin "Kabiriyanın gecələri" filminə baxmısınız. Filmin qəhrəmanı belə bir qadındı, amma siz o filmə baxandan sonra mənən nə qədər təmizlənmiş olursunuz...

Aygün:

- Ümumiyyətlə, İtaliya kinosunda da, ədəbiyyatında da fahişələrə münasibət fərqlidi. Onların fahişələri olduqca romantik olur.

Günel:

- Tomas Vulf da xatirələrində yazır ki, amerikalı fahişələr işgüzardılar, onları ancaq pul maraqlandırır. Amma Venesiyadakı fahişələr adamı bir azca da sevirlər...

Aygün:

- Azərbaycan kinosunda qadın həmişə ana, bacı, müəllimə, zəhmətkeşdi, onu "ləkələyən", adına xələl gətirə biləcək heç nə yoxdur. Azərbaycan qadınının başqa bir obraza ehtiyacı var.


Qadın qəlbinin 40-cı otağına heç kimi buraxmır


Günel:

- Ayaz müəllim, söhbətimizin sadəcə bu istiqamətdə inkişafını istəməzdim, amma bunun cavabını bilmək istəyirəm: niyə qadın sevmədiyi kişi ilə yata bilmir, amma kişi sevmədiyi qadınla rahat yata bilir?

Ayaz Salayev:

- Bunun çox sadə, fizioloji səbəbi var. Kişi üçün bu gündəlik tələbatdı, qadın üçün isə şəhvani məsələlər əyləncədi. Kişi belə qurulub, onun tez-tez özünütəsdiqə ehtiyacı var. Amma qadından elə çox şey tələb olunmur.

Buna görə bayaq dediyiniz fahişəlik məsələsi var, amma kişi fahişəliyi deyilən bir sənət yoxdur. Varsa da çox az...Kişi kimi primitiv məxluqla müqayisədə qadın, ümumiyyətlə, mükəmməl varlıqdı. Onun özünütəsdiqə ehtiyacı yoxdu, o müdrikdi, ağıllıdı, sirlidi. Hər kişi hətta ömrü boyu birlikdə yaşadığı qadının da onun üçün axıra qədər sirr qalacağı ilə barışmalıdı.

Aygün:

- Bəs kişinin ürəyinin 40-cı qapısı həmişə açıqdı?

Ayaz Salayev:

- Kişi ürəyinin heç 40 qapısı da yoxdur axı! Ən maraqlı kişilərdə bu qapı bir neçə ola bilər. Kişi ömrü boyu uşaq qalır. At yarışları, futbol, məşuqə - bunlar əslində kişi üçün oyuncaqdı...

Xalisə:

- Deyəsən, Ayaz müəllim istənilən qadından daha feministdi...

Ayaz Salayev:

- Feminist deməzdim, amma mən qadınları sevirəm. Onlar maraqlıdılar, onların hər şeyə, məsələn, xəyanətə münasibətləri də başqadı, fərqlidi... "Geniş qapalı gözlər" filmi bununla başlayır ki, qadın etiraf eləyir: "illər əvvəl o donanma zabiti istəsəydi, mən sənə xəyanət edə bilərdim"...Və bu fikir kişi qəhrəmana rahatlıq vermir...

Günay:

- Amma azərbaycanlı qadın olsaydı, deyərdi ki, mən istəmədim, donanma
zabiti məni məcbur elədi...


Qadına əli silahlı inqilabçı romantik görünür, xəstənin nəcisini qurdalayan həkim yox...


Ortaya axşam yeməyimiz gəlir. Qonağımız hamının sifarişinə qoşulub: "hamı nə istəyirsə, mənə də ondan" prinsipi ilə...

Günel:

- Ayaz müəllim, Sizi solçu hesab eləmək olar?

Ayaz Salayev:

- Bilirsiniz, bu mübahisəli məsələdi. Mən indiki solçulara mənfi yanaşmıram və sizin romantikanızı başa düşürəm. Amma indiki solçular sovet vaxtı yaşamırdılar. Yaşasaydılar, onların çoxu mövqeyini dəyişərdi.

Mən Rusiyada oxuyanda mənimlə bir türk rejissor oxuyurdu. O kommunist idi. Amma bir neçə il Rusiyada yaşayandan sonra o, Kommunist Partiyasından çıxdı. Hələ də anlaya bilmirəm, necə olur ki, insan həyatını xilas edən həkim Çe Gevara əlinə silah alıb, inqilab eləməyə gedir?

Günel:

- İnsanın həkimi olmaq azdı, o bəşəriyyətin həkimi olmağa çalışdı...

Ayaz Salayev:

- Mən başa düşürəm, qadın üçün əlinə silah alıb, inqilab eləyən döyüşçü daha romantik görünür, nəinki üzr istəyirəm, xəstənin nəcisini qurdalayan həkim...saqqallı, ağ xələtlı, cılız həkim gülməli görünür, amma əlində silah, başında beret, saçları dağınıq inqilabçı obrazı romantikdi.

Aygün:

- Ayaz müəllim, Günelin sol, Çe Gevara sevgisi Sovet vaxtında keçən uşaqlığını unuda bilməməsindən irəli gəlir...

Ayaz Salayev:

- Mənim də cavanlığım Sovet dövründə keçib, amma mən o vaxt xoş heç nə görməmişəm. Heç nə yox idi o vaxt - nə istədiyimiz kitabları oxuya bilirdik, nə istədiyimiz paltarları mağazadan ala bilirdik. Saqqız belə yox idi.

- Ayaz müəllim, əgər dünyada bizdən başqa qadın qalmasaydı, sizin də mütləq dörd aktrisaya ehtiyacınız olsaydı, bizi hansı rollara çəkərdiniz...

Ayaz Salayev:

- Dünyada sizdən başqa qadın qalmasaydı, mənim qadın haqda təsəvvürüm dəyişərdi...

Günel:

- Yaxşı, obrazları mən deyim - siz aramızda bölüşdürün. Bir ziyalı qadın, bir ictimaiyyətçi-zəhmətkeş, bir evdar və bir "vamp" qadın...

Ayaz Salayev:

- Hamınız o qədər fərqlisiniz ki...Evdar qadın obrazı heç birinizə yaraşmır. Vamp qadın obrazı birmənalı olaraq Günay Muradlınındı...O birilərini müəyyənləşdirməkdə çətinlik çəkirəm.

Sahilə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm