“Bölgələrdən paytaxta” layihəsinə start verildi -FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Bölgələrdən paytaxta” layihəsinə start verildi -FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsinə start verilib. Publika.az-ın məlumatına görə,layihə çərçivəsində ilk tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında həyata keçirilib.

Tədbirdən öncə tamaşaçılara Masallı rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən stendlər, Masallı iaşə malları və kitab sərgisi nümayiş etdirilib.

Qeyd olunub ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni tədbirlərin təşkili nəzərdə tutulub. Bildirilib ki, 2015-ci il ərzində Masallı, Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişaf potensialını əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, həmçinin regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertləri təşkil ediləcək.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə çərçivəsində hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda öz əksini tapacaq.

Tədbirdə bir sıra rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Mədəniyyət və turizm nazirinə Masallının istedadlı nümayəndələrinin əl işləri təqdim olunub. Nazir jurnalistlərlə söhbətində layihə barədə ətraflı məlumat verib. O, bildirib ki, “Bölgələrdən paytaxta” layihəsinin məqsədi paytaxtdakıların bölgələrimizdəki insanların əməyi ilə tanış olmasına şərait yaratmaqdır:

“Sözsüz ki, bu gün hər bir rayonda, şəhərdə, kənddə istedadlı insanlarımız var. Bu layihə həmin insanların yaradıcılığına öz töhfəsini verməlidir. Biz istərdik ki, bölgədən gələn hər bir istedadlı insan öz tamaşaçısını tapsın, yaradıcılığı qiymətləndirilsin. Biz bu layihəni Azərbaycanın mədəniyyətinin ümumi inkişaf konsepsiyası çərçivəsində həyata keçiririk. Bilirsiniz ki, bu gün cənab prezidentin xüsusi tapşırığı əsasInda yerlərdə böyük layihələr həyata keçirilir, yenidənqurma işləri görülür. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşır, müasirləşir və sözsüz ki, bu proseslərin müqabilində mədəni xidmətlər də öz səviyyəsini artırmalıdır. Mədəni xidmətlər artıq müasir dövrün tələblərinə cavab verməlidir. Bu prosesin nə qədər düzgün aparılmasına, cənab prezidentin tapşırıqlarının nə dərəcədə icra olunmasının hesabatına Bakıda baxılacaq.

Düşünürəm ki, burada təqdim olunacaq proqramlar sözün əsl mənasında Azərbaycan mədəniyyətini, incəsətinin, xalq yaradıcılığının təntənəsinə çevriləcək. Çünki mən harada oluramsa, maraqlı layihələri görürəm. Amma bunları kütləvi informasiya vasitələrinin köməyi ilə xalqımıza tanıtmaq növbəti məqsəddir”.

Nazir qeyd edib ki, bu tədbirlər yaxın bir il ərzində davam edəcək:

“Düşünürəm ki, bir il müddətində müxtəlif bölgələrdən belə tədbirlərə qatılan insanların arasından Azərbaycanın ümumi mədəniyyətinə töhfə verməyə qadir insanlar tapılacaq. Onları beynəlxalq səviyyəyə çıxarılmasına, festivallarda iştirakına kömək edəcəyik”.

Ə.Qarayev “Bölgələrdən paytaxta” layihəsinin Masallıdan başlamasına xüusilə sevindiyini deyib və son üç ildə rayonda təşkil olunan beynəlxalq folklor festivallarını xatırladıb:

“Son üç ildə yerli icra hakimiyyətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinn birgə fəaliyyəti nəticəsində artıq beynəlxalq folklor festivalı keçirilir. Ona görə ilk dəfə məhz Masallı rayonunun potensialının Bakıda nümayiş olunması bizim üçün önəmlidir. İnanıram ki, bu nümunəni görərək digər regionların nümayədələri öz proqramları haqda ciddi düşünəcəklər”.

Nazir bildirib ki, proqramın bir neçə il davam etməsi nəzərdə tutulur. “Bölgələrdən paytaxta” layihəsinin bütün regionları əhatə edəcəyini söyləyən Ə.Qarayev növbəti mərhələ barədə də məlumat verib:

“Bunun növbəti mərhələsi də olacaq. Növbəti mərhələ ondan ibarətdir ki, biz artıq regional tədbirlər keçirməyi nəzərdə tuturuq. Regionlarda da bu cür tədbir mübadiələlərini keçirilməsi bizim üçün böyük önən kəsb edir”.

Tədbirin rəsmi hissəsindən sonra “Masallı incəsənət ustaları” adlı konsert proqramı təqdim olunub.

Konsert proqramında gənc və istedadlı müğənni Aysel Nərimanova, “Retro” şənlik dəstəsi - Həcər Qrupu, Nizami Gəncəvi adına rayon mədəniyyət mərkəzində fəaliyyət göstərən “Masallı” rəqs qrupu, Masallı Halay Veteranları qrupu, respublika müsabiqələr laureatı Miriş Hüseynov, müğənni Atamoğlan Zahidov, muğam ustası Nəriman Mirzəyev və başqaları çıxış ediblər.

İntiqam VALEHOĞLU

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm