Doha fiaskosu - TƏHLİL
Bizi izləyin

Təhlil

Doha fiaskosu - TƏHLİL

Məlum olduğu kimi, dünən 16 neft istehsalçısı arasında Qətərin paytaxtı Dohada istehsalın dondurulması üçün aparılan danışıqlar uğursuzluqla nəticələndi.

Publika.az xəbər verir ki, Qətərin paytaxtı Dohadakı görüşlər on saat çəkməsinə baxmayaraq nəticəsiz oldu. Nigeriyanın neft naziri Emmanuel Ibe Kachikvu mətbuat nümayəndələrinə verdiyi açıqlamada, danışıqlarda razılaşma əldə olunmadığını bildirib.

Bəzi mənbələrə görə, razılaşmanın əldə edilməməsinin səbəbi İrandır. İran hasilatını dondurmayacağını bildirərək toplantıya qatılmayıb. Səudiyyə Ərəbistanı İranın istehsalın dondurulması razılaşmasına daxil olmayacağı halda istehsalını sabit saxlamayacağını bildirib.

Onu da qeyd edək ki, yanvar ayında son 12 ilin ən aşağı səviyyəsinə düşən Brent nefti Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının dondurulması barədə müzakirələrin gündəmə gəlməsindən sonra təxminən 30 faiz bahalaşmışdı. Lakin Dohada razılaşmanın əldə edilməməsi nəticəsində “qara qızıl” yenidən ucuzlaşmağa başlayıb.

Məsələnin başqa tərəfi OPEC və OPEC-ə daxil olmayan neft istehsalçılarının iyun ayında yenidən toplanma qərarı verməsidir. Reuters-in əldə etdiyi məlumata əsasən, yeni razılaşma layihəsində bütün OPEC ölkələrinin hasilatın dondurulmasına qatılması şərti qoyulur.

Vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, OPEK və Rusiya başda olmaqla neft hasil edən ölkələrin son bir ildəki vaxt ərzində neftin qiymətlərini sabitləşdirmək məqsədilə onun hasilatını azaltmaq barəsindəki danışıqları nəticəsiz qalır: “Əvvəlcədən nəzərdə tutulmuş bu görüşlər, bəzən hansısa səbəbdən baş tutmur, bəzən də danışıqlar hər hansı bir razılıq əldə edilmədən yekunlaşır. Məsələyə bir qədər dərindən yanaşılsa, bütün bu proseslərin nə qədər siyasi xarakter daşıdığı tam aydınlığı ilə ortaya çıxar. Baxın, hər dəfə bu danışıqlar OPEK-in əsas söz sahibi, ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi, Səudiyyə Ərəbistanı tərəfindən bu və ya digər bəhanələrlə pozulur. Dünən – aprelin 17-də də eyni hadisə baş verdi. Səudiyyə Ərəbistanı görüşdə neft hasil edən digər OPEK ölkələrinin də iştirakının vacibliyini bəhanə gətirərək danışıqları pozdu. Halbuki, hər kəsə, o cümlədən Səudiyyə Ərəbistanına da əvvəlcədən bu görüşdə hansı ölkələrin iştirak edəcəyi bəlli idi. İran isə neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə - yəni gündəlik 4 milyon barrelə çatdırdıqdan sonra onu artırmayacağı barədə öhdəlik götürdüyündən, bu görüşdə iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Belə olan halda sual olunur. Əgər bu görüşün iştirakçılarının azlığı hansısa bir tərəfi qane etmirdisə, buna əvvəlcədən münasibət bildirmək olmazdımı? Bu səbəbdən danışıqlar pozulacaqdısa, o zaman Dohoya yığışmağın nə mənası var idi? Deməli, neftin qiymətlərinin siyasi motivlərinin yekunlaşmağa doğru getməsi barədə səslənən fikirlər hələ ki, real deyil. Real olan isə odur ki, qiymətlər ətrafındakı siyasi rıçaqlar hələ də işləyir və bunun nə vaxt bitəcəyini böyük gücdən başqa heç kim bilmir. OPEK-in üzvü olan ölkələrin və digər neft ölkələrinin iştirakı ilə dünənki görüş də bu həqiqəti bir daha təsdiq etdi.

Bir neft ölkəsi olaraq biz dünya bazarlarında neftin qiymətlərinin artmasının tərəfdarıyıq. Son aylar ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafı istiqamətində atılan ciddi addımların yaxın bir-iki ildə müsbət nəticələr verəcəyi, heç kəsdə şübhə doğurmur. Lakin bu müddət ərzində neftdən daxil olan möhkəm valyutanın həcminin çox olması bizə bu prosesləri daha sürətlə aparmaq imkanları vermiş olardı”.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, birja Doha görüşünə qısa zamanda reaksiya verdi: “Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analtiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər “dəfn olundu”. Belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulması məsələsini gündəmdən çıxartdılar. Doha görüşü əslində bir daha “neft bumu dövrünə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi. Neft ölkəsi olan Azərbaycan üçün Doha görüşü əhəmiyyətli idi. Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarını artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri “qara qızıl”ın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.

Ekspert Qubad İbadoğlu isə deyir ki, Doha toplantısı neft bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırdı: “Altı saat gec başlayıb 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz oldu. Bu toplantında 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər. Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi. İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha acınacaqlı görsənir. Belə ki, 2017-ci ilin martınadək gündəlik ixracatını 4 milyon barellə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yalnız son 1 ayda xam neftin ixracatında 600 min barel artım qeydə alınıb. Hazırda gündə 10,4 milyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə ucuzlaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 bareli 35 dollaradək uculaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də var.

Bu toplantı bir daha göstərdi ki, Azərbaycan hökuməti neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır. Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm