FED-in "Brexit” qorxusu – TƏHLİL
Bizi izləyin

Təhlil

FED-in "Brexit” qorxusu – TƏHLİL

FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük iyun toplantısı başa çatdı. Müzakirələrdə bir sıra vacib qərarlar alındı.

Publika.az-ın məlumatına görə, FED siyasət faizini (0,25-0,50 aralığında) sabit saxladı, bununla da kifayətlənməyərək, iqtisadi proqnozlarını gücləndirdi. Konkret olaraq, bu ilki artım proqnozunu 2,2 faizdən 2,0 faizə endirdi. Gələcəklə bağlı artım gözləntisini isə 2,1 faizdən 2,0 faizə saldı. İşsizlik nisbətinə dair proqnozunu 2016-cı il üzrə 4,7, 2017-ci il üzrə 4,6 faizdə sabit saxladı. Əvəzində 2018-cı ilə dair proqnozunu 4,5-dən 4,6 faizə yüksəltdi.

O cümlədən, ortalama inflyasiya proqnozunu 1,2 faizdən 1,4 faizə qaldırdı. Baza inflyasiya gözləntilərini 2016-2017-ci il üzrə 0,1 faiz artıraraq, müvafiq olaraq 1,7- 1,9 faizə yüksəltdi.

FED faizləri artıracaq

Bazarların diqqətini daha çox FOMC üzvlərinin göstərici faiz nisbətini dəyişdirməməsi cəlb etdi. Lakin bu, gələcək toplantılarda faiz nisbətinin artırılmayacağı demək deyil. Çünki FOMC 2016-cı ilin sonuna faiz nisbətinin 0,9 faizə yüksəlməsini gözləyir. Bu da FED-in il ərzində keçiriləcək 4 son toplantısında 25 əsas ballıq 2 faiz artımına gedəcəyi deməkdir. Digər tərəfdən, aprel müzakirələrində təkcə bir FOMC üzvü faiz artımı gözləyirdisə, iyun ayında həmin rəqəm artıq altıya yüksəlmişdi. Bu da iqtisadi proseslərin hansı məcrada cərəyan etməsindən asılı olmayaraq faiz artımının yaxın gələcəkdə qaçılmaz olacağından xəbər verir.

FED-in qərarına nələr təsir etdi

Səbəblərə keçməzdən əvvəl qeyd edək ki, hazırda uçot dərəcəsinin artırılması, xüsusilə də kəskin artımı Amerika iqtisadiyyatı üçün arzuolunan deyildi. Düzdür, iyun ayının ilk həftəsinə qədər FED-in faiz artımına gedəcəyi ehtimalı daha güclü idi. Lakin ABŞ-da məşğulluqla bağlı rəqəmlərin açıqlanmasından sonra FED uçot dərəcəsinin artırılmasından ehtiyat edir. Keçək konkret səbəblərə.

Nəzərə çatdıraq ki, FED-in qərarlarına birbaşa təsir edən amil həm də inflyasiya səviyyəsidir. Kiçik artım müşahidə olunsa da, inflyasiya hədəfi hələ də 2%-dən aşağıdır. Digər təsiredici məsələ, qeyd etdiyimiz kimi, məşğulluq rəqəmləri, yəni əmək bazarıdır. Hansı ki, bu bazarda ilin əvvəlindən birmənalı olmayan vəziyyət yaranıb. İndiyə qədər hər ay 230 min yeni iş yeri yaradılırdı və işsizlik səviyyəsi 5%-dən aşağı düşmüşdü. Amma son nəticələr göstərdi ki, may ayında cəmi 40 minə yaxın yeni iş yeri açılıb. Bu da 6 illik minimumdur. Xüsusilə nəzərə alsaq ki, dünya iqtisadiyyatında baş verən neqativ tendensiyalar - artım templərinin azalması, dolların möhkəmlənməsinin xarici ticarətə vurduğu zərbələr, enerji sektorunda kütləvi ixtisarlar da bu günə qədər məşğulluq bazarına mənfi təsir edirdi. Belə şəraitdə ABŞ iqtisadiyyatının özü də faiz artımına hazır deyildi.

Son toplantının qərarına təsir edən daha bir amil “Brexit”dir. İngiltərənin Avropa Birliyindən ayrılıb-ayrılmayacağı bəlli olmasa da, birjalar artıq indidən çalxalanır. Dünyanın əsas fond birja indeksləri ucuzlaşır.

Konkret olaraq Amerikanın səhm bazarı itkilər yaşayır. FED-in qərarı bu prosesi bir qədər də sürətləndirib. Asiya Pasifik birjalarını izləyən MSCI indeksi isə həftənin əvvəlində 0.4 faiz, Yapon Nikkei indeksi iki ayın ən aşağı səviyyəsinə geriləyib. Avropa səhmlərinə gəlincə, ekspertlər hesab edir ki, qərar ayrılma istiqamətində olarsa Avropa səhmləri 15 faiz nisbətində eniş yaşayacaq. Əks halda isə səhmlər 5 faiz nisbətində dəyər qazanacaq. Məhz belə bir qeyri-müəyyənlikdə FED-in faizləri artırmaması daha doğru addımdır.

İyulda faiz artımı olmaya bilər

Analitiklərin bir hissəsi hesab edir ki, ABŞ-ın yumşaq pul-kredit siyasəti davam edəcək. FED iyulda da faiz artımına getməyəcək. Lakin vəziyyət yenə də “Brexit”in nəticələrindən asılıdır. Britaniya Avropa İttifaqından qopmasa, birjalar sabitləşəcək. Lakin funt sterlinqin özünü necə aparacağı sualdır. Rəylər var ki, sterlinq ya 30 ilin ən aşağı səviyyəsinə düşəcək, ya da ilin ən yüksək səviyyəsinə dırmaşacaq. Hər iki halda Amerikanın öz valyutasını cansız buraxacağı inandırıcı deyil. Beləliklə də iyulda faizlər artırılacaq. O ki qaldı uçot dərəcəsinin artırılmasının dünya iqtisadiyyatına təsirinə, bu proses xüsusilə neft ölkələrinin milli valyutasına təzyiqi çoxaldacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm