Mərkəzi Bankdan VACİB ADDIM: Manat yenidən möhkəmlənir - TƏHLİL
Bizi izləyin

Təhlil

Mərkəzi Bankdan VACİB ADDIM: Manat yenidən möhkəmlənir - TƏHLİL

Ötən həftə Mərkəzi Bankın İdarə Heyəti likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırdı. Və beləliklə bu həftənin ilk iş günüdə ölkədə “bahalı” pul siyasətinə start verildi. Düzdür, iddia oluna bilər ki, Mərkəzi Bankın (MB) uçot dərəcəsinin bankların pul-kredit siyasətinə təsiri yoxdur. Lakin bu tendensiya nədənsə uçot dərəcəsinin aşağı olduğu halda keçərlidir. Yuxarı kredit dərəcəsi bir çox makroiqtisadi təsirə malikdir. Hansı ki, bunları aşağıdakılarla göstərməyə çalışacağıq…

Kreditlər bahalaşacaq və azalacaq

Uçot dərəcəsi - Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Yəni kommersiya bankları Mərkəzi Bankdan kredit götürür, 1 ildən sonra Mərkəzi Banka götürdüyü vəsaitdən əldə etdiyi ümumi məbləği və həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarır. Buna görə də kommersiya bankı il ərzində həmin pulları uçot dərəcəsindən yüksək faizlə əhaliyə, təşkilatlara kredit olaraq verir, nəticədə gəlir əldə edir. Sadə dillə desək, bank MB-dan 15 faizlə əldə etdiyi vəsaiti ən yaxşı halda illik 25 faizlə kredit şəklində iqtisadiyyata buraxır. Aradakı fərq kommersiya bankına və yaxud kredit təşkilatına gəlir olaraq qalır. Təbii ki, bu gəlirdə bankın əlavə xərclərinin də payı olur.

Məsələnin bir başqa tərəfi də var, o da bankların heç də hamısının Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resurslarına çıxışının olmamasıdır. Məsələn, 2015-ci ilin yekunlarına görə, 18.9 milyard manat aktivlərə malik olub. Həmin aktivlərin təxminən 6.3 milyard manatı (33.3%-i) kredit kimi banklara paylanıb. Ekspert araşdırmalarına əsasən, banklara verilən 6.3 milyard manat kreditin 4.493 milyard manatı və ya 71%-i 3 banka verilib. Rəqəmlərin təhlili də göstərir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin təxminən 7 faizini təşkil edir. Bu da bankların resurlarının 93 faizini kənardan cəlb etməsi deməkdir. Nəzərə alsaq ki, yerli bankların beynəlxalq kredit reytinqi yüksək deyil, deməli onlar kənar mənbələrdən ucuz olmayan vəsaitlər alırlar. Yəni uçot dərəcəsinin 15 faizə qaldırılmasından sonra banklar təkcə xaricdən deyil, daxildən də “bahalı” kredit cəlb edəcəklər.

Daha bir təcrübə uçot dərəcəsinin qalxdığı zamanda MB-ın kreditlərinə tələbatın aşağı düşməsi ilə bağlıdır. Bu da bankların maliyyə imkanlarını məhdudlaşdırır, yeni kreditləri azaldır. Hansı ki, nəticədə ölkədə iqtisadi fəallığa zərbə dəyir. Göründüyü kimi, uçot dərəcəsinin qaldırılması kreditləri daha az əlçatan edəcək. Xüsusilə kreditləşmənin azaldığı bir dövrdə bu, yaxşı xəbər deyil (Bu ilin 7 ayında ölkədə kredit qoyuluşu 16713,4 milyon manat təşkil edib. Hansı ki ilin əvvəlində bu rəqəm 21199,5 milyon manat idi).

İnflyasiya aşağı düşəcək

Bəllidir ki, “bahalı” pul-kredit siyasəti inflyasiya ilə mübarizədə ən güclü tədbirlərdən sayılır. Bütün dünyada Mərkəzi Banklar uçot dərəcəsini yüksəltməklə, inflyasiyanın qarşısını almağa çalışırlar. Bahalaşan kreditlərin fonunda iqtisadiyyata daha az pul daxil olur və dövriyyədə pulun azlığı pulun dəyərinin ucuzlaşmasına deyil, bahalaşmasına gətirib çıxarır.

Nəzərə çatdıraq ki, avqust ayında ölkədə orta illik inflyasiya səviyyəsi 10,8 faiz təşkil edib. 2015-ci ilin müvafiq dövründə bu rəqəm 3,8 faiz idi. Ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9% artıb. Bu baxımdan uçot dərəcəsinin qaldırılması labüd idi.

Manata inam artacaq

Uçot dərəcəsinin təsiri tək sadalananlarla kifayətlənmir. Pul-kredit siyasətinin sərtləşdirilməsi milli valyutanın möhkəmləndirilməsində də rol oynayır. Nəzərə almaq lazımdır ki, ikinci rübdə ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 1.3% ucuzlaşıb, avro isə 0.3% bahalaşıb. Son bir ayda isə əksinə manat yenidən valyutalara qarşı zəifləməyə başlayıb, manatın qorunması baxımından uçot dərəcəsinin qaldırılması vacib idi.

Bir başqa təsir əmanətlərdir. Dollarlaşan əmanətlərin manata çevrilməsinə şərait yaratmaqdır. Avqust ayının 1-nə olan hesabata görə, banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 7843,8 milyon manat təşkil edib ki, bunun da 1 milyard 506,0 milyon manatı milli valyuta ilə, 6 milyard 337,8 milyon manatı isə xarici valyuta ilə yerləşdirilib. Xarici valyuta ilə əmanətlər 21,3% azalıb, milli valyutada əmanətlərinin həcmi 6% artıb. Mərkəzi Bank uçot dərəcəsini 15 faiz etməklə manatla əmanətləri qorumaq, hətta artırmaq istəyir. Ekspertlərin rəyinə görə, də Mərkəzi Bank uçot dərəcəsini kəskin yüksəltməklə manatla yığımları daha da artıracaq. Bu, milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir. Amma Mərkəzi Bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək. Bu qərar, eyni zamanda, qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini aktuallaşdıracaq. Dollarda cəmi 3, milli valyutada isə yalnız 12 faizədək dividend təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırır. Bundan əlavə, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda pullarının batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq. Sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək.

Uçot dərəcəsinin 15 faiz olması qorxulu deyil

Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 2008-ci ildə 15%-ə bərabər olub. Mərkəzi Bank bu qərarı 2008-ci ilin iyun ayında qəbul edib. Xatırladaq ki, həmin ərəfədə dünyada maliyyə böhranı idi. Bir çox ölkələrin milli valyutalarının dəyərsizləşdiyi, banklarının çökdüyü bir zamanda Mərkəzi Bank manatı və bank likvidliyini qoruyub saxlaya bildi. Uçot dərəcəsi 2009-cu ildə 2 faizə endirildi. MB bu dəfə də hədəflədiyi pul kredit siyasətinə nail ola biləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm