Türkiyə Avropanın “açarını” ələ keçirir – TƏHLİL
Bizi izləyin

Təhlil

Türkiyə Avropanın “açarını” ələ keçirir – TƏHLİL

Saziş Ukrayna üçün qaz nəqli sisteminin tabutunun qapağına vurulan son mıx oldu.

Türkiyə ilə Rusiya ötən həftənin əvvəlində “Türk Axını” layihəsinin inşası ilə bağlı saziş imzaladılar. Məlum oldu ki, “Türk Axını” ilə bağlı inşaat işlərinə 2018-ci ildə start veriləcək. “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Layihə çərçivəsində hər birinin gücü ildə 15,75 milyard kubmetr olan 4 kəmərin çəkilməsi, Rusiya qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni marşrutun yaradılması planlaşdırılıb. İlk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. Layihənin ümumi dəyər 11,4 milyard avrodur. Boru xəttinin dəniz qismi üçün inşaat və maliyyə işləri “Qazprom”a aid olacaq. Xəttin Türkiyə torpaqlarına düşən hissəsində infrastruktur və qazın alınacağı terminal BOTAŞ tərəfindən tikiləcək.

Qeyd etdiyimiz kimi ilk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. İkinci mərhələdə kəmərlə qaz Cənubi Avropa ölkələrinə ötürüləcək. Üçüncü və dördüncü mərhələ ilə bağlı hələlik planlar bəlli deyil. Daha doğrusu, açıqlanmayıb. Buna görə də layihənin ötürücülük gücü 31,5 milyard kubmetr irəli sürülür. Hansı ki, 2014-cü ildə bu rəqəmin 63 milyard kubmetr olacağı deyilirdi.

Hazırda sual doğuran məqam Türkiyənin Ukraynanı dəstəkləyən Qərbi qarşısına alaraq layihəyə necə razılıq verməsidir. Əslində vəziyyəti dəyərləndirdiyimiz zaman “Türk Axını”nın ruslardan çox türklərə sərf etdiyini aydın görürük. Necə?

İndiki situasiyada Rusiyanın maraqları bəllidir. Artıq 10 ildir Ukrayna ilə münasibətlər kritik vəziyyətdədir. Baxmayaraq, Qərbə Ukrayna vasitəsilə qaz 60-65 milyard kubmetr qaz ötürür. Avropaya qaz satmaq üçün alternativ yollar axtarmağa məcburdur. Ukraynadan asılılığı aradan qaldırmaq üçün Rusiya paralel olaraq “Şimal Axını 2” layihəsini reallaşdırmağı nəzərdə tutur. Hansı ki, bu kəmər vasitəsiylə 55 milyard kubmetr qazın Almaniyaya Baltik dənizinin altından keçməklə ötürülməsi planlaşdırılır. Göründüyü kimi, Rusiyanın Avropaya qaz satmaqda yaxın gələcək üçün planları böyükdür. “Türk axını” ilə bağlı Ankarada imzalanan saziş Ukrayna üçün qaz nəqli sisteminin tabutunun qapağına vurulan son mıx oldu.

Bəs Türkiyə layihədən nə qazanacaq?

Əvvəla kəmərin tikintisinə dair xərcin böyük hissəsi “Qazprom”un üzərinə düşür. Şirkət nə az, nə çox 10 milyard dollardan yuxarı pul xərcləyəcək (layihənin ümumilikdə dəyəri 13 milyard dollardır). Çünki boru xəttinin dəniz qismi üçün inşaat və maliyyə işləri “Qazprom”a aid olacaq. “Türk Axını”nın 910 kilometri Qara dənizin altından keçir. Trakyadan Türkiyə torpaqlarına daxil olacaq xəttin uzunluğu isə 260 kilometrdir. Bu hissədə də tikinti işlərinin ortaq aparılması planlaşdırılır.

“Türk Axını” Ankaraya daha nə vəd edir? Türkiyə karbohidrogen ehtiyatlarının Avropaya ötürülməsində enerji mərkəzinə çevrilir. Bu məsələnin siyasi tərəfidir. İqtisadi tərəfinə gəlincə, rəsmi Ankara hazırkı şərtlərə nail olmaq üçün hansı manevrləri etmədi ki... Türkiyə layihəyə gec, nazlı şəkildə razılıq verməklə uzun müddət Rusiyaya minnət qoydu və bu ölkəyə lütf etdiyini nümayiş etdirdi. Halbuki belə bir layihəyə dünəndən razı idi. Rusiyanın bəxti o zaman açıldı ki, “Cənub axını” təxirə düşdü. Amma yenə də hər şey Türkiyənin lehinə oldu. Çünki Türkiyənin rus qazına ehtiyacı artmışdı.

Məlumdur ki, Türkiyədə qış çox sərt keçir. Rusiya Türkiyənin cəmi 2 bölgəsini qazla təmin edir. Ölkəyə mavi qazın 15 faizi İrandan, 12 faizə yaxını Azərbaycandan daxil olur. Qalan həcm maye qaz təchizatçıları arasında bölüşdürülür (Əlcəzair və Nigeriya). Türkiyə istehlak son illər kəskin artıb. 2004-2014-cü illərdə ölkədə qaz istehlakı 120 faiz artaraq 22,1 milyard kubmetrdən 48,6 milyard kubmetrə yüksəlib. Belə olduğu halda ucuz rus qazı türklərin dadına çatmış olacaq. Belə ki, Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 milyard kubmetri Türkiyəyə üçün nəzərdə tutulub. Bundan əlavə “Türk Axını” layihəsinin əsas şərtlərində biri “BOTAŞ” a endirimlərə gedilməsidir.

Başqa tərəfdən Türkiyə getdikcə Azərbaycan, Türkmənistan, İran üçün də qaz satışında tranzit ölkəyə çevrilir. Belə olduğu halda təchizatçılar arasında yaxın zamanlarda ciddi rəqabət başlayacaq.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin sabiq enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" qaz kəmərinin marşrutu müəyyən olunduqdan sonra onunla Trans-Anadolu qaz kəməri (TANAP) arasında sağlam rəqabətin başlayacağını açıq şəkildə vurğulamışdı. Bütün bunların fonunda isə Türkiyə Avropanın enerji təhlükəsizliyinin açarı olacaq.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm