Varlanmaq üçün əla fürsət yaranıb - DİQQƏTLI OLUN!
Bizi izləyin

Təhlil

Varlanmaq üçün əla fürsət yaranıb - DİQQƏTLI OLUN!

Böhran, durğunluq dövründə şirkətlər özlərini necə aparmalıdırlar?

Böhran, durğunluq dövründə şirkətlər özlərini necə aparmalıdırlar? Bu sual hazırda bazarda mövcud olan şirkətlərin əksəriyyətini düşündürür. Hər kəsin də bir cavabı var. Hamıdan ağıllı hesab etdiyimiz amerikalı ekspertlər deyir ki, böhran və durğunluq dövründə şirkətlər daha sürətli hərəkət etməlidirlər. Ən əsası enişin dərinliyini ölçə bilməlidirlər. Bundan əlavə, enişə qarşı hərəkətə keçməlidirlər, çünki çoxları nağd vəsait problemi yaşayır. Şirkətlər eyni zamanda qiymətlərə və xərclərə əvvəlkindən çox əhəmiyyət verməlidirlər.

Böhran kimlərə təsir etmir

Böhranı aşmağı bir də sadə dillə izah edək. Hər bir vəziyyət və yol üçün münasib avtomobil var. Əgər şose ilə sürətlə hərəkət etmək istəyirsinizsə, o zaman seçiminiz idman maşını olmalıdır. Yox, ətrafınızdak peyzajdan həzz almaq istəyirsinizsə, bu halda daha hündür avtomobillə hərəkət edəcəksiniz. Lakin heç də hər bir avtomobil istənilən yol üçün yaramır. Məsələn, eniş-yoxuşlu yolda idman maşını ilə hərəkət etsəniz, yol sizi silkələyəcək. Şirkətlər də avtomobillər kimidir. Bəzi şirkətlər sektorda mövcud olan şərtlərə daha yaxşı uyğunlaşır. Bəziləri isə eniş-yoxuşda dağılıb yox olur.

Bütün böhranların ortaq bir pis cəhəti var. Onlar çox nadir hallarda tək gəlir. Çünki harada baş verməsindən asılı olmayaraq, çox tez zamanda digər sahələrə də yayılırlar. Mütəxəssislər deyir ki, böhranlar bir çox səbəblərdən baş verir, bəzən daxili, bəzən isə xarici. Bəzi böhranlar bütövlükdə iqtisadiyyata təsir edir, digərləri isə konkret şirkətə, hətta ayrı-ayrı bölməyə və ya əməliyyat vahidinə təsir göstərir.

Mükəmməl korporativ idarəetmə istənilən şirkətin mənfi təsirlərin qarşısını almaq, böhran və ya fəlakətə çevrilməsinə yol verməmək imkanına böyük təsir göstərə bilər. Bununla belə mükəmməl korporativ idarəetmənin bütün böhranların qarşısını aldığını iddia etmək özündənrazılıq olardı. Amma yaxşı təşkil edilmiş və işləyən direktorlar şurası aşağıdakıları etdikdə ən azından şirkətin öz risklərini minimal səviyyəyə endirməsinə yardım edə bilər. Araşdırmalar göstərir ki, lazımi korporativ idarəetmə səviyyəsinə malik şirkətlər 2008-ci ildə baş verən maliyyə böhranı zamanı səhm qiymətlərinin düşməsindən daha az ziyan görüblər. Bunun səbəblərindən biri, zəif korporativ idarəetməyə malik rəqiblərlə müqayisədə, səhmdar kapitalın daha yüksək gəlirlik səviyyəsi və daha güclü effektivlik göstəriciləri olub.

Ekspert rəyi

“Beyli Group”un rəhbəri Mustafa Abbasbəyli bildirir ki, şirkətin strategiyası normal qurulduqda, böhran dövründə daha az zərər görür:

“Hər bir halda böhran şirkətin gəlirlərini azaldır. Böhranda istehlakçıların da özünü necə aparması əsas şərtdir. Çünki təklif yerində qalır, tələb isə azalır. Belə şəraitdə şirkətlər də məcburiyyət qarşısında qalıb təklifi aşağı salırlar. Nəticədə gəlirlər aşağı düşür və sair. Ona görə hesab edirəm ki, hər bir şirkət üçün antiböhran strategiyası vacibdir. İşçilərə münasibət dəyişməlidir. Yəni əvvəllər daha çox maaş alan işçilərin böhran dövründə bonus sisteminə keçirilməsi təmin edilməlidir. Çünki böhranda işçilərin əhval-ruhiyyəsi aşağı düşür. Bu da məhsuldarlığı azaldır. Belə hallardan yayınmaq üçün maaş sistemində müəyyən dəyişikliklərin müsbət təsiri olur. Digər tərəfdən, böhranda işçilərin təhsilinə, kvalifikasiyasının artırılmasına, şirkətin xərclərinin optimallaşdırılmasına ehtiyac yaranır. Əsas məsələ bazarda qalmaq, iştirakçılığı saxlamaqdır. “Sony” şirkətinin yaradıcısı Akio Moritanın bir lətifəsi var. O deyir ki, dağda iki nəfər çadırda istirahət edir. Pələng səsi gəlir, biri tez ayaqqabılarını geyinməyə başlayır. O biri soruşur ki, sənin pələngdən tez qaçmaq niyyətin var? Cavab verir ki, mən pələngdən deyil, səndən tez qaçmaq istəyirəm. Yəni yanındakını qoyub qaçır ki, pələng gələndə onu yesin. Böhran dövründə şirkətlər də belədir. Əsas odur, axırıncı olmayasan. Axırıncı olsanız, bazarı tərk edəcəksiniz. Bazar payını qoruyub saxlamaq üçün orta mövqedə qərarlaşmaq lazımdır”.

M.Abbasbəyli bildirir ki, böhranın həm də müsbət tərəfləri var:

“Çin dilində böhran iki heroqlifdən ibarətdir. Biri təhlükə, digəri isə yeni imkanlar mənasını verir. Böhran şirkətlərin daha məsuliyyətli olmasına, işçilərinin yeni alətlərə, metodlara əl atmasına məcbur edir. Bu baxımdan şirkətlər yeni fürsətlər axtarmağa başlayırlar. 2008-ci il böhranında maliyyə sektoru ciddi əziyyət çəkdi. Azərbaycanda zəif hiss olunsa da, maliyyə sektoru böhrandan təsirləndi. Bu zaman sektorun iştirakçıları yeni metodlar axtarmağa başladılar. Böhrana qədər banklardan asılı olan sığorta şirkətləri böhrandan sonra yeni gəlir mənbələri tapdılar. Bu baxımdan böhranın özünün üstünlüyü var. Təcrübədə görürük ki, böyük şirkətlər, dövlətlər böhrandan sonra yeni inkişaf mərhələsinə qədəm qoyurlar”.

Böhranı öz xeyrinə çevirən şəxs

Məqsədi 5 il ərzində 500 min dollar qazandıqdan sonra yazıçı olmaq və fəlsəfə ilə məşğul olaraq filosofa çevrilmək olan Corc Soros yüksək işsizlik səviyyəsinin və zəif iqtisadi göstəricilərin böhranını yaşayan İngiltərəni bir gecedə çökdürməklə milyarder olub. Məşhur hadisənin tarixi isə belə olub: ingilis valyutasının məzənnəsi güclüykən Soros 10 milyard funt sterlinq borca düşüb. Bu pula alman markı satın alıb. Funt sterlinq alman markası qarşısında gerilədiyi zaman əlindəki alman valyutası ilə ucuzlaşan funt sterlinq borcunu ödəyib və qazanıb. İlk baxışdan sadə görünən bu əməliyyat nəticəsində Böyük Britaniyanın iqtisadi vəziyyəti ağırlaşıb. İngiltərə Mərkəzi Bankı baş verən ajiotajı neytrallaşdırmaq üçün uçot faiz dərəcəsini 10%-dən 12%-dək qaldırıb. Buna baxmayaraq, ingilis siyasətçilərin gözləntiləri özünü doğrultmayıb. Böyük Britaniya 1992-ci ilin sentyabrın 16-da Avropa valyuta sistemini tərk edib. Funt sterlinq 1967-ci ildən sonra ilk devalvasiyasını yaşayıb. Corc Soros baş verənlərin tək günahkarı olmasa da, iş adamı "İngiltərə bankını dağıdan şəxs" kimi tarixə düşüb. Bu arada Sorosun özü həmin çərşənbəni "Ağ çərşənbə" adlandırır. Çünki özünün belə yuxuda olduğu zaman keçirdiyi əməliyyatdan 2 milyard sterlinq qazanıb.

Böhran dövründə yaradılmış şirkətlər

Böhranda yaranıb, böyük şirkətə çevrilən müəssisələr də var. Məsələn, götürək McDonald’s restoranlar şəbəbəsini. McDonald’s İkinci Dünya Müharibəsi zamanı kiçik kafe olaraq fəaliyyətə başlayıb. Bu kafe Mak və Dik Donalds qardaşları tərəfindən yaradılıb. Müəssisə onlara ildə 200 min dollar həcmində sabit gəlir qazandırıb. Lakin tezliklə restoran rəqabətə dözməyib və batıb. Qardaşlar yeni biznes ideyası axtarmağa məcbur olublar. İlk olaraq restoran özünəxidmət növünə keçirilib. Bundan əlavə, təklif edilən məhsul çeşidi 10-a endirilib. Lakin Mak və Dikin ən böyük uğuru mətbəxi yenidən təşkil etmək olub. Bütün bu dəyişikliklər biznesin gəlirinin artmasına səbəb olub.

Daha çox idmançıların əynində gördüyümüz “Adidas” brendi. Şirkətin devizinin “Qeyri-mümkün mümkündür!” olması əsassız deyil. “Adidas” Birinci Dünya Müharibəsindən sonra Almaniyada vəziyyətin bərbad olduğu dövrdə yaradılıb. Belə ki, 1920-ci ildə Dassler ailəsi “sağ qalmaq” üçün ayaqqabı tikmək məqsədilə emalatxana açıb. Məhsulların istehsalı zamanı isə avtomobil təkərlərinin qalıqlarından və hərbi mundirlərdən xammal kimi istifadə edilib. Getdikcə biznes genişlənib. Ailə 1924-cü ildə 12 işçi ilə “Dassler qardaşlarının ayaqqabı fabriki” adlı şirkəti qeydiyyatdan keçirib.

Məşhur “Ford”. 1872-ci ildə irlandiyalı mühacirin oğlu atasının ABŞ-dakı fermasında işləyərkən atdan yıxılıb. Bu hadisə gələcəyin nəhəng Ford Motor Company şirkətinin yaranması üçün əsas səbəb olub. Çünki Henry Ford daha az zərər yetirə biləcək və atdan daha etibarlı nəqliyyat vasitəsi yaratmaq qərarına gəlib.ABŞ-ın Böyük Depressiya və yenicə bitmiş Vətəndaş müharibəsindən əziyyət çəkdiyi bir vaxtda Henry Ford yeni şirkətin açılışı üçün investor axtarıb. 1903-cü ildə 28 min dollar start kapitalı ilə ilk dəfə konveyrdən istifadə edən şirkətin əsası qoyulub.

Gündəlik həyatımızda tez-tez rast gəldiyimiz “Pepsi” içkiləri. Birinci dünya müharibəsi səbəbindən ABŞ-da şəkər bazarı iflasa uğrayıbmış. 1893-cü ildə gənc əczaçı Kaleb Bredhem tərəfindən yaradılan “Pepsi-Cola” şirkəti müflis olur. 7 il sonra, Böyük Depressiya ərəfəsində yeni sahibinin, yəni Çarli Gutun rəhbərliyi altında bərpa edilir. Çarli əsas rəqibi olan Coca-Cola şirkətini geridə qoya bilir. O Coca-Cola şirkətinin istifadə etdiyi içki şüşələrindən iki dəfə böyük olan şüşələrdən istifadə edir.

Nəhayət “Hewlett-Packard”. Böyük Depressiyanın ən qızğın vaxtında, daha dəqiq desək 1939-cu ildə Stenford Universitetinin iki tələbəsi Bill Hewlett və Devid Packard qarajda 538 dollar start kapitalına sahib şirkətin əsasını qoyurlar. Bill və Devid ilk olaraq elektronika istehsalı ilə məşğul olurdular. Məsələn, səs cihazlarının sınaqdan keçirilməsi. Bu məhsulun ilk sifarişçisi isə Disney idi.

40-cı illər müharibə dövrünə təsadüf edirdi. Sualtı alman qayıqlarından zərər görmüş hərbi gəmilərin radarlarla əlaqəli xüsusi cihazlara ehtiyacı var idi. Və HP şirkəti özünü yaxşı mənada sübut etməyi bacarır və şirkət bu sahədə rəqib tanımadığını sübut edir. Bu zaman şirkət 45 nəfər işçiyə sahib olmasına baxmayaraq, gəliri milyon dollara çatırdı. Hazırda HP şirkəti nəhəng server və ofis texnikası, həmçinin kompüter və notebook istehsalçısıdır.

Göründüyü kimi böhran həm də fürsətdi. Şirkətlər çıxış yolu axtardıqları kimi böyüyə də bilərlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm