Təhlil
Xarici ticarəti milli valyuta ilə aparsaq, qazanarıq, yoxsa itirərik? - RƏYLƏR
Ölkələr arasında xarici ticarətin milli valyutalarla aparılması son günlərin gündəmini zəbt edən əsas mövzulardandır. Artıq Türkiyə və Rusiya idxal-ixrac əməliyyatlarının milli valyuta ilə aparılmasına dair razılığa gəliblər. Türkiyə mətbuatının yazdığına görə, bir sıra ölkələrlə də ticarət əməliyyatlarının milli valyutalarla aparılması üçün danışıqlar rəsmi səviyyədə başlayıb. Bu ölkələr arasında Azərbaycan da yer alır.
İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın dollardan imtina edərək, ticarət əməliyyatlarını milli valyuta ilə aparması məqsədəuyğun deyil. Onun sözlərinə görə, Azərbaycanın dollara tələbatı olduğu üçün ticarət əməliyyatlarını xarici valyuta ilə aparması lazımdır:
"Türkiyə tərəfi birmənalı şəkildə milli valyutadan istifadə etməklə xarici ticarət əməliyyatlarını aparmağa çalışır. Amma nəzərə almaq lazımdır ki, milli valyutalarla əməliyyatların aparılması orta və uzunmüddətli prosesdir. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusən Azərbaycanda dollara olan tələbi nəzərə alsaq, ölkəmiz üçün daha vacib məqam məhz əməliyyatların xarici valyuta ilə aparılmasıdır. Çünki Azərbaycan ixracatını artırmaq istəyir. Ölkəmiz ixracatını artırmaqla daha çox valyutanın ölkəyə daxil olmasına çalışır.
Digər tərəfdən, milli valyuta ilə ixrac həyata keçirilirsə, ixrac etdiyimiz məhsulları ölkələr öz pulu ilə ödəyirsə, bu, dollara tələbin ödənilməsində çətinlik yarada bilər. Eyni zamanda həddindən artıq valyuta təminatı kimi prinsiplərin reallaşmasına mənfi təsir göstərə bilər”.
V.Bayramov bildirib ki, praktiki olaraq dollardan imtina etmə halları olub:
"Amma bu halların olmasına baxmayaraq, reallıqda onların heç biri uğurlu olmayıb. Əvvəlki dövrlərdə, xüsusən də Latın Amerikası ölkələrində dolların imtina edilməsi məsələsi gündəmdə idi. Həmin ölkələrdə dollardan imtina edilməsi üçün çalışılırdı. Amma bu reallaşmadı. Çünki dünyada yığımların 64 faizi dollarla, 22 faizi isə avro ilə həyata keçirilir. Dollardan imtina edilsə, bu, qısa müddətli effektə malik ola bilər. Uzunmüddəli dövrdə bunun effektli olması gözlənilmir. O baxımdan Azərbaycan üçün ixracatın indiki məqamda dollara olan tələbini nəzərə alsaq, ticarət əməliyyatlarının dollarla aparılması məqsədəuyğundur. Çünki Azərbaycanın dollara ehtiyacı var. Əməliyyatların dollarla aparılması daha vacibdir”.
İqtisadçı-ekspert Qubad İbadoğlu isə xarici ticarətlə bağlı rəsmi rəqəmlərə diqqət çəkdi:
“Bu ilin 11 ayının gömrük məlumatlarında Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib. Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiziki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada satmaq qərarını özü verir. Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onların sərbəst satış hüququnun mövcudluğu şəraitində, Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla, əksər sahibkarlar adıçəkilən 3 ölkəyə göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan, son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq. Digər tərəfdən hələ də gerçək məzənnəsi məlum olmayan manata həmin 3 ölkəni təmsil edən özəl sahibkarların da marağınının formalaşması inandırıcı görünmür.
İkincisi, bu ilin 11 aylıq statistikasına görə, Azərbaycana olan idxalın 40 faizə qədərini Türkiyə, Rusiya və Çin təmin edir. Onların birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, həmin ölkələrin sahibkarları Azərbaycandan 4 milyard dollarlıq manat qazanmalıdırlar. Bu ilin 11 ayının statistik yekunlarına görə, həmin 3 ölkəyə Azərbaycandan ixracat 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və o miqdarda da ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla ödəmək məcburiyyətində qalacaqlar. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı bir az da zəiflədəcək.
Nəhayət, onu da qeyd edim ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışı dollarla həyata keçirilir. Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı daha da ucuzlaşdıra bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir.
Yekun olaraq onu da əlavə etmək istərdim ki, getdikcə hökmran mövqeyi güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir. Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq”.
İqtisadiyyat şöbəsi
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?








.jpg)




.jpg)





















.jpg)




