Banklarda 500 avro müəmması: niyə qəbul etmirlər?
Bizi izləyin

Təhlil

Banklarda 500 avro müəmması: niyə qəbul etmirlər?

Azərbaycanda bankların əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna ya qadağa qoyub, ya da müəyyən miqdarda komisyon haqqı müəyyənləşdirib. Vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparmaq istəsə, sözügedən pul nişanının bank tərəfindən qəbul edilmədiyi deyilir. Ancaq 500 avro müştəriyə bank tərəfindən təqdim olunur.

Artıq bir neçə ildir ki, ölkəmizdə sözügedən problem mövcuddur. Vətəndaşlar xaricdə yaşayan qohum-tanışları, təhsil alan övladları üçün 500 avroluq əskinası göndərməkdə çətinlik çəkdiklərini bildirirlər. Müştərilərin narazılığı əsasən bu əskinasın bank tərəfindən onlara verilməsi, ancaq qəbul edilməməsi ilə bağlıdır. Daha bir mühüm məqam isə 500 avronu qəbul edən bəzi bankların bu xidmət üçün əlavə komissiya haqqı tutmasıdır.

Bu əskinasların mübadiləsi və köçürülməsində olan mövcud durumu öyrənmək üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə bankla əlaqə saxladıq.

Bankların bir neçəsi bildirdi ki, 500 avronu mübadilə etmək və ya köçürmək mümkündür. Ancaq vətəndaş buna görə banka əlavə komissiya haqqı ödəməlidir. Bu, əsasən 1% dəyərində müəyyənləşdirilib.

O zaman 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabına yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir.

Bəzi banklardan isə qeyd edildi ki, bu məsələyə fərdi qaydada filiallar baxır. Yəni kassanın ehtiyacı olduğu təqdirdə alış və mübadilə mümkün ola bilər.

Bir neçə bankdan isə dedilər ki, 500 avronun dollar və ya manata mübadiləsi komissiyasız mümkündür. Lakin köçürmələr zamanı əlavə haqq tutulacaq.

Bəs bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirməsi nə qədər doğrudur?

Sualımızı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova ünvanladıq.

Ekspert Publika.az-a açıqlamasında bildirdi ki, 500 avroluq əskinas dövriyyədən çıxarılsa da, Avropa bankları mübadilə üçün qəbul edir: “Ancaq buna baxmayaraq, Avropada 500 avro ilə heç bir yerdə ödəniş etmək olmur. Bu baxımdan da 500 avronun Avropada dövriyyədən çıxarıldığı üçün digər ölkələrin bankında da faktiki olaraq onlardan istifadə etmək bizdə olduğu kimi sərf etmir. Vətəndaşın da ixtiyarı var ki, ona 500 avro əskinas verəndə qəbul etməsin. Ancaq bizdəki bankları da başa düşmək olar, çünki bank sonra 500 avronun taleyini düşünür. İstər bank, istərsə də vətəndaş 500 avronu məcbur Avropaya aparıb dəyişməlidir. Buna görə də aydındır ki, bizim banklarımız 500 avroları toplayıb sonda Avropaya dəyişmək üçün aparmalıdır. Bu çətinliklərə görə Azərbaycanda banklar sözügedən əskinası qəbul etmirlər. Ancaq düşünürəm ki, banklar qəbul edə, bunun əvəzində isə müəyyən miqdarda komissiya xərci tələb edə bilərlər. Hansı ki, bunu edirlər. Bunun da müqabilində Avropaya gedərək mübadilə üçün çəkəcəkləri xərci qarşılamaq olar”.

Ə.Həsənov qeyd etdi ki, bankların komissiya haqqı tutması həmin əskinası dəyişmək üçün çəkəcəyi xərci qarşılaması baxımından uyğundur: “Həmin vətəndaşlar Avropaya gedən tanışları ilə avronu dəyişə bilərlər. Düzdür, hazırda pandemiya səbəbilə bu qitəyə gedənlərin sayı çox deyil. Amma hər halda Avropaya gedən şəxs oradakı istənilən bankda bu əskinası dəyişə biləcək. 500 avrodan yığım vasitəsi kimi istifadə etmək olar, burada heç bir problem yaşanmayacaq. On illər keçsə belə, həmin əskinası Avropa bankları dəyişəcək”.

Vətəndaşların bankların onlara verdiyi 500 avroluq əskinası götürüb-götürməməsi məsələsinə gəlincə, ekspert əlavə etdi ki, Azərbaycanda bankların xarici valyuta mübadilə əməliyyatı aparmaq vəzifəsi yoxdur: “Vətəndaşlar götürməyə bilər, ancaq bank da başqa əskinasının olmadığını deyə bilər. Yalnız öz banklarımızdan milli valyutanı tələb edə bilərik, xarici valyutada isə bunu edə bilmərik. Vətəndaş 500 avronun ona verilməməsini sadəcə xahiş edə bilər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm