Yaşıl Sabah
Qlobal istiləşmə, Xəzərin dayazlaşması və artan xərclər
Regionun iqlim gündəliyinin əsas mövzularından biri dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin sürətlə kiçilməsidir. Hazırda dünyanın bir çox yerində qlobal istiləşmə səbəbindən dəniz səviyyəsi yüksəlsə də, artan buxarlanma qapalı dənizlər və göllər üçün fərqli nəticələrə gətirib çıxarıb. Sahil xəttinin irəliləməsi Türkmənistan, Azərbaycan və İranla müqayisədə, dənizin şimal hissəsində yerləşən Qazaxıstan və Rusiyada daha kritikdir. Xəzər dənizinin səviyyəsi hazırda dünya okeanı səviyyəsindən 29 metr aşağıdadır. Alimlər illər ərzində Xəzərin səviyyəsinin sürətlə azalacağını proqnozlaşdırırlar. Bu prosesi vaxtilə dünyanın ən böyük göllərindən biri olan və iki hissəyə bölünən Aralla qarşılaşdırırlar.
Beynəlxalq araşdırmalara görə, Xəzərdə suyun səviyyəsinin azalmasının iki əsas səbəbi var. Birinci amil iqlim dəyişikliyidir. Bura qlobal istiləşmə, yağıntıların olmaması və buxarlanmanın artması daxildir.
1995-2025-ci illər ərzində Xəzərin səviyyəsi 3 metr – yəni illik orta hesabla 10 sm aşağı düşüb. Dəniz 24 000 kvadratkilometr kiçilib. Bu da İtaliyanın Siciliya adası ilə müqayisə edilə biləcək ölçüdə kiçilmədir.
Yerüstü və peyk müşahidələrinin kombinasiyasından istifadə edən alimlər müəyyən ediblər ki, 1990-cı illər ilə 2020-ci illərin əvvəllərdə Xəzər dənizinin ümumi su həcmində itki 630 kubkilometr təşkil edib. 2040–2050-ci illərə qədər bu göstərici 31 metrə enə bilər.
Konkret faktlara toxunsaq, Azərbaycanda son iyirmi ildə dəniz sahildən 15–20 kilometr geri çəkilib. Qazaxıstanda sahil xətti 35 kilometr dəyişib. Oxşar proseslər Türkmənistan və İranda da müşahidə olunur. Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, su hövzəsinin sahəsi 22 000 kvadratkilometrdən çox azalıb və bunun yarıdan çoxu Şimali Xəzərin Qazaxıstan sektorunun payına düşüb.
Peyk altimetriyası məlumatlarına əsasən, 2023–2024-cü illərdə dəniz səviyyəsi -29,0 m həddini keçib. 2024-cü ilin fevralınadək -29,1 m səviyyəsinə çatıb. 2025-ci ilin qışında Xəzər dənizinin səviyyəsi -29,4 m-ə enib. 2026-cı ilin yanvarında isə demək olar ki, eyni səviyyə müşahidə edilib.
2021-ci ilə qədər Anzali laqununun (İran) səth sahəsi 1995-ci ildəki göstəricilərlə müqayisədə təxminən 55%, Qomişan laqununun (İran) sahəsi təxminən 98%, Qorqan körfəzinin (İran) sahəsi 40%, Qızılağac körfəzinin (Azərbaycan) sahəsi 41% və Türkmənbaşı körfəzinin (Türkmənistan) sahəsi 30% azalıb. Eyni zamanda, Cənubi Xəzərin şərq sahilində yerləşən Oqurçinski adasının (Türkmənistan) sahəsi böyüyüb. Onu da əlavə edək ki, 2003-cü ildə hər beş sahil dövləti regionun ətraf mühitinin mühafizəsi və davamlı inkişafı üçün Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasını (Tehran Konvensiyası) imzalayıblar.
Xəzərdə suyun azalmasının digər səbəbi hövzəni qidalandıran çaylardan axınların azalmasıdır. Xəzər dənizinə çay axınında illik 42 kubkilometr həcmində azalmalar var. Dənizə daxil olan suyun 80%-ə qədərini təmin edən Volqa hövzəsində yağıntıların miqdarı son 30 ildə artsa da Rusiya bəndlər inşa edərək çayın suyundan Avropa və ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalının kəskin şəkildə azalması fonunda kənd təsərrüfatını inkişaf etdirmək üçün istifadə edir. Son illərdə Rusiya Volqa üzərində 40 bənd inşa edib, daha 18 bəndin isə layihələndirilməsi və tikintisi davam edir.
.webp)
Qazaxıstanlı ekspertlərin fikrincə, Rusiyanın yuxarı axın sularından intensiv istifadə etməsi, Qazaxıstanın iqtisadi cəhətdən həyati əhəmiyyətli Kaşaqan neft yatağının yerləşdiyi şimal-şərqi Xəzərin sürətlə azalmasını sürətləndirir.
Yeri gəlmişkən, Ukraynada hərbi əməliyyatlardan sonra Tehran və Moskva arasında əməkdaşlıq güclənsə də, İran rəsmiləri də Xəzər dənizində su səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə görə Rusiyanı günahlandırırlar. İranın vitse-prezidenti və Ətraf Mühit Departamentinin rəhbəri Əli Salaceqeh 2023-cü ilin avqustunda verdiyi açıqlamada açıq şəkildə bəyan edib ki, Xəzər dənizinə daxil olan su axınları, xüsusilə də Volqa çayı vasitəsilə gələn sular qonşu ölkələr tərəfindən kəsilib.
BMT-nin araşdırmalarına görə, suyun səviyyəsinin növbəti 50 il ərzində azalması sahilboyu yerləşən beş ölkədə milyonlarla insanın həyatına təsir göstərə və regionun unikal ekosisteminə ciddi ziyan vura bilər. Bu sırada ilk növbədə turizm, balıqçılıq, gəmiçilik, neft hasiları üzrə infrastruktur önə çəkilir.
Xəzər dənizi bir sıra nəsli kəsilməkdə olan növlərə, o cümlədən dünyada qalan nərə balığı populyasiyasının 90 faizinə ev sahibliyi edir. Dəniz səviyyəsinin enməsi səbəbindən balıqlar artıq çay deltalarına daxil olmaqda çətinlik çəkirlər. Halbuki onlar kürü tökmək üçün həmin çayların axını əksinə yuxarıya doğru üzməlidirlər. Digər tərəfdən çəkilən sular hava şəraitini dəyişərək, Rusiyanın cənub hissəsində və Qazaxıstandakı taxıl məhsullarını təhlükə altına alan quraqlıqlara səbəb olub.
Turizm sektoruna təsirlərinə gəlincə, vaxtilə dəniz kənarında yerləşən hotellər geriçəkilmə nəticəsində suya birbaşa çıxış imkanlarını itiriblər.
Xəzər dənizinin dayazlaşması logistik layihələr üçün də risklər yaradıb. Xəzər Rusiyanın “Şimal-Cənub” dəhlizi və Çinin “Bir Kəmər, Bir Yol”, “Orta dəhliz”təşəbbüsü kimi qlobal ticarət marşrutlarının keçdiyi mühüm iqtisadi mərkəzdir. Dənizin hazırkı səviyyəsi ətraf dövlətlər arasında daşımalara və beynəlxalq nəqliyyat dəhlizlərinin təşkilinə birbaşa təsir göstərir.
Ekologiya nazirinin müavini Rauf Hacıyev "Reuters"ə bildirib ki, Azərbaycanda təxminən 4 milyon, Xəzəryanı bölgədə isə 15 milyon insan Xəzərdən asılıdır.
Hacıyevin sözlərinə görə, suyun səviyyəsinin enməsi Bakı limanındakı fəaliyyətə mane olur, ötürmə qabiliyyətini azaldır və xərcləri artırır.
Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov da öz növbəsində qeyd edib ki, 2025-ci ilin birinci yarısında Dübəndi neft terminalı vasitəsilə daşınan neft və neft məhsullarının həcmi əvvəlki ildəki 880 min tondan 810 min tona enib.
O, bu azalmanı su səviyyəsinin aşağı olması ilə əlaqələndirib və əməliyyatların sabitliyini təmin etmək üçün dibdərinləşdirmə işlərinin zəruri olduğunu bildirib. Son illər quru hissədəki emal obyektlərini sahilboyu yükləmə məntəqələri ilə (məsələn, Qazaxıstanın Aktau və Kuryk terminalları və ya Azərbaycanın Dübəndi neft terminalı) birləşdirən sahilboyu boru kəmərləri sahil xəttinin geri çəkilməsi və dəniz dibinin dəyişməsi səbəbindən mexaniki gərginlik, əyilmə riski, yaxud torpaq altında qalma və ya üzə çıxma problemləri ilə üzləşib.
Bakı Limanına gəlincə, daha dərin sulardan yararlanmaq məqsədilə mərkəzdən kənarda inşa edilməsinə baxmayaraq, ərazidəki sahil şelfi hələ də dayazdır. Limanın fəaliyyəti əsas giriş kanalında fasiləsiz dibdərinləşdirmə işlərinin aparılmasından asılıdır. Bu tədbirlər beş "Ro-Ro" və bərə dayanacağının ağır yük axınını təhlükəsiz şəkildə qəbul etməsini təmin edir.
.webp)
Aktau limanında suyun orta dərinliyi isə 4,5 metrdir. Nəzərə alsaq ki, normal daşımalar üçün 6,5-7 metr tələb olunur, tankerlərin əsas girişini təmin etmək üçün Qazaxıstan davamlı olaraq dibdərinləşdirmə işlərini həyata keçirməyə məhkumdur.
Ölkə Aktau limanında təkcə dibdərinləşdirmə işlərinə ildə təxminən 400 milyon tenge xərcləyir. 2025-ci ildə başlanan dərinləşdirmə işlərinin tamamlanmasından sonra limanın yükləmə qabiliyyətinin 100%-ə çatacağı gözlənilir. Qeyd edək ki, hazırda dayazlıq səbəbindən gəmilər Xəzər limanlarını ümumi tutumlarının 75%-indən az yüklə tərk edirlər. Bu da daşınma qiymətlərinin artmasına və regional təchizat zəncirlərində gecikmələrə səbəb olur.
Dərin suçəkməyə malik gəmilər liman hövzələrində dönərkən daha məhdud manevr imkanları ilə üzləşirlər. Kapitanlar daha çox yedək gəmi dəstəyindən istifadə edir, sürəti azaldırlar. Belə vəziyyət gəmilərin limanda dövriyyə müddətini ləngidir və 12-15 saatlıq standart tranzit vaxtını uzadır.
Ekspertlərə görə, Aktau limanı və Bakı Beynəlxalq Dəniz Limanı kimi regional mərkəzlər neft terminallarının fəaliyyətini davam etdirmək məqsədilə dəniz dibinin daim dərinləşdirilməsinə hər il yüz minlərlə dollar vəsait xərcləməlidirlər.
"Stimson Center" kimi qurumların apardığı regional tədqiqatlar göstərir ki, əgər sahil xəttinin geri çəkilməsi hazırkı templə davam edərsə, 2030-cu ilə qədər Xəzəryanı ölkələrdə infrastruktur, logistika və iqtisadi sahədəki məcmu ziyan illik 10 milyard dolları ötəcək.
Bakı Limanında davamlı olaraq dibdərinləşdirmə işlərinin aparılmasının zəruriliyin açıqlayır. Bu da enerji sektoru üzrə logistik xərcləri artırır. Azərbaycan təkcə 2025-ci ilin birinci yarısında Niderland və Çindən iki müasir dərinləşdirici gəminin idxalına 11,6 milyon dollar xərcləyib.
Bakı Gəmiqayırma Zavodu xüsusi sifarişlə inşa edilmiş, 535 tonluq nəhəng "Mühəndis Soltan Kazımov" adlı dibdərinləşdirici gəmini istismara verib. 700 kVt gücündə kəsici başlıqla təchiz edilmiş bu gəmi 18 metr dərinliyə qədər qazıntı işləri aparmaq qabiliyyətinə malikdir və Azərbaycanın limanlarında 8000 tonluq neft tankerləri üçün gəmi keçidlərinin təmizlənməsi vəzifəsini yerinə yetirir.
İri neft tankerlərinin dəniz dibinə toxunmadan yan ala bilməsini təmin etmək məqsədilə Dübəndi Neft Terminalının ərazisində 250 000 kubmetrdən çox çöküntü qazılaraq çıxarılıb.
Müqayisə üçün qeyd edək ki, qonşu Qazaxıstan Aktau limanında dibdərinləşdirmə işləri üçün təxminən 72 milyon dollar (40 milyard tenge) vəsait xərcləməyi planlaşdırır.
Ekspertlərin sözlərinə görə, dibdərinləşdirmə işlərinə davamlı vəsait ayrılmadıqda, neft tankerləri yüklənmə həcmini azaltmağa məcbur olacaqlar.
Qurumağa çox meylli olan Türkmənbaşı körfəzində isə vəziyyət daha da ağırdır. Türkmənistan milyonlarla kvadratmetr ərazidə genişmiqyaslı dibdərinləşdirmə işləri həyata keçirir. Bu tədbirlər ASCO-ya məxsus gəmilərin dəniz-dəmir yolu terminalına daxil ola bilməsi üçün 4 kilometrlik giriş kanalının dərinləşdirilməsini təmin edir.
.png)
Xəzər hövzəsində 48 milyard barel neft və 292 trilyon kubfut təbii qaz ehtiyatının mövcudluğu fonunda, su səviyyəsinin aşağı düşməsi milyardlarla dollar dəyərindəki birgə boru kəməri layihələrini və dənizdəki kəşfiyyat işlərini ləngitmək riski yaradır. Baxmayaraq ki, Xəzər şelfindəki yataqların işlənilməsi digər dəniz yataqlarının mənimsənilməsi daha asan və daha az xərc tələb edən prosesdir. Bu gün sahilboyu 4 ölkə - Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan öz kontinental şelflərini fəal şəkildə işləyir, hasil olunan neft və qazdan həm daxili istehlak, həm də ixrac üçün istifadə edirlər.
Xəzər bölgəsində quyular hələ 10-cu əsrdə qazılıb. Dünyada ilk dəniz quyuları 1873-cü ildə Azərbaycanın Bibiheybət körfəzində qazılıb. 1900-cü ilə qədər Bakıda sənaye miqyasında hasilat aparan 2000-dən çox neft quyusu mövcud olub.
Regionun digər iki dövləti - Rusiya və Qazaxıstan isə 20-ci əsrdə dənizin şimal və mərkəzi hissələrinin işlənilməsinə başlayıblar.
Qazaxıstan 1979-cu ildə Xəzər dənizi sahilindəki Tengiz yatağında neft hasilatına başlayıb. Daha sonra isə qonşu şelfdəki Kaşaqan yatağını işləyib hazırlayıb. 2024-cü ildə Tengizdə neft hasilatı 27,8 milyon ton təşkil edib. Kaşaqanda isə illik hasilat 18 milyon ton səviyyəsində olub.
Xəzərin şərq hissəsindəki Türkmənistan şelfində bir sıra neft və qaz yataqları aşkar edilib. Hazırda Türkmənistan Azərbaycan vasitəsilə Avropaya qaz nəql edir.
Xəzər dənizinin İran sektoruna gəlincə, karbohidrogen ehtiyatları əhəmiyyətli dərinliklərdə yerləşdiyindən neft və qaz yataqlarının işlənilməsi iqtisadi cəhətdən səmərəsiz sayılır. Buna baxmayaraq, kəşfiyyat işləri aparılır 2021-ci ildə İran Xəzər dənizinin özünə aid hissəsində iri qaz yatağı aşkar edib.
Dəniz səviyyəsinin dəyişməsi bəzi ərazilərdə neft hasilatına təsir göstərib. Məsələn, Xəzərin şimal sektorunda (şimal sektoru dənizin ümumi su həcminin bir faizindən az hissəsini ehtiva etdiyindən su itkisinə qarşı ən həssas hissədir) sualtı neft və qaz kəmərləri risklərlə üzləşib. "Kaşaqan" yatağı Qazaxıstanın şimal hövzəsində, son dərəcə dayaz bir ərazidə yerləşdiyindən istismar xərclərinin ildən-ilə artması üzləşib. Su səviyyəsinin enməsi neft hasilatı zonalarını təminat gəmiləri üçün əlçatmaz etmək təhlükəsi yaradıb. Bu da daha uzun boru kəmərlərinin çəkilməsini və daha dərin infrastrukturun qurulmasını tələb edir.
"Shell", "TotalEnergies" və "ExxonMobil" kimi şirkətlərin daxil olduğu konsorsium tərəfindən idarə olunan və dəyəri 50 milyard dollardan çox olan yataqda barjların hərəkəti üçün minimum 2,9 metr su dərinliyi tələb olunur. "North Caspian Operating Company" dəniz obyektlərinə çıxışı təmin etmək məqsədilə 1 milyon kubmetrdən çox çöküntü qatını dibdərinləşdirmə işləri vasitəsilə təmizləməli olur.
Xəzər dənizinin Azərbaycan sektorunda su səviyyəsinin enməsi neft-qaz infrastrukturuna, logistikaya və şirkətlərin hasilatına təsir göstərməyib. Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan "Azəri-Çıraq-Günəşli"nin (AÇG) əsas operatoru bp-dən Teleqraf-a verilən məlumata əsasən, dəniz infrastrukturu 120-170 metr dərinlikdə yerləşdiyi üçün şirkət analoji problemlə üzləşməyib.
.png)
Dünyada ən iri qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı da Cənubi Xəzər hövzəsinin dərin sulu şelfində – Bakıdan təxminən 70 km cənub-şərqdə, dərinliyi 50 metrdən 500 metrdən çox olan ərazidə yerləşdiyindan "Kaşaqan" kimi dayaz sulu şimal yataqlarına təsir göstərən illik 20-30 santimetrlik su səviyyəsi enişindən struktur baxımından təcrid olunmuş vəziyyətdədir. Yatağın operatoru olan "BP Azerbaijan" şirkəti kanalların dərinləşdirilməsi əvəzinə, nəhəng ehtiyatların hasilatı üçün əsasən sualtı infrastruktura güvənir.
Bununla belə, dəniz səviyyəsinin enməsi sahil infrastrukturunun saxlanılması, boru kəmərlərinin təmiri, dibdərinləşdirmə işləri və ətraf mühitlə bağlı məsələlər üzrə neft şirkətlərinin kapital xərclərini davamlı olaraq artırır.
-
Sosial14:54Növbəti köç Ağdam şəhərinə çatdı - YENİLƏNDİ
-
MDB14:42Dünən özü təhrik edirdi, bu gün deyir ki... - Putindən sensasion təklif
-
Sosial14:13İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNDİ
-
Nida Xəbər 14:04Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - FOTO
-
Nida Xəbər 13:08Pezeşkian qızına ana dilində müraciət etdi - VİDEO
-
Rəsmi xronika12:51İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTO/VİDEO
-
Köşə12:24“Qarabağ”ın yeni lideri o olmalıdır
-
Qoroskop12:12Planetlərin hərəkəti araşdırıldı: 2027-ci ildə bu bürcləri uğur gözləyir






.jpg)














.jpg)





.jpg)
.jpg)









