Əli Əmirli: “Gərək başın xarab olsun ki, deyəsən - mən əclafam”- FOTOLAR
Bizi izləyin

Yazarlar

Əli Əmirli: “Gərək başın xarab olsun ki, deyəsən - mən əclafam”- FOTOLAR

“20 yaşımda aldığım hədiyyə 46 ildir mənimlədir”

Yaradıcılığını sevə-sevə izləyirəm, jurnalist kimi də az-çox bələdəm.

Bilirəm ki, yaradıcılıq barədə nə qədər desən, sual cavablandıra bilər, amma şəxsi məsələlərə gələndə bundan hər zaman imtina edir.

Özü də bunu o qədər nəzakətlə edir ki, inciməyə yer qalmır. Amma doğum gününə bir gün qalmış jest elədim, onu daha yaxından tanımaq üçün yaradıcılıqdan deyil, özündən danışmasını istədim. “Yox” deməyəcəyini intuisiyamın gözü ilə təxmin də eləmişdim.

Söhbət Azərbaycanın sevilən yazıçısı, ssenaristi və dramaturqu Əli Əmirlidən gedir. Yaşından qat-qat cavan görünən Əli müəllim bu dəfə suallarımı cavablandırdı.“Sualların necəliyindən asılı olmayaraq, hamısını cavablandıracağam, çünki məni ilk təbrik edən siz oldunuz”, - gördünüz, dedim axı, jestimi dəyərləndirəcək…

- Təbrik edirik! Bilmək istərdik, adətən, doğum günlərinizi hansı ovqatla qarşılayırsınız?

- Təbrikə görə təşəkkür edirəm. Doğum günümü, adətən, sakit qarşılayıram, əhvalımda, ovqatımda elə bir dəyişiklik olmur, amma həmin günə saymazyana da yanaşmıram, yaşın artmasının məsuliyyətini hiss edirəm və təbii ki, daha bir ili sağlam başa vurduğuma görə Allahıma şükür eləyirəm.

- Doğum gününüzü qeyd edəcəksinizmi?

- Mən qeyd eləməsəm də ailəm, uşaqlarım ad günümə çox həssaslıqla, sevgi ilə yanaşırlar, bu da məni sevindirir.

- Ən yaddaqalan doğum gününüz hansı olub?

- İyirmi altı yaşımın tamam olmasını yaxşı xatırlayıram. Onda Naxçıvanda əsgərlik çəkirdim. Çox istəyirdim evə - Bakıya gedim, komandirim də söz vermişdi ki, oktyabrın 30-da Bakıda olacaqsan, təəssüf ki, alınmadı. Həmin axşam saat 8-dən səhər saat 8-dək telefon kommutatorunda növbədə oldum. Arvadıma və 1 yaşlı qızıma odlu-alovlu, bir az da kədərli bir məktub yazdım, düz 12 səhifəlik bir məktub. O ad gününü heç vaxt unutmuram. Bu ilin fevralında düz 40 illik fasilədən sonra Naxçıvanda oldum - “Ağa Məhəmməd şah Qacar”ın premyerasında. Əsgərliklə bağlı çoxlu xatirələrim oyandı, həmin ad günümü də xatırladım. Bir də 50 yaşımın Dövlət Gənclər Teatrında qeyd olunmasını unutmuram. Onda unudulmaz rejissor, dostum Hüseynağa Atakişiyev sağ idi. Onun təklifi ilə ad günümü “İtkin ər və ya ufoloji ehtiraslar” adlı komediyamın premyerası ilə qeyd elədik. Sonra da elə Hüseynağanın kabinetində bütün kollektivlə gözəl, səmimi bir məclis qurduq. Yadda qalan bir gün oldu.

- Rəqəmlərin sizin üçün önəmi varmı? Yaşı nəzərdə tuturam…

- Rəqəmlərin əhəmiyyəti çox böyükdür, yaş məsələsində isə rəqəm mənim üçün həlledicidir. Əlbəttə, ruh maddi olmadığı üçün qocalmır, cismimiz isə qocalır, tədricən nimdaşlaşan cismimiz ruhumuza da təsir edir. Bu, belə də olmalıdır, insan itirə-itirə yoxluğa doğru gedir.

- Doğum gününüzdə elə bir adam varmı ki, arzulayasınız ki, kaş qapı açılaydı və içəri daxil olub məni təbrik edəydi?

- Təbrikini gözlədiyim adamlar mənim evimin içindədir, amma bu gün siz məni təbrik elədiyiniz kimi kənardan - dost-tanışdan da təbrik alsam, diqqət görsəm incimərəm.

- Ən zəif nöqtəniz nədir?

- Mənim zəif nöqtəm bir deyil, çoxdur, amma onları açmaq istəməzdim. Bəlkə, o nöqtələri az adam görür, biz durub bu ad günümdə niyə qara piar eləyək?

- Yaxşı, onda deyin görək, əlinizdə olsa, hansı yaşınızı ömrünüzdən silib atardınız?

- Mən çox realist adamam, “əgər”, “kaş ki” mənlik deyil.

- Həyatınızda peşman olduğunuz məqamlar çox olub?

- Peşman olduğum məqamlar çox olub, peşmançılığını çəkdiyim əməllərin çoxu cavanlıq illəri ilə bağlıdır. Nədən peşman olduğumu demək istəməzdim. Bir məsələ də var ki, insan eqosu onu bu peşmanlıqlardan əzab çəkməyə qoymur. Bilmirəm, bu yaxşıdı, ya pis, amma həqiqət belədir. Hansı saytdasa bir rubrika var, gərək ki, özünütənqidlə bağlıdır. Bu özünütənqidə cəlb edilənlərin hamısı, əslində, özünü tərifləyir, bu, başqa cür də ola bilməz, kim öz ayranına turş deyər? Gərək başın xarab olsun ki, deyəsən - mən əclafam.

- “Kişilər ağlamaz” deyirlər, mənə çox maraqlıdır, sonuncu dəfə hansı hadisə sizi hönkürüb ağlamağa məcbur edib?

- “Kişi ağlamaz” gəlişigözəl sözdür. Onu deyənlər, yəqin, unudurlar ki, kişinin də ürəyi var, mərhəmət hissi var. Məni indiki yaşımda mərhəmət hissi kövrəldir. Yayın istisində, qışın soyuğunda qucağında körpə küçədə saatlarla dayanıb dilənən qadın görəndə kövrəlirəm, o körpənin həyatına, əzablarına, anasının qucağında, ya kürəyində boynu sallanmış vəziyyətdə yatdığına baxmaq işkəncədir. Təsirli bir əsər oxuyanda kövrələ bilərəm. Aqil Abbasın məşhur “Dolu” romanını oxuyanda siz deyən kimi ağlamışdım. Personajlarımı o qədər sevirəm ki, pyes yazanda onların dərdi ilə ağlayır, sevinci ilə gülürəm. Ötən ilin avqustunda “Ünvansız qatar” pyesimi yazanda, demək olar ki, hər gün ağlayırdım, yaxşı ki, pyes çox sürətlə yazıldı, yoxsa gözümdə yaş qalmazdı.

- Heç dost xəyanəti ilə qarşılaşmısınız?

- Yəqin, xəyanətlə dostu çox olan adamlar qarşılaşır. Mənim dostum çox azdır, xəyanətlə də qarşılaşmamışam. Bir də, axı xəyanət nədir? Sənin əleyhinə danışıb, sənə bir az paxıllıq eləyib, yaxşılıq eləmisən, başa düşməyib, ya qiymətləndirməyib? Bunlar xəyanət deyil, insan zəiflikləridir. Adamlardan həmişə alicənablıq gözləmək sadəlövhlükdür. Çalış heç kəsdən heç nə istəmə, heç kəsdən heç nə umma, onda heç kəsdən inciməyəcəksən, heç kəsə də xain deməyəcəksən. Salamlaşmaq üçün heç kəsin qabağına qaçmayacaqsan. Özünə güvən, özünə inan, nəfsini ram elə. Əsl azadlıq budur.

- İnsanlarda ən çox qiymətləndirdiyiniz xüsusiyyət hansıdır?

- İnsanlarda ən çox qiymətləndirdiym, sevdiyim ədalət hissidir. Ədalət məfhumu ən gözəl keyfiyyətlərin toplusudur.

- Hər bir insan ömründə, heç olmasa, bir dəfə intihar barədə düşünür. Mənə çox maraqlıdır, Əli Əmirli bu barədə nə vaxtsa düşünüb? Sizcə, intihar güc, yoxsa zəiflik əlamətidir?

- İntihar haqqında düşünmək və intihar etmək ayrı-ayrı şeylərdir. Şəxsən mən heç vaxt intihar etmək istəməmişəm. İntiharın zəiflik və ya güclülük əlaməti olması haqqında birmənalı fikir demək çətindir. Burda zaman, məkan və şərait amilləri nəzərə alınmalıdır. Bir söz demək lazım gəlsə, fikrimcə zəif, qorxaq adam intihar edə bilməz. İntiharda həm də bir faciə məzmunu var. Faciə qəhrəmanı isə bekara adam ola bilməz...

- Uşaqlığınız içinizdən boylanır?

- Mən keçmişinə bağlı adam deyiləm, buna səbəb, bəlkə də, mənim uşaqlıq illərimin o qədər də hamar keçməməsidir. Yaxşı bir dialoq var:
- Uşaqlığın necə keçib?
- Çox qısa!”
Mənim uşaqlığım da qısa olub. Yaşa dolduqca, daha doğrusu, qocaldıqca qısa uşaqlıq dövrümü tez-tez xatırlayıram, hətta bu yaxınlarda uşaqlıq xatirələrimlə bağlı bir yazı da yazmaq istədim, hətta bir qədər yazdım da, amma davam eləmədim. Gördüm tam səmimi olmayacağam...

- Bəzən məcburiyyət qarşısında qeyri-səmimi olub, sonradan buna görə özünüzü danladığınız məqamlar olub?

- Həmişə səmimi olmaq mümkün deyil. Axı biz adamların əhatəsində yaşayırıq. Bəzən özünü tərifləmək istəyən bir adam deyir ki, mən sözü üzə qırmızı deyənəm, bununla da fəxr eləyir. Fikrimcə, bu, ən azı, axmaqlıqdır. İnsanlarla korrekt davranmaq lazımdır. Zəifə “zəifsən”, kora “korsan”, yaltağa “yaltaqsan”, fərsizə “fərsizsən” demək tərbiyədəndirmi? Gör o qırmızı sözü sən hər adama deyə bilərsənmi? Əgər hamıya deyə bilmirsənsə, sus, fikrini içində saxla və bəyənmədiyin o adamdan aralı gəz, münasibət qurma...

- Pul sizin üçün nədir?

- Pul o zamana qədər yaxşıdır ki, sən onun köləsinə çevrilmirsən. Əgər bütün ömrünü pulu qorumağa və daim artırmağa sərf edəcəksənsə, bu, artıq xəstəlik diaqnozdur...

- Hədiyyələrə münasibətiniz necədir? Sevdiyiniz hədiyyə?

- İllər ötdükcə hər şeyə, o cümlədən hədiyyələrə də münasibət dəyişir. İndi məni hədiyyədən çox diqqət maraqlandırır, sevdiyim, qiymətləndirdiyim adamların diqqəti.

- İndiyə qədər saxladığınız ən əziz hədiyyə olub?

- Məndə romantik, sentimental duyğular güclü deyil, əşyalara bağlılığım zəifdir, yadigar saxlamağı da bacarmıram. Bir personajımın dediyi kimi düşünürəm: keçmiş yuxu, gələcək (əgər gələcəksə!) naməlum, real olan bugündür, bugünlə yaşa!

- Tanrıdan ən böyük mükafatınızı almısınız, yoxsa hələ gözləyirsiniz?

- Mən Tanrıdan ən böyük hədiyyəmi 20 yaşımda almışam. O hədiyyənin adı xoşbəxtlılikdir. 46 ildir o xoşbəxtlik mənimlədir.

- Bir daha təbriklər… Sizə uzun ömür və tükənməz yaradıcılıq enerjisi arzulayıram.

- Çox sağ olun!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm