Şairə: “Görüşəndə nə olmalıydısa… o şey oldu…”
Bizi izləyin

Yazarlar

Şairə: “Görüşəndə nə olmalıydısa… o şey oldu…”

Tanınmış yazar Sənəm Səbayellə söhbətimiz səmimi alındı. Şeirlərinin misralarından oxucuya “boylanan” isti bir sevgini gündəmə gətirdim. “Sevgi etirafları”nın qonaqlığını “verdim” xanım yazara. Amma söhbətə körpü də salmaq gərəkirdi. O üzdən də:

Mənə “Qar çiçəyi” deyirlər

- Arada görünmürsüz, sonra birdən yaz çiçəyi kimi "çırtlayırsız". Bu "nihan olmalar" nə demək?

- Hə, hərdən gözdən itməyim var. Beş-üç kəlmə söz adamıyam. Çörəyim sözümdən çıxır. Sözün ətəyindən yapışıb diyar-diyar gəzirəm.

- Lap haqq aşıqları, aşiqləri kimi.

- Haqdan uzaq olmamışam. Arada el şənliklərinin aparıcısı da oluram. Qədim adətlərimizi təbliğ edirəm ki, unudulmasın. Keçmişini unudanın gələcəyi də olmaz, deyiblər. Hərdən sərhədi də keçirəm. Xaricə - konfranslara, şeir müsabiqələrinə dəvət alıram. Azərbaycanı təmsil etməkdən qürur duyuram. Yaz çiçəyi bənzətməsinə görə təşəkkür edirəm. Ancaq məni yaxından tanıyanlar mənə “Qar çiçəyi” deyirlər.

- Soyuqsuz, ona görə?..

- Yox, ona görə ki, həm ağ rəngi sevirəm, həm də möhkəm və cəsarətli adamam. Qar çiçəyi də şaxtadan, sərt iqlimdən qorxmur. Zərif vücudu, ağ ləçəyi ilə soyuğa, şaxtaya meydan oxuyur. Qarın, buzun bağrını yarıb həyata gülümsəyir, göz oxşayır, könül xoşluğu yaradır.

- Heç fikir verməmişəm, bənzətmənizdə haqlısız…

- Bir oxşarımız da var qar çiçəyi ilə. Onun dörd ləçəyi, mənim də dörd övladım var. Mətləbdən uzaqlaşdım, deyəsən. Nihan olanda gözdən yayınıb daxili dünyamla, xəyallarımla baş-başa qalıram.

Mən gözüsulu qadın deyiləm

- Xəyallarınız hara aparır sizi? Sizi deyəsən axı sevgilər çaşdırıb. "Bu sevgidən baş açmadım" deyirsiz. “Yazın gurşad yağışı tək, Gözlərimdən axdı getdi”, - deyirsiz. Bəlkə heç sevgi deyil yaşantılarınız…

- Mən çaşan adam deyiləm. Xüsusən də sevgidə. Çaşmaqla baş açmamaq başqa-baqşa anlamlardı məncə. Ancaq duyğularım doğrudan da bəzən yazın gurşad yağışı tək gözlərimdən axıb ürəyimi yandırdığı kimi, yanaqlarımı da yandırır. Əlbəttə, ötəri duğular da olur. Amma o ötərilər ötüb gedər, onlar məni ağlada bilməz. Nə qədər qəribə olsa da, mən gözüsulu qadın deyiləm. Gözümün yaşı ürəyimə axır. Mən ağlayanda xəlvətə çəkilib ağlayıram, dərdim, üzüntülərim və göz yaşlarım ancaq mənə aiddir və pünhandır. Sevgim kimi.

“Solaxay” jurnalistləri sevirəm

- Şeirlərinizlə sizi "vurmaq" istəyirəm: “Yenə düşdün yadıma, göyüm-göyüm göynədim...” Sizi burada göynədən yuxarıda baş aça bilmədiyiniz deyil, deyəsən?

– Sizinlə müsahibəyə razılıq verəndə bilirdim ki, dolu və peşəkar birisi ilə həmsöhbət olacam. Solaxay jurnalistləri sevirəm, vura bilirsizsə vurun. Göynərtiyə gəldikdə isə, hər bir kamil insanın bu göynərtiləri ola bilər. Axı göynərti də insani hissdir. O göynərtinin özündə bir şirinlik, acısı da şirin olan ancaq mənə aid gözəl bir dərd var.

Onların sevgi barədə düşüncələri

- Yeniyetmə qızlar var. Şeirlər yazırlar. Siz də bağışlayın, bəzilərinin şeirlərindən yataq iyi gəlir və yarımçıqdır hər şey. Sızıltı, hıçqırtı, göz yaşı və sair. Bütün bunlarla nəyə nail olmaq istəyirlər?

- Bu dünyada hər kəsin öz sinfi, öz təbəqəsi var. Dedikləriniz, mən deyərdim ki, aşağı sinflərin düşüncələridir. Yəni o adamlar yüz il yaşasalar da, ailə qurub uşaq sahibləri olsalar da, heç vaxt əsil sevginin dadını bilməyəcəklər bəlkə də. Yəni onların sevgi barədə düşüncələri ora qədərdi, siz dediyiniz yerə qədər. Təəssüf ki, bəzən yaşlı nəsil yazarlarında da belələrinə təsadüf etmək olur. Bir dəfə birinə dedim ki, yazıların çox çılpaqdır, get ona paltar geyindir. Dedi ki, söz adamdır ki, paltar geyinsin? Belələrinin meydanı daha geniş olur. Boş qabın səsi bərk çıxar. Onlar bu ucuz istəkləri ilə özləri nəyə nail olduqlarını bilmir, mən hardan bilim?

Daxili dünyama şeytan yol tapmadı

- Sizin də şeirlərinizdə nakam, əl çatmayan sevgi, həsrət yuvalayır. Amma yüksək səviyyədə, inandırıcı şəkildə. Deyin, bəs siz nəyə nail olmusuz şeirlərinizlə?

- Çoz düzgün bilirsiz o həsrət yuvasını. O yuva ürəyimdədir, ilk sevgini dadan gündən. Əflatuni bir eşq, platonik bir sevgidir. Əl çatmaz, ün yetməz... Ona qovuşmaq üçün gərək göylərə üz tutub, məni orda basdırasız, deyirəm. Qurban olum o həsrətə ki, bir çimdik hansı şeirimə qatıramsa daha çox oxucu qəlbinə yol tapıram. Bütün sevənlər nəyə nail oldusa, mən də ona nail oldum. Tükümdən dırnağımacan sevgidən yoğruldum deyə, daxili dünyama şeytan yol tapmadı.

- Oxucu, şerinizi oxuduqda, tanıyanlar isə baxışlarınızda yaralı bir sevgi sahibi olduğunuzu düşünür.

- Dediklərimin içində bu suala qismən cavab vermişəm. Görürəm ki, mən nə qədər sualdan yayınmağa çalışsam da, siz jurnalist peşəkarlığı ilə məndən dəqiq cavab almayınca rahat olmayacaqsız. Bəli, nə qədər xoşbəxt görünməyə çalışsam da, həssas adamlar o nisgili duyurlar. Xüsusilə də gözlərim məni həmişə “satır”. Göz qəlbin aynasıdır axı…

Biz görüşəndə nə olmalıydısa o şey oldu…

Xəyalı haralara aparır onu, gözləri yol çəkir. Barmaları stolun üstündəki örtüyün saçaqlarını “oynadır”. Sanki nə vaxtsa ayrı düşmüş yolları, ilmələri bir-birinə toxuyur. İri, yaşıla çalan gözləri uzaqlardan “yığışır”, gözlərimin içinə baxır:

- O, dünyasını dəyişib. Çox cavan idi, haqqın dərgahına qovuşanda. Mən onun yanına yaşa dolub gedəcəm, təəssüf ki... O, həmişəki kimi cavan olacaq. Mən isə onun sevib-seçdiyi qız olmayacam. Biz görüşəndə birinci nə olmalıydısa o şey oldu. Bütün duyğuların təkrarı…

Yenə də susur. Və qətiyyətlə əlavə edir:

- Mən insan bir dəfə sevə bilər fikri ilə heç razı deyiləm. İnsan bir neçə dəfə sevə bilər. Sadəcə, heç kimi heç kimi əvəz edə bilməz. Hər kəs özü olar, fərqli olar. Mən uzun illərdir onu itirmişəm. Ölənlə ölmək olmur axı. Həyat davam edir. Təbii ki, təkrar sevgim, sevgilərim oldu. Ancaq onun yerini ürəyimdə heç kəsə vermədim. Hər kəsin öz yeri oldu.

- Bəs qərib bir axşamda sizin həmsöhbət olmaq istədiyiniz haləli adam kimdir?

- O, həyalı, sevdalı, sevimli adam mənim sirrimdir. O, heç özü də bilmədi ki, mənim ona qarşı duyğularım olub. Xəyallarımın qəhrəmanına çevrildi. Bir şeir yazmışdım:

“Dəlilər xəyalnan dostluq eyləyər,

Dəli sevərsənsə, olum, hardasan?

- O, niyə belə insafsızdır? Məsələn, mən sizin çağırışınıza, həmsöhbət olmaq istəyinizə müsbət cavab verərdim…

- Elə ona görə də siz olmamısız da. Zarafat edirəm, incimə. Bilirsiz, mən duyğularımı ünvanı ilə bölüşmürəm. Müstəsna halları çıxmaq şərti ilə. Qoxuram duyğularımın əsiri olam və ucuzlaşam. Fikrimcə, qadın əlçatmaz olmalıdır. Tez-tez sevirəm deyən adamların sevgisini rusun borşa sevgisinə bənzədirəm. O, heç vaxt ona olan duyğularımı bilmədi. Biləsə idi, olduğu yerdəki mövqeyinin də, biznesinin də üstündən xətt çəkib gələrdi. Mən bunu istəmirəm.

Sevgililərim yox, sevgilim isə olub

- Səmimi söhbət edirik də. Deyin, sevgiləriniz çox olub?

- Mən həmişə diqqət çəkən qadın olmuşam. Bu, qadının xoşbəxtliyidir. Sevənlərim, pərəstişkarlarım həmişə olub. İndi də sevgi etirafları, hətta evlənmək təklif edənlər də var. Sədaqətli admamam. 12 ildir təkəm. Həyat yoldaşımı itirmişəm, duyğulu adamam. Necə ola bilər ki, insan daşı, ağacı, torpağı sevsin, insanı sevməsin? Təbii ki, həmdəm, sirdaş, lap elə sevmək kimi də ehtiyacım var. Bu halda mənim sevgilim ola bilər, sevgilələrim yox. Başımdan iki qarış aşağı olan ürəyimin istəyinə görə başımı aşağı etmərəm. Bax, buna görə də duyğularım olub, sevgililərim yox, Sevgilim isə olub.

- Bilirsiz də, biz "Sevgi etirafı" layihəsindəyik?

- Deyirəm axı, niyə siz mənim ictimaii yüklü, döyüşkən, vətənpərvər şeirlərimə toxunmursuz. Povest və hekayələrimdən bəhs etmirsiz.

Hamının duyğularına hörmətlə yanaşmışam

- Qəlbini qırdıqlarınız çox oldu, yoxsa qəlbinizi qıranlar?

- Mən heç vaxt heç kimin qəlbini qırmaq istəməmişəm. Hamının duyğularına hörmətlə yanaşmışam. Rədd edəndə də mədəni surətdə, kobudluq etmədən etmişəm. Ancaq elələri olub ki, özləri məcbur ediblər, sərt olmuşam. Qəlbimə dəyməyə də icazə verməmişəm. Şərait yaratmamışam, mümkün qədər. Özümü isə çox sevirəm.

- Eşitmişəm ki, gizlətsəniz də noyabrın 10-da doğum gününüz olacaq. Geri baxırsız heç? Nələri yenidən yaşamaq istərdiz?

- Maşallah, sizdən heç nə gizlətmək olmur. Hə, noyabrın 10-da doğum günümdür. Bircə neçə yaşım olduğunu soruşmayın. Çünki hərdən dünyanın özü qədər qoca, hərdən də yeniyetmə qədər cavan hiss edirəm özümü. Hec özüm də bilmirəm neçə yaşım var. Geriyə baxmaq sualına gəldikdə isə, əlbəttə, keşmişimə baxıb bu günümü yaşayıram, gələcəyimi qururam. Dünənini unudanın sabahı olmaz. Əgər geriyə qayıtmaq imkanım olsa, bəzi yaşantıları silərdim həyatımdan. Tamamilə yox, bir az başqa cür yaşayardım. Təbii ki, indiki ağlım olsaydı.

Sevgi isə hara getsəm, mənimlə gedir

- Deyəsən kövrəldiz. Yaxşı sizi göndərirəm ən saf sevginizin ünvanına. Sağollaşıram…

- Yox, kövrəlmədim. Ümumiyyətlə, mən tez kövrələn adam deyiləm. Şeirlərimin birində yazmışam: “Oğurlanıb göz yaşlarım, daha ağlaya bilmirəm”. O qədər ağlamışam ki, bərkimişəm daha... Sizin dediyiniz o saf sevgi isə hara getsəm, mənimlə gedir. Yuvası ürəyimdədi axı... Allaha əmanət olun. Söz ömrü, söz qüdrəti, sevgi gözəlliyi yaşayasız.

Faiq Balabəyli

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm