“Əşi”dən “brat” olmaz!
Bizi izləyin

Yazarlar

“Əşi”dən “brat” olmaz!

Bu “Publika.az” saytında köşə qonşum, iş yerində müdirim, həyatda dostum, ədəbiyyatda “uçitelim” olan Salam Sarvan keçən köşələrinin birində xalqımızın el arasında, küçədə-bacada bir-birilərinə müraciət edərkən differensial tənlik həll edirmiş kimi baş sındırdığından və bu “sınan başların” hələ də abırlı bir uğura imza ata bilməməsindən yazmışdı.

Söz başdan düşmüşkən, həci, gəl, köşəmizin əmgəyi bərkiməmiş sənə bir lətifə danışım:

Gün növbətçisi batalyon komandirinin otağına gəlib deyir:

- Cənab polkovnik, arvadın sənin yanına gəlib, buraxaq?

Polkovnik əsəbi şəkildə düzəliş edir:

- Əsgər, “sənin” yox, “sizin” yanınıza gəlib!

Əsgər: - Yox, cənab polkovnik, bizim yanımıza dünən gəlmişdi, bu gün sənin yanına gəlib.

Puşkinin həyat və yaradıcılığını “ağ günə” çıxaran ədəbiyyatşünaslar vurğulayırlar ki, bu rus şairi heç vaxt heç kimə, hətta öz sevgilisinə də “sən” deyə müraciət etməyib. Bu adi faktla öz namusu uğrunda dueldə öldürülən şairin nə qədər alicənab xarakterli olduğu aydınlaşır.

Ümumiyyətlə, istənilən xalqın müraciət indekslərini onun aristokratiyası yaradır, o xalq bu mənada yoxsuldur ki, onun heç vaxt aristokrat, kübar zümrəsi olmayıb; məsələn, zəncilər, bizim qonşu Dağıstan xalqları, elə biri bizim özümüz.

Cibidolu olmaq hələ aristokrat olmaq deyil, həci, getdiyin o yol haqqı.

Qurbanəli bəyi xatırlayaq və onun evindəki qadına hər gün lül-qəmbər olanda dediyi sözləri yada salaq: “Kəblə Fatma, bu xəncəri soxaram sənin qarnına”. Bu gün də bu sözləri Azərbaycanda az-çox pulu, rütbəsi, vəzifəsi olan adamlar, pulu, rütbəsi, vəzifəsi özlərindən bir pillə aşağı olan adamlara deyirlər.

İkincilər üçüncülərə, üçüncülər dördüncülərə, dördüncülər beşincilərə, beşincilər isə axrıncılara deyir bu sözləri: “Kəblə Filankəs, bu xəncəri soxaram sənin qarnına”.

Aristokrat isə bəşəriyyətin, heç olmasa, öz xalqının taleyindən, tarixindən narahat olan adam deməkdir. Tolstoyun “Dirilmə” əsərində çar zabiti, kübar zümrəyə məxsus olan Nexliyudov adi bir küçə fahişəsi olan rus qızından ötrü öz var-dövlətini, zabit karyerasını, hətta həyatını təhlükələrə atır.

Yaxud Drayzerin “Kerri bacı” romanında aristokrat Hersfurt təsadüfən tanış olduğu, əyalətdən gəlmiş, dişini belə yumağı bacarmayan bir qızın aktrisalıq istedadını reallaşdırması üçün var-yoxunu xərcləyir, müflisləşib tramvayda bələdçilik edir, dilənçi yeməkxanalarında cır-cındır içində şorba növbəsi gözləyir, axırda da özünü qazla boğaraq öldürür.

Həci, sözüm o deyil ki, aristokrat olmaq istəyirsənsə, get özünü el yolunda yandır; söhbət kimliyindən asılı olmayaraq, insana olan məhəbbətdən gedir.

Köşə qonşum Salam öz yazısında xalqın aşağı zümrəsinin, yəni həqiqi xalq olan kəsiminin dərdindən yazmışdı, çünki bizdə varlanmaq, tanınmaq xalqdan uzaqlaşmaq vasitəsidir; biz ona görə varlanmağa, tanınmağa can atırıq ki, yerdə qalanlara “xalq” demək statusu qazanaq. “Xalq” sözü bizdə aşağılamaq mənasında işlədilir – xalqsansa, deməli, kasıbsan, xalqsansa, deməli, kəs səsini, xalqsansa, bu xəncəri soxaram sənin qarnına!

Həci, Salam bəy öz köşəsində çox milli olan bir müraciət formamızı, deyəsən, unutmuşdu - “Əşi”. Bizi bir “bir millət, iki dövlət olaraq” bu “əşi” qədər ifadə edən ikinci xitabımız yoxdur.

“Tısbağa qınından çıxdı, qınını bəyənmədi” xalq deyiminə rəvac vermiş milli aristokratiyamız iştahasını küsdürməmək üçün belə düşünür: “Əşi, xalqdı da, canı bərkdi, daşdan da olsa, çörək çıxaracaq”. Çörəyi daşdan çıxan xalq isə iştahasını açmaq üçün bu “nankor tısbağalar” haqqında evdə arvada belə deyir: “Əşi, onun iynəsini yeyən, mıx sıçar” – redakordan xahiş edirəm ki, bu xalq deyimini olduğu kimi saxlasın,

Biz hamımız bir-birimizin gözündə lazımsız “əşi”lərik. Həci, məsələn, mən Azdrama üçün pyes yazası olsam, iştirakçıların adını belə qoyaram:

I Əşi – evin kişisi

II Əşi – onun xanımı

III Əşi – onların boşanmış qızı

IV Əşi – şair

V Əşi – polis rəisi

VI Əşi – mürdəşir

VII Əşi və digər erkək, dişi “əşi”lər.

Keçək “Ay brat”a, – bunu Salam Sarvan da qeyd etmişdi – İlahi-pərvərdigar, bu ifadə bizim kütləvi yayılmış tüfeyli mənəvi dünyagörüşünə sahib gənclərimizin dilində necə də ürəkbulandırıcı səslənir.

Bizim gəncin ağzından çıxan bu “ay brat”ın açılımı budur – mən heç vaxt kitab oxumamışam və oxumaq fikrim də yoxdu, meyxananın vurğunuyam, üstümdə bıçaq gəzdirirəm, həyatımda qadın olmasa da, hər gün hamamdayam, bomba oğlanam, yaxşı nəşəm var, əsgərlikdə mayoru döymüşəm, yatıb çıxmışam, ayaqqabılarımı hər gün mazlayıram və s.

Həci, bu yerdə qoy sənə bir başagəldi danışım. Orduda olanda bizdə də belə bir cüvəllağı var idi, ucdantutma hamıya “ay brat” deyib başını girləyirdi. Üstündə də həmişə qatlanma bıçaq gəzdirirdi ki, guya, ondan qorxaq. İkimizə eyni gündə birhəftəlik hautpvaxt verdilər. Mənə iş vaxtı içdiyimə, ona isə öz zabit “bratının” botinkalarını oğurlayıb satdığına görə.

Məni bir həftə hautpvaxtda zabitlər üçün nizamnamədə nəzərdə tutulmayan əmri yerinə yetirmədiyim üçün hər gün eşşək sudan gəlincə döydülər, “Bratım” isə zabit şərəfinə yaraşmayan bu təhqiramiz əmri hər gün sevinə-sevinə yerinə yetirdi.

Bunu özümün Koroğlunun, Babəkin nəvəsi olduğumu sərgiləmək üçün yazmıram: kişi xeylağı bəzən öz şərəfini döyülməklə də qorumağı bacarmalıdır. Demək istədiyim odur ki, “ay brat” deyənlərin çoxu “brat” olmaqdan qorxan, “brat” olmağı bacarmayan düdəmələrdir.

Həci, sonda, bir vaxtlar efirdən bütün Azərbaycan xalqına ucdantutma “ay brat” deyə səslənən Orxan Fikrətoğlunun diqqətinə çatdırmaq istərdim ki: “Əşi”dən “brat” olmaz, ay brat!

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm