Xanəmir: “Minalanmış ərazilərdə eşşəkləri qurban verməkdən başqa çarə yoxdur“
Bizi izləyin

Yazarlar

Xanəmir: “Minalanmış ərazilərdə eşşəkləri qurban verməkdən başqa çarə yoxdur“

Cəlil Cavanşirin Xanəmirlə "Ədəbiyyat Söhbəti"ni Publika.Az-ın oxucularına təqdim edirik:

-Necəsən, Xanəmir?

- Yaxşıyam. Zamanın üç halındayam. Yəni sözlərim ismin bütün hallarında heç bir nitq hissəsini gözdən qoymur.

- Bəzi qələm adamları şəxsi söhbətlərdə sənin şeirdə yeni mərhələ yaratdığını etiraf eləsə də, nədənsə yazıya gələndə susurlar... Xanəmir haqqında susanlara münasibətin necədir? Bu münasibətin kökündə nə dayanır?

- Belə mühitdə həqiqət "bütün" olaraq deyilməz, olsa-olsa, yarım-yamalaq söylənə bilər. Kimlərinsə susması isə susanların böyüklüyüdür. Kamyu esselərinin birində yazırdı: "Bir insan söylədiklərindən daha çox, söyləmədikləri ilə insandir." Bu, mənə sərf eləyir. (gülür)

Ədəbiyyat fəlsəfəsinin belə bir yazılmamış formulu var: toplumun və fərdlərin mədəniyyət səviyyəsi əlçatmaza doğru ucaldıqca Homo-sapiensin yaradıcı duyumu, uğursuz və mənasız, dağıdıcı ünsürlərin instinkti üzərində güclü nəzarəti olur. Bəzən də əksinə, baş verən bu qarşıdurma daha net və qabarıq görsənir. Homo-sapiensin önə keçən energetik həssaslığı azlıqda qalırmı əcaba, yoxsa mənasızların instinkti çoxluqmu təşkil edir? Homo-sapiensin elitar yaradıcı duyumu mədəniyyətə çəkildiyindən görünmürmü, yoxsa fərdlərin mənasızlığının instinkti çoxluq olaraq mədəniyyəti təməldə-altda zənn edib üzərini kölgəylə, yaxud öz cəsədləriylə örtürlər. Mənə elə gəlir, bu gizli qarşıdurma prosesində kamil olan "energetik daşlar" yaradıcıdaş olaraq mənasız təfəkkürləri deyil, mənasız təfəkkürlər kamil təfəkkürləri kəmiyyət və fərd baxımından azaldır. Eləcə də kamil şüurlar da boş qalmayaraq öz poetik tənhalıqları sayəsində mənasız, uğursuz gücləri, onların yaramaz məhsullarını çoxaldırlar. Bu da mühitdə yaradıcılıq prosesinin bir varinatidir.

- Sənin qəliz yazdığını deyənlər çoxdur. Əslində danışığın da xeyli mürəkkəbdir. Necə düşünürsən, səni anlamaq niyə belə çətindir?

- Mən sözləri, simvolları spirtual məna aləminə dəvət edənlərdənəm. Şairin bir görəvi də belə dönəmlərdə dünyada qopan həngamələri nəzərə alıb "ideyalari seyr etməsi"dir ki, bu, həm də iç gözlə içərini görməkdir. Ziddiyyət budur da... İç gözlə içəri aləmin rabitə halı, dış gözlə ətraf aləmin yadlıq kompleksini "təzələyir". Karl Marks "Ölü nəsillərin adət- ənənəsi, gələnəyi, yaşayanlarin beyninə bütöv ağırlığı ilə çökmüşdür" - deyirdi. Burdaki ölü nəsil kimlərdir? Diltehyin dediyi kimi, "İnsanı elmi, ilahi elmdən ayıraraq bəlli bir dəyişim sürəci içində və tarixi inkişaf seyriylə dəyərləndirən nəsil"dirmi əcaba? Hər kəsin, o cümlədən inanmışların çevrəsində ölü nəsil əskik olmayib heç vaxt. Mənə, ya sənə görə ətrafın, çevrənin ölü görüntüsü qüssədən daha çox, əsəb və qəzəb sindromunu böyüdür. Ona görə ki, mənə, ya sənə görə sənin sənətdə verim imkanların artıq yenidən içinə, mənbəyinə qayıdır sanki. Çünki ünvan ölü zonadır. Oralar mənə, ya sənə görə çoxdan minalanmışdır. Bu başa düşülməni, anlamaları net hala gətirmək üçün minalanmış zonalarda eşşəkləri qurban verməkdən başqa bir çarə görmürəm.

Ancaq bu minalanmış zona və qurbanlar, ölü şikarlar... anlayiışının sonucu "Xanəmir qəliz yazır" bəsitliyi ilə qurtarırsa, şükür...

- Təsəvvüf ədəbiyyatı haqqında oxucuların məlumatı azdır. Bu barədə qısaca məlumat verə bilərsənmi? Ümumiyyətlə, modern çağda təsəvvüf ədəbiyyatı ilə məşğul olmaq hansı perspektiv vəd edir?

- Türkiyə Cümhuriyyəti bu gün modern dünyaya Fətullahla girdi, onunla girir, hələ çox şeylər olacaq. Türkiyə bu günkü dünyanın yuxusuna eynən Osmanlı havası, təmkini, türk insanının inancıyla girdi. Fətullahçılar təsəvvüfdən - Anka quşunun külündən törəyənlərdir. Deməyim odur ki, mən kimçi olmasam da, təsəvvüfün həngaməsinin anlaşılmasını istəyirəm. Təsəvvüfdə belə bir məqam var: gerçəkliyi bilmək dərəcəsiylə, gerçəkliyə şahidlik etmək dərəcəsi. Bu halda "onlara ölümlərindən sonrakı halları aşkar olur". Sən öz ədəbi-bədii estetik təvazökarlığını bu ruhda köklərsən, ortaya ayrı mənzərə çıxar.

Təsəvvüf ədəbiyyatı ölünün necə dirilməsinin, eləcə də ölmüş bədii fikirlərin, düşüncələrin yenidən qiyamiının baş verməsidir. Çağdaş dünyada hər hansı bir dildə təsəvvüf mahiyyətli energetik bədiyyatın təzahürü, birbaşa yazı epoxasında mətn qiyamı, mətnlərin məhşər günüdür, yenidən dirilişidir. Bu, reankarnasion poetikanın təfəkkürü deyil əsla. Burda cərəyan edənlər energetik müstəvidə gerçəkləşdiyindən mətnlərin ictimai mahiyyəti də o dərəcədə maraq doğurmur və sanki önəm kəsb etmir. Ancaq təsəvvüf içərikli söz, cümlə, misra, mətnləri "eksponat" halından, məhkumluğundan qurtarmağımız gərəkir. Onları qəbul etməliyik. Əgər bu əsrdə Amerikaya qarşı İraqda, ruslara qarşı Çeçenistanda savaşan islamın olduğunu bilib də söyləməmək, sonucda yanlış fikirlərin yönləndirməsindən sonsuz fəsadların təzahürüylə qarşılaşmalı olursan. Bu gün imperializmə, hegomonluğa, şərə, təkəlçi siyasi düzənə qarşı savaşan, dirənən bir güc varsa, o da islamdır. Bütün dinlər zatən sadaladığım bu şəri, hegemonluğu, zoru, imperializmi dəstəklədi, bir növ özünə çevrildi, onlarla eyni cəbhədə durdu. İslam isə bunu etmədi, edə bilmədi.

Təsəvvüfdə tayyi-məkan deyilən bir məqam var: zaman içində zaman yaratmaq. Yer məsafəsi daraldıqca, qısaldıqca, Yerin yığılması ilə yaranan uçuş, kəramət... Əslində Homo-sapiensin əsl tövrü bu günün prizmasından yanaşsaq, "tayyi-məkanlıq"dır. Biz bütün yaşınmışları, gəlib keçmişləri bu gün son nəsil olaraq özümüzdə cəmlədik.

- Dostlar deyir ki, Xanəmiri başa düşmək üçün onun yaşadığı həyatı yaşamaq lazımdır. Bəlkə necə yaşadığından danışasan oxuculara?

- Mən yaradıcı insanın özgür və hürr həyatının əbədiyyətə köklənməsinin kökündə dediyi sözün necə, nə cür, hansı ritmlə, hansı az ritmlə, hansi şüuralti təlqinlər, göndərmələr qoruyan ritmlə deməyinin də fərqindəyəm. Maraqli olan odur ki, yaradıcı insanı ilahi yayınma, qaçma, "gizlilik" həmişə izlədiyindən, qələm sahibi burda ilahi yayınmanı, ədəbi yayınmaya transfer edə bilsin. O zaman ortadaki mətnin energetik əhliləşməsini nəinki bir sözdə, o mətnin hər hərfində, səsində də aramaq, görmək gərəkir. Niyə deyirsən? Bizlər "ədəbiyyatdaki gizli təklifləri" "gizli etibarlılıqla", "qapalı mərdliklə araşdırmasaq", etnosun nəsillərarası şüur axarına yad planetlilərin şər güclərinin soxulma ehtimalı həmişə olduğu kimi, yenə də olacaq. H. Cavidi vaxtinda dəyərləndirmək mümkün olsaydı, 1918-də qurduğumuz dövlətin mahiyyəti də anlaşılacaqdı. Azərbaycanın düşünən beyinlərini 1937-ci il məhv etməyəcəkdi. Sadəcə, bir ildə 41 min düşünən beynin etno-mədəniyyətdən çəkilişi, yoxluğu hələ də istənilən uğurumuzun alt yapısında yerini alıb.

Mən məcali-i külliyəmi işə saldığımı zənn edirəm. Qapalı qapıların kilidlərini açan açarlar və bunların mahzarları mənim mətnlərimdə erkəkcə durub oxucusunu gözləyir. Burda artıq kim kimə gedəcək məntiqi də "dağ və Məhəmməd" ibarəsində həllini tapır.

Mən təsəvvüf üçün ilkin sayilan bir yolu da keçmişəm; bədəl-kərdən, yəni məqsəd olmayan şeyi tərk edib əsas məqsədə keçmək.

- Müasir Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə görürsən? Ədəbiyyatımızda nə baş verir? Kimin əlinin kimin cibindən çıxdığını görə bilirsənmi?

- Kim nə yazırsa, min bərəkət. Əsas olan bu gün üçün nəsə yazmaqdır.

Zaman axıb gedir. Təəssüf ki, ədəbiyyatı bu ölkədə çoxları alət edib, alət etməyə də çalışırlar. Ədəbiyyat alətə çevrildiyi yerdə - mədəniyyətin torpağında çoxlarının şüurunun xortlamış olduğunu görəcəksiniz.

- Yaradıcılığın çoxşaxəlidir, Şeir, esseistika, nəsr, ədəbi tənqid... Hal-hazırda nə yazırsan?

- Əlimin altında çıxara biləcəyim ən azı 5 kitabim yatıb qalır. Bir də Azərbaycan əlifbasının bir neçə variantını yenidən hazırlayıram. Öz əlifbamız olmadan mədəniyyətdə çox dəyərli energetik imkanların üzərindən adlayıb keçirik. Mən bu əlifbanı Qarabağa, Təbrizə, heç o gur axıb gedən neftə də dəyişmərəm...

- Sən şeirin ədəbiyyatdan ayrıldığını, ayrılmalı olduğunu iddia edirdin. İndi şeirin ölməsindən danışırlar. Buna münasibətin necədir? Şeir öldümü?

- Dövr, zaman, içində bulunduğumuz düşüncə sferası millətin içindəki sözlərin, danışıqların ritminə metafizik bir ritm də çəkib qoşar. Azərbaycanlıların içindəki ideya və ideolojilərin, o cümlədən siyasi, ictimai durumun ritmində bayatının, qoşmanın, gərayalının ritmi yetərincədir. Min illərin ritmi, havası, bu torpaqlardakı, iqlimlərdəki ritmi, havası bulunduqları "ölçülərin" qanunauyğunluğuna yenilərək öz sakrallığını lap erkəndən işə salıb, qatıb. Bizə - danışana, düşünənə, yazana etdiyini edir. Azərbaycanlıların sərbəst, özgür düşüncə tərzinin formalaşmasında muğamla birgə, bayatı və qoşmanın ritm olaraq böyük, sonsuz əhəmiyyəti vardır. "Şeir öldü" demək, "Allah öldü" təfəkküründən, düşüncəsindən qaynaqlanır həm də. Şeirlər və Allahlar ölə bilməz. Şeirin və Allahin ölümü olmur. Allah və şeir ölsə, gərək biz meymunlarla milli-genetik-metafizik bağlarımızdakı tarixi köklərimizi araşdırmaq üçün tarix instutlarındakı proqramları cıraq, yandıraq, dərsliklərin külünü göylərə sovuraq. Təhsil nazirliyindən də hələ ki, səs-səmir çıxmadığına görə, demək, bu ölkədə Allah ölməyib, demək ki, şeir də ölməyib.

- Bu yaxınlarda AYB-dən sənə ev verildiyini eşitdik, təbrik edirəm. Ancaq bu qalmaqallarda nədənsə adın hallanmadı. Hətta çoxları bu bölgüdə sənin kimi simaların adının olmasını AYB-nin özünü sığortalamaq taktikası hesab edir. Bu barədə nə düşünürsən?

- Məncə, bu ev məsələsinin təşəbbüskarı Azərbaycan dövləti deyil, Soros fondu, ya Amerikanin, İsrailin, Fransanin, İngiltərənin hansısa missioner təşkilatları olsaydı, yüz faiz əmin ola bilərsən, adı siyahıya düşənlər qəhrəman elan edilər, şəninə dastan qoşular, gedib hələ bir aşıq zad da gətirərlər...

Məncə, kimsə kimsədən üstün deyil. Azərbaycan dövlətinin gücü və imkanı çatar ki, hər bir yazara, hər bir jurnalistə ev versin...

SON

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm