“Atamın başqa biri olduğunu öyrənəndə sevindim” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Atamın başqa biri olduğunu öyrənəndə sevindim” - FOTOLAR

Süjetlər ətrafımızda yaşayır, hətta bu otaqda belə minlərlə hekayə var. Bu stulu bura kim qoyub? Burada kim əyləşib? Niyə başqası yox, məhz bu stul buradadır?

Danimarkalı kinorejissor və ssenarist Lars fon Trier:

Nakam məhəbbət xoşbəxt məhəbbətdən daha yaxşıdır.

Dünya cəhənnəmə yuvarlanır, amma bu o demək deyil ki, biz gülümsəməməliyik.

İnsanların haqqımda nə düşünmələri məni zərrə qədər maraqlandırmır. Jurnalistlər daim dediklərimi başqa cür yozurlar, ancaq buna da sakit yanaşmağı öyrəşmişəm.

Mən nudizmlə maraqlanan sol fəalların ailəsindənəm. Uşaqlıqda istədiyim hər şeyi edirdim. Valideynlərim məktəbə gedib-getməməyimlə belə maraqlanmırdılar.

Anam uzun müddət atam hesab etdiyim kəsin, əslində, atam olmadığını söyləyəndə, fikirləşdim: Çox yaxşı, bioqrafiyama daxil edə biləcəyim fərqli məqam peyda oldu.

Həyatda heç nəyə görə peşman deyiləm, bir şeydən savayı. Balaca olanda quş saxlayırdım. Onu yedirdirdim, amma bir dəfə tətilə gedəndə ona yemək qoymağı unutdum. Bir neçə gündən sonra evə qayıdanda öldüyünü gördüm. Bax, buna görə, həqiqətən, peşmanam. Kann festivalında dediklərimə görə (Lars Fon Trierin Hitler barədə söylədiklərini nasizmə bəraət kimi dəyərləndirmişdilər.) məni qınayanda özümü velosipeddən yıxılmış və valideynlərinin buna görə üstünə qışqırdıqları uşaq kimi hiss edirəm.

Kann festivalının persona-non qratası statusuna malik olduğuma görə, fəxr edirəm. Deyəsən, Kann festivalı tarixində ilk persona-non qrata özüməm.

Politkorrektlik Amerikanın dünyaya bəxş etdiyi ən pis şeydir. Məhz politkorrektlik səmimi müzakirənin məhv edilməsinə yol açdı, çünki bu gün əksər insanlar təqsirləndirilməkdən çəkinərək susmağı üstün tuturlar.

Amerika əhalisinin çox hissəsinə simpatiyam olsa da, dövlətlərinə heç bir simpatiyam yoxdur. İndi belə bir fikir formalaşıb ki, dövlətə qarşı hər hansı bir fikir səsləndirən şəxs həmin xalqa da nifrət edir.

Əgər kimsə məni döymək istəyirsə, buyursun, yol açıqdır. Lakin xəbərdarlıq etməliyəm: Mən bundan həzz ala bilərəm.

Pozğunluq? Burada heç bir pis şey görmürəm. Hər halda, başqa birini narahat etmədiyin ana qədər...

Bu həyatda heç kimə zərər vermədən yaşamaq qeyri-mümkündür. Hətta hava alanda belə onu kiminsə əlindən almış olursan. Mənə qaldıqda, balıqdan başqa heç nəyə zərər yetirməməyə çalışıram. Əlbəttə, balıqlara da yazığım gəlir, amma fikirləşirəm ki, yaşlı balığı tutmaqla mən, yeni, gənc və xoşbəxt balığın anadan olmasına şərait yaradıram. Bəlkə, ovladığım balıq uzun zamandır ki, depressiyada idi və intihar etmək istəyirdi, amma bunun yolunu bilmirdi. Axı balığın intihar etmək imkanları məhduddur.

İnsan şüurlu şəkildə melanxoliyaya can atır. Nakam məhəbbət xoşbəxt məhəbbətdən daha yaxşıdır. Biz melanxoliyanı xoşbəxtlikdən daha güclü hiss edirik.

Bu yaxınlarda bir astronomdan asteroidin neçə ildən sonra Yer kürəsinə çırpıla biləcəyini soruşdum. O, yaxın gələcəkdə bunun baş verməyəcəyini söylədi. Bilirsiniz, bunu eşidəndən sonra rahat oldum.

Bir çox fobiyaları olan insanam, ancaq narahat olmayın, kamera ilə qeyri-adi nəsə etmək birmənalı olaraq, onlardan biri deyil.

Mən hamı kimiyəm: mükafat almaqdan xoşum gəlir, ancaq onlar məni xoşbəxt etmir.

Dünyanın kino barədə uydurduğu ən geniş yayılmış yalan guya film çəkməyim çox çətin bir iş olmasıdır.

Süjetlər ətrafımızda yaşayır, hətta bu otaqda belə minlərlə hekayə var. Bu stulu bura kim qoyub? Burada kim əyləşib? Niyə başqası yox, məhz bu stul buradadır? Hələ də bura gətirilməyən stul hardadır?

“Mən komediya çəkmirəm” nə deməkdir? Mənim əksər filmlərim komediyadır, sadəcə, onlar çox melanxolikdir.

Dünya cəhənnəmə yuvarlanır, amma bu o demək deyil ki, biz gülümsəməməliyik.

Dünyanın axırını izləyən insanın üzünə baxmaq ekranda apokalipsisin özünü görməkdən daha dəhşətlidir.

Həyat yoldaşım bu həyatda məni qane edən yeganə varlıqlardan biridir.

Dörd uşağım var, onların əlli yaşları olanda filmlərimə baxmağa icazə verəcəm.

Böyük qızım Aqnes, deyəsən, mənim sənətimi davam etdirməyə razıdır.

Prinsiplərimin olduğunu iddia etmək səfehlikdir. Düzdür, insanların aqibəti məni narahat edir, mənim siyasi baxışlarım var.

Əgər tanrının fikri belə böyük və müdrikdirsə, niyə insanlar düşünür ki, tanrı onlardam diz çökməyi tələb edir? Allahla bu cür təhqiramiz ünsiyyət xoşum gəlmir. Ona inanırsansa, deməli o artıq dahidir, onun qarşısında diz çökmək düzgün deyil. Saatlarla kilsədə dizi üstə oturub özünü günahkar adlandırmaq ağılsızlıqdır...

Heyvanlar arasında ən gözəli həmişə susamuruları hesab etmişəm.

Xahiş edirəm, filmlərimi müzakirə etməyin. Gedin, öz filmlərinizi çəkin.

Amerikalı aktyor, komediya ustası Pol Camatti

Tamaşaçılara məğlubiyyət qalibiyyətdən maraqlıdır. Yəqin, onlar həyatda məğlubiyyətlə daha tez-tez rastlaşırlar...

Deyəsən, nəhayət, müsahibə verməyi öyrənmişəm.

Xarakterik aktyor nə deməkdir? Qarını olan keçəl və əyri dişli oğlan?

Həyatımda belə bir məqam olmuşdu. Jurnalist məndən soruşur: “İnsanların sizi xarakterik aktyor hesab etməsi sizi qıcıqlandırır?” – “Xeyr, hər şey qaydasındadır” – cavab verirəm. Bir neçə gündən sonra başqa jurnalist sual verir: “Deyin, zəhmət olmasa, insanların sizi xarakterik aktyor sayması sizi qıcıqlandırmır ki?”. – Yox, belə bir şey yoxdur”. Daha bir neçə gün keçir və kimsə yenidən eyni sualla mənə müraciət edir: “Qulaq asın, sizi xarakterik aktyor hesab edirlər, bu sizi qıcıqlandırmır?”. Bu dəfə dözmədim: “Özü də necə qıcıqlandırır! Əsas da ki, bu sualla tez-tez rastlaşdığım üçün!”.

İstəyirsinizsə, aktyor sənəti barədə danışa bilərik, ancaq unutmayın, mən bu haqda sadəcə, söhbət etməyi sevirəm, amma bu barədə deməyə konkret sözüm yoxdur.

Qəhrəman obrazlarını yaratmağı sevmirəm.

İnanırsınız, yoxsa yox, amma məktəbdə mübarizə ilə məşğul olurdum, hətta hansısa ümidlər də verirdim. Sonra bir oğlan məni yaxşıca əzişdirəndən sonra idmana olan marağım itdi.

Müşahidə etmişəm ki, üzgüçülüklə məşğul olan insanların əksəriyyəti dünyagörmüş, maraqlı və ekssentrik insanlardır. Elə indi, əgər darıxırsınızsa, hovuza gedin və biri ilə söhbət edin.

Bəşəriyyət hədiyyə ideyasından xilas olmalıdır. Özünüz fikirləşin, ildə neçə dəfə səfeh hədiyyələr alırıq, bununla yanaşı, başqalarına səfeh hədiyyə almağa vaxt sərf edirik. Bəs nəticə? Hə, bu sözlər: “Çox sağ olun, çox nəzakətlisiniz”.

Tamaşaçılara məğlubiyyət qalibiyyətdən maraqlıdır. Yəqin, onlar həyatda məğlubiyyətlə daha tez-tez rastlaşırlar...

Mən Bred Pitt deyiləm, açığı, onun kimi olmağa heç cəhd də etməmişəm.

Pis aktyor deyiləm? Hə, ola bilsin. Mənə baxın, hansı tərəfdən baxsanız, yöndəmsiz və qəribə olduğumu görəcəksiniz.

Heç vaxt özümü maraqlı insan hesab etməmişəm. İkincidərəcəli aktyorun mentaliteti.

İnsanlar məni belə xatırlayır: “Yadına düşmür? O oğlan vardı, gözlə həmin səhnəni deyim” . Əslində, buna qarşı deyiləm. Sadəcə, düşünürəm ki, küçədə məni daha tez-tez tanıya bilərdilər.

Pis, uğursuz pyesdə oynamaqdan pis şey yoxdur. Əgər pis filmdə çəkilmisənsə, biabırçılıqdan yaxa qurtarmaq üçün premyeraya getməyəcəksən. Amma teatr başqa məsələ, bütün insanlar sənə baxa-baxa oynamaq məcburiyyətindəsən.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm