Əfsanəvi rokçu: “Qadınların idarə etdiyi dünyada yaşamağa üstünlük verərdim”
Bizi izləyin

Bizim tərcümə

Əfsanəvi rokçu: “Qadınların idarə etdiyi dünyada yaşamağa üstünlük verərdim”

Stinq (əsl adı Qordon Metyu Tomas Samner) dünya rok səhnəsinin əfsanəsidir.

Onun musiqiləri insan ürəyinə nüfuz edib, əsl istedad və yaradıcılığın necə olmalı olduğunu sübut edir. Jurnalistlərdən biri belə deyib: “Dünyada Stinqin mahnılarını sevməyən insan yoxdur. Yalnız o mahnıları eşitməyənlər ola bilər”.

Stinqin həyat və yaradıcılığı haqda çox danışılıb. “Bizim tərcümə” layihəsi 62 yaşını qeyd edən Stinqin – rok dünyasının əfsanəsinin həyat və yaradıcılığı barədə yazını təqdim edir.

Stinqin səhnə təxəllüsü mənası ingilis dilindən tərcümədə “neştər” mənasını daşıyır.

“Mənim təxəllüsüm bir sıra səbəblərə görə rahatlıq yaradır. Birinci səbəb odur ki, bu təxəllüs yazmaq üçün çox yığcamdır. Əgər adımı “Engelbert Hampertnik” qoysaydılar, vəziyyətin nə yerdə olacağını təsəvvür edə bilirsiniz? İkinci səbəb isə... təxəllüs – maskadır. Sən bu ad altında ictimaiyyət qarşısına çıxırsan.

Uşaqlarım məni Stinq çağırır, anam da mənə Stinq deyir. Bəs Qordon haraya getdi?”

Stinq heç də uğurlu ailədə doğulmayıb. Əvvəllər verdiyi müsahibələrində tez-tez, nə olur-olsun, keçmişə qayıtmaq və balaca Qordon olmaq istəmədiyini deyib.

“Mənim uşaqlıq illərimin əsas rəngi qara və boz çalarlardan ibarət idi. Qara - mənim yaşadığım doğma şəhərdə çıxarılan kömür idi. Boz isə hətta günəşli günlərdə belə rəngi dəyişməz qalan dəniz...”.

Dahi müğənninin doğulduğu liman şəhəri – Nyukasl-apon-Tayn gəmiqayırma və sənaye istehsalatı ilə məşhur idi. Gələcək musiqiçinin atası elə burada yerləşən maşınqayırma zavodlarının birində işləyib. Stinqin anası isə əvvəlcə saç ustası, sonradan isə tibb bacısı kimi çalışıb. Erkən vaxtlarda isə Stinq yerli katolik məktəbdə təhsil alıb.

Maraqlısı budur ki, İngiltərə kimi inkişaf etmiş cəmiyyətdə hələ də fiziki cəzalar mövcud idi. Getdikcə Stinq təhsil sisteminin “üstünlüklərini” görməyə başladı. O, çalışqanlığa və mülayim xarakterə malik olmadığından digər şagirdlərdən daha çox fiziki cəzaya məruz qalırdı. Hətta verilən məlumata görə, bir il ərzində Stinqə 52 dəfə bədən cəzası verilib. Bu isə yerli məktəb üçün rekord göstərici idi.

Stinqin dediyinə görə, uşaqlıq illərində onu yalnız bir hadisə xoşbəxt edə bilərdi: şəhərdə yeni gəminin suya buraxıldığı an. Bu zaman şəhərə xüsusi musiqiçilər dəvət edilər, tərsanə meydanında musiqi səsləndirilərdi. Təşrif buyuran musiqiçilər isə balaca Qordona əsl sevinc gətirərdi.

“Dayım Kanadaya miqrasiya edərkən çardaqda gitarasını qoyub getdi. Beləcə, mən həyatımın ən yaxşı yoldaşını tapdım”.

Görünür, elə bundan sonra da Stinq musiqiçi olmağa qərar verib... Gələcəyin müğənnisi məktəb illərində klassik musiqi təhsili alıb. Stinqin sənət qabiliyyəti ilə şəxsən anası da məşğul olardı. Anası oğluna fortepianoda çalmağı öyrədərdi.

“Dünyanın adlı-sanlı, şöhrətli musiqiçisi olmaq şərt deyil. Sizin uğur əldə etməyiniz üçün unikal olmağınız şərtdir. Məsələn, Van Morrison ağzını açan kimi “Bu ki Van Morrisondur” deyirlər. Və ya “Baxın, Bob Dilan oxuyur”, “Bu, Bononun səsidir” kimi ifadələr işlədirik. Ona görə də sizin gərək özünəməxsus səsiniz ola. O zaman sizin səs tembriniz işin yarısını görmüş olacaq Səs də barmaq izi kimi unikaldır.”.

Hələ uşaqlıqda ona yerli məktəblərin birində musiqi təhsilini davam etmək təklif olunur. Lakin naməlum səbəblərdən Stinq musiqi təhsilinin ardınca getməkdən imtina edərək ingilis dili ixtisasını seçir.

Qeyd edək ki, Qordin gəncliyində tez-tez peşəsini dəyişməli olub. O, 25 yaşına kimi ingilis dili müəllimi, yol və ofis işçisi olub.

“Gəncliyimdə heç kim musiqiçiliyi mənim qarşıma hazır boşqabda qoymayıb. O vaxtları musiqiçi olmaq üçün alışıb yanırdım, lakin necə - bunun yolunu bilmirdim”.

Boş vaxtlarında Stinq bas gitarada öz bacarığını sınayırdı. O, hətta yerli caz ansamblında da çıxış edərdi. Elə ifaların birində o dövr üçün tanınmış barabançı Stüart Kouplend onu kəşf edir. Kouplend gənc musiqiçiyə Londona köçməyi və “Police” adlı yeni layihəyə qoşulmağı tövsiyə edir. Stinq belə bir təklifdən imtina edə bilməzdi.

“İdeal musiqi - səssizlikdir. Musiqiçilər isə bu mükəməlliyin ətrafında çərçivə yaratmaqla məşğuldurlar”.

Stinqin musiqi karyerası: “Police”

“Police” ansamblında musiqi karyerasına başlayan Stinq elə də şöhrət qazana bilmədi. Lakin uğursuzluq çox da uzun sürmədi. Bir neçə il ərzində musiqiçilər xəyal kimi düşündüklərini gerçəkləşdirə bildilər. Şöhrətin düz zirvəsində olan qrup dünya turnesinə çıxdı. Lakin turnesi bitdikdən sonra qrup dağıldığını elan etdi. Stinq və digər qrup üzvləri solo karyerası ilə məşğul olmağa qərar verdilər.

Stinqin solo karyerası

Stinqin solo karyerası heç də az uğur gətirmədi. Buraxdırdığı ilk val - “The Dream of the Blue Turtles” qrupun bu vaxtadək qazandığı bütün şan-şöhrəti kölgədə qoydu. 1985-ci ildən 2003-cü ilədək Stinqin buraxdırdığı 7 albom Böyük Britaniya və ABŞ-da qızıl və platin mükafatlara layiq görülüb.

Bu dövrdə Stinq artıq adi musiqiçi sırasından çıxıb Britaniya musiqisinin canlı əfsanəsinə çevrilirdi. İncəsənətə göstərdiyi xidmətlərinə görə musiqiçi Britaniya imperiyasının ordeni və bir sıra mükafatlara da layiq görüldü.

Qordon Samner musiqi fəaliyyəti ilə yanaşı, bir sıra kinolarda da məharətini göstərib.

Şəxsi həyatı

“Uğurlu nikahın birinci sirri: mən öz arvadımı sevirəm. İkinci sirri: arvadım hələ də mənim xoşuma gəlir”.

Stinq adı çoxsaylı sevgi romanlarında, qalmaqallarda, intriqalarda çəkilən, hər zaman diqqət mərkəzində olan müğənni və ifaçılardan fərqlənir.

Stinq həmişə ailə və evlilik haqda verilən suallarda mühafizəkar olub. Uzun illər ərzində musiqiçi yalnız bir qadına – arvadı və 6 uşağının anası aktrisa Trudi Staylerə sadiq qalıb.

“Mən arvadım Trudi ilə 33 ildir birlikdəyik. 21 ildir ki, evliyik. Siz bu rəqəmin 7 ilini çıxın, çünki şou-biznesdəki vaxtları yelə verilmiş hesab etmək olar.

İldən-ilə uşaqlarımdan bu kəlməni tez-tez eşitməyə başlamışam: “Ata, gəl sənə öyrədim”. Bu isə o deməkdir ki, mən hələ də valideyn olaraq qalıram”.

Trudi və Stinq 1982-ci ildə tanış olublar. Buna qədər Stinq evli idi və onun arvadı ikinci uşağı gözləyirdi. Lakin bütün bunlar Trudi və Stinq arasında olan sevgini azaltmadı. Maraqlısı odur ki, Trudi - Stinqin arvadının ən yaxın rəfiqələrindən biri olub. Bütün bunlar Trudi Staylerin aktrisalıq fəaliyyətini təhlükə altına alırdı. Amma Trudi öz sevgisindən imtina etmədi. Stinq 1984-cü ildə arvadından rəsmən boşanaraq Trudi ilə yaşamağa başlayır. Trudi və Stinq birgə yaşayanadək 1 qız övladına sahib idilər. Stinq ilk evliliyində yanıldığından, ikinci dəfə ailə həyatı qurmağa ehtiyat edirdi. Lakin o, öz fikrini 90-cı illərin əvvəllərində - daha 2 qız və 1 oğlan övladına sahib olduqdan sonra dəyişdi...

Sözün əsl mənasında Trudi sevgilisi Stinqi tərbiyə edə bilib. Çoxsaylı konsertlərdən sonra Stinq adətən kokain, konsertdən əvvəl isə marixuana qəbul edərdi. Stinqin yeni sevgilisi Trudi isə onu yoqa və sağlam həyat tərzi ilə yaşamağa alışdıra bildi. Elə arvadının sayəsində Stinq 62 yaşında qamətli və sağlam görünür.

Trudi Stayler ifaçının karyerasında da müsbət təsir edib. Trudi onu pis vərdişlərdən uzaqlaşdırmaqla yanaşı, ərinin karyerasının yüksəlişində də yardım edib. Stinq aylarla qastrola gedirdi və onu yaraşıqlı pərəstişkar qadınlar əhatə edirdi. Amma Trudi onu əsassız yerə qısqanmazdı. Elə bunun nəticəsində də Stinq qastrollardan sonra arvadının yanına qayıdardı.

Birgə uşaqlarının inadı sayəsində Stinq və Trudi 1992-ci ilə ailə həyatı qururlar. Stinq və Trudi uzunmüddətli ailə həyatının sirrini tantrik seksdə görür. Bu, həm də sakitləşdirici meditasiya növüdür...

Musiqi fəaliyyətindən əlavə Stinq xeyriyyəçiliklə də məşğul olur. 2001-ci ildə musiqiçi “Song for Japan” albomundan əldə edilən pulları sunamidən zərər çəkən Yaponiyanın bərpasına ayırıb. Bundan əlavə, Stinq Tropik meşələrin qorunması üzrə fondun təsisçisidir. Ekoloji proqramlarda aktiv fəaliyyətinə görə tropik qurbağalarından birinə onun adı verilib. Qurbağa Dendropsophus stingi məşhur ifaçının adını daşıyır.

“Mən qadınların idarə etdiyi dünyada yaşamağa üstünlük verərdim. Mən yalnız onların qarşısında şlyapamı çıxardıb baş əyərdim! Onların dünyanı ailə kimi idarə etməsinə heyranam”.

Stinq marixuananın leqallaşmasının tərəfdarıdır. Uşaqlıq xəyallarını gerçəkləşdirən Stinq günü bu günədək yorulmaq bilmədən çalışır. Dünyanın 4 bucağında yaşayan qadınlar onun musiqisi və pencəyi çılpaq bədəninə geyinmə üslubunu hələ də sevirlər.

“Yaraşıqlı, sağlam və qamətli qocalmaq istəyirəm. Əgər sən yaxşı oxusan belə, görkəmin yaxşı olmasa, heç kim sənə qulaq asmaz. Bu oyunun qaydaları belədir”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm