Ernest Heminquey: “Mən Sözü brilyanta çevrilənə qədər yonub cilalayıram” – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Bizim tərcümə

Ernest Heminquey: “Mən Sözü brilyanta çevrilənə qədər yonub cilalayıram” – BİZİM TƏRCÜMƏ

Mənə elə gəlir ki, sonrakı taleyimin necə olacağını lap birinci romanımdan bilmişəm. Heç vaxt şübhə etməmişəm ki, yeni dövrün pioneriyəm və anlamışam ki, gələcəkdə mənim hər bir addımım böyük maraqla izlənəcək. Odur ki, bütün hərəkət və fikirlərim haqda xələflərimə düzgün hesabat vermək qərarına gəldim.

Mən heç vaxt qəhrəmanlarımı seçməli olmamışam, böyük ehtimalla onlar məni seçiblər. Sələflərimin çoxu kimi ətrafdakı prosesləri və adamları özünə tabe edən güclü şəxslərə valeh olmuşam. Bu mövzu məni o qədər aludə edib ki, özümü başqa şeyə həsr edə bilməmişəm.

İlham da məhəbbət kimi, ehtiraslı ola bilir.

Romanlarımın məzmunu qəlbimin dərinliklərindən və şəxsi təcrübəmdən götürülüb, amma onların asanlıqla və qayğısız üzə çıxması məni heç vaxt qane etməyib. Mənim yazıçı vərdişlərim sadədir: uzun götür-qoy, qısa yazı silsilələri.

İşin böyük hissəsini zehnimdə görürəm. Fikirlər qaydasına düşməyincə, heç vaxt yazmağa başlamıram.Yazarkən çox vaxt dialoq parçalarını ucadan tələffüz edirəm. Qulaq - yaxşı senzordur. Mən ibarəni hər kəsə aydın olacağı kimi qurduğumu hiss etməyincə onu heç vaxt kağıza etibar etmirəm.

Amma hər halda, bəzən düşünürəm ki, mənim təhkiyəm birbaşa danışmağımdan daha artıq işarə vurur. Oxucu tez-tez təxəyyülün köməyinə can atmalıdır, yoxsa fikrin ən incə çalarlarını əldən verər.

Mən yorulmadan, böyük zəhmətlə mümkün qədər qısaldıb düzəlişlər edəndən sonra yazmağa qərar verirəm. Əsərlərimin qazandığı uğurlar mənə olduqca əzizdir. Mən onları sonsuz qayğıyla brilyanta çevrilənə qədər yonub cilalayıram. Çox yazarların rahatlıqla daha böyük həcmdə saxladıqlarını mən xırda cəvahirata çevirirəm.

Məndə nadir bir vergi var. Öz əsərlərimə mənsub olan tənqidi qabiliyyətimi başqa müəllifin əsərinə olduğu kimi tətbiq etməyi bacarıram. Mən daha məsuliyyətsiz yazıçının zərrə qədər şübhə etmədiyini dəfələrlə tərəddüdsüz rədd etmişəm.

Yalnız fərəh gətirəndə yazmaq lazımdır. Mən yazanda xoşbəxt oluram, amma yazılandan heç də həmişə razı qalmıram.

İnanmıram ki, kitablarım mənə haçansa abidə olacaq - özümü vicdanla qiymətləndirməyə çalışıram. Mən istedaddan daha artıq inadkarlıq hesabına yazıçı ola bilmişəm. Mən hər şeyə görə yalnız özünə borcluluğun ədəbiyyatda ən parlaq nümunəsiyəm. Amma mükafatlandırıldığım qeyri-adi nailiyyət və şöhrətə heç vaxt layiq olmamışam.

Kitablar ölümsüzlüyə layiqdir. Bu, insan əməyinin ən möhtəşəm məhsuludur. Məbədlər xarabazara çevrilir, şəkil və heykəllər dağılır, amma kitablar mövcudluqlarında davam edirlər. Zaman yazarların şüurunda çox əsrlər əvvəl doğulan və bu gün də təzə olan böyük fikirlər üzərində hakim olmayıb. O vaxt deyilən və düşünülənlər indi də bizə əvvəlki tək güclü təsir edir. İllər yalnız Pisi ələyib və sovurub, çünki yalnız əsl Yaxşı ədəbiyyatda çox yaşayır.

Müasir romançıya inad və səbrlə işləmək bacarığından başqa, qabiliyyətin nadir ahəngi də zəruridir. Onun xəyalən həm keçmişdə, həm indidə, həm də təsvir etdiyində yaşamaq, səbəb və nəticəni üzə çıxarmaq, insanlar və hadisələr haqqında düzgün mühakimə yürütməkdən ötrü tənqidi intuisiyası olmalıdır. Yazıçı yalnız insan əməllərinin motivlərini aydın təsəvvür etməklə həqiqətən yaxşı yaza bilər.

Az romanlar tapıla bilər ki, onlarda hər şey: mübarizə, təqib, qəddarlıq, güclü xarakterlər, seks, zirehli tank diviziyasının hücumu kimi hərəkət, eləcə də öz qəhrəmanlarına və həqiqətə hörmət olsun.

Əksər yazıçıların ömürlərinin sonuna yaxın yazdıqları, çox vaxt sadəcə, ilk əsərlərindəki səhnə, xarakter və hadisələrin yeni variasiyalarıdır: fərq ondadır ki, onlarda sənətkarlıq, qüvvə və enerji əvvəlkinə nisbətən daha azdır.

Müasir romanların çoxu qanı damarlarda donduran iyrənc heyvani qorxu doğurmaqdan savayı heç nə öyrətmir və heç bir məqsədə xidmət etmir. Naməlum müəllifin romanını oxuyarkən onun kədərə bürünməyib, xeyirxah, comərd və ağıllı kitab olduğunu aşkara çıxaranda mən xoşbəxt oluram.

Yaxşı kitabın dəyərliliyi və cazibədarlığı onun mükəmməl sadəliyində, səmimiliyində, xarakter və hadisə motivlərinin sanki təsadüfi aşkara çıxarılmasındadır. O, təbii olmaqla yanaşı, həm də şüurlu ədəbi təzyiqdən azaddır. Amma səmimi sadəliklə yazmaq məqsədli mürəkkəb yazmaqdan daha çətindir.

Yazıçının üslubu səmimi, surətləri zəngin və gümrah, sözləri sadə və enerjili olmalıdır. Böyük yazıçılar parlaq kəsəyazma istedadına malikdirlər, bunlar inadkar zəhmətkeşlər, səbrli alimlər və mahir üslubçulardır.

Bir qayda olaraq, istedadlı yazıçılar, demək olar ki, hətta heç nə haqqında belə ustalıqla, cəlbedici hekayələr yaza bilirlər. Müasir yazıçıların böyük ədəbi günahı bəzək-düzəyə meyl və xarici parıltıya məhəbbətdir. Mən peşəkar virtuozluqla yazan ədiblərin kitablarına ehtiyatla yanaşıram.

İndi çap olunan kitabların əhəmiyyətli hissəsi kal və bədiiliyi az olan əsərlərdir. Çox müəlliflər sürətlə və saymazyana yazırlar, quramaçılıq coşqusunda yazı mətninə çox az diqqət yetirirlər.

Nəticədə bu cür yazıçıların üslub səhvləri biabırçı olur. Qəhrəmanların dialoqları qeyri-təbii alınır, sözlər düzgün seçilmir, dil çox vaxt hədsiz dərəcədə səliqəsiz olur. Onların kitablarının çox hissəsi süjet və hərəkət vəhdətindən məhrumdur, təhkiyə bəzən «zəhlətökən dərəcədə» uzadılmış olur. Qəhrəmanlar soyuq və cansızdırlar, bunlar sadəcə mövcudluğun hansısa qeyri-müəyyən, fantastik probleminin həlli üçün istifadə olunan rəmzlərdir. Belə kitabların real, canlı dünya ilə az əlaqələri olur.

1955-ci il.

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm