Bayram gecəsi dostların davasında dəhşətli qətl
Bizi izləyin

Cinayət tarixçəsi

Bayram gecəsi dostların davasında dəhşətli qətl

Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Babaşov münaqişə zəminində həmkəndlisi Həsənağa Cahangirovu öldürüb. Publika.az-ın araşdırmasına görə, hadisə 20 mart 2012-ci il tarixdə, gecə saatlarında baş verib.

Martın 19-da, saat 22.00-da Elvin Babaşov Sabirabad rayonu Minbaşı kəndində Həsənağa Cahangirov, Seymur Nəbiyev və Rasim Blayev ilə birlikdə yeyib-içiblər. Onlar daha sonra Rasim Balayevin idarə etdiyi "VAZ 21073" markalı maşınla yaşadıqları kəndə tərəf gediblər. Bu zaman onların arasında narazılıq yaranıb. Həsənağa Cahangirov Qarağacı kəndi ərazisində avtomaşından düşüb və piyada gedərək Sabirabad rayonu Beşdəli kəndinə çatıb. Martın 20-də, saat 01.00-da Elvin Babaşova telefonla zəng edən Həsənağa Cahangirov gecə qaranlıqda onu tək qoyub getmələrinə görə narazılığını bildirib və ona qarşı nalayiq sözlər işlədib. O, Elvin Babaşovdan Seymur Nəbiyevlə birlikdə onun yanına gəlməsini tələb edib.

Ittiham

Elvin Babaşov Seymur Nəbiyevlə gedərək bu barədə bildirib və Beşdəli kəndinin ərazisindən keçən Sabirabad-Salyan şosse yolunun kənarına gələrək orada Həsənağa Cahangirovla görüşüb. Sərxoş vəziyyətdə olan Həsənağa Cahangirov Elvin Babaşova qarşı təkrarən nalayiq sözlər işlədərək onu təhqir edib. Elvin Babaşov qisas almaq niyyətilə üstündə gəzdirdiyi cib bıçağıyla Həsənağa Cahangirovun qıç nahiyyəsindən bir dəfə vurub. O, Həsənağaya ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Həsənağa Cahangirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Elvin Babaşov 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Pul mübahisəsi

Elvin Babaşov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Həsənağa Cahangirovla dost olub: "Martın 19-da, saat 11.00-da Sabirabad rayonu Beşdəli kəndində Seymur Nəbiyev, Həsənağa Cahangirov və tanışı Sənan Məmmədovla görüşdük. Həmin kənddə yerləşən yeməkxanaya getdik. Orada birlikdə yemək yedik, sprtli içki içdik. Sonra isə Sənan Məmmədovun tanışı Samir Həsənovun mənə borclu olduğu pulu qaytarmaması ilə əlaqədar aramızda mübahisə yarandı. Mübahisəni həll etmək üçün saat 17.00-da Sənanın bacanağı Elçin Həsənovun idarə etdiyi taksi ilə Həsənağa Cahangirov, Seymur Nəbiyev Samir Həsənovun Şirvan şəhərində Rasim Balayevlə birlikdə təmir işi apardığı evə getdik. Həmin evin qarşısında Sənan Məmmədov avtomaşından düşərkən cibində bıçaq olduğunu gördüm. Samir Həsənovla mübahisə zamanı "əlindən xata çıxmaması" üçün bıçağı Sənan Məmmədovdan alıb özümdə saxladım. Gəldiyimiz təmir işi aparılan evdə Sənan və Samir Həsənovla aramızda olan mübahisə ilə bağlı söhbət etdik. Sonra isə Sənan Məmmədov oradan getdi. Sənanın bıçağı isə məndə qaldı. Təmir işi aparılan evdə Həsənağa Cahangirov, Seymur Nəbiyev və Rasim Balayevlə birlikdə yemək yeməklə araq içdik. Bundan sonra saat 21.00-da Seymur Nəbiyev, Həsənağa Cahangirov və Rasim Balayev Sabirabad rayonu Qarağacı kəndində yerləşən yeməkxanaya getdik və orada yemək yeməklə sprtli içki qəbul etdik. Bu zaman saat 22.00-da yeməkxanada tanımadığım iki nəfər oğlan da gəlmişdi. Rasim Balayevlə görüşərək onlarla birlikdə yemək yedik. Həsənağa Cahangirov Rasim Balayevin tanışlarından birindən polis olub-olmadığını soruşdum. Həmin oğlan isə polis olmadığını, əvvəllər mühafizədə işlədiyini dedi".

"Həsənağa onların polis olduqlarını deyərək avtomaşından düşdü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 23.00-da yeməkxanadan çıxıblar və həmin iki nəfər də onlarla bərabər çıxıb: "Həmin oğlanlar Rasim Balayevlə sağollaşıb getdilər. Həsənağa Cahangirov, Seymur Nəbiyev və Rasim Balayev maşınla yaşadığımız Sabirabad rayonu Beşdəli kəndi istiqamətində gəldik. Qarağacı kəndi ərazisində olduğumuz vaxt Həsənağa Cahangirov Rasim Balayevdən yeməkxanada onların yanlarına gələn oğlanların kim olduqlarını soruşdu. Rasim isə həmin oğlanların onun dostları olduqlarını bildirdi. Rasim Balayevin həmin şəxslərin adlarını deməməsi Həsənağa Cahangirovun xətrinə dəydi. Həsənağa onların polis olduqlarını deyərək avtomaşından düşdü və piyada Beşdəli kəndi istiqamətində getdi. Həsənağadan avtomaşına minməyi xahiş etsək də, o, əsəbi halda bundan imtinam etdi. Eyni zamanda məndən və Seymur Nəbiyevdən də avtomaşından düşməyi tələb etdi. Lakin biz avtomaşından düşmədik".

"Nalayiq söyüşlər söydü"

Elvin Babaşovun ifadəsinə görə, Seymur Nəbiyev və Rasim Balayev avtomaşınla gedərək Sabirabad rayonu Beşdəli kəndinə çatdıqdan sonra hərə öz evinə gedib: "Mən evə çatdıqdan sonra, 20 mart 2012-ci il tarixdə, gecə saat 00.30-da Həsənağa mobil telefonla zəng etdi. Avtomaşından düşməyərək onu yolda qoyub getdiyimizə görə özümün, ailə üzvlərimin və Seymur Nəbiyevin ünvanına söydü. Seymur Nəbiyevlə birlikdə yaşadığımız kəndin ərazisindən keçən şosse yoluna tərəf gəlməyimizi tələb etdi. Seymur Nəbiyevin yaşadığı evə getdim və onu çağırdım. Seymurun anası onun yatdığını dediyindən Həsənağa Cahangirovla görüşmək üçün şosse yoluna tərəf qaçdım. Seymur Nəbiyev yaşadığı evdən çıxaraq arxamca gəldi. Şosse yoluna çatanda Həsənağanın avtomaşından düşüb evlərinə tərəf getdiyini gördüm. Ona yaxınlaşaraq söyüş söyməməsini tələb etdim".

"Sərxoş olduğuna görə dərhal təslim olmaq üçün polisə gedə bilməmişəm"

Elvin Babaşov deyib ki, Həsənağa Cahangirov yenidən onu nalayiq sözlərlə söyüb, təhqir edib: "Bu səbəbdən də Həsənağa ilə dalaşdım. Dalaşma zamanı Həsənağa Cahangirov sağ qolu ilə boynumdan tutaraq məni yerə yıxdı və boğmağa başladı. Bu zaman ondan xilas olmaq məqsədilə cibimdə olan bıçağı çıxardaraq qorxutmaq üçün Həsənağa Cahangirova bir zərbə vurdum. Zərbəni onun qıçından vurmaq istədim. Lakin Həsənağa hərəkət etdiyindən bıçaq onun qarnından dəydi. Həsənağa Cahangirovu öldürmək niyyəti olmayıb. Çünki onu öldürmək niyyəti olsaydı, ona əlavə bıçaq zərbələri vurmaq imkanından istifadə edə bilərdim. Oradan gedərkən Həsənağanın öləcəyini düşünməmişdim. Həsənağanı bıçaqla vurduqdan sonra hadisə yerindən evə gəlmişəm. Evdə Həsənağanın qardaşlarının gələrək mənə hücum edəcəyindən qorxdum. Buna görə də valideyinlərim məni Haçıqabul rayonunun Pirsaat qəsəbəsində yaşayan bibimgilə göndərdilər. Həmin vaxt sərxoş olduğuma görə polisə gedə bilməmişəm. Həmçinin Həsənağaya vurduğum xəsarətin yüngül olmasını düşünmüşəm. Lakin narahat olduğuma görə bir müddət sonra Rasim Balayevə zəng edərək Həsənağanın vəziyyəti ilə maraqlanmışam. Rsim Həsənağanın öldüyünü dedi. Sərxoş olduğuna görə dərhal təslim olmaq üçün polisə gedə bilməmişəm. Həsənağanın ölməsindən bir müddət sonra bibim oğlu Səttara maşın taparaq məni polisə aparmasını tapşırdım. Sabirabad postunda atam Bəybala bizi qarşıladı. Atam maşında olarkən məni danladı. Avtomobildə olduğumuz vaxt Həsənağanı vurduğum bıçağı polisə təhvil verməyim üçün atama verdim. Daha sonra isə könüllü olaraq Səttar və atam ilə birlikdə Sabirabad rayon Qaragünə Polis Bölməsinə getdik. Orada bıçağı polisə təhvil verdik və təslim oldum".

"Qardaşımın başını tutaraq ağladığını gördüm"

Zərər çəkmiş şəxs qismində dindirilən Ramil Cahangirov deyib ki, Elvin Babaşovla qonşu kimi əvvəllər münasibətləri yaxşı olub: Martın 20-də, gecə saat 01.00-da qardaşım İlkin zəng edərək həmkəndlilərimiz Rəhim Abdullayevin evinin yaxınlığında qardaşım Həsənağa Cahangirovun bıçaqlandığını dedi. Bu zaman həmikəndlim Seymur Nəbiyev də gələrək Həsənağanın bıçaqla vurulduğunu dedi. Rəhim Abdullayevin evinə tərəf qaçdım. Seymur Nəbiyevin arxasınca qaçaraq qonşumuz Zöhraba zəng edərək avtomobili ilə Rəhim Abdullayevin evinin yanına gəlməsini xahiş etdim. Özüm isə həmin yerə çatanda qardaşım Həsənağa Cahangirovun kimsəsiz yerdə uzandığını, digər qardaşım Asif Cahangirovun isə onun başını tutaraq ağladığını gördüm. Həsənağanın nəbzini yoxlayarkən onun öldüyünü gördüm. Seymur Nəbiyev Həsənağanın Elvin Babaşov tərəfindən bıçaqla vurduğunu bildirdi. Həsənağanı digər qardaşım Asif ilə birlikdə avtomaşınla Şirvan mərkəzi şəhər xəstəxanasına apardıq. Orada həkim Həsənağanın öldüyünü təsdiq etdi. Bundan sonra Həsənağanın Elvin Babaşov tərəfindən bıçaqlanaraq öldürülməsi barədə sahə müvəkkilinə zəng etdim. Lakin sahə müvəkkili telefonunu açmadığına görə, Qarağac kənd İcra nümayəndəsi Bəylər İsgəndərova zəng edərək hadisə barədə məlumat verdim. Ondan bu barədə sahə müvəkkilinə bildirməsini xahiş etdim. Xəstəxanada Qaragünə Polis Bölməsinin rəisi mənə yaxınlaşaraq hadisəni kimin törətməsini soruşdu. Mən də qardaşımı Elvin Babaşovun bıçaqladığını dedim. Səhər saat 6-da Həsənağanın meyitini xəstəxanadan bizə verdilər".

Oğul həbsə, ata məzara

İstintaqın gedişi zamanı Elvin Babaşovun həbsə düşməsinə dözməyən atası Bəybala dünyasını dəyişib. Bu barədə Bəybalanın dayısı oğlu Fərzalı Məcidov məhkəmədə verdiyi ifadəsində deyib. Onun sözlərinə görə, martın 20-də saat bir radələrində hadisənin baş verdiyi yerdə olub: "Hadisə Sabirabad rayonu Beşdəli kəndinin içərisində olub. Buna görə də Elvinin atası Bəybala mənə zəng edərək gəlməyimi xahiş etdi. Mən də onlara gəldim. Orada Elvinin Həsənağa Cahangirovu bıçaqlamasını bildikdən sonra birlikdə Həsənağanın saxlanıldığı Şirvan şəhər xəstəxanasına gəldik. Orada Həsənağanın ölməsini öyrəndik. Xəstəxanada olduğumuz vaxt Elvinin atasına Qaragünə Polis Bölməsindən zəng gəldi və Elvini gətirməsini dedilər. Bəybala Babaşov Elvinin telefonuna zəng etdi. Elvinə Qaragünə Polis Bölməsinə gəlməsini tapşırdı".

Bütün tərəfləri dinləyən məhkəmə heyəti sonda Elvin Babaşovun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Hökmdən Baş prokurorluq narazı qalıb. Elvin Babaşovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya potesti verib. Həmçinin zərərçəmiş tərəfdə Elvin Babaşovun cəzasının ağırlaşdırılması ilə bağlı şikayət verib. Elvin Babaşov isə cəzasının yüngülləşdirilməsini istəyib.

Tərəflərin mübahisəli şikayətlərinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada tərəflərin şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, Baş Prokurorluğun və zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib. Elvin Babaşovun cəzası 1 il artırılıb və onun barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Elvin Babaşovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti rədd edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm