Yalnız kişiləri öldürən Omsk manyakı
Bizi izləyin

Cinayət tarixçəsi

Yalnız kişiləri öldürən Omsk manyakı

Çoxmilyonluq şəhərdə qatil manyakı axtarıb tapmaq çətin məsələdir. Üstəlik, əgər qətllərdə heç bir motiv yoxdursa.

Bəzən bu, mümkünsüz görünür. Ancaq Omsk müstəntiqləri bu sınağın öhdəsindən gəlmişdilər.

Bu hadisə bütün Omsk sakinlərini şoka salmışdı. Görəsən, insanın içində hansı "şeytan" yuva salır və insanları heç bir səbəb olmadan öldürməyə vadar edir?

Söhbət Anrey Kudla adlı manyakdan gedir.

Qanlı izlər

2007-ci ilin 3 fevralında Kudla heç bir səbəb olmadan Ximki küçəsindəki binalardan birinin qarşısında 32 yaşlı kişinin başına atəş açdı. Təcili yardım kişini vaxtında xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmadı.

Elə həmin il növbəti cinayətini manyak qatil Müqəddəs Valentin Günündə törətdi. Kudla bankomatdan pul çıxaran 50 yaşlı kişini izlədi. Zaozernıy küçəsinə çatanda arxadan ona yaxınlaşıb başına atəş açdı. Soyuqqanlılıqla yaralının cibindən 2000 rublu çıxardı və hadisə yerindən uzaqlaşdı.

Yaralanan kişi isə xəstəxanada keçindi.

Hüquq-mühafizə orqanları ən xırda ipucu tapmaq üçün şəhəri ələk-vələk etdilər. Lakin Kudla hiyləgər idi. Heç bir iz qoymurdu. Bu silsilə cinayətlərdən sonra isə bir müddət üzə çıxmazdı. Aranın sakitləşməyini gözlədi.

Manyak öz "ovuna" bir də 2008-ci ildə çıxdı. Nədənsə, növbəti cinayəti üçün yenə Zaozernıy küçəsini seçdi. Eyni marşrut və sxemlə hərəkət etdi. Növbəti qurbanını evinə kimi izlədi. Amma bu dəfə adrenalini hiss etmək üçün kişini liftdə güllələmək istədi.

Lakin bu dəfə gülləsi ölümcül olmadı. Həkimlər yaralının həyatını xilas etdilər. Ekspertiza isə hadisə yerindən ilk dəfə güllə gilizi tapdı. Ekspertiza müəyyən etdi ki, qatil əldəqayırma silahdan və patrondan istifadə edir.

Giliz

Müstəntiqlər manyakın növbəti qətl törətməsini gözləməyərək hərəkətə keçdilər. Giliz yerli zavodların birinin materialından hazırlanmışdı. Ola bilərdi ki, cinayətkar elə həmin zavodda işləsin. Axtarışlar davam edərkən Omsk manyakın növbəti cinayətindən şoka düşdü.

2009-cu ilin 4 sentyabrında Blyuxer küçəsində velosiped sürən Andrey Kudla səkidə öz körpəsini uşaq arabasında gəzdirən bir kişi ilə az qala toqquşacaqdı. Körpənin atası velosipedi həddindən artıq bərk sürən Kudlaya iradını bildirdi: "Belə olmaz, cavan oğlan, piyadalar üçün səkidə belə sümək olmaz".

Özündənrazı olan Kudlanın iraddan xoşu gəlmədi. Cavab vermədi. Sakitcə kurtkasının cibindən əldəqayırma tapançasını çıxarıb kişinin sinəsinə atəş açdı.

Yaralının vəziyyəti ağır olsa da, həkimlər onu xilas etdi. Xəstə özünə gələn kimi cinayətkarın fotorobotu hazırlandı. Qatil bəstəboy idi, həm də eynək taxırdı. Həlqə daralırdı. Artıq cinayətkarın fotorobotu və təxmin edilən iş yeri, yəni "Baranovo" zavodu aşkarlanmışdı.

Müstəntiqlərin 3 illik zəhməti bəhrəsini verdi.

Həbs

Kudlanı 2010-cu ilin 24 aprelində tutdular. Zavoda gedən yolda. Həbs qatil üçün gözlənilməz oldu. İnana bilmirdi ki, kimsə izinə düşə bilsin.

Eyni anda qatilin evində axtarış aparıldı. Mündeleyev küçəsindəki evində qatil anası ilə birgə qalırdı. Zavallı qadın 28 yaşlı oğlunun işdən sonra nə ilə məşğul olmasından xəbərsiz idi.

Əməliyyatçılar Kudlanın kompüterində silahların hazırlanmasına aid fayllar tapdılar.

Kitab şkafında isə manyakın sevimli kitabını – "Kriminal hərəkətlərin psixologiyası".

Kompüterdə silinmiş fayllar da var idi. Mütəxəssislər bu faylları da bərpa edə bildilər. Faylların birində video vardı. Videoda özünü çəkən Kudla manyak kimi həyat sürməyin "çətinliklərindən" danışırdı.

Bu artıq sübut idi.

Müstəntiqlər silahı da tapdılar. Məhkəmədə Kudlanın cinayətlərini təsdiq edəcək kifayət qədər sübut vardı.

Ancaq məhkəmə olmadı. Müvəqqəti saxlama kamerasında saxlanılan Andrey Kudla dəli oldu. Onu ruhi əsəb dispanserinə göndərdilər. Manyak sağaldığı halda məhkəmə qarşısına çıxarılacaq.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm