“Əllərimin qanını yuyub pulları axtarmağa başladım“ - Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Əllərimin qanını yuyub pulları axtarmağa başladım“ - Bir cinayətin tarixçəsi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və quldurluqda təqsirli bilinən - 1980-cı il təvəllüdlü Fərrux Babasoy, 1981-ci il təvəllüdlü Azər Məmmədov, 1971-ci il təvəllüdlü Murad Ümüdov və 1976-cı il təvəllüdlü Heydər Zöhrəliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Yuxarıda adıçəkilən şəxslər cinayət əlaqəsinə girərək Mədinə Əhmədovanın evində saxladığını güman etdikləri 40.000 dolları ələ keçirmək üçün mənzilə basqın etməyi və sonuncunu öldürməyi planlaşdırıblar. 23 bıçaq zərbəsi alan ev sahibəsi kəskin qanitirmədən hadisə yerində keçinib. Çağırılmamış qonaqlar mənzildən 1300 dollar, 300 manat və 1 ədəd 200 manat dəyərində "Samsunq" markalı mobil telefon və müxtəlif qızıl-zinət əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.

"Təklif Heydərdən gəldi"

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Fərrux Babasoy ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, sözügedən cinayətin törədilməsində iştirak etmədiyini göstərib: "Heydər mənə "NZS" qəsəbəsində yaşayan bir arvaddan nisyə qızıl əşyaları alıb-sataraq pulunu xərclədiyini, arvad pullarını tələb etsə də, pulu ona qaytara bilmədiyini dedi. Həmin arvadın faizlə borca pul verdiyini və evində dörd "paçka" ABŞ dolları, milli pul və qızıl-zinət əşyaları olduğunu söylədi. Qadının mənzilindən həmin pulları və qızıl-zinət əşyalarını götürməyi təklif etdi. Murad və Azər Heydərin təklifi ilə razılaşdılar. Hamımız birlikdə "NZS" qəsəbəsinə getdik. Heydər evin yerini və blokun qarşısında dayanmış qadını bizə göstərdi.

"Kimdə bıçaq varsa, o da vursun"

Heydər qadını onu tanıdığına görə öldürməyi təklif etdi. Murad, "Məndə bıçaq yoxdur, kimdə bıçaq varsa, o da vursun", - dedi. Onlara narahat olmamalarını, məndə bıçaq olduğunu, lazım olsa, arvadı özüm öldürəcəyimi bildirdim. Dördümüz də qadının yaşadığı ünvana gəldik. Heydər mənzilin qapısını döydü, qadın qapını açdı. Əvvəlcə Heydər, sonra mən, Azər və Murad mənzilə daxil olduq. İçəri keçən kimi əlimlə qadının ağzını tutdum, Azərlə Muradın köməkliyi ilə onu sürüyüb yataq otağına apardım. Həmin vaxt Heydər mənzildən çıxdı.

"Məni vurmayın, pulları bir az əvvəl gəlib aparıblar"

Azər qadının üstündə oturaraq pulları verməsini tələb etdi. Qadın isə bir az öncə başqa şəxslərin gəlib pulları apardıqlarını dedi. Muradla mən şkafları axtarmağa başladıq. Bu vaxt Heydər zəng edərək qadının onu tanıdığını və mobil telefonunda onun nömrəsinin olduğunu deyərək, telefonu götürməyi və onu öldürməyi tapşırdı. Cibimdən bıçağı çıxarıb yataq otağına keçdim. Azər qadının ağzını tutdu, mənsə bıçaqla ürək nahiyəsinə bir zərbə vuraraq ondan pulların yerini deməsini tələb etdim. Qadın "Pulları bir az əvvəl gəlib aparıblar, məni vurmayın", - dedi. Bundan sonra Azər yataq otağından çıxdı, qadının yanında mən qaldım. Bir az sonra Heydər yenə də zəng edərək nə etdiyimizi soruşdu. Ona evdə pul olmadığını və qadını bıçaqla vurduğumu söylədim.

"Çabaladığını görüb, 10 zərbə də vurdum"

Heydərlə telefonla danışdıqdan sonra qadının hələ ölmədiyini görüb, bıçaqla ürək nahiyəsinə iki-üç zərbə endirdim. Əllərimin qanını yuyub Azərgillə birlikdə pulları axtarmağa başladım, lakin mənzildən heç nə tapa bilmədik. Yataq otağına keçərkən qadının arxası üstə çapaladığını görüb bıçaqla onun sinəsindən təxminən on zərbə də vurdum. Bundan sonra qadın öldü. Həmin vaxt Murad yataq otağında seyf tapdı. Amma açar olmadığından seyfi aça bilmədik. Azər isə qonaq otağından 300 dollar pul tapdı. Həmin pulları, bıçağı və qadının mobil telefonunu götürüb mənzildən çıxdıq. Taksiyə minib Bakıxanov qəsəbəsinə getdik.

"Pulları aramızda böldük"

Parkın yanından keçərkən mən qadını vurduğum bıçağı, Azər isə götürdüyümüz telefonun kartını ağaclığa atdı. Mənzildən götürdüyümüz 300 dolları aramızda böldük. Hərəmizə 100 dollar götürüb ayrıldıq. Muradla Azərin hara getdiklərini bilmədim. Mən Naxçıvana - evimizə getmək istəyirdim. Ona görə də qohumum Əbülfəzdən xahiş etdim ki, məni öz maşını ilə aeroporta aparsın. Mənzildən götürdüyümüz qızıl-zinət əşyalarını sellofan torbaya bükülmüş halda, Naxçıvandan qayıdanda götürəcəyimi deyib, müvəqqəti saxlamaq üçün Əbülfəzə verdim. Lakin Əbülfəz bükülünün içində nə olduğunu bilmədi. Noyabrın 1-də Azərlə birlikdə təyyarə ilə Naxçıvana getdik. Ertəsi gün orada tutulduq və törətmiş olduğumuz cinayət əməllərini etiraf etdik. Götürdüyümüz qızıl-zinət əşyalarını polis əməkdaşlarına təqdim etdik. Hadisədə Murad, Azər, Heydər və özümdən başqa heç kim iştirak etməyib".

"Sağ qalsa, hamımızı satacaq"

Təqsirləndirilən şəxs qismində dindirilən Azər Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Heydər onların yanında Fərruxa "NZS" qəsəbəsində tək yaşayan bir qadına pul borcu olduğunu, həmin pulu verə bilmədiyini, eləcə də qadının evində təxminən dörd "paçka" dollar, milli pul və qızıl-zinət əşyaları olduğunu deyib və pulları, qızılları ələ keçirməyi təklif edib: "Biz Heydərin təklifi ilə razılaşdıq. Dördümüz də "NZS" qəsəbəsinə getdik. Heydər bizə evi və blokunun qarşısında dayanmış qadını göstərdi. Yaxınlıqdakı "Şərur" kafesinə gedərək yemək yeyib, bir şüşə araq içdik. Təxminən 30 dəqiqə sonra kafedən çıxıb Heydərin dediyi qadının evinin yaxınlığındakı məktəbin həyətinə yollandıq. Orada Heydər bizə, "Qadın məni tanıyır, mənzilin qapısını döyüb qapını açdıracağam, siz içəri keçəndən sonra mən evdə qalmayıb sizi çöldə gözləyəcəyəm, əgər qadın sağ qalarsa, hamımızı satacaq, ona görə də onu öldürmək lazımdır", - dedi.

"Fərrux dedi ki, qadını öldürmüşəm"

Dördümüz də qadının yaşadığı mənzilin qapısının qarşısına getdik. Mənzildə işıq yanmırdı. Heydər mənzilin qapısını döydü, təxminən 2-3 saniyə sonra qapı açıldı. Birinci Heydər, arxasınca Fərrux, Murad və mən içəri keçdik. Muradla Fərrux qapını açan yaşlı qadının boğazından tutub, ağzını əli ilə sıxaraq yataq otağına apardılar. Heydərlə mən otaqları axtardım. Sonra Heydəri orada görmədim. Yataq otağından bir neçə qızıl əşyanı götürüb Murada verdim. Fərrux əlində bıçaq, yanımıza gəlib, qadını öldürdüyünü dedi. Bu vaxt onun telefonuna zəng gəldi, Fərrux zəng edənə heç nə tapa bilmədiyimizi deyib, telefonu söndürdü və zəng edənin Heydər olduğunu, qadının telefonunu götürməyi tapşırdığını bildirdi. "Samsunq" markalı telefonu götürüb Muradın əlində olan və qızıl əşyaları yığdığımız sellofan torbaya atdım. Yataq otağına keçdikdə paltarların altında seyf olduğunu gördüm. Fərrux seyfi açıb içərisindən bir ədəd kisə və sellofan torba çıxarıb Murada verdi.

"Əməlimdən peşmanam"

Fərruxun kirayədə qaldığı evə gedib, götürdüyümüz qızılları və pulları saydıq. Təxminən 1200 dollar və 300 manat pul oldu. Fərrux Muradla mənə 100 dollar və 110 manat pul verib qalan pulları və qızıl əşyalarını sonradan böləcəyini dedi və özündə saxladı. Səhəri gün mən Fərruxla birlikdə təyyarə ilə Naxçıvana - evimizə getdim. Ertəsi gün Fərrux mobil telefonuma zəng edərək tutulduğunu dedi. Noyabrın 5-də mən də tutuldum və törətdiyim cinayəti etiraf etdim. Qadını bıçaqla Fərrux vurub. Mən yalnız evdə pul və qızılın axtarılmasında iştirak etmişəm. Əməlimdən peşmanam".

"Əvvəllər bir neçə dəfə məhkum olunmuşam"

Təqsirləndirilən şəxs qismində dindirilən Murad Ümüdov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində əvvəllər bir-neçə dəfə, sonuncu dəfə isə 2006-cı ildə məhkum olunduğunu, sonradan 13 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyini göstərib: "Cəza çəkdiyim müddət ərzində öz xahişimlə müəssisə rəhbərliyinin icazəsi ilə evimizə getmişdim. Həmin vaxtlarda Fərruxla tanış olmuşdum. Oktyabrın 31-də Fərruxun yanında sonradan tanıdığım Azər və Heydər Zöhrəliyevlə birlikdə çay içərkən Heydər Fərruxa, Azərə və mənə tək yaşayan bir arvadın evində çoxlu pul və qızıl-zinət əşyaları olduğunu, pulları və qızılları ələ keçirməyi təklif etdi. Biz də razılaşdıq. Heydər qadının pullarının otaqda şkafın siyirmələrində olduğunu bildirdi.

"Fərrux dedi ki, başqa yolum yox idi"

Heydərin dediyi otağa keçib pulları və qızılları axtarmağa başladım, lakin heç bir qiymətli əşya, pul və qızıl tapa bilmədim. Həmin vaxt Heydər mənzildə yox idi. Onun evdən nə vaxt çıxmasını görməmişəm. Azər yataq otağına keçəndə orada qadının yerdə uzandığını, üzünə nə isə ağ parça atıldığını görüb Fərruxdan onu öldürüb-öldürmədiyini soruşdu. Fərrux isə başqa yolu olmadığını, qadının Heydəri tanıdığını və onları sata biləcəyini dedi. Fərrux qadını bıçaqla vurarkən yanında olmamışam. Noyabrın 6-da Nərimanov metrostansiyasının yanında polis əməkdaşları tərəfindən saxlanıldım. Üstümə baxış keçirilərkən tanımadığım şəxsdən aldığım bir büküm heroin cibimdən aşkar olunub götürüldü. Mədinə Əhmədovanı Fərrux öldürüb".

"Mən onlara qadını öldürmək barədə heç nə deməmişəm"

Təqsirləndirilən şəxs qismində dindirilən Heydər Zöhrəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində tanışı Mövsümlə, "NZS" qəsəbəsində yaşayıb, faizlə borca pul və qızıl-zinət əşyaları verən Mədinə Əhmədovanın evində olub, ondan təxminən 1300 dollar məbləğində qızıl-zinət əşyaları götürdüyünü, pulu qaytara bilmədiyini, Mədinənin isə pulu tələb edərək ona bir-iki günlük vaxt verdiyini göstərib: "Pulu qaytara bilmirdim. Qızıl-zinət əşyaları satdığına və faizə pul verdiyinə görə Mədinənin evində çoxlu pul və qızıl əşyaları ola biləcəyini düşünürdüm. Ona görə, həmkəndlilərim Fərruxla Azərə və ilk dəfə Fərruxun yanında orada görüb tanıdığım Murada Mədinənin evində çoxlu pul və qızıl-zinət əşyaları olduğunu demişəm. Mədinə məni tanıdığı üçün qapını açdıracağımı, Fərruxu, Azəri və Muradı evə salıb, özüm bayıra çıxacağımı və onların evdən pulları götürmələrini təklif etmişəm. Evi Fərruxgilə göstərsəm də, qadını öldürmələri barədə onlara heç nə deməmişəm. Mədinənin evinin qapısını döydüm. Təxminən 2-3 saniyə sonra Mədinə qapını açdı, məni içəri dəvət etdi. Ondan evdə tək olub-olmadığını soruşdum. Mədinə evdə tək olduğunu dedi. Mənzilə daxil olan kimi, Fərrux da mənim arxamca dəhlizə keçərək Mədinənin üstünə cumub ağzını tutdu və sağ tərəfdə olan otağa dartmağa başladı. Həmin vaxt Murad və Azər dəhlizə daxil oldular.

"Mənə dedi ki, qadını bıçaqla vurmuşam"

Mənzildən çıxıb qapını bağlayıb yaşadığım evə getdim. Fərruxun mobil telefonuna zəng vurub ondan nə etdiklərini soruşdum. Fərrux pul tapa bilmədiklərini, hələ axtardıqlarını deyib telefonu söndürdü. Bir qədər sonra yenidən Fərruxa zəng edərək nə etdiklərini soruşduqda o, qadını bıçaqla vurduğunu dedi. Təxminən 15 dəqiqə sonra Fərrux zəng edib artıq yolda olduqlarını, arvadı öldürdüklərini, evdən heç nə tapmadıqlarını, sonra özü mənə zəng edəcəyini deyərək telefonu söndürdü. Hadisədən sonra Muradı, Azəri və Fərruxu görməmişəm. Səhəri gün tanışım Mövsüm mənə zəng edərək kimlərinsə Mədinə xalanı öldürdüklərini bildirdi. Yalandan Mövsümdən Mədinəni kim öldürməsini soruşduqda, Mövsüm bilmədiyini dedi. Fərruxa, Murada və Azərə Mədinəni öldürmələrini təklif etməmişəm".

"Onlara ən ağır cəza verilməsini tələb edirəm"

Zərərçəkmiş şəxsin hüquqi varisi Azər Dadaşov ifadəsində göstərib ki, mərhum anası Mədinə Əhmədova ilə birlikdə yaşayıb: "Anam Mədinə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurdu və qızılları mənzilin yataq otağında olan seyfdə saxlayırdı. İşimlə əlaqədar Ukrayna Respublikasına getmişdim. Oktyabrın 31-də anamla telefonla danışdım. Noyabrın 1-də səhər saatlarında evə zəng edərkən telefona cavab verən olmadı. Bacım Xuramanın telefonuna zəng etdim. Bacımın oğlu Ədalət mənə təcili evimizə qayıtmağımı istədi. Ertəsi gün Bakı şəhərinə qayıtdım və anam Mədinənin yaşadığı mənzildə öldürüldüyünü və mənzildən pul və qızıl-zinət əşyalarının aparıldığını bildim. Təqsirləndirilən şəxslərdən Muradı, Azəri və Fərruxu əvvəllər görməmişəm və tanımıram, Heydəri isə 2008-ci ilin təxminən yay aylarında mənzilimizə su xətti çəkərkən görmüşəm. Onun anama pul borcu olduğunu bilirdim. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini tələb edirəm".

Məhkəmənin hökmü ilə Fərrux Babasoy 15 il, Azər Məmmədov 14 il 6 ay, Murad Ümüdov 14 il 6 ay, Heydər Zöhrəliyev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm