Cinayət tarixçəsi
"Atam elə vurdu, babamın protez dişləri düşdü" – Bir cinayətin tarixçəsi
Dava-dalaş elə qızışır ki, oğul atasının başına əlindəki ağır dəmir çəkiclə - gürzlə iki dəfə vurur.
Zərbələrin təsirindən Mustafa yerindəcə keçinir. Atasının öldüyünə əmin olan oğul meyiti evin zirzəmisində gizlədir. Hadisədən bir neçə gün sonra isə rayon polis şöbəsinə atasının evdən 300 manat pul götürüb getməsi barədə məlumat verir.
Bir il sonra Mustafa Rüstəmovun oğlu tərəfindən qətlə yetirildiyi aşkarlanır.
Mərhumun qardaşı Məmməd Rüstəmov atasının xəbərsiz itkin düşməsi barədə polis şöbəsinə ərizə ilə müraciət edir. Rüstəmovlar ailəsindən izahat alınır. Nəhayət, Elməddin izahatında atasını çəkiclə vurub öldürdüyünü göstərir.
İfadə əsasında Elməddinin atasını "dəfn etdiyi" yerə hal şahidlərinin iştirakı ilə baxış keçirilir və həmin yerdən mərhumun meyiti tapılır.
"Atam içki aludəsi idi"
Məhkəmədə Elməddin Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mustafa Rüstəmov onun doğma atasıdır. Lakin babası Nəbi Həsənovun oğlu olmadığından onu oğulluğa götürüb, rəsmiyyətdə Həsənov Elməddin Nəbi oğlu kimi tanınıb: "Atam Mustafa anam
Gözəldən 1994-cü ildə rəsmi qaydada boşansa da, bir yerdə yaşayırdılar. Atam tez-tez Rusiyaya gedib-gəlirdi.
Son vaxtlar spirtli içkiyə aludə olduğundan bizimlə yola getmirdi. Dəfələrlə məni təhqir eləyib döymüşdü. Günlərin bir günü atam arvadım Samirəni təhqir elədi. Bundan inciyən Samirə evdən çıxıb qonşuya getdi.
"Elə bildim ki, atam babamı öldürüb"
Atamla aramızda mübahisə yarandı, o, məni döyməyə başladı. Bunu görən babam Nəbi köməyimə gəldi və bizi aralamağa çalışdı. Atam məni buraxıb babamın üstə düşdü. Babamın diş protezinin yerə düşdüyünü görüb atamın onu öldürdüyünü zənn elədim.
Ona görə də çəkiclə atamın baş nahiyəsinə 2 zərbə endirdim. Vurduğum zərbələrdən atamın öldüyünü bilib həyəcandan özümü itirdim. Həmin vaxt evdə heç kim olmadığından babamın köməyi ilə atamın meyitini zirzəmiyə qoyduq. Gecəyarısı meyiti paltarlı vəziyyətdə həyətdəki çuxurda basdırdım.
Meyiti basdırmamışdan qabaq onun üstünü yoxladım, cibindən çıxan 3 şəkli, 3 telefon kartını, atama məxsus şəxsiyyət vəsiqəsini zibillikdə yandırdım. Bu barədə heç kimə bildirmədik. Sonradan məndən şübhələnməsinlər deyə, atamın evdən 300 manat pul götürüb getməsi polisə ərizə yazdım".
"Qardaşım arvadından narazılıq edirdi"
Zərərçəkmiş şəxs qismində dindirilən Məmməd Rüstəmov (mərhumun qardaşı) ifadəsində bildirib ki, Mustafa mütəmadi olaraq Rusiyaya gedib-gəlirmiş: "1992-ci ildə Mustafa Bakıda ev aldığından qeydiyyata düşmək üçün Gözəldən rəsmi qaydada
ayrıldı. Buna baxmayaraq onlar faktiki ər-arvad kimi bir yerdə yaşayırdılar.
Qardaşımla görüşən vaxt Mustafa həyat yoldaşı Gözəldən narazılıq edirdi, arvadının onunla yola getmədiyini bildirirdi. Sonradan eşitdim ki, qardaşım oğlu Elməddin atasını öldürüb həyətdə basdırıb. Elməddinin atasını öldürdüyünü babası Nəbi və anası Gözəl bilsələr də, aidiyyəti orqanlara xəbər verməyiblər".
Nəvəsinin yardımçısı...
Şahid qismində dindirilən Nəbi Həsənov ifadəsində göstərib ki, Mustafa onun yeganə övladı Gözəlin əri olub. Birgə nikahdan onların 1 oğlu, 2 qızı dünyaya gəlib. Özünün oğlu olmadığından Elməddini oğulluğa götürüb:
"Gözəllə Mustafa boşanana qədər münasibətləri normal idi. Elməddin evləndikdən sonra isə onların münasibətləri pisləşmişdi. Narazılığın əsas səbəbi isə o idi ki, Mustafa oğlu Elməddindən tələb edirdi ki, arvadı Samirəni boşasın.
Mustafa Samirənin anasının pozğun olduğunu deyir, qızının da onun kimi olacağını bildirirdi. Yanvar ayında Mustafa Rusiyadan qayıtdıqdan sonra ailəsi ilə yola getmir, içkili vəziyyətdə arvad-uşağını döyürdü. Hadisə baş verən gün Mustafanın nəvəm Elməddini döydüyünü gördüm.
Onları aralamaq istədikdə, Mustafa oğlunu buraxıb məni döyməyə başladı, diş protezim yerə düşdü. Nəvəm mənim öldüyümü zənn edib arxadan çəkiclə Mustafanı vurdu. Zərbənin təsirindən Mustafa öldü. Meyitin basdırılmasında nəvəm Elməddinə kömək etmişəm. Elməddini çox istəyirəm. Onun məsuliyyətə cəlb olunacağından qorxduğum üçün hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər verməmişəm.
Elməddin Mustafanı öldürdükdən 1-2 gün sonra onun evdən pul götürüb getməsi ilə bağlı rayon polis şöbəsinə ərizə verdi. Polis şöbəsində izahat verərkən Mustafanın Rusiyada olması barədə yalan məlumat vermişəm".
"Atam ibadət etməyimə mane olurdu"
Şahid qismində dindirilən Elgün Rüstəmova ifadəsində bunları qeyd edib: "Atam evə içkili gəlir, babamla, qardaşımla mübahisə edir, mənim ibadət etməyimə mane olurdu.
Yanvarın 15-də anamla mən Gəncəyə getmişdik. Ertəsi gün qardaşım Elməddinin polisə verdiyi şikayət ərizəsi üzrə izahat verdim. Qardaşımın atamı öldürməsi barədə əvvəlcə bilməmişəm, atamın Rusiyaya getdiyini zənn etmişəm".
"Öldürmüsünüzsə, heç olmasa meyiti verin"
Mərhumun yaxın qohumu Zərnişan Rüstəmova ifadəsində qeyd edib ki, Gözəllə münasibəti yaxşı olmadığından onun evinə gedib-gəlmirmiş: "Mustafanın qardaşları ondan heç bir xəbər olmadığını bildirdilər. Əvvəlcə Mustafanın Rusiyada olduğunu güman etdik. Sonradan Rusiyaya gedib-gələn şəxslərlə əlaqə saxladıq. Gördüm deyən olmadı.
Mustafanın yerini müəyyənləşdirmək üçün Gözəlin evinə getməyi qərara aldıq. Mustafanın qayınatası Nəbi ilə söhbət etdik, ondan Mustafanın yerini soruşduq. Dedik ki, əgər Mustafanı öldürmüsünüzsə, onun meyitini verin.
Nəbi dedi ki, biz Mustafaya neynəyə bilərik, o, bizi öldürürdü, çıxıb Rusiyaya gedib. Bu vaxt Gözəl Rüstəmova da ərinin Rusiya getdiyini, hətta ona zəng vurduğunu bildirdi. Anasının dediklərini Elməddin də təsdiqlədi.
Biz deyilənlərə inanıb oradan qayıtdıq. Sonradan məlum oldu ki, Mustafa oğlu Elməddin tərəfindən öldürülüb".
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxıb. Elməddin Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov
Publika.Az
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI
-
Magazin212 Dekabr 22:00
Selena Qomezin brilyant nişan üzüyünün qiyməti "ƏL YANDIRIR"
-
Magazin212 Dekabr 19:48
“Sabah ölmək istəyirəm”
-
Sosial12 Dekabr 19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman12 Dekabr 19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB12 Dekabr 18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU