“Gecə uzunboğaz çəkmə geyib evdən çıxdım” - Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Gecə uzunboğaz çəkmə geyib evdən çıxdım” - Bir cinayətin tarixçəsi

Cinayəti gizlətmək məqsədi...


Şahin özü ilə götürdüyü süngü bıçağı və xəncərlə hər iki qadını xüsusi amansızlıqla qətlə yetirib. Evdən 2956,4 manat pul, 140 manat dəyərində qızıl boyunbağı, 210 manatlıq qızıl sırğa, 4500 manatlıq brilyant qaşlı sırğa, 1100 manatlıq qızıl saat bilərziyi, 1450 manatlıq qızıl beşlik, 930 manatlıq firuzə qaşlı qızıl aypara kulon, 4750 manatlıq almaz qaşları olan qızıl üzük və 1970 manatlıq mina və mirvari ilə bəzənmiş qızıl "zəng" sırğa, cəmi 18006,4 manat dəyərində külli miqdarda əmlakı ələ keçirib.

Törətdiyi cinayətləri gizlətmək məqsədi ilə dekabrın 22-də gecə saat 2:30 radələrində həmin ünvana gəlib. Qadınların qaz partlayışından ölməsi versiyasını yaratmaq məqsədi ilə mənzildə və aynabənddə olan qaz sobalarının vintillərini açaraq təbii qazı evə buraxıb. Əvvəlcədən özü ilə gətirdiyi 1 litrlik plastmas qabda olan benzini otaqlara və aynabəndə səpərək alışqanla yandırıb.


"Məhəbbətə həsr olunmuş mesajlar var idi..."


Şahin Hüseynov istintaqa ifadəsində göstərib ki, qətlə yetirdiyi Qətibə Məmmədquliyeva bibisi qızı, Leyla Əcanova isə bibisi nəvəsidir: "Leyla Nərimanov metrostansiyasının yaxınlığında yerləşən kompüter kollecində 2-ci kursda oxuyurdu. Kollecə daxil olması münasibəti ilə Qətibə Leylaya "Siemens" markalı mobil telefon almışdı.

Keçən il iyunun 1-də Leyla həyətyanı sahədə işləyən vaxtı mən çay içmək üçün evə girdim. Leylaya məxsus mobil telefon stolun üstündə idi. Maraq üçün telefonun menyüsünə daxil olub mesajları oxudum. Müxtəlif vaxtlarda və eyni mənbədən məhəbbətə həsr olunmuş mesajlar var idi. Bunu Leylaya irad tutdum, bu barədə bibim qızı Qətibəyə də bildirdim. Qətibə Leylanı danlayaraq ona iki şillə ilişdirdi.


"Qız mənimdir, özüm bilərəm"


Həmin ilin oktyabr ayında Qətibəgildə olarkən yenə də Leylanın mobil telefonu əlimə keçdi. Bu dəfə də daxil olan zənglərin siyahısına baxarkən tanış olmayan nömrələr gördüm və bu barədə Qətibəyə xəbər verdim.

Qətibənin cavabı belə oldu: "Qız mənimdir, özüm bilərəm, get işinlə məşğul ol". Leylaya gələn mesajları onun pozğun yola düşməsi kimi yozdum. Bir az götür-qoydan sonra nəslimin adına ləkə gətirdikləri üçün onları öldürmək qərarına gəldim.


"Görmürsən, öldürməyə gəlib?"


Dekabrın 21-dən 22-nə keçən gecə evdə hamı yuxuya gedəndən sonra mərhum atama məxsus xəncər, süngü bıçağı və uzunboğaz hərbi çəkməni götürüb gizlicə evdən çıxdım və Qətibəgilə gəldim. Qətibəgilin evlərinə az qalmış ayaqqabılarımı çıxarıb evlərin arasında gizlətdim və uzunboğaz çəkmələri geyindim. Sonra evin aşağı hissəsində yerləşən ayaqyolunun üstünə çıxaraq həyətə düşdüm.

Evin giriş qapısına yaxınlaşıb ətrafa nəzər salaraq qapıya iki dəfə təpik vurdum, qapı açıldı, içəri daxil oldum. Qətibə adətən zalda taxtın üstündə yatırdı. Ancaq zala nəzər salsam da, onu orada görmədim və dərhal yan otağa keçdim.

Qətibə çarpayıda üzüqoylu uzanmışdı, məndən gəlişimin səbəbini soruşdu. Cəld hərəkətlə Qətibəyə yaxınlaşıb dizimi onun kürəyinə qoydum ki, ayağa qalxa bilməsin. Bıçaq və xəncərlə Qətibənin bədəninin müxtəlif yerlərinə zərbələr vurdum. Leyla onun yanında yatmışdı. O, səsə ayılanda Qətibə "qaç, Leyla!" qışqırdı.

Leyla isə ondan niyə qışqırdığını soruşdu. Qətibə qızına: "Görmürsən, öldürməyə gəlib?!" dedi. Leyla çarpayıdan qalxmaq istəyəndə imkan vermədim. Bir dizimi Leylanın üstünə qoyub xəncərlə bədəninin müxtəlif yerlərinə zərbələr vurdum. Başım Leylanı vurmağa qarışdığından Qətibə əlimdən çıxaraq çarpayıdan üzü üstə döşəməyə yıxıldı, mən onun durub qaçacağını fikirləşdiyimdən xəncərlə kürəyinə daha bir neçə zərbə vurdum.

Bədəninin titrəməsindən və xırıltılı səslər çıxarmasından başa düşdüm ki, canı çıxıb. Üzüqoylu vəziyyətdə uzanmış Leylaya da bir neçə zərbə vurdum, bıçağı ürəyinə sancmaq istəsəm də, üzüqoylu uzandığından bunu edə bilmədim. Ağzından qan gəldiyini görəndə başa düşdüm ki, o da ölüb.

Sonra bıçağı, xəncəri qınlarına qoyaraq özümlə götürdüm, axtarıb evin açarlarını və çöl qapısının kilidini tapdım. Evin qapısını örtdüm, ancaq açarla bağlamadım. Həyət qapısından çıxdım, evdə heç kimin olmaması fikrini yaratmaq uçun qapını kilidlə bağlayıb, açarları qarajın üstünə tulladım, sonra ayağımdakı uzunboğaz çəkmələri çıxardım, ayaqqabılarımı gizlətdiyim yerdən çıxarıb geyindim, xəncəri, bıçağı, çəkməni, əlcəyi yolun kənarında olan kanalın müxtəlif yerlərinə tullayıb evə getdim.

Əynimdə olan hərbi gödəkcə qana batdığı üçün çıxarıb evin həyətində torpağın üstündə yandırdım, külünü isə həyətdəki açıq kanalizasiyaya tulladım. Həyətdə oturub bir qədər fikirləşdim və cinayətin izini itirmək üçün bibim qızının evini yandırıb partlatmaq qərarına gəldim.

Dekabrın 21-dən 22-nə keçən gecə, saat 2:00 radələrində evdə hamı yatandan sonra bir litrlik su qablarında benzin götürüb Qətibəgilin evinə gəldim. Qarajın üstünə qalxıb, ora tulladığım açarları götürdüm. Evə girib meyitləri qoyub getdiyim kimi aşkar etdim və benzini otaqda olan yorğan-döşək yükünün, paltarların üstünə, otağa açılan qapının kandarına səpdim, qaz peçinin vintilini açdım, qapının kandarından benzini alışqanla yandırdım.

Evdən çıxanda qapını örtdüm. Sonra hasardan çölə tullanıb Qətibə və Leylanın evdə olmaları fikrini yaratmaq üçün qıfılı açdım, bir litrlik su butulkasını, qıfılı açarla birlikdə zibilxanaya tullayıb evə getdim. Qətibənin evindən pul və qızıl əşyaları götürməmişəm".


"Evin yandığını dedilər"


Zərərçəkmişlərin hüquqi varisi qismində dindirilən Ruqiyyə Əhmədova ifadəsində göstərib ki, Qətibə onun bacısı, Leyla bacısı qızı, təqsirləndirilən şəxs Şahin Hüseynov isə dayısı oğludur: "Dayım arvadı Səbirə bir yerə gedəndə uşaqları bizim evdə qoyub gedərdi. Buna görə də Səbirənin oğlu Şahin ailəmizin üzvü kimi evin bütün sirlərini bilirdi.

Dekabrın 22-də səhərə yaxın evimizə zəng vurub bacımın evinin yanması barədə xəbər verdilər. Dərhal Putaya getdim, bacımın həyətində çoxlu adam yığışmışdı. Dayım arvadı Səbirəylə oğlu Şahin də oradaydılar. Yanğınsöndürənlər evi söndürdükdən sonra Qətibəylə qızı Leylanın meyitini evdən aşkar etdilər.


"Ən ağır cəza verilməsini xahiş edirəm"


Sonradan məlum oldu ki, onların hər ikisini Şahin qətlə yetirib. Yanğından sonra mənə məlum oldu ki, Qətibəyə məxsus qızıl boyunbağı, qırmızıqaş qızıl sırğa, brilyant qaşlı platin sırğa, 850 ABŞ dollar dəyərində təkqaş brilyant üzük, qızıl saat bilərziyi, qızıl beşlik, aypara formalı firuzə qaşlı klon, almaz qaşları olan platin üzük, mirvari ilə işlənmiş, çox qədimi olan "zəng" sırğa yoxa çıxıb. Bacım öz qızı üçün cehiz almaq məqsədilə pul yığırdı və ölən günədək evində 3500 dollar varıydı. Həmin pul da üzə çıxmadı.

İstintaq vaxtı bildik ki, qızılları və pulları Şahin götürüb. Şahin Qətibənin ev işlərinə kömək etmək üçün demək olar ki, hər gün onun evinə gedib-gəlirdi. O, çox yaxşı bilirdi ki, Leyla namuslu qızdır və anası Leylanın tərbiyəsi ilə ciddi məşğul olur. Şahin öz əməlinə haqq qazandırmaq üçün mərhumlara şər atır. Mən məhkəmədən Şahinə ən ağır cəza verilməsini xahiş edirəm".


"Şahin həmişə Qətibəyə yardım edib"


Şahid qismində dindirilən Səbirə Hüseynova (təqsirləndirilən şəxsin anası) ifadəsində göstərib ki, Qətibəylə və sonuncunun qızıyla münasibəti normal olub. Qətibə şəkər və zob xəstəliklərindən əziyyət çəkdiyi üçün xasiyyətcə çılğın və əsəbi qadın olub: "Şahin məişət qayğıları ilə bağlı həmişə Qətibəyə yardım edib. Baş verən hadisəyədək Qətibə və qızı Leyla Şahindən, Şahin isə onlardan şikayətçi olmayıb.

Dekabrın 22-də səhərə yaxın Qətibənin qonşusu mənə zəng etdi, Qətibənin evində yanğın baş verdiyini dedi. Mən Şahini yuxudan oyatdım və biz birlikdə Qətibənin evinə gəldik. Az sonra Qətibəylə Leylanın külə dönmüş cəsədlərini otaqların birindən tapıb çıxartdılar. Hadisənin qəsdən, yaxud təsadüfdən baş verməsi barədə məlumatım yoxdur".

Bu cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. İşə baxan hakimlər Şahin Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı cəza təyin ediblər.

Hacı Zeynalov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm