“Bibim qızıyla nə işin?..“– Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

“Bibim qızıyla nə işin?..“– Bir cinayətin tarixçəsi

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs Şirəli Hacıyevin 7-ci mikrorayonda kirayə yaşayan bibisi qızı, 34 yaşlı Rəfiqəni (ad şərtidir) mütəmadi olaraq narahat edirmiş. Bir uşaq anası olan Rəfiqə İlqarın hərəkətlərindən cana doyduğundan bu barədə dayısı oğlu Şirəli Hacıyevi məlumatlandırmaq qərarına gəlir. Hadisə günü bibisi qızının yaşadığı ünvanda İlqarın yenidən Rəfiqəni narahat etdiyini görən Şirəli sonda çıxış yolunu Aslanovu qətlə yetirməkdə görür.


"Sən mənim olmalısan"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Şirəli Hacıyev ona elan olunmuş ittihamla özünü günahkar bilməyib. İfadəsində İlqarı üzdən tanımasa da, onunla dəfələrlə telefonda danışdığını göstərib: "Rəfiqə atamın əmisi nəvəsidir. Həyat yoldaşından ayrılıb, təxminən 8-9 ay olar ki, 15 yaşlı qızı ilə kirayədə yaşayır və Əlillərin Bərpa Mərkəzində tibb bacısı işləyir. Bir qohum kimi arada onlara baş çəkirəm. Son vaxtlar Rəfiqənin işlədiyi xəstəxanada İlqar adlı bir nəfər onu istəyirdi. Rəfiqə buna razı deyildi, ona görə də İlqar onu hədələyirdi. Bir dəfə İlqar mənə zəng edib soruşdu ki, sən kimsən, Rəfiqənin nəyisən? Dedim ki, qohumuyam. O, xoşagəlməz sözlər danışdı. Rəfiqədən soruşdum ki, bu kimdir, dedi ki, adı İlqardır, onun xəstəsi olub, əl çəkmir, evlənmək istəyir, güdür, bıçaqla hədələyir...

"Qızını da ələ keçirəcəyəm"

İlqara zəng vurub dedim ki, Rəfiqədən əl çək, onunla işin olmasın. İlqar isə: "Hələ onun qızı Fatmanı da ələ keçirəcəyəm", - deyə cavab verdi. Mən də Fatmanı istəyirdim. Dedim, Fatma ilə işin olmasın. İlqarsa cavabında: "Bu, mənim şəxsi işimdir, ümumiyyətlə Rəfiqə də, qızı da mənim olacaq" dedi. İlqarla telefonda mübahisə etdim. 21 dekabr 2010-cu ildə Ruhiyyəyə zəng vurub axşam onlara gələcəyəmi söylədim. O, mənə axşam saat 21-də işdən çıxacağını bildirdi. Həmin gün Ruhiyyə ilə telefonda danışanda İlqarın yenə də onun iş yerinə gəlib güddüyünü, bundan çox narahat olduğunu dedi.
Rəfiqəni təhlükə gözlədiyini başa düşüb qərara gəldim ki, İlqarla təklikdə söhbət edim. Çünki istəmirdim ki, Fatma baş verənlərdən xəbərdar olsun.Təxminən saat 21 radələrində Rəfiqəgilə gəldim və binanın qarşısında onu gözləməyə başladım. Mən İlqarı üzdən görməmişdim. Siqaret almaq üçün yaxınlıqdakı mağazaya getdim. Qayıdanda Rəfiqə İlqarla mübahisə eləyirdi. Rəfiqə ona: "Rədd ol burdan, yoxsa polis çağıraram" dedikdə İlqar qızın boynundan tutub bloka dartdı. Mən əsəbiləşib iti addımlarla onlara yaxınlaşdıqda İlqarın bıçağı Rəfiqənin boğazına dirədiyini gördüm.

"İlqarı vurmaq fikrim olmayıb"

Özümdən asılı olmayaraq üstümdə olan bıçaqla onu vurmağa başladım. Ruhiyyə aramızda qaldı. Ona dedim ki, qaç polis çağır. Bu zaman bıçaq sağ əlimi kəsdi. Rəfiqənin də əli kəsilmişdi. Mənim İlqarı vurmaq fikrim yox idi. Sadəcə Ruhiyyənin hücuma məruz qaldığını görüb, onu qorumaq məqsədi ilə İlqarı vurmuşam. İlqar yerə oturdu, mən də əlimin kəsildiyini görüb, cibimdən dəsmal çıxarıb əlimi sarıdım. Küçəyə çıxıb yoldan keçən taksi ilə evə getdim. Əvvəlcə cinayəti gizlətmək istədim. Bıçağı və əlimin qanlı əskisini həyətdəki ayaqyoluna atdım, paltarımı, ayaqqabılarımı hamamda yudum. Sonra Rəfiqəyə polisə zəng vurmasını tapşırdığımı yada salıb fikrimi dəyişdim və polisə gedib hadisə barədə məlumat verməyi qərara aldım. Birbaşa Binəqədi Rayon Polis İdarəsinə gəldim və hadisəni danışdım".

"Onlar bir-birlərini istəyirdilər"

Zərərçəkmiş şəxs qismində dindirilən Ağgül Əliyeva (mərhumun anası) ifadəsində oğlu ilə Rəfiqə arasında isti münasibətlər olduğunu açıqlayıb: "İlqar 1998-ci ildə Oğuz rayonundan olan Mətanət adlı qızla evlənmişdi. 3 uşaqları vardı. 5 il bundan əvvəl ayrıldılar. Mətanət uşaqları ilə Oğuzda yaşayır. İlqar 7-8 ay olardı ki, Əlillərin Bərpa Mərkəzində təzə işə gəlmiş Rəfiqə adlı qadınla tanış olmuşdu, aralarında isti münasibət vardı, bir-birini istəyirdilər. Arada İlqar onun evində gecələyirdi.
Rəfiqənin qızı rayona gedəndə İlqar onlarda qalırdı. Son vaxtlar oğlumla Rəfiqə arasında narazılıqlar olduğunu bilirdim. Bir dəfə evə gəlib onların dalaşdıqlarını gördüm, səbəbini soruşduqda, Rəfiqə İlqarın onu qısqandığını, bütün danışıqlarına nəzarət etmək istədiyini, telefonunda olan nömrələrə zəng vurduğunu dedi. Hər ikisini başa salıb dedim ki, dolanırsınız dolanın, dolanmırsınız aralanın. Onların öz aralarında nə isə söhbətləri var idi, İlqar onu aydınlaşdırmaq istəyirdi. Amma söhbətin nədən ibarət olduğunu bilmirdim. Şirəli adında oğlanı tanımıram. Lakin hadisədən 2-3 gün əvvəl İlqarın telefonla bir nəfərlə Rəfiqə barəsində danışdığını, bu danışıqdan onların hər ikisinin də Rəfiqə ilə münasibəti olan adamlar olduğunu başa düşmüşdüm.
21 dekabr 2010-cu ildə təxminən saat 13:15 radələrində Rəfiqə mənə zəng vurub İlqarın onun iş yerinə gəldiyini, Şəfa həkimin yanında olduğunu söylədi. Çox keçmədi ki, İlqar evə gəldi. Ona "o qızdan əl çək" dedim".

"Qızımı və məni öldürəcəyi ilə hədələyirdi"

Rəfiqə istintaqa ifadəsində İlqarın onu istədiyini, hətta evlənmək niyyətində olduğunu göstərir: "Şirəli Hacıyev qohumumdur. Qızımı sevir və arada bizə gedib-gəlir. İlqar Aslanovu tibb bacısı işlədiyi Əlillərin Bərpa Mərkəzindən tanıyıram. İlqar bir müddət sonra məni sevdiyini, evlənmək istədiyini bildirmişdi. İlqara ərə getmək fikrində olmadığımı demişdim. İlqar məndən əl çəkmir, ona ərə getməyimi, əks-təqdirdə qohumlarıma, tanışlarıma barəmdə xoşagəlməz sözlər danışacağını deyir, məni hədələyirdi. Bu da bir nəticə vermədikdə, məni və qızımı öldürməklə hədələyirdi.

"Onun hərəkətlərindən bezmişdim"

Hadisədən təxminən 10 gün əvvəl İlqar iş yerinə gələrək ona ərə getməyimi tələb etdi. Artıq İlqarın belə hərəkətlərindən bezdiyimi və polis çağıracağımı dedikdə, cibindən vaxtı ilə xəstəxananın həyətində onunla çəkdirdiyim şəkli çıxarıb: "Bütün qohumlarına zəng vurub bunu göstərəcəyəm" dedi, əlini stolun üstündəki mobil telefona uzadanda, tez telefonu götürdüm. Bu vaxt boğazımdan tutub məni divara çırpdı. Cibindən bıçaq çıxarıb məni hədələyərək əlimdəki telefonu aldı. Telefonun sim kartını götürüb aparatı yerə tulladı. Telefon yerə düşüb dağıldı, ekranı qırıldı. İş telefonunu qaldırıb: "İndi polis çağıraram" dedim, İlqar telefonun şunurunu dartıb qırdı, mobil telefonumun nömrəsini götürüb getdi.

"Qohumlarıma barəmdə xoşagəlməz sözlər deyirdi"

Axşam evə gələndə hər şeyi anama danışdım. Anam İlqarın anası Ağgülə zəng vurub: "Oğlunu yığışdırmasan, polisə verəcəyik" dedi. Ağgül: "Polisə verməyin, nömrəni alıb qaytararam, bir də oğlumun Rəfiqə ilə işi olmaz" dedi.
Bundan sonra İlqar qohumlarıma zəng vurub mənim barəmdə xoşagəlməz sözlər danışırdı. Bir dəfə Şirəli ona İlqar adlı bir nəfərin zəng vurduğunu və sonuncunun kim olduğunu məndən soruşdu. Şirəliyə İlqarla münasibətlərim barədə danışdım.

Dekabrın 21-də İlqar yenə mənə zəng vurub hədələdi, iş yerimə gəlib Şəfa həkimlə danışdı. Odur ki, İlqarın anasına zəng vurub oğlunun hərəkətlərini dayandırmasını xahiş etdim. Həmin gün ikinci növbəyə işə gedərkən Şirəli zəng vurub hal-əhval tutdu, axşam bizə gələcəyini dedi. Ona işdə olduğumu, saat 21-də çıxacağımı söylədim. Şirəli isə gəlib məni özü işdən götürəcəyini bildirdi. Ona dedim ki, İlqar buralarda fırlanır, evə gələrsən. Axşam növbəsindən çıxıb evə gedərkən Şəfa həkim zəng vurub İlqarın xəstəxananın həndəvərində fırlandığını, ehtiyatlı olmağımı tapşırdı.

"Hər şey qurtardı"

Evə çatanda İlqar qarşıma çıxıb boynumdan tutaraq məni binanın qaranlıq girişinə sürüdü, boğazıma bıçaq dirəyib: "Telefonu söndür, hər şey qurtardı" dedi. Bu vaxt haradansa Şirəli gəlib çıxdı və "qızı burax" deyib, İlqarı bıçaqla vurmağa başladı".

Bakı Ağır Cinayətlər Məhkəməsi Şirəli Hacıyevi 11 il müddətinə azadlıqdan məhrum edib.

Hacı Zeynalov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm