Tanınmış sənətkar: “Dedilər, vəziyyəti ağırdır, aparın” – FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Tanınmış sənətkar: “Dedilər, vəziyyəti ağırdır, aparın” – FOTOLAR

Muğamatın ağası sayılan Seyid Şuşinskinin həyatda qalan üç tələbəsindən – Zeynəb Xanlarova və Əlibaba Məmmədovla birgə – biri olan xanəndə Təvəkkül Musayevi arayıb-axtarmaq mənim üçün o qədər də asan olmadı. Ustad sənətkarın sorağını gah Bakıdan, gah da Füzulidən aldım. Hər dəfə də onu görüşə çağıranda bir bəhanə ilə söhbətdən yayındı. Nəhayət ki, 77 yaşlı sənətkarı yola gətirə bildik. Əslində, onu heç qınamağa da dəyməz, torpaqdan aralı düşən insana keçmişini xatırlamaq sizə o qədər də asan gəlməsin. “Füzulisiz Füzulidən nə danışım, o xatirələri yada salmaq mənə əzab verir”, – deyən xanəndəni əziyyətə saldığım üçün çox utandım. Hər kəlməsinin başında kövrələn, gözləri dolan, hətta hönkürüb ağlayan müsahibimə təsəlli üçün söz də tapmadım. Amma özü məni bu əziyyətdən qurtardı: “Qızım içimdə bir ümid var, əminəm ki, bir gün Füzuliyə qayıdacağam”.

“Vicdanımı, namusumu, qeyrətimi orda qoyub gəldim”

Söhbətə şeirlə başladı:

“Neçə ildir çaylar axar, çağlar mənsiz,

Buz bulaqlar için-için ağlar mənsiz,

Darıxıbmı güllər mənsiz, dağlar mənsiz,

Dağlar üçün, güllər üçün darıxmışam.

Səhər-axşam dolaşmaqdan doymadığım,

Gəzmədiyim bir qarış yer qoymadığım,

Laləsini qoparmağa qıymadığım,

Göy çəmənli çöllər üçün darıxmışam.

Ocağında bu dünyaya göz açdığım,

Qucağından pərvazlanıb, tez uçduğum,

Hara olsa, xatırlayıb, söz açdığım,

Doğma-əziz yerlər üçün darıxmışam.

Qayalardan qırat kimi çapıb gələn,

Öz səmtini, axarını tapıb gələn,

Qarşısına hər nə gəldi alıb gələn,

Həşəmətli sellər üçün darıxmışam.

Ay ellərim qurbanınız olum sizin,

Bir də düşə qapınıza yolum sizin,

Qoy dolansın boynunuza qolum sizin,

Sizlə keçən illər üçün darıxmışam,

Orda keçən illər üçün darıxmışam.

“Könlüm keçir” deyəndə nələr yada düşmür, a qızım, bunu bir Allah bilir, bir də mən. Beyləqandan keçəndə bir alaqapı var, üstündə yazılıb: “Füzuli”. Əslində, bütün rayonlarda bu alaqapıdan var. Hər dəfə oradan keçəndə maşını bir qırağa çəkib ağlayıram. Saatlarla özümə gələ bilmirəm. İndi də mənə ağırdır Füzulidən uzaqda Füzulidən danışmaq. Xətrinə dəyməsin, bu mövzuda o adamla danışaram ki, o adam da mənim kimi qəribdir, torpağından aralı düşüb, məni ürəkdən anlayar. O yerlərdə nəyimi qoyub gəlmədim ki? Vicdanımı, namusumu, qeyrətimi – nəyim varsa, orda qoyub gəldim. Bir quru canımı götürüb gəlmişəm, qoca kişiyəm, bu can da kimə lazımdır ki?”

“Evimin qapısını açıq qoyub gəldim”

“Biz rayon mərkəzində yaşayırdıq. Füzuli işğal olunan gün mən rayonda, dərs dediyim məktəbdəydim. Xəbər gəldi ki, bəs, canınızı götürüb qaçın, ermənilər girdi şəhərə. Onda mən Füzuli incəsənət məktəbinin direktoru idim. O məktəbi də mən yaratmışam. Böyük uğurları olan məktəbdir. Qocaq Əsgərov, Eldəniz Zeynalov, Elnur Məmmədov, Samir Cəlilov hamısı mənim tələbələrimdirlər.
Məktəbin həyətində ikimərtəbəli evim vardı. Füzulinin icra başçısı özü mənə demişdi ki, məktəbin həyətində özünə bir ev tik. Sağ olsunlar, rayonda hər kəs mənə hörmət edirdi. Nə isə, ermənilərin gəlməsi xəbərindən sonra hamı qaçmağa başladı. Çünki başqa yol yox idi. Mən də evimin qapısını bağladım, açarını da üstündə qoyub getdim. Bağlamadım qapını, fikirləşdim ki, içəri girmək üçün qapını sındıracaqlar, elə bundansa, qoy açıq qalsın”.

“Erməni komandiri evimdə yaşayır”

“Sonradan mənə dedilər ki, bəs, evimizin yanında olan bütün tikililər yandırılıb, xarabazarlığa çevrilib, amma mənim evimə dəyməyiblər. Öyrəndim ki, ermənilərin batalyonu orda məskunlaşıb və erməni komandiri evimdə yaşayır. O evdə yaşamaq üçün hər cür şərait vardı. Bu, dəhşətdir”.

“Füzulidən bir tək atamın şəklini götürüb çıxdım”

“O evdən heç bir şey götürüb gəlmək istəmədim, torpaqdan əziz nə ola bilərdi ki?.. Torpağımı özümlə götürüb gələ bilmirdimsə, nəyimə lazım idi hansısa əşya? O ikimərtəbəli evdən bir tək atamın şəklini götürüb çıxdım. Amma atamın məzarını özümlə gətirə bilmədim. Bu gün atam öz torpağında uyuyur, amma mən öz torpağımda qala bilmədim”.

“Bir qadın özünü maşınımın qabağına atıb saçını yoldu ki…”

“Ermənilərin Füzuliyə girməsini, ordan çıxmağımızı – kəsəsi, o müsibəti dillə demək çox çətindir. Bir dəhşətli hadisəni heç cürə unuda bilmirəm. Erməni tankları qəfil şəhərə girdiyindən çox adan evini tərk edə bilməmişdi. Yadımdadır ki, bir qadın özünü maşınımın qabağına atıb saçını yoldu ki, balalarım kənddə qalıb, gedək onları çıxarıq, yoxsa erməninin əlinə keçəcəklər. Həmin vaxtda da qadın yuxarı kənddən – erməni o kəndi ala-ala gəlirdi – şəhərin mərkəzinə gəlibmiş, bir onda eşidir ki, artıq kəndi ermənilər tutub”.

“Yalvarırdı ki, balalarımı erməninin əlindən al”

“Ölümümü gözüm önünə gətirsəm də, maşını geriyə döndərdim ki, gedib uşaqları kənddən çıxarım – qadın yalvarırdı ki, balalarımı erməninin əlindən al. Təsəvvür edin, erməni tankları bizə sarı gəlir, mən də qadını maşina qoyub o istiqamətə sürürəm. Ağlaşa-ağlaşa qaçan insanların vay-şüvəni ərşə qalxıb. Əsgərlərimiz məni buraxmadılar ki, əşi, qaçın canınızı qurtarın e, hara gedirsiniz?

Orda yaşanan bütün hadisələri xatırladıqca adamın damarda qanı donur. Yada salmaq özü bir əzabdır. O hisləri yaşayıb, görən adamla bu xatirələri bölüşmək mümkündür”.

“Məni bugünədək yaşadan o ümiddir, yoxsa…”

“Yuxuma tez-tez girir o yerlər. Özü də çox qəribədir ki, Füzuli həmişə mənim yuxuma əvvəlki görkəmində girir. Meşələri, çayları, bulaqları əvvəlki kimidir. Ümid sonuncu ölür axı, həmişə içimdə bir ümid olub ki, o yerlərə qayıdacağam. Məni bugünədək yaşadan da o ümiddir, yoxsa, çoxdan məhv olmuşdum”.

“Füzulinin hər tini-bucağı cənnətdir”

“Ən xoş günlərim Füzulidə keçib. Bakıda yaşamışam, amma hər yay üç ay tətili orada keçirirdim. Füzulinin təbiətinin bənzəri yoxdur. Rayon var ki, arandır, rayon var, dağdır. Füzuli elə bir rayondur ki, aranı da var, dağı da. Meşələri, bulaqları, düzləri – hansı birini deyim – hər tini-bucağı cənnətdir Füzulinin”.

“Allahın altında, Köndələn çayının qırağında qarğıdan ev tikəydim”

“Bir dəfə uşaqlıq dostum, keçmiş millət vəkili Məmməd Məmmədovla Füzulidən danışırdıq, ona dedim ki, qağa, bir arzum var: Allahın altında, Köndələn çayının qırağında qarğıdan bir çovustan tikdirim, palçıqla suvayıb orda yaşayım. O evdə nə telefon olsun, nə televizor, nə də işıq. Gecələr lampa yandırım, səhərlər Köndələn çayında balıq tutum. Məmməd qayıtdı ki, qağa, sən ora gedib bu dediklərini edəcəksən, amma sağına-soluna baxıb heç kimi görməyib darıxacaqsan. Gördüm ki, düz deyir. Uşaqlıq dostlarımdan üç nəfər qalmışıq – mən, Məmməd, bir də İnşaat Universitetində dərs deyən Ağakişi müəllim. Tez-tez yığışıb dərdləşirik, elə sözümüz-söhbətimiz Füzulidir. Vaxt vardı, biz tələbəlikdə Bakıda erməni evində kirayə qalırdıq, amma fələyin işinə bax ki, indi ermənilər bizim evdə yaşayır”.

Seyid Şuşinski ilə bağlı xatirələr

“Füzuli torpağı Seyid Şuşinski kimi nəhəng bir sənətkar yetişdirib. Onu da deyim ki, mən Seyid Şuşinskinin ən sevimli tələbəsi olmuşam. Bunu hər kəs bilir. Biz ona Ağa deyə müraciət edərdik. Ağa Füzuliyə gələndə növbə yaranardı, kənd camaatı onu evinə qonaq aparmaq üçün, az qala, yalvarırdılar. Bir dəfə rayonun xanəndəsinin xahiş-minnətindən sonra onlara getməli olduq”.

“Dedi, plov əla idi, amma sən yaxşı oxuya bilmirsən”

“Ağa oturdu, yedi-içdi, xanəndəyə üzünü tutub belə dedi: “Plov əla idi, amma sən yaxşı oxuya bilmirsən”.

Bir gün yay vaxtı idi, Ağa məni Şuşaya çağırmışdı, Bakıdan ona bir şey aparmalı idim. Getdim Şuşaya, onda Ağa sanatoriyada qalırdı. Mənə də bir otaq verdilər, qaldım orda. Səhər saat altı olardı, Ağa qapımı döydü və mənə “ardımca gəl” deyib göstəriş verdi. Mən də başa düşmürəm ki, bu kişi səhərin alatoranlığında hara gedir görəsən. Özü də zəhmli kişi idi, heç nə soruşa bilmirdim. Getdik bir qayanın başına çatanda dayandı. Mən də onu kənardan izləyirdim. Xeyli dayanandan sonra məni yanına çağırdı və soruşdu ki, bilirsən, bu vaxt səni niyə bura gətirdim? Dedim, yox. Qayıtdı ki, Şuşada belə hava yalnız bu vaxtlarda məhz bu qayalıqda olur”.

“Həkimlər dedi ki, ağırdır, aparın Füzuliyə”

“Yadıma düşmüşkən, qoy, bir hadisəni də danışım. Bir dəfə Bakıda Ağanın vəziyyəti pisləşdi və həkimlər məsləhət gördülər ki, təcili onu öz rayonuna aparaq. Onu qatarla Füzuliyə gətirirdim, özüm də kişinin başının üstündə oturub gözləyirdim. Gözləri yumulu, Allaha yalvarırdım ki, ölməsin, rayona çatdıra bilim. Bax, elə ağır durumdaydı. Qəfildən kişi gözüyumulu dedi ki, bura Qazılıdır? Təsəvvür edin, Füzulinin havası dəyən kimi ölüm ayağında olan Ağa özünə gəlmişdi. Bax, Füzuli, belə bir can dərmanı olan havaya malik rayon idi”.

“Füzulidə dəstə-dəstə xarıbülbül yığmışam”

“Deyirlər ki, xarıbülbül Şuşadan başqa heç yerdə bitmir. Məsləyim haqqı, Füzulidə dəstə-dəstə xarıbülbül yığmışam. Füzulinin Qacar kəndi var, orda torpaq yolla gedirdim, qəfil o gülləri gördüm. Yığıb Füzulinin katibinə verdim. Dedim ki, bəs, deyirlər xarıbülbül Şuşadan başqa heç yerdə bitmir? Bax, bu da xarıbülbül”.

“Qeyrətli, ağayana kişilər vardı Fizulidə”

“- Harda dağ var, təbi özü başdadır,

Fikri-zikri dərədi-daşdadı,

Qocalıqdan sayma hələ həştadı,

Ömrün hələ doxsanı var, yüzü var.

77 yaşım var, amma içimdə bir ümid var ki, Fizulidə atamın qəbrini mütləq ziyarət edəcəyəm. Allah ölənlərinə rəhmət eləsin, atam öləndə məni yanına çağırdı. Gözümün içində baxıb dedi ki, mən öləndə özünü tox tut, ağlama. Qayıtdı ki, bütün arzularıma çatmışam, amma bir şeydən nigaranam. Soruşdum ki, nədəndir nigarançılığın, ağladı. Özü də atam çox məğrur adam idi. Heç vaxt onun göz yaşını görməmişik. Amma bu sözləri deyəndə yaş kipriklərində damla kimi göründü. Qayıtdı ki, bala, heyf ki, sənin səsini eşitmədim, deyirlər, yaxşı oxuyursan. Atam mənim xanəndə kimi oxumağımı eşitməmişdi. Həmin ərəfədə tək bircə dəfə qonşu toyunda oxumuşdum, onda da atam bəhanə ilə evdən çıxıb qohumugilə getmişdi. Kişidə məğrurluğa bax e, ona görə gedibmiş ki, birdən oxuyanda səsim kal çıxar, ya nəsə baş verər, qonum-qonşu içində biabır olar. Bax, elə mərd, özünə hörmət edən, qeyrətli, ağayana kişilər vardı Füzulidə. Atam mən toyu oxuyub qurtarandan sonra kəndə qayıtmışdı”.

“Hayıf səndən ay Fizuli, hayıf”

“Xəyalımda o yerlərdə imarətlər qurub, içində yaşayıram. O imarətin həyətində ağaclar əkirəm, gül-çiçək yetişdirirəm. Hayıf səndən, ay Füzuli, hayıf… (ağlayır)

Bir gün bu dünyamız mənsizləşəndə,

Məni xatırlayın yeri düşəndə,

Sönükmüş tonqalın külün eşəndə,

Çıxsa qor altından köz mənimkidir.

Yanıb-yaxılmağım çox olub, neynim,

Qalxıb-yıxılmağım çox olub, neynim,

Məcnunam, bir şirin dünyadı Leylim,

Dünyadan doymayan göz mənimkidir”.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm