Azərbaycanlı müğənnini silahla vurdular - Video, Fotolar
Bizi izləyin

Könlüm keçir

Azərbaycanlı müğənnini silahla vurdular - Video, Fotolar

“Mərmi dovğa qazanına düşdü, yaralandım”

Xanəndə Eldəniz Məmmədova deyəndə ki, “Könlüm keçir” layihəsində Qarabağdan danışacağıq, heç vədələşməyə macal vermədi. “Bu saat ordayam”- deyib, sözümü ağzımda qoydu. “Şəkillərini də götür gəl ha!” “Şəkillərimin hamısı Sərdərlidə qaldı, amma sənə kəndimizdə - Kəhrizdə çəkilən və heç yerdə olmayan bir video görüntü gətirəcəyəm"- dedi: “Əsgərlər o qaçhaqaçda çəkiblər…”

“İslam Rzayevin kəndi kimi tanınırdı Sərdərli”

“Fizulinin Sərdərli kəndindənəm. Balaca kənd idi, amma sayılıb-seçilən adamlar çıxmışdı Sərdərlidən. İslam Rzayevin kəndi kimi tanınırdı o kənd. Milli qəhrəmanlar, professorlar yetişdirmişdi Sərdərli. İndi sən soruşursan, mən utanıram kəndimizdən danışmağa. Çünki, o kəndin dili olsaydı, bəlkə də mənə deyərdi ki, ə, məni mənsiz xatırlamağa necə dilin gəlir? İndi qalıb erməninin əlində, mən də burda Bakıda yaşaya-yaşaya orda keçirdiyim günləri xatırlayıram. Amma inan Allaha, o gün olmaz ki, mən Sərdərlini yadıma salmayım. Bakının küçələrini gəzəndə çox vaxt özümü o kənddə hiss etməyə çalışıram. Bəzən gözümü yumub, xəyallar qururam. Kəndimizdə atamdan xəlvət futbol oynamağımı, qoyun otarmağımı, toyda oxuyub şabaş yığmağımı yadıma salıram. Ömrümün ən yaxşı çağları keçdi o kənddə. 17 yaşım olanda çıxdıq ordan”.

“Anam Bakıda Fizulinin havası ilı yatıb-durur”

“Anamla oturub tez-tez o yerlərdən danışırıq. Deyir Eldəniz, bala, bəlkə o yerlərdən danışmasam, gözümün qabağına gətirməsəm, ürəyim partlayar. Kiçik çillə girəndə Bakıya qar yağdı axı, gördüm anam xəlvətliyə çəkilib ağlayır. Xəbər aldım ki, ana, noolub, yenə yadına kim düşüb? Dedi bala, Sərdərlidə əmanət qoyub gəldiyimiz qəbirləri fikirləşirəm. Nənənin, babanın qəbirlərinin üstünü qar alıb indi, üşüyürlər. Hər axşam televizorda “Xəbərlər”dən sonra hava proqnozu verirlər ha, inan, anam birini də gözdən qoymaz. Fizulidə olan havanın temperaturu ilə maraqlanır. Deyir, Eldəniz bala, indi Sərdərlidə, evimizin qabağında buz sırsıraları sallanır, şaxta sümüklərə qədər işləyir… Bakıda oturub, Fizulinin havası ilə yaşamaq dəhşətdir. Anam hər gün o havayla yatır, o havayla da yuxudan oyanır. Təsəlli də verə bilmirəm”.

“Bir gecənin içində Fizuliyə 400-500 qrad atdılar”

“Arış, Qoçəhmədli, Sərdərli - bu üç kənd bir-birinə çox yaxındır. 1988-ci ilin əvvəli olardı, onda hələ dava başlamamışdı, torpaqlar alınmamışdı, xəbər gəldi ki, bəs ermənilər Arış kəndindən bizə sarı təklülə ilə atırlar. Heç nə başa düşmürdük. Üstündən bir-iki həftə də keçdi, yenə kənd camaatı atışma səsləri eşitdi. Bu dəfə artıq erməni təklülədən avtomata keçmişdi. Dağın başından üzüaşağı atılan bu güllələr elə dağa-daşa dəyirdi. Camaat gördü ki, yox e, burda nə isə var. Elə bil ayıldılar. O vaxta qədər heç ağıllarına da gəlməzdi ki, ermənilər müharibəyə başlayar. Belə-belə, həftələr aylara keçdi, artıq Sərdərli, Arış, Qoçəhmədli hər gün avtomat səsinə yuxudan durmağa başladı. Mən onda Qarğabazarı kəndindəki məktəbdə oxuyurdum. Amma dərs-zad eynimizə deyildi, artıq müharibə başlanmışdı. Bakıdan xeyli cavan könüllü vuruşmağa gəlmişdi.

Qarğabazarında Politexnik İnstitutunun bir dəstə tələbəsi topçu kimi döyüşürdü. Mən də onlarla dostlaşmışdım. Tez-tez onların yanına posta gedirdim. Əsgərləri hərdən yığıb evimizə gətirirdim ki, yuyunsunlar. Deməyim odur ki, komandirdən tutmuş əsgərlərə qədər hər kəs məni tanıyırdı. Bir dəfə məktəbdən çıxırdım, gördüm komandir bir dəstə könüllü ilə Fizulinin döyüş ərazisinə gedir. Maşını saxladılar, mənə dedilər ki, bəs oradakı əsgərlərə yemək aparırıq, gedirsənsə, sən də bizimlə gəl. Atam da çox zəhmli adam idi, həm də məni qoruyurdu. İndi atadır də, qorxurdu, çünki vəziyyət çox pis idi. Nə isə, atamdan xəlvət komandirə qoşulub döyüş ərazisinə getdim. Gələndə gördük ki, qızğın atışma gedir. Aləm qarışmışdı, təsəvvür elə, bir gecənin içində Fizuliyə 400-500 qrad atdılar. Ermənin bir tankını da bizimkilər vurdu. Qradın biri ratsiyanın üstünə düşdü, kabel alışdı. Mən söndürdüm o yanğını və ratsiyanı bərpa elədim. Səhərə qədər atışma davam elədi, uşaqlardan ağır yaralananlar oldu. Qanı axan kim, ağrıdan bayılan kim. Ölümlə üz-üzə dayanmışdıq. Ayağımdan yaralandım, qanı saxlamaq olmurdu. Səhərə yaxın məni Qarğabazarında yaşayan bacımgilə apardılar”. Yatırdılar, gəlməyimdən xəbərləri də olmadı. İlk dəfə olaraq mən postda dəhşətlərin şahidi oldum”.

“Erməni daşı necə atdısa xalam qızını qan apardı”

“Anam Xocavəndin Axunlu kəndindəndir. Bir dəfə xalam qızı ilə kəhrizdən su gətirməyə getmişdik, atın belində. Axunlunun da məktəb direktoru erməni idi. Hələ davanın təzə-təzə başladığı vaxtlardan danışıram. Bir də gördük bir dəstə saqqalı oğlan, başda da bu direktorun oğlu, qarşımızı kəsdilər və başladılar xalam qızına ilişməyə. Xalam qızı da dilli idi, onların cavabını verdi. Direktorun oğlu yerdən bir daş götürüb bizi daşlamağa başladı. Daşın biri xalam qızının ayağına dəydi və qızı qan apardı. Atın üstündə güclə qaçıb canımızı qurtardıq”.

“Ermənilər başını məngənəyə salıb kitab kimi yapışdırmışdılar”

“Çox dəhşətlərin şahidi olmuşam. Anamgilin kəndində - Axunluda Qəhrəman adlı bir oğlan vardı. Adı kimi özü də qəhrəman oğlan idi. Ermənilər onun başına pul qoymuşdular. Yadımdadır ki, Qəhrəman ermənilərə qan uddururdu. Amma ermənilər onu min bir çətinliklə tutub öldürmüşdülər. Onun ölümü bütün kənd camaatını sarsıtmışdı. Hələ də qulağımda o səs qalıb. Xəbər gəldi ki, Qəhrəmanın meyitini alıb, gətirirlər. Təsəvvür edin, üç-dörd ay sonra onun cəsədini vermişdilər. Cəsəd bir halda idi ki, onu təsvir etmək belə dəhşətdir. Onun başını məngənəyə salıb kitab kimi yapışdırmışdılar”.

“Meyiti gətirəndə polislər də gəlmişdilər, çünki camaatın qabağında durmaq olmurdu”

“Qadınlar, analar-bacılar saçını yolub, üz-gözlərini cırırdılar. Camaatı saxlamaq olmurdu, təsəvvür edin, Fizulidən polisləri yığıb gətirmişdilər, çünki insan axınını saxlamaq mümkün deyildi. Onu torpağa tapşıranda ağlaşma səsindən qulaq batırdı”.

“Sərdərlinin toyunda mütləq dava düşərdi”

“Kəndimizin toylarının yerini heç bir toy verməzdi. Mən elə uşaqlıqdan toylara gedib oxuyardım. Bolluca şabaş yığardım-300-500 manat. O vaxtın pulu ilə çox böyük məbləğ idi bu. Gətirib atamgilə verirdim pulu, amma özümə də xərclik verirdilər. Sərdərlinin özünəməxsus toy adətləri vardı. Toyda bəy tərifi olardı, gecə yarısına qədər. Mən edərdim bəy tərifini.

Yaxşı olur qızılgülün butası,

Gəlib xələt versin, bəyin atası…

Qonum-qonşu, qohum-əqrəba hər kəs gətirib şabaş verərdi. Çemodanla pul yığılardı toyda. Axşam vaxtı toya fasilə verilərdi. Kənd camaatı gedib malını-qoyununu örüşdən gətirərdi, sonra təzədən toy qızışardı. Özü də o vaxt kəndimizdə adət idi, yığılan şabaş xanəndəyə verilərdi. Amma indi həmin şabaş toy yiyəsinə qalır. Bir də qoy onu da deyim. Kənd toylarında həmişə dava düşərdi. Davasız toyun dadı-duzu olmazdı. Aslan adlı oğlan vardı kəndimizdə, çox davakar idi. Davakar deyəndə ki, qabağından yeyən oğlan deyildi. Kimin ixtiyarı nə idi kəndimizdə bir adama söz atsın, o saat Aslan həmin adamın axırına çıxardı. Toylarda o qədər qızları bəyənib sonradan gəlin edərdilər ki…”

“On məktəb dəyişdim, hərəsində də on qız sevdim”

“Elə toylar məni kənddə məşhur eləmişdi. Yaxşı pul qazanırdım, yaxşı əyin-baş alıb geyinib kənddə şellənirdim. Demək olar ki, on məktəb dəyişmişəm, hərəsində də azı on qız istəyirdim. Atam yazıq, məni gah o məktəbə qoyurdu, gah da bu məktəbə. Nadinc idim, dərsə davamiyyətim çox pis idi. O qədər nadincliyimin üstündə atam məni döyüb ki… Çox sərt idi atam. Allah rəhmət eləsin, müəllim idi, Bakıda dünyasını dəyişdi. Qardaşının fikrini çox çəkirdi. Əmim orda şəhid olmuşdu axı. Atam içində çox dərd çəkirdi. Torpaq itkisi ilə heç cürə barışmaq istəmirdi. Atamın ən böyük arzusu Sərdərlidə dəfn olunmaq idi. Arzuya baxın e….(Göz yaşına hakim ola bilmir, amma onu sakitləşdirmək üçün söz də tapa bilmirəm-C.S)

Özü də atam məni döyən kimi qaçıb girirdim çarpayının altına. Atam nə qədər eləyirdi məni oradan çıxara bilmirdi. Anam yazıq atama yalvarırdı ki, sən Allah, uşaqla işin olmasın. Özü də döyülməklə özümə yığışmırdım ha! Nə isə, nadincliyimin üstündə yaxın kəndlərin hamısında oxumuşam. Hər məktəbdə də azı on qız sevmişəm. Kənd yerində o vaxtlar qıza yaxınlaşım, əlindən tutum, söz atım-belə şeylər yox idi. Elə ondan-bundan xəbər yollayardıq, məktəbdə də bilərdilər ki, filankəsi filankəs istəyir”.

“Novruzda təkər oğurlayıb yandırardıq”

“Uşaq vaxtı qızlar məni çox döyürdü. Dəcəlliyimin üstündə qızların çoxu heç məni bəyənmirdi də. İkinci sinifdə oxuyurdum, üç bacıya söz atdım. Qızlar bir az məndən böyük idilər. Qış idi, bu bacılar birləşib məni bir günə qoydular, əllərindən güclə qaçıb qurtardım. Qonşumuzda gənci müəllim vardı, Bakıdan maşın üçün ehtiyat hissələri gətirib satırdı. Hamısını da arvadı Ofeliya xala satırdı. Biz ona Ofan xala deyirdik. Novruz bayramı olanda onun həyətindən təptəzə kamaz təkərləri oğurlayıb yandırardıq.”

“Erməninin atdığı qrat anamın dovğa qazanına düşdü”

Sərdərlidən axırıncı dəfə anamgil çıxıblar. Anam danışır ki, atışma, qırğın düşüb. Amma anamgilin çıxmaq fikri olmayıb. Anam həmin gün dovğa bişiribmiş, amma heç dadına da baxmayıblar. Nə təhər atıblarsa, qratlar evimizin bir tərəfini, qarajımızı dağıdıb. Anam balon-zad bağlamışdı, hamısı sınıq-sınıq olub bir-birinə qarışıb. Elə o çıxan çıxmışdılar. Anam danışır ki, evdən çıxanda bilməyib nəyi götürsün. Heç götürə də bilməyib. Elə doqqazdan çıxanda dönüb qapı-bacamıza baxıb. Elə bil ürəyinə damıb ki, bu son gedişdir. Anam deyir ki, Eldəniz, həmin vaxt evimizin-eşiyimizin şəklini gözümlə çəkirdim ki, özümlə Bakıya apara bilim. Yazıq anam, həmin nisgili ürəyinə köçürüb gətirdi. Xeyli vaxt ağlamaqdan gözünün yaşı da qurudu. Elə bilirdi ki, Bakıya gələndən sonra yenidən qayıdacağıq kəndimizə. O gözləyən hələ də gözləyir. Həmişə kəndimizdən, evimizdən danışır. Allah erməninin evini yıxsın, evimizi başımıza uçurdu-deyir. Öz-özünə danışır. Deyirəm ana, kiminlə danışırsan, deyir, ürəyimlə. Biz kənddə əmimgillə bir böyük evdə yaşayırdıq. Üçmərtəbə ev idi, yarısında onlar qalırdı, yarısında biz. 15 otaq idi, yarısı onların idi, yarısı bizim. Əmimin uşaqları ilə o qədər gözəl günlərimiz olub ki.

10 manata böyürtkən oğurluğu...

“Onlarla böyürtkən yığmağa gedərdik. Evimizin qabağından çay keçirdi. O çayın o biri üzü təpəlik idi. Təpəyə çıxıb böyürtkən yığardıq. Bir dəfə babam dedi ki, Eldəniz, bir vedrə böyürtkən yığıb gətirsən, 10 manat verəcəm. Mən də gedib əmim qızlarının yığdığı böyürtkənləri oğurlayıb, əvəzində babamdan çoxlu pul aldım. Uşaqlıqdır də… Əmim qızları bir də onda görüblər ki, yığdıqları böyürtkən yoxa çıxıb. Sonradan bilmişdilər ki, oğru mənəmmiş”.

“Sürünü aparıb 2-3 gün saxlanma məntəqəsinə saldılar”

“Məktəbimizdə Məhəmməd adlı şəkilçəkən vardı. Bütün kənd camaatının şəklini yalnız o çəkirdi. Əlimizə pul düşən kimi qaçırdıq üstünə ki, Məhəmməd əmi, gəl şəklimizi çək. Uzanardıq otluğa, dirsəklənib şəkillər çəkdirərdik. Onda dəb idi, hamı şəkil çəkdirəndə belə edirdi. Amma o şəkillərin birini də götürə bilmədik. Kaş, o şəklin biri əlimdə olaydı, baxıb-baxıb kəndimizin ətrini o şəkillərdən alardım.

İndi o yerlərdən mənə yadigar qalan yalnız bir video süjetdir. Əsgərlər çəkmişdi onu , dostum da mənə göndərmişdi. Kəndimizdə kəhriz vardı, orda tez-tez çimərdik. İnan o gün olmur ki, o video süjetə baxmayım. Kəhrizdən danışdım, yadıma bir şey düşdü qoy onu da danışım. Biz uşaq olanda qoyun otarmağa gedərdik. Özü də səbirsiz idim, çox vaxt yarımçıq qoyub qayıdırdım kəndə. Anam üzümü danlayırdı ki, ay bala, malı-heyvanı qoyub hara gəlmisən? Mən də deyirdim ki, qardaşım Zaur getsin. Bir dəfə qoyun-quzunu qoyub qayıtdım evə, bir onda xəbər gəldi ki, sürü kəndin üzümlüyünə daraşıb. Onda da 200 qoyun olurdu sürüdə. Bütün üzümlüyü dağıdıb pis günə qoymuşdu sürü. Yazıq anamgil onda nə qədər əziyyət çəkdilər mənim ucbatımdan. Sürünü aparıb 2-3 gün saxlanma məntəqəsinə saldılar. Atamgil pul verib çıxartdılar. Ziyana düşdük. O hadisəyə görə anam o qədər ağladı ki…

8 hektar üzüm sahəmiz vardı. Kolxozun planını verəndən sonra, qalan üzümü şərab zavoduna satırdıq. Yaxşı dolanırdıq”.

“Anamın qəbir arzusu...”

“Atam arzusunu yerinə yetirə bilmədi, kaş ki, anamın arzusu çin olsun. Anam doğmalarının yanında uyumaq istəyir. O gecə olmaz ki, anamın yuxusuna o yerlər girməsin. Mənim də yuxularıma girir kəndimiz. Yuxuda tut ağacını çırpıb tut yeyirəm, gah meşəlikdə qoz yığıram, futbol oynayıram. Heç elə bil o yerlər erməninin əlində deyil. Ayılıram ki, nə kənd, Bakıdayam. Ən gözəl illərimi orda keçirmişəm, o yerləri unutmaqmı olar? Elə bil içimdə ağır bir yük götürüb daşıyıram, o yükü nə vaxt yerə qoyacağım günü həsrətlə gözləyirəm. Hərdən xəyal qururam, gedib Sərdərlini gəzib qayıdıram. Elə səninlə indi kəndimizdən danışdıq, elə bil gedib oraları gəzib gəldim”.

Cəvahir Səlimqızı

Foto: Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm