Vaqif Qələndərli: “Qopmuş qolu yerinə tikdim...” – FOTOLAR
Bizi izləyin

Xüsusi

Vaqif Qələndərli: “Qopmuş qolu yerinə tikdim...” – FOTOLAR

Qadınlar hər zaman gözəl görünməyə can atıblar. Müasir dövrdə bunun üçün müxtəlif vasitələr var. Plastik əməliyyatlar bu vasitələrin ən geniş yayılmış formasıdır. Müəyyən yaş dövründən sonra nə qədər gözəl görünüşə malik olsan da yaş öz sözünü deyir. Deyirlər hər yaşın öz gözəlliyi var, amma insanlar zamanın qoyduğu izləri aradan qaldırmaq istəyir, bu məqsədlə də cərrahlara üz tuturlar.

İşini sevərək görən, xəstəsinin sevincinin puldan daha qiymətli olduğunu deyən, ən önəmlisi qarşındakının sadəcə bədənindəki qüsurları ilə deyil, ruhu ilə maraqlanan tibb elmləri doktoru Vaqif Qələndər Publika.az-ın "Kokteyl" layihəsinin bu sayında plastik cərrahiyyə ilə bağlı suallarımızı cavablandırıb.

- Əvvəlki illərlə müqayisədə azərbaycanlı xanımların estetik cərrahiyyəyə münasibəti dəyişib?

- Qadınlar hər zaman gözəl görünmək istəyir, amma plastik cərrahiyyə əməliyyatlarının keyfiyyəti, maddi-texniki bazası yüksəldikcə, avandanlıqlar müasirləşdikcə qadınların estetik əməliyyatlara həvəsi təbii olaraq artır. Sözsüz ki, getdikcə aparılan əməliyyatların nəticəsi də daha uğurlu alınır. Ümumiyyətlə, aparılan araşdırmalar göstərir ki, son illərdə bütün dünyada estetik əməliyyatların sayı çoxalıb.

- Xəstələr indi daha məlumatlıdır?

- İnternet istifadəçilərə hər hansı mövzu haqqında lazımlı informasiya toplamağa geniş imkan verir. Bu baxımdan bizə müraciət edən xəstələrin 50-60 faizi məlumatlı gəlir.

- Sizcə, qadınları estetik əməliyyat etdirməyə nə sövq edir? Daha dəqiq desəm, bunu özü üçün edirlər, yoxsa sevdiyi kişinin gözündə gözəl görünmək istəyindən qaynaqlanır?

- Əslində, hər iki faktor var. Bu, yaşa görə də dəyişir. Məsələn, müəyyən yaşdan sonra qırışlar, bəzi qüsurlar, artıq piylər, dəri sallanmaları ilk növbədə qadının özündə kompleks yaradır, həyat yoldaşının yanında əskiklik hiss edir. Adətən qadınlar kompleks hissindən azad olmaq üçün estetik əməliyyatlara üz tuturlar.

- Əvvəllər toya hazırlaşan qızlar özünə cehiz yığardı, pulunu lazım olan əşyalara xərcləyərdi. Müşahidə etmişəm ki, bu ənənə son illərdə bir qədər dəyişib. Məsələn, indi toya hazırlaşan qızlar cehiz almaq yerinə, estetik əməliyyat etdirməyə can atırlar. Bununla da qarşı tərəfin sevgisini qoruyub saxlaya biləcəklərini düşünürlər. Sizcə, ailənin uğurlu alınması üçün qadının gözəl olması həqiqətənmi vacib şərtdir?

- Ailənin uğurlu alınması üçün qadının gözəlliyi çox ciddi rol oyanır, amma mütləq şərt deyil. Mənim fikrimi bilmək istəyirsinizsə, əlbəttə ki, insanın zahiri görkəmini deyil, onun ruhunu, daxili dünyasını seçərdim. Çünki insanın ruhunu Allah yaradıb, bu isə hər şeydən üstündür. Əlbəttə ki, gözəl, yaraşıqlı insana vurulmaq olar, amma hər kəsin ruhuna aşiq olmaq mümkün deyil. Ona görə də ailə quran zaman özünün ruh əkizini, sözün əsl mənasında yarını tapmalısan. Əgər əsl sevgidən söhbət gedirsə, cüzi qüsurlar heç bir rol oynamır. Amma onu da etiraf etməliyəm ki, bədbəxt hadisə nəticəsində üzü tamamilə yanmış insanı sevmək inandırıcı səslənmir. Bizim əsas vəzifəmiz də belə insanları yenidən həyata qaytarmaqdır.

- Axı kişilər gözəlliyə aşiq olur.

- Haqlısınız, bununla bağlı sizə maraqlı bir əhvalat danışım. Bir dəfə yanıma avtomobil qəzası nəticəsində üzü tamamilə eybəcərləşmiş bir qız gəlmişdi. Qəzadan sonra qızın üzü çirkinləşdiyi üçün nişanlısı ondan ayrılmışdı. İki əməliyyatla qızın üzündəki qüsurları düzəldib onu əvvəlki halına qaytardıq. Əməliyyatdan bir neçə ay keçəndən sonra qız bir oğlanla birlikdə yanıma gəlmişdi, bütün kollektiv üçün tort gətirmişdi. Yanındakı oğlan ondan ayrılan nişanlısı idi. Əməliyyatdan sonra yenidən barışmışdılar.

- Qız o oğlanı bağışlamaqla düz eləyib?

- Oğlan tanınmış iş adamı idi. Bilirsiniz, daim göz önündə olan bir insanın üzü eybəcər hala düşmüş, göz yuvası dibindən aşağı çökmüş bir xanımla cəmiyyət içinə çıxmağa utanmasını müəyyən mənada başa düşmək olar.

- Sizcə, həyat yoldaşı gözəl olmayan kişilər daha çox xəyanət edir? Bir cərrah kimi bu barədə sizin fikrinizi bilmək maraqlı olardı.

- Dünyada 7 tip insan var. Hər insanın da özünün genetik xüsusiyyəti. Əgər poliqamik insandırsa, onun xanımı dünya gözəli də olsa yenə xəyanət edəcək. Onu da qeyd etməliyəm ki, xəyanətin səbəbləri müxtəlif olur. Bunlar artıq psixoloji məqamlardır.

- Mühafizəkar insanlar estetik əməliyyatlara necə baxır?

- Estetik əməliyyatları hələ də qəbul etməyən insanlar var və hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bir məsələdə var ki, kişini uzun və donqar burun narahat etmir, amma qız üçün belə deyil. Ümumiyyətlə, insanın xarici görünüşündə olan qüsurlar psixoloji kompleks yaradır və bunun özü də bir xəstəlikdir. Biz insanları bu xəstəlikdən xilas edirik.

- Bəs, əməliyyat lazım bilmədiyiniz xəstəniz olub?

- Bizə müraciət edən xəstələrin 15-20 faizini əməliyyat etməkdən imtina edirik. Çünki o adamların üz cizgiləri qaydasında olur və həqiqətən də əməliyyata ehtiyacları olmur.

- Tamamilə dəyişib başqa adam olmaq istəyən olub?

- Elələri də var, hətta özü ilə şəkil gətirib eyni ilə ona oxşamaq istədiyini deyənlər olur.

- İnsan niyə tamamilə dəyişmək istəsin ki?

- Belələri çox vaxt psixoloji problemləri olan insanlar olur.

- Qadınlar estetik əməliyyat etdirdiklərini niyə gizli saxlamağa çalışırlar?

- Bu, təbii haldır. Yaxınlarına onsuz da etiraf edirlər, sadəcə olaraq, başqalarına etiraf etməyə çəkinirlər. Bəzi məşhurlar var ki, Azərbaycanda əməliyyat olunsalar da xarici ölkələrdə əməliyyat etdirdiklərini deyirlər. Biz bütün bunları normal qarşılayırıq.

- Həqiqətən də türkiyəli həkimlərə müraciət edənlər də çox olur, yaxud da onlar tez-tez Bakıya dəvət olunur. Sizcə, bu, nə ilə bağlıdır? Onlar bizim həkimlərdən daha peşəkardır?

- Bizdə mütəxəssis azlığı var. Mən özüm də İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsini bitirmişəm. Bir çox klinikalar türkiyəli həkimləri Bakıya dəvət edib gətirə bilərlər, amma ən yaxşı mütəxəssisləri gətirə bilməzlər. Çünki onların işləri hədsiz çox olur, həm də ehtiyac görmürlər.

- Estetik əməliyyatlarda yaş məhdudiyyəti varmı? Neçə yaşından sonra etdirmək məsləhətdir?

- 16-18 yaşından tez etdirmək məsləhət deyil. Amma anadangəlmə, qəza nəticəsində yaranmış qüsurları əməliyyatla aradan qaldırmaq üçün yaş məhdudiyyəti yoxdur. Bu kimi hallarda xəstə nə qədər tez müraciət etsə, bir o qədər yaxşıdır.

- Estetik cərrahiyyədən çox danışdıq. Rekonstruktiv və mikro cərrahiyyə ilə bağlı sual vermək istərdim. Müasir tibb qopmuş əli, yaxud ayağı yenidən yerinə bərpa etməyə imkan verirmi və sizin təcrübənizdə belə bir hadisə olubmu?

- Plastik əməliyyat etdirmək istəyənlərlə yanaşı, rekonstruktiv əməliyyatlar üçün müraciət edənlər daha çox olur. Damarların, sinirlərin kəsilib bərpa edilməsi, anadangəlmə dovşandodaqlıq, qurdağızlılıq və bu kimi problemləri olan insanlar daha çoxdur.

Bəli, qopmuş qolu yerinə tikmək mümkündür. Mən özüm iki qol replantasiya etmişəm. Əməliyyatın biri Türkiyədə baş tutub. Türkiyədə iş qəzası zamanı bədbəxt bir hadisə nəticəsində qolunu dəzgah qoparmış 28 yaşlı xəstəni məşhur xəstəxanaların heç biri qəbul etmədikdən sonra Çara xəstəxanasına gətirmişdilər. Heç bir xəstəxananın qəbul etmədiyi xəstəni öz öhdəmə götürüb 8-9 saat ərzində onun tamamilə kəsilmiş qolunu yerinə tikdim. Bu əməliyyatı pulsuz-parasız etmişdim. Çox çətin əməliyyat olsa da, uğurlu alınmışdı. Bu hadisəni bütün türk mətbuatı işıqlandırmışdı. Amma 8 ildən sonra mənə zəng etdilər ki, klinikaya bir şəxs gəlib, 8 min dollar ödəyib gedib. Mən onunla əlaqə saxlayıb niyə bunu etdiyini soruşdum, dedi ki, sən mənə qolumu qaytarmısan, ömrün boyu sənə borcluyam. Həkim üçün bu sözlər puldan da dəyərlidir. Burun əməliyyatlarını, üzdəki qırışları aradan qaldırılmasını ciddi əməliyyat saymıram. Əsl plastik cərrahiyyə budur.

- Əməliyyatdan sonra qolunu sərbəst şəkildə, rahat hərəkət etdirə bilir?

- Bəli, qolunu rahatlıqla bükə, hərəkət etdirə bilir.

- Üzündə, bədənində ciddi qüsuru olan insanlar cəmiyyətdə normal qarşılanmırlar, bəzi çətinliklərlə qarşılaşırlar. Maraqlıdır ki, heç bir təmənnasız əməliyyat etdiyiniz xəstələriniz olub?

- Əlbəttə, çox olub. Keçən il Xızı rayonuna istirahətə yollanmışdım. İstirahət mərkəzində işləyən qüsurlu bir oğlan diqqətimi çəkdi, yaxınlaşıb onunla söhbət etdim. Söhbət əsnasında öyrəndim ki, uşaq vaxtı təndirə düşüb və nəticədə qulağı çiyninə yapışıb. Onu klinikaya çağırıb təmənnasız əməliyyat etdim. 3 əməliyyatdan sonra oğlanın qulağını çiyindən ayırdıq və normal həyata qayıtdı. Əməliyyat təmənnasız olsa da mənim üçün dünyanın ən böyük hədiyyəsini – kənd sovqatı gətirmişdi. Bax o sevincin dəyərini pulla almaq olmur.

Hamiləlik zamanı göbək ciyəsi uşağın ayağına dolanmış və böyük şiş əmələ gəlmişdi. Həkimlər uşağın ayağını kəsmək qərarı vermişdilər. Ailəsinin imkanı olmadığından klinikanın hesabına onu 3 dəfə mərhələli şəkildə əməliyyat etdim. Bu uşaq 21 ildən sonra dünyaya gələn ananın tək övladı idi. Biz o uşağın ayağını kəsmədən şişi aradan qaldırdıq, indi böyüyüb çox rahat da gəzə bilir. Yuxarıda dediyim kimi bizim üçün yeganə dəyər pul deyil, həkim də insandır, onun da vicdanı var.

- Xəstələrin əvvəlki və sonrakı vəziyyətində nə kimi dəyişikliklər olur?

- Əməliyyatdan sonra xəstələrin özünə inamı artır, özlərini çox xoşbəxt hiss edirlər. Bu, o insanların sosial həyatına da müsbət istiqamətdə təsir edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm