• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Elçibəy söz demək istəyəndə məndən icazə alırdı – Vurğun Əyyub

  • Xüsusi
  • 30 Oktyabr 2017 13:07
  • 9 940 Baxış
Elçibəy söz demək istəyəndə məndən icazə alırdı – Vurğun Əyyub

Publika.az Vurğun Əyyubla müsahibəni təqdim edir.

– Vurğun bəy, yaxınlarda 60 yaşınız oldu. Bu münasibətlə özünüzə geniş bir məclis keçirdiniz. Halbuki, sizi yubileylərə istehza eləyən adam kimi tanıyırdıq.

– Kəramət, qanını bir az da qaraltmaq üçün deyim ki, məclislər hələ bitməyib, davam edir. Bütün etirazlarıma baxmayaraq, haqqında danışdığın o məclisdən daha da genişini hazırlayırlar. Mən Ankaradan təzə gəlmişəm, əməliyyat keçirmişəm. Ona görə də yubileyə-zada həvəsim yoxdur. Amma tələbələrim, dostlarım təkid etdilər. Yubiley məclisinin təşkilində heç bir rolum olmayıb.

Doğrudur, yubileylərə istehza ilə yanaşmışam. Görünür, istehza eləmək bir şeydir, ona qarşı müqavimət göstərmək başqa bir şey. Kimin o məclislə bağlı iradı varsa, əziz Ehtiram İlhama, əziz Elnur Astanbəyliyə və digər dostlarımıza çatdırsın.

Yubiley məsələsində mənə böhtan atırlar. Mənim 60 yaşım-zadım yoxdur. Dostlarım 60 illik yubiley keçirib, əslində, məni biabır elədilər (Gülür). Təbii ki, bu bir zarafatdır. Amma ciddi bir şey deyim, xahiş edirəm, oxucu bunu adi söz kimi qəbul eləməsin. Mən əslində, çox yorulmuşam. Hərdən oturub fikirləşirəm ki, adam bu qədər yaşayarmı?

– Az yaşamaq da bir mədəniyyətdir... Belə?

– Mən çox dolu bir həyat yaşamışam. Məsələn, ali məktəbə qəbul olanda heç 16 yaşım yox idi. İnstitutu bitirib təyinatla Sabirabada getmişəm. Yad bir mühit, şagirdlərim özüm boyda, hətta boyca məndən böyük olanlar da vardı. 17 yaşımdan Asif Ata kimi bir adamla oturub-durmuşam, yoldaşlıq eləmişəm. Sabirabad kimi bir yerdə onunla görüş keçirmişəm. Daha sonra “Çənlibel”, xalq hərəkatı, siyasi fəaliyyət və s. Bəlkə bu qədər dolu bir həyat məni o fikirə gətirib ki, deyəsən, uzun yaşadım.

– Peşimansınız?

– Fəaliyyətimdə yəqin ki, səhvlərim var. Səhvsiz insan yoxdur. Amma peşiman olduğum heç bir işim olmayıb. 1993-cü ildən 2009-cu ilə qədər heç bir yerdə işləmədim. Amma bir adam deyə bilməz ki, nədənsə şikayətləndim.

– Heç bir yerdə işləmirdinizsə, bəs necə dolanırdınız?

– Bu sualı çox adam verir. Məsələn, sizin oxuduğunuz bir çox kitabların redaktoru mənəm. Amma kitabda başqa adamın adı gedir. Eyni zamanda müxtəlif layihələrdə iştirak eləmişəm və s. Mən Qarsa işləməyə getdim. Elə oldu ki, bir ayın içində beş min dollar qonorar aldım. Qarsda işləyirdim, burdan da redaktə üçün kitab göndərirdilər. Doğrudan, zəhmət çəkmişəm. Amma bir adam bilməyib ki, nə işlə məşğulam, necə yaşayıram...

– Vurğun bəy, siz müxalifətçisiniz?

– Buna şübhən var?

– Bəs Xəzər Universitetində işləyə-işləyə müxalifətçi olmaq çətin deyil?

– Mən hərəkatın ən qızğın dövrlərində – 1988-91-ci illərdə o vaxtkı Lenin adına Pedeqoji Universitetdə çalışırdım. Və heç vaxt işlədiyim tədbirs müəssisəsində siyasətlə məşğul olmamışam. Ümumiyyətlə, tədris müəssisəsini siyasətə qarışdırmağın qəti əleyhinəyəm. Universitetdən kənarda isə tələbə nə ilə məşğuldur, hansı siyasi dünyagörüşə tabedir, bu da onun öz işidir.

Xəzər Universitetində də siyasətlə məşğul deyiləm. Xəzərdən kənarda nə işlə məşğul olmağımla bağlı universitet rəhbərliyi bu günə kimi heç bir irad bildirməyib. Hamlet müəllimin özü də mənə deyib ki, universitetdən kənarda siz hansı siyasi fəaliyyətlə məşğulsunuz, hansı siyasi fikir söyləyirsiniz, onun bizə dəxli yoxdur.

– Söz düşmüşkən, Hamlet müəllim necə insandır? Onu necə xarakterizə edərdiniz?

– Təxribatçı sual verirsən. Amma cavab verim: əlimdə imkanım olsa, Hamlet İsaxanlını təhsil naziri qoyaram. Çünki bu adam təhsili çox gözəl bilir, ən yeni nailiyyətlərdən xəbərdardır. Və onları tətbiq etməyi bacarır. Ən əsası isə Hamlet müəllimlə mənim xarakterimdə uyğun gələn cəhətlərdən biri də odur ki, o da təhsildə rüşvət və tanışbazlığın qəti əleyhinədir. Bu, təhsil üçün çox vacib məsələlərdən biridir.

İkincisi, Hamlet müəllim bir ziyalı olaraq yüksək səviyyəlidir. Dil qabliyyəti, nitqi mükəmməldir. Ciddi mütaliəsi var. Bu yaxınlarda onun “525-ci qəzet”də Koroğlunun Amerikadakı “həyatı” barədə geniş bir məqaləsi çıxmışdı...

– Mənim 2011-ci ildə çap olunan “Çöl” romanımda da Koroğlunun Amerika səfəri barədə ayrıca bir hissə var...

– Hə, səhv eləmirəmsə, hansısa yazında bu barədə oxumuşam... Hamlet müəllimin özünə də dedim ki, bizim Koroğluşünasların çoxu sözbazlıqla məşğuldurlar, ortaya konkret bir araşdırma, tədqiqat qoymurlar. Və bu yazıya görə ona təşəkkür elədim. O da dedi ki, Vurğun, bu məqalə “525-ci qəzet” üçün populyar bir şəklə salınıb. Amerikanın nüfuzlu, sanballı bir jurnalında isə elmi tədqiqatın bütün tələblərinə cavab verən şəkildə çap olunacaq.

Mirzə Şəfi Vazehin Almaniyada çap olunan kitabı var. Mən bilirəm ki, Vazehdən namizədlik, doktorluq işi müdafiə eləyənlərin çoxu o kitabın üzünü görməyib. Amma Hamlet müəllim tamamilə başqa bir işlə əlaqədar Almaniyaya səfər edəndə gedib axtarıb, kitab mağazalarını gəzib, Vazehin o kitabını tapıb, öz cibinin pulu ilə alıb və kitabxanaya bağışlayıb. Hamlet müəllimin bir Azərbaycan ziyalısı olaraq, bu cür yüksək keyfiyyətləri var.

Bir dəfə qızım bura – Xəzər Universitetinə gəlmişdi. Oturmuşduq. Bir də gördüm qapı döyüldü. Hamlet müəllim içəri girdi, qızımla da görüşdü, oturdu, çay içdi, söhbət elədi. Gedəndən sonra qızım dedi ki, ay ata, bizim rektorun yanında on mühafizəçi dayanır, yaxınına getmək olmur, qəbuluna düşmək mümkün deyil... Hamlet müəllimdə belə şey müşahidə etməzsiniz. İstənilən bir tələbə dəhlizdə onu görə və dərdini deyə bilər.

Yeri gəlmişkən, dövlət universitetlərində rektorun bu vahiməli obrazını ilk dəfə Kamal Abdulla aradan qaldırdı, qapılarını tələbələrin üzünə açdı. Eşitdiyimə görə, Pedaqoji Universitetin rektoru Cəfər müəllim də tələbələr ilə Çin səddini aradan götürüb.

– Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olduğunuz vaxtlarda sizin də qəbulunuza düşmək asan olurdumu?

– Mənim qəbul saatım yox idi. Yəni qapımın ağzına yazılıb vurulmamışdı ki, sədrin qəbul vaxtı filan günlər filan saatdadır. Qapım hər zaman açıq olub. Oturduğum yerlə Politologiya İnstitutu qonşu idi. Bəzən valideynlərin suallarını cavablandırmaq üçün zəng edirdim, Politologiya İnstitutunun rektorundan xahiş edirdim ki, zalı açın, mənə bir saat lazımdır. Beş yüz nəfər yığılırdı, camaatın gözünün qabağında hamının suallarına cavab verir, problemlərini həll etməyə çalışırdım.

İşçilərim üçünsə bir qaydam var idi. İşiniz yoxdursa, burda oturub qeybətlə məşğul olmayın. Kitabxanaya gedin, ayrı işlərinizlə məşğul olun... Amma sizə tapşırıq verdimsə və vaxt qoydumsa ki, məsələn, bir həftəyə bu işi mənə verməlisən. Həmin vaxt ərzində işi verməsəniz, məndən inciməyin. Və görsəm ki, dəhlizdə boş-boş dayanıb qeybətlə məşğul olursunuz, o gün əmrinizi verəcəm.

Kəramət, yaxşı işçinin qədrini bilmək lazımdır. Düzdür, sənin kimi kaprizləri olan işçilər də olur. Amma işçinin qabiliyyəti varsa, sən onun kaprizlərinə dözmək məcburiyyətindəsən.

– Xəzər Universitetində maaşınız normaldır?

– Ümumilikdə təhsil işçilərinin maaşı ilə müqayisədə normaldır.

– Bayaq dediniz ki, Sabirabad kimi bir yerdə Asif Ata ilə görüş keçirdim. Sabirabad necə bir yerdir ki?

– Üç il Sabirabadda orta məktəbdə dərs demişəm. Sabirabad mənə çox şey verib. Bunu o mənada dedim ki, o zamana qədər Sabirabad camaatı içərisində filosofla görüş barədə təsəvvür belə yox idi. Afişada yazılanda ki, filosofla görüş var, çoxları soruşurdu ki, filosof nədir, nədən danışacaq? Təbii ki, ziyalı mühiti bilirdi, amma ümumən cəmiyyət içində filosof haqqında anlayış yox idi.

– Vurğun bəy, siyasətə necə gəldiniz? Bu barədə danışaq...

– 1974-cü ildə ikinci kursda oxuyurdum. Yadıma gəlir, Asif Atanın “Ulduz” jurnalında bir yazısını oxumuşdum. Bundan sonra atamla danışdım ki, bu adamı görmək istəyirəm. Və beləcə Asif Ata ilə görüşdüm. Bir müddət sonra Asif Ata mənə dedi ki, Səməd Vurğun haqqında bir yazı yaz. Mən də yazdım. Yazını oxudu və üstünə qeyd elədi ki, Vurğun Əyyub çox duyğulu qələmə malikdir.

Bir hadisəni də deyim. Həmin ərəfədə Səməd Vurğunun yubileyi idi, 70 illiyi keçirilirdi. Yazımı Asif Atanın rəyi ilə birlikdə “Ulduz” jurnalına apardım. Rəhmətlik Yusif Səmədoğlunun otağına girdim. Yusif yazının iki səhifəsini oxudu, öz üslubunda mənə təşəkkür elədi. Birinci dəfədir Vurğun adında adamla qarşılaşdığını və bunun ona xoş təsir bağışladığını bildirdi. Və dedi ki, yazını çap eləyə bilmərəm, çünki jurnalımızın səviyyəsində deyil. Mən zərrə qədər də Yusif Səmədoğlundan incimədim.

Beləcə, Asif Ata ilə çoxsaylı görüşlərimiz oldu. Demək olar ki, həftənin beş gününü bir yerdə olurduq...

– Onu peyğəmbər kimi qəbul edirdiniz?

– O vaxt Asif Ata hələ özünün peyğəmbərliyini elan eləməmişdi. Biz saatlarla ədəbiyyat, fəlsəfə, siyasət haqqında danışırdıq. Daha doğrusu, maraqlandığımız şeyləri soruşurduq, o da cavab verirdi, söhbət eləyirdi. Və bizim yollarımızı siyasət ayırdı. 1989-cu ildə Asif Ata mənə dedi ki, oğul, sən fəlsəfəyə davam elə...

– Sizi siyasət adamı kimi görmürdü?

– Siyasi düşüncəmin formalaşmasında Asif Atanın misilsiz rolu var. Amma özü siyasəti qəbul eləmirdi. Sonralar isə Əbülfəz Elçibəylə dostluğumuz məni siyasət aləmində daha da möhkəmləndirdi.

– Maraqlıdır ki, hamı Elçibəylə dostluğundan danışır... Doğrudan bu adamların hamısı onunla dost olub?

– Bəyin dostları, həqiqətən də çox idi. Amma bu dostluqda öz rollarını həddindən artıq qiymətləndirən bəzi adamlar da peyda olub. Məsələn, köhnə dostum Əkrəm Əylisli tez-tez deyir ki, bəyə belə dedim, belə məsləhət verdim və s. Elə danışırlar ki, sanki, həftənin hər günü Əbülfəz bəy bunların tövsiyyələrini, məsləhətlərini dinləməklə məşğul imiş...

– Əkrəm Əylisli ilə Elçibəy dost olmayıb ki?

– Əlbəttə, olub. Amma demək ki, Elçibəy prezident olanda otağına girdim, elə dedim, belə dedim... Bunların hamısı şişirtmədir. Sadəcə, Əbülfəz bəyin xarakteri elə idi ki, heç kəsə yuxarıdan aşağı baxmırdı, hər kəsi səbrlə dinləyirdi.

– Rüstəm Behrudi necə?

– Əbülfəz bəyin yanında Rüstəmin hörməti və ərki vardı. Amma güman eləmirəm ki, Rüstəm bəylə söhbətlərində o tonda danışardı...

– Bir ifadə var, deyir, filankəs filankəsin qapısını təpiklə açırdı. Bəyin qapısını təpiklə açan bir dostu olubmu?

– Bizim camiədən heç kim Əbülfəz Elçibəyə elə bir hörmətsizlik eləməyib. Elçibəylə ən sərt danışan adamlardan biri mən olmuşam, amma mənim də danışdıqlarımın bir çərçivəsi vardı. Elçibəy siyasi hərəkat adamlarının bir çoxunun müəllimi olub, universitetdə onlara dərs deyib. Amma mənim müəllimim olmayıb.

İllər öncə də bir müsahibəmdə də demişəm ki, Əbülfəz bəylə heç vaxt müəllim-tələbə münasibətində olmamışıq. Bu da bəyin böyüklüyü idi ki, ilk tanışlığımızdan məni özünə dost hesab etdi, özünə bərabər səviyyədə tutdu. Çənlibel toplantılarını aparanda Əbülfəz bəy aşağıda oturardı, söz demək istəyəndə məndən icazə istəyirdi. Çıxış eləmək istəyəndə, kağız yazırdı. Bəzilərinə elə gəlirdi ki, bu bəyin zəifliyidir. Xeyr, zəif deyildi. Əslində, o, çox sadə və böyük adam idi. Bəzən də adamları layiq olmadığı səviyyədə yüksəklərə qaldırırdı ki, onlarda özünə inam yaransın.

– Maraqlıdır, Əkrəm Əylisli haqqında niyə köhnə dostunuz kimi danışdınız?

– Çünki illərdir görüşmürəm. Əkrəm Əylisli Azərbaycan nəsrinin ən istedadlı qələm sahiblərindən biridir. Amma xaraktercə çox çətin adamdır. Cığaldır. Bir az paxıllıq hissi də var. Amma Əkrəm yazıçı kimi o qədər böyükdür ki, xarakterində olan qüsurlar kölgədə qalır.

Çox bəyəndiyim “Əylisdən Əylisəcən” kitabının avtoqrafında Əkrəm Əylisli yazmışdı ki, "işıq qarışıq siyasət adamına..." Dedim ki, Əkrəm bəy, çox sağ ol, amma sənin yazdığın bu avtoqrafla razı deyiləm. Yazdığından belə çıxır ki, siyasət adamlarında işıq yoxdur və mən burda müstəsna bir adamam. Bu mövzuda Əkrəm bəylə uzun bir söhbətimiz oldu. Dedim ki, deyirsiniz siyasət murdar bir şeydir. Nə olsun, yazıçıların içində olan murdarlıq da dillər əzbəridir. Yazıçılar İttifaqında Mehdi Hüseynin ürəyini partladıb öldürən yazıçılar idi, siyasətçilər yox... Və yaxud, Müşfiqdən danos yazanlar Yazıçılar İttifaqının üzvləri olmayıbmı? Səməd Vurğunu yüz cür mənasız ittihamlarla divara dirəyənlər də yazıçılar olub. Elədirmi? Sadəcə, murdar adam siyasətlə məşğul olanda siyasət murdarlaşır, murdar adam yazıçılıqla məşğul olanda da yazıçılıq murdarlaşır. Məsələ budur.

– Deyirsiniz ki, Əkrəm Əylisli ilə çoxdandır görüşmürsünüz. Səbəb nədir?

– Millət vəkili olandan və xüsusən, “Ətirşah Masan” əsərini yazandan sonra Əkrəmdən ürəyim sındı, daha onunla görüşmək istəmədim. Axı mən Əkrəm Əylislinin kimlər haqqında əvvəllər nələr danışdığının, nələr yazdığının şahidi olmuşam. Bu cür metamarfozanı təbii ki, qəbul eləyə bilmədim. Bu münasibət təkcə Əkrəm Əylisliyə qarşı olmayıb. 1999-cu ildə Vaqif Səmədoğlu haqqında “Tənhalıq heykəli” adında bir yazı yazmışdım. Bir də gördüm Vaqif gəldi, bir az da gözləri dolmuş şəkildə təşəkkür etdi. Sonralar Vaqifin Milli Məclisdən səsini eşidəndə bir yazı da yazdım: “Eşidirsənmi, Vaqif Səmədoğlu?” Bütün hirsimi, etirazlarımı o yazıya tökmüşdüm. Şübhəsiz, yenə də Vaqifi şair kimi çox yüksək qiymətləndirirəm. Amma onun ki, parlamentdən səsi gəldi, daha onunla salamlaşmaq, görüşmək istəmədim.

– Dəfninə də getmədiniz?

– Yox!

– Ümumiyyətlə, yasında da iştirak eləmədiniz?

– Yox! Xəlil Rza da vəfat eləyəndə ürəyimdə çox ağrıdım, amma onun da yasına getmədim. Çünki azadlıq haqqında o cür ürəklə, coşqu ilə danışan bir adam necə ola bilər ki, sonradan dəyişsin, başqa cür olsun?

Bilirəm ki, çoxları mənim bu yanaşmamla razı deyil. Onu da bilirəm ki, bu yanaşmadan asılı olmayaraq, onlar böyük insanlardır. Məni təhqir eləyəni bağışlaya bilərəm, amma o cür metamarfozaya uğramış adamları bağışlaya bilmirəm.

– Vurğun bəy, sizin tənqidçi İradə Musayeva haqqında yazınızı oxudum. Maraqlıdır, Azərbaycan tənqidçiləri arasında niyə məhz İradə xanımı seçdiniz?

– Mən ilk dəfə İradənin adına Vaqif Səmədoğlu haqqında yazısında rast gəldim. Vaqif haqqında tətqiqat aparan belə bir müəllifin olduğunu biləndə çox sevindim ki, qadındır, gəncdir, özü də fərqli yanaşmaları var. Sonralar isə onu mətbuatda görmədim. Xeyli ara verdi və təzədən yazmağa başladı. Yenə də çox cəsarətlə və prinsipiallıqla yazdığını gördüm. Təbii, o yazılarla razılaşmaq da, razılaşmamaq da olar. Amma görürsən ki, bu adamın xarakteri və içində ədəbiyyat yanğısı var.

İradə xanım Məmməd Arazın bir şeirində deyildiyi kimi, vicdanı ovuclara sağmayan bir insandır. Son kitabını oxuyanda bildim ki, ona çoxlu hücumlar olacaq. Oldu da! Çünki adam konkret ünvanlar göstərir və sərt tənqid eləyir. Haqqında yazmaqda məqsədim həm onun bir ədəbiyyatşünas kimi qiymətini vermək, həm də onu haqsız hücumlardan qorumaq idi.

– Müəyyən adamlar var ki, onlar haqqında həqiqəti bilirsən, amma fikirləşirsən ki, yazsan, münasibətlər korlanacaq. Nə münasibətləri korlamaq istəyirsən, nə də yazmaya bilirsən. Siz belə vəziyyətlərdən özünüzü necə xilas edirsiniz?

– Yazı yazanda heç vaxt münasibətlər haqqında düşünümürəm. Hesab edirəmsə ki, bir şey tənqid olunmalıdır və ona görə tənqid olunmalıdır ki, cəmiyyətə zərər verir, onu eləyirəm, yazıram. Mənim iki yüzdən çox publisistik məqaləm var. İçərilərində çox sərt tənqidi ruhda olanları var. Məsələn, rəhmətlik Hacıbaba Bağırov bir dəfə müxalifətin ünvanına yersiz və haqsız söz demişdi, ona cavab yazmışdım. Qəti düşünmədim ki, münasibətlərimiz pozula bilər. Şübhəsiz ki, mən münasibət korlamaq istəməyən adamam, amma korlanmasından da qorxmuram.

– Məsələn, dostunuz Ramiz Rövşən Yusif Nəğməkarın kitabına ön söz yazıb. Sizcə, o da münasibətlərini korlamaq istəməyib?

– Yusif Nəğməkar tələbə yoldaşımdır, amma nə kitabını, nə də ön sözü oxumuşam. Ona görə də bu suala Ramiz Rövşən özü cavab verə bilər. Amma bilirəm ki, Ramiz Rövşən yaxşı şeirin necəliyini yaxşı bilir...

Kəramət Böyükçöl,

Foto: Elçin Murad

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR