Eldar Mansurov: “Əsl yaradıcı ruha malik insan deməməlidir ki, əziyyət çəkib” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Eldar Mansurov: “Əsl yaradıcı ruha malik insan deməməlidir ki, əziyyət çəkib” - MÜSAHİBƏ

“Lüks maşınlarla sahiblərini müqayisə etsən, görərsən ki...”

Bu gün Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Eldar Mansurovun doğum günüdür. Musiqiçi ailəsində dünyaya göz açan Xalq artistinin 66 yaşı tamam olur. Görkəmli sənətkar doğum günündə təəssüratlarını bizimlə bölüşüb.

Publika.az Eldar Mansurovla müsahibəni təqdim edir:

- Eldar bəy, əlamətdar gündə sizinlə danışırıq. 66 yaşınız tamam olur. Bu, elə yaş dövrüdür ki, bəziləri ömrün ən gözəl çağlarının başa çatdığını və qocalığa doğru getdiyini düşünür. Bəs sizin bu barədə düşüncələriniz necədir?

- İnsan ömrü bir neçə mərhələlərə bölünür: körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik və ahıl dövrü. Qocalıq da həyatımızın bütün digər mərhələləri kimi öz hərarəti, sevinci və kədəri olan bir dövrüdür. Hələ qocalmamışam, amma inkar etmək olmaz ki, həyatımız qocalığa doğru gedir. Qocalıq gözəl əlamətdir, təəssüf ki, çoxları bunu başa düşmür. Ömrünü səmərəli yaşadığını düşünən insanlar isə bu baxımdan daha sakitdir. Yaşa dolmaq, övlad, nəvə-nəticə sahibi olmaq və onların necə böyüdüyünü görmək Allahın sənə göndərdiyi böyük lütfüdür.

“Şəhərimiz daha da gözəlləşib, amma insanlar gözəlləşməyib”

- Doğum günlərinizdə köhnə Bakı üçün darıxırsınız?

- Köhnə Bakı artıq yoxdur, indi müasir Bakı var. Uşaqlıq, cavanlıq, tələbəlik dövrümün Bakısı tamam başqa idi... Hərəsinin öz gözəlliyi var. Şəhərimiz daha da gözəlləşib, amma insanlar gözəlləşməyib. O dövrün adamlarının daxili mənəviyyatı zəngin idi.

İndi istənilən musiqini, filmi internetdən rahatlıqla əldə etmək olar, xaricdən tez-tez tanınmış artistlər, musiqiçilər dəvət olunur. Cavanlıq dövrümüzdə bütün bunlar yox idi, keçmişdə Bakıda konsert salonlarının qarşısında böyük izdihamlar yaranardı, bilet tapmaq üçün adamlar bir-birini az qala tapdalayırdı. Sənətçiyə yüksək dəyər verilirdi, o dövrün maraqları başqa idi.

- Ömrünüzün qısalması sizi təəssüfləndirir?

- Kimi təəssüfləndirmir ki? Nədənsə çoxları fikir vermir ki, uşaq dünyaya göz açandan onun sonunun da hesabı başlanır.

- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər, bu baxımdan sizin qismətinizə hansı ömrü yaşamaq nəsib olub?

- Layiq oldu, ya olmadı hər kəs qismətinə düşən ömrü yaşayır. Kim deyə bilər ki, bu ömür sənə layiqdir, ya yox? Asan, ya çətin, fərqi yoxdur, əgər ömür sənə verilibsə, onu yaşamalısan.

“İndiki həyat təcrübəm olsaydı, onları etməzdim”

- Həyatda ən böyük mübarizəniz nə olub?

- Həyat özü yaşamaq uğrunda ən böyük mübarizədir.

- Heç olubmu ki, kiminsə həyatından ardınıza baxmadan çıxıb getmək istəmisiniz? Kimisə həyatınızdan uzaqlaşdırmaq istəmisiniz?

- Həyatın qanunu odur ki, ömrümüz boyu kimlərisə həyatımıza daxil edirik, kimlərisə də uzaqlaşdırırıq. Başqa bir qrup da özləri öz istəyi ilə bizdən uzaqlaşır. Bu, təbii prosesdir.

- Dönüb geriyə baxanda yaşadığınız ömrə şükür edirsiniz, ya daha yaxşı ola bilərdi deyə, düşünürsünüz...

- Zaman ötdükcə, yaş artdıqca bütün ömrünü gözdən keçirirsən. Nəyi düz, nəyi səhv etdiyini analiz edirsən. Məsələn, 30-40 yaşında etdiyim elə səhvlər var ki, indiki həyat təcrübəm olsaydı, onları etməzdim.

“İndi dəyərlər dəyişib...”

- Siz musiqiçi ailəsində anadan olmusunuz. Məşədi Məlik bəy Mansurovun nəticəsi, Məşədi Süleyman bəy Mansurovun nəvəsisiniz, atanız Bəhram Mansurov da tanınmış tarzən olub. Bu, onu göstərir ki, musiqi istedadı irsən ötürülür. Maraqlıdır ki, nəvələrinizin bu yolu davam etdirməsini istəyərdiniz?

- Hələ ki, çox kiçikdilər. Qız nəvəmin yeddi, oğul nəvəmin beş yaşı var. Bu sənəti özləri üçün öyrənə bilərlər, amma sırf musiqiçi kimi fəaliyyət göstərmələrinə razı olmazdım.

- Niyə?

- Çünki musiqi sənəti 60-cı illərin səviyyəsində deyil. O vaxt istər bəstəkarların, istər müğənnilərin, istərsə də pianoçuların musiqi təhsili alması vacib idi. İndi dəyərlər dəyişib...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva klassik, caz, muğam, xalq və estrada ifaçılarını diqqətdən kənar qoymur, qayğı göstərir. İstedadı ilə seçilən sənətçilər xarici ölkələrdə keçirilən əhəmiyyətli tədbirlərə dəvət olunur. Yaxşıları çox deyil. Yerdə qalanlarını efirlərdə özünüz görürsünüz, onlar bizi xaricdə tanıtdırmaq və təmsil etmək gücünə malik deyil. Səsi olanda, olmayanda oxuyur, oynayır, şeir yazır, mahnı bəstələyir... Nəticədə sənət dəyərdən düşür. İstəmirəm ki, nəvələrim dəyərdən düşən sənət dalınca getsinlər.

“Lüks maşınlarla sahiblərini müqayisə etsən, görərsən ki, avtomobillər insanlardan baha çıxır”

- Pulun sizi başqa bir adama çevirməsinə icazə vermisiniz?

- Ömrümdə pul dalınca qaçmamışam, özü məni tapıb, azla qane olan adamam. Arzulamamışam ki, imarətlərim, bahalı maşınım və ya təyyarəm olsun. Ucuz maşın sürməkdən utanmamışam. Heç bir istedadı və heç bir sahədə potensialı olmayan insanlar elə maşın sürür ki, məəttəl qalırsan. Lüks maşınlarla sahiblərini müqayisə etsən, görərsən ki, avtomobillər insanlardan baha çıxır.

Kimisi bahalı maşına sahib olmağı qarşısına məqsəd qoyub. Mənim ən müqəddəs məqsədim o idi ki, tanınmış bəstəkar olum. Elə əsərlər yazmalıyam ki, seçilsin, musiqilərimi camaat bəyənsin.

Əlbəttə ki, pul-parasız yaşamaq mümkün deyil, ona həmişə ehtiyac var. Bir dəfə maddi problemlərim var idi, səhəri necə keçirəcəyəm fikirləri yuxuya getməyə mane olurdu, gecə pis yatmışdım. Səhər tezdən gözləmədiyim anda zəng edib bəstə istədilər. Yəni Ruzini Allah-Təala özü yetirir.

“Ana-ata itkisi bu yaşımda hiss edirəm”

- Xəsislik etmədən pul xərcləyirsiniz?

- Əlbəttə! Tanıdığım adamlardan soruşsanız, deyərlər ki, pul xərcləyənəm. Pul yığmaqla aram yoxdur, o mənə ancaq yaşamaq üçün lazımdır.

- Yaşa dolduqca ən çox nəyin və kimin həsrətini çəkirsiniz?

- Anamın, atamın və bu yaxınlarda itirdiyim qardaşımın... Gənc ikən doğmalarımızı nə vaxtsa itirəcəyimiz haqqında fikirləşmirik. Zalım fələk öz işini gördükdən sonra dərk edirik ölüm ağrısını... Biz üç qardaş idik. Düşünməzdim ki, qardaşım rəhmətə gedə bilər (kövrəlir). Evin böyüyü mən olduğuma görə, elə bilirdim ki, birinci mən rəhmətə gedəcəyəm.

Görüntünün olası içeriği: 3 kişi, takım elbise

Mansurov qardaşları - Aydın, Elxan və Eldar (1971-ci il)

- Heç istəməzdim ki, kədərlənəsiniz. Allah gecindən versin.

- Əlimizdən nə gəlir, dünyanın qanunu budur, razılaşamaya bilmərik. Anamla atam üçün çox darıxıram. Qəbirüstünə gedib ürəyimdə onlarla söhbət edirəm. Ana-ata itkisi bu yaşımda da mənə çatmır, yoxluqlarını hiss edirəm.

“Ancaq indi tək cavabım var: heç bir şey...”

- Doğum tarixinizi bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Fəxr edirəm ki, hər il yaşımın üstünə daha bir yaş gəlir. Kaşkilər və bəlkələrlə yaşamıram. İnsan yaşa dolduqca olğunlaşır. Düşüncələri, hadisələrə baxışı dəyişir. Bilmirəm, bəlkə də çox illər əvvəl bu suala fərqli cavab verərdim. Ancaq indi tək cavabım var: heç bir şey təsadüfü yaşanmır.

Ümumiyyətlə, xaraktercə çox realistəm. Bəzən acı olsa da, həqiqətləri tamlığıyla qəbul edirəm. Heç vaxt olmayacaqların arxasınca baxmamışam.

- Qadınların sevilənə qədər gənc qaldığını deyirlər. Bəs kişiləri gənc saxlayan nədir?

- Sevgi yaşa baxmır. Qəlbimiz həmişə sevgi ilə döyünməlidir. Başlıcası həyatı sevməlisən. Anaya, ataya, qadına, övlada, nəvələrə, dostlara və Vətənə olan sevgi həyat eşqinin hissəcikləridir. Yaşamaq istəyirsənsə, dünya da gözündə gözəlləşəcək.

Həyatdan şikayətlənməyə və istənilən situasiyada ah-vay etməyə bəhanə tapan insanlar özü-özünə neqativ göndərir. Həyatdan şikayət etmək lazım deyil. Əgər bir problem varsa, bunun öhdəsindən asanlıqla gəlmək olar. Əsas iradə, dözüm və özünə inamdır. Başqa sözlə desəm, şad yaşamaq üçün hər bir insan ətrafındakı gözəllikləri görməyi bacarmalıdır. Pozitiv düşünmək elə bir hissdir ki, insana enerji verir.

İşinin uğurlu alınması üçün niyyət təmiz olmalıdır. Niyyət əməldən üstündür, bəlkə də niyyət əməlin bütün həqiqətidir. Deyirlər ki, mömin insanın niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür. Sağlam düşüncə, saf niyyət yalnız yaxşı əməllərlə məşğul olmaq üçün zəmin yaradır.

“Vaxtında tərk etməyi bacarmaq lazımdır”

- Vüsala çatmayan arzularınız çoxdur?

- Yaradıcılığımla bağlı arzularım həyata keçib. Diləklərimin çoxu nəvələrimlə bağlıdır. Çox istərdim ki, onların xeyir işlərini görüm. Amma o da vacibdir ki, heç kimi bezdirməyəsən, bu dünyanı vaxtında tərk etməyi bacarmaq lazımdır.

- Əsərlərinizi hansı əhval-ruhiyyədə yazırsınız?

- Qəmgin əhval-ruhiyyədə yazılan mahnılar lirik notlarda olur, hisslər birbaşa musiqiyə ötürülür. Dolayısı ilə belə musiqilər insana da təsir edir. Bəzən elə olur ki, insan ruhu hansısa bir melodiyanın təsirindən haldan-hala düşür, hətta ağlayır.

Çıxılmaz məqamlarda insan daxilində hansı proseslərin baş verdiyini kəsdirə bilmir, hiss və duyğuların onu hansı istiqamətə apardığını görmür, məngənədə sıxılıb qalır. Bu zaman gözəl bir musiqi onu kədər fırtınasından uzaqlaşdıraraq xilaskarına çevrilir. Bu, bir muğam parçası, bəstəkar, xalq mahnısı, klassik musiqi, yaxud da saz ifası ola bilər, baxır kimin ruhuna, zövqünə hansı daha yaxındır.

Bir başqası da bəstəkarın kefi kök olanda yazılmış mahnıları dinləyir, sevinir və şənlənir.

“Yalandan elə göstərəcək ki, guya dərdimə şərikdir, içində isə vecinə deyil...”

- Musiqilərinizin çoxu lirik notlarda yazılıb. Bu, onu göstərir ki, siz tez-tez kədərlənirsiniz?

- Onların hər biri müxtəlif anlarda nota alınıb. Bəli, ilham pərisi mənə adətən kədərli olduğum vaxtlarda gəlir. Bu, o demək deyil ki, kədərli və pessimist insanam. Əksinə başqalarıyla ünsiyyətdə kədərimi heç vaxt göstərmirəm, duyğularımı mahnılarda tərənnüm edirəm. Heç kim bilməməlidir ki, içimdə nə baş verir və mənim dərdim var. Çalışıram ki, mahnılarımı dinləyən insanlar orada özlərinə aid olan nə isə tapsınlar.

Musiqi elə bir qidadır ki, insan mənəviyyatının bir çox məqamları onun melodiyasına və ritminə köklənərək, ürək döyüntüləri ilə ayrılmaz ahəng təşkil edir. İfaçının səsindəki melodiyanın həzinliyi, sözlərin lirika ilə səsləndirilməsi, duyğularının musiqiyə bükülərək təqdim olunması da önəmlidir. Bunlar yoxdursa, dinlədiyin musiqinin təsir gücü də olmur.

- Təsəlliyə ehtiyacınız olanda onu kimdə tapırsınız?

- Kefim olmayanda çalışıram ki, heç kimlə görüşməyim, ünsiyyətdən qaçım. Niyə kimisə öz problemlərimlə yükləməliyəm? Niyə kiminsə qanını qaraltmalıyam? İstəmirəm ki, kiminsə mənə yazığı gəlsin. Yalandan özünü elə göstərəcək ki, guya dərdimə şərikdir, içində isə vecinə deyil... Bacardığım qədər problemlərimi özüm həll edirəm. Sevmirəm ki, kimsə mənə məsləhət versin.

“Əsl yaradıcı ruha malik olan insan deməməlidir ki...”

- Sizcə, mahnının yaradılma prosesi sakitlik tələb edir, yoxsa istənilən yerdə və zamanda musiqi bəstələmək olar?

- Heç vaxt öz “mətbəximi” açıb göstərməmişəm. Musiqini necə yazdığımı ancaq özüm bilirəm. Bu prosesi başqalarıyla paylaşmağı xoşlamıram. Bəstəkarın işi odur ki, mahnı bəstələyib hazır məhsulu təqdim etsin. Dinləyirlərsə, bəyənirlərsə və qəbul edirlərsə, buna yalnız sevinə bilərəm. Bəyənməyənlər də çox sağ olsun. Bununla belə özüm üçün nəticə çıxardıram ki, deməli, nəyisə düz etməmişəm.

Hərdən başqalarının müsahibələrini oxuyuram və görürəm ki, müxtəlif sənət adamları yazıb yaratmağın əziyyətli olmasından danışırlar. Hesab edirəm ki, əsl yaradıcı ruha malik olan insan deməməlidir ki, öz işini necə çətinliklə ərsəyə gətirib, əziyyət çəkib. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə fəaliyyət göstərən yaradıcı şəxsiyyətlər sadəcə hazır məhsulunu təqdim etməklə kifayətlənə bilər.

- Melodiyanın əsas missiyası qəlblərə toxunmaqdır. Sizcə, müasir mahnılar qəlblərə toxunmağı bacarır, yoxsa sadəcə sümüyə işləyir?

- Musiqinin canı onun melodiyasındadır. Melodiya yoxdursa, onda o, musiqi tərtibatı adlanır. Melodiya dinləyicinin daxili dünyasında gəzişib onun ruhunu tərpətməlidir. Teatrda, kinoda və yaxud reklamlarda istifadə edilən səslər musiqi tərtibatlarıdır. Bu gedişlərdən kino musiqisində, müəyyən səhnə üçün istifadə etmək olar. Amma bunları müstəqil musiqi kimi təqdim etmək mənə çatmır. Melodiya dinlənəndə əksər insanlar bəstəkarın adını da öyrənir, sözlərlə də maraqlanır, şairin adını bilmək istəyir və s. Bu gün bizim melodiyası olan mahnılarımız çox azdır.

“Heç kimin qapısına getmirəm, heç kimdən heç nə istəmirəm”

- Müsahibələrinizin birində etiraf etmisiniz ki, yerli kanallar gənc ifaçılar üçün yazdığınız bəzi mahnıların efirə, dövrün tələbinə uyğun olmadığını irəli sürüb. Sizcə, əsərləri dünyada tanınan bəstəkarın nəğmələri niyə yerli kanallarımızda səslənməsin ki?

- Digər ölkələrin televiziya qanunları ilə bizim qanunlar fərqlənir. Nə deyə bilərəm... İşim musiqi bəstələməkdir, onu da görürəm. Gücüm çatdığı qədər hamıya kömək edirəm, hamı üçün mahnı yazıram. Televiziyalar mahnımın efirdə səsləndirilməsinə icazə vermirsə, bu, onların öz işləridir. Gedib xahiş edəsi deyiləm ki... Heç kimin qapısına getmirəm, heç kimdən heç nə istəmirəm.

- Hansı müğənnilərlə işləməkdən zövq alırsınız?

- Yaxşı müğənnilərlə. Bütün yaradıcılığım boyu 5-10 nəfər ola bilər ki, məndən mahnı istəsin, amma ifası ona şöhrət gətirməsin. Ya onların üslubuna uyğun olmayıb, ya da mən onların üslubunu başa düşməmişəm.

Mahnı yaradıcılığına başlayanda Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə, Hüseynağa Hadıyev, Flora Kərimova, Elmira Rəhimova, Nisə Qasımova, Brilliant Dadaşova, Firəngiz Rəhimbəyova və başqa sənətçilərlə işləmişəm. Gözəl oxuduqlarına görə həm mahnılarım, həm də mən tanınmışam. Odur ki, işlədiyim sənətçilərdən çox razı qalmışam. Hesab edirəm ki, onlar da məndən razı qalıb.

“Onların səsinin gücü çatmır ki, mahnılarımı oxusun”

- Son dövrlərdə müğənnilər mahnılarını özü bəstələyir və ifa edir. Bəstəkarlara pul xərcləmək istəmirlər. Təəssüf ki, nəticə bir çox hallarda uğursuz alınır. Buna münasibətiniz necədir?

- Bu ənənə son 10-15 ildə yaranıb. Keçmişdə də müğənnilər mahnı yazırdı, amma tək-tək hallarda. Məsələn, Qulu Əsgərov və Əlibaba Məmmədov. Bu, indi kütləvi hal alıb. Demək olar ki, əksər müğənnilər öz mahnılarını özü yazır. Bunun səbəbi odur ki, yazdığım mahnını oxumaq üçün müğənnidən geniş səs diapazonu tələb olunur. Onların səsinin gücü çatmır ki, mahnılarımı oxusun. Bu səbəbə görə gənc ifaçılar öz səslərinə uyğun kompozisiya yazırlar. Dünyada, o cümlədən Türkiyədə də müğənnilər özü yazıb özü oxuyur. Orada bəstəkarlar çox azdır.

“İndi onların heç yerdə nə adı var, nə də sanı”

- Yaxşı bəstəkar olmaq istedad məsələsidir, ya üzərində çalışmalısan?

- İkisi də olmalıdır. Konservatoriyada oxuduğum illərdə elə tələbələr var idi ki, onları gələcəyin istedadlı bəstəkarları kimi görürdülər, hamı tərifləyirdi. İndi onların heç yerdə nə adı var, nə də sanı. Bəstəkar olmaq üçün musiqi yazmaq lazımdır. Xalq dinləyib özü sənə qiymət verəcək.

- Allah sevdiyi bəndələrinə öhdəsindən gələ bilmədiyi dərd vermir deyirlər. Siz Allahın sevdiyi bəndəsi ola bilmisinizmi?

- Bəli. Götürək elə “Bayatılar” əsərini. Bəzən məndən bu əsəri necə yazdığımı soruşurlar. Bu əsər mənə Allahın verdiyi ən qiymətli hədiyyələrdən biridir. Başqa musiqilərim onun qədər populyarlıq qazanmayıb. Mahnı Brilliant Dadaşovadan sonra 70-dən çox dildə müxtəlif adlarla ifa edilib. Allahın məni sevdiyini iddia etmək yekəxana çıxar. Ancaq Allah məni bəyənib ki, “Bayatılar”ın melodiyasını qulağıma pıçıldayıb.

- Adlara ünvanlanmış mahnılara toxunmaq istərdim. “Aytən” mahnısını Brilliant Dadaşovanın ifasında eşidəndə çox sevinmişdim. Onda uşaq idim, amma anlayırdım ki, insana özəl olduğunu hiss etdirir. Bu mahnının yaranma tarixi haqqında danışa bilərsiniz.

- Bir dostum anasının doğum günündə ona mahnı hədiyyə etmək istəyirdi. Xahiş etmişdi ki, mahnı yazım. Kompozisiya onun istəyi ilə ərsəyə gəlib. Ümumiyyətlə, həm böyüklər, həm də kiçiklər üçün adlara uyğun yazdığım mahnılar çoxdur. Bu, özümə də zövq verir. Dostlarım öz xanımları, qızları, ataları və ya oğulların mahnı hədiyyə etmək istədikdə mənə müracitə edir. Hətta yaxın dostlarımdan biri qızı üçün 3 mahnı yazdırıb.

Nəvəmin adı Ləmandır. Onun üçün doğulan gündən bəri altı-yeddi mahnı yazmışam. O biri nəvəmin adı Eldardır. Adımı daşıyan Eldar nəvəmə də mahnı payını bağışlamışam.

Bu mahnıları internetə yerləşdirəndə xüsusi olaraq qeyd edirəm ki, onlar bütün Fərəhlərə, Nərgizlərə, Aytənlərə və ya Ləmanlara həsr olunur.

- Şübhə etmirəm ki, nəvələriniz sizi oğlunuzdan daha çox sevirlər.

- Nə qədər çox istəsələr də, mən onları qat-qat daha çox istəyirəm. Nəvəmin 30 yaşına çatanda onun üçün yazdığım mahnını dinləyəndə hansı hisslər keçirdiyini təsəvvür edirəm...

- Müsahibə üçün minnətdaram, Eldar bəy. Sizə uzun ömür arzu edirəm. 77, 88, 99 yaşında da belə şux, şən və gümrah qalasınız...

- Çox sağ ol, elə mən də özümə eynisini arzu edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm