Bağlı geyinəndə kişi həmişə fikirləşir ki, görəsən... - “Nargis”in eks-redaktoru ilə MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Bağlı geyinəndə kişi həmişə fikirləşir ki, görəsən... - “Nargis”in eks-redaktoru ilə MÜSAHİBƏ/FOTO

Bağlı geyinən xanım kişinin daha çox işə salır

Türkiyədə yaşayan və orada aktrisa kimi fəaliyyət göstərən, eləcə də bizneslə məşğul olan Könül Nağıyeva geyim dəstlərini tez-tez instaqramda izləyiciləri ilə paylaşmağı sevir. Əvvəllər “Ok” və “Nargis” jurnalının redaktoru kimi çalışan aktrisanın hər çıxışı modapərəstlərdə böyük heyranlıq doğurur.

Könül Nağıyeva Publika.az-a moda haqqında məsləhətlərini bölüşüb.

Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almısan?

Aktrisa bildirib ki, uşaqlıqdan gözəl geyinməyə diqqət göstərib:

“Zövq həm zamanla formalaşır, həm də daxilən gəlir. Tərifləmək kimi çıxmasın, geyim-kecimimə həmişə diqqət etmişəm. Çünki qəşəng geyinməyi çox sevmişəm. “Nargis”-dən əvvəl “Ok” jurnalının redaktoru olmuşam. Ondan əvvəl televiziyada işləmişəm. Yəni hər zaman göz önündə olmuşam. Əgər sən daim göz önündəsənsə, geyimlərinə mütləq diqqət yetirməlisən.

Bir müddət xaricdə yaşamışam, Moskvada və Londonda təhsil almışam. Həmin müddətdə zövqüm artıq formalaşmışdı. İnsan nə qədər çox gəzir və görürsə, səyahət edirsə, bu, onun həm dünya baxışına, həm də geyim tərzinə mütləq təsir edir. Bahalı və zövqlü geyinmək arasında böyük fərq var. Başdan ayağa qədər lüks markalardan geyinə bilərsiniz. Üzərinizdə böyük sərvət daşıdığınıza görə hətta sizi oğurlaya bilərlər (gülür). Əgər detallarda ahəngdarlıq yoxdursa, bahalı paltarların heç bir dəyəri olmayacaq. Demək istədiyim odur ki, bahalı geyim zövq göstəricisi deyil”.

Kino ulduzunun sözlərinə görə, marka kompleksi yoxdur:

“Ucuz markalarla bahalı brendləri qarışdırmağa üstünlük verirəm. Qarderobumda istənilən qiymətə paltar tapmaq olar. Bir dəfə Beşiktaş çarşıdan keçirdim, vitrində gözəl paltar gördüm və çox bəyəndim. O paltarı alıb maraqlı dəst düzəltdim. Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almışam. Deyirəm ki, maraqlı və münasib qiymətə paltar istəyirsinizsə, axtarışda olmalısınız və oxumalısınız. Bir sözlə, dəb dərgiləri və fashion blogerlər sayəsində zövqü də inkişaf etdirmək mümkündür. Buna 100 faiz əminəm. Azərbaycanda yayımlanan stil yarışmasının birində münsif üzvi idim, gələn qızlara hər hansı dəb ikonaları haqqında sual verəndə onları tanımırdılar. Belə xanımları görəndə çox əsəbiləşirdim. Fərqli qəbul olunurdu, fikirləşirdilər ki, bahalı paltarlar geyinsələr, zövqlü görünəcəklər. Belə bir dünya yoxdur”.

Geyim üzərində saatlarla baş sındırmıram

Obrazları ilə dəbsevərləri ilhamlandıran məşhur aktrisa hesab edir ki, moda qadın üçün əyləncədən o tərəfə keçməməlidir:

“Modanı sevsəm də, mənim üçün ciddi məsələ olmayıb, o bir əyləncə növüdür. Evdən çıxanda hazırlaşma prosesim 15 dəqiqə çəkir. “Bu gün nə geyinim?”, “Bu paltarı nə ilə uyğunlaşdırım?” sualı ətrafında saatlarla baş sındırmıram. O qədər vaxtım da yoxdur, işlərim başımdan aşıb-daşır. Bəlkə, modanı ciddi qəbul etmədiyim üçün məndə yaxşı alınır. Uğurlu dəst yaratmaqdan ötrü ilk növbədə rahat olmalısan, özünü sıxmamalısan. Həyatda o qədər müzakirə ediləsi məsələ var ki, geyim üzərində də ciddi düşünsək, ömrümüz gedər”.

Azərbaycanın stil ikonası “Qadın nə qədər gözəl geyinibsə, onu soyundurmaq bir o qədər baha başa gəlir” fikrinə də münasibət bildirib:

“Bu, qadın və kişi arasındakı münasibətlərdən asılıdır. Yəqin ki, bu fikirdə qadının əlçatmaz olmasından söhbət gedir. Bütün kişilər yanında baxımlı və səliqəli xanım görmək istəyir. Bunun üçün gözəllik salonlarına pul xərcləməlisən, gözəl geyinməlisən, maddi tərəfləri də var. Belə xanımların diqqətdən kənar qalması imkansızdır.

Dolayısı ilə kişilərin həm baxımlı xanım sevməsi, həm də onların “baha başa gəldiyini” düşünməsi mənə məntiqli görünmür. Mən də gözəl görünə bilərəm, amma əynimdəki bahalı olmaya bilər. Baxır ki, qadınla kişi bir-birindən nə istəyir”.

Eyni qafada olaq

Aktrisa kişilərdə diqqət etdiyi məqamlardan da söz açıb:

“Kişinin mənimlə eyni dildə danışmasına diqqət edirəm, söhbət düşüncələrdən və həyat tərzindən gedir. 35 yaşım var, bu saatdan sonra mənə maraqlı olmayan mövzulardan danışmaq o deməkdir ki, boşu-boşuna vaxtımı itirirəm. Vacibdir ki, qadınla kişinin maraqları uyuşsun. Başqa qadınların əks cinsdə nə axtardığını deyə bilmərəm, kimisi maddiyyata, kimisi xarici görünüşə, kimisə şöhrətə önəm verir. Mənim üçün əsas odur ki, türklər demiş, eyni qafada olaq”.

Görəsən, o köynəyin altında nə var?

K.Nağıyevanın açıq-saçıq geyimlərə münasibəti isə belə olub:

“Həmişə demişəm ki, açıq-saçıq geyinən xanımın onsuz da hər şeyi ortadır. Onlar kişilərdə maraq oyatsa da, bu maraq çox qısa müddət davam edir. Hesab edirəm ki, gözəl və açıq-saçıq geyinməyən xanım kişinin təxəyyülünü daha çox işə salır. Onda əks cins həmişə fikirləşir ki, “Görəsən, o köynəyin altında nə var?”. Kişi olsaydım, bağlı geyinən qadına fikir verərdim. Çünki açıq paltarlı xanıma baxan kişi onun bədən quruluşunu açıq-aşkar dəyərləndirə bilir.

Baxmayaraq ki, heç kim qadağa qoymayıb, açıq-saçıq geyinən biri olmamışam. Öz tərzim var. Bütün xanımlara da məsləhət görürəm ki, özü olsun. Dəb hər gün dəyişir. Özünüzə məxsus olanı, sizə özünüzü rahat hiss etdirəni və özünüzü ifadə edə bildiyinizi tapın. Hər anlamda özünüz olun. Çünki dərgilər, televiziya, internerdə olan mənbələr bizim kimi insanların yazdığı məlumatlardır. Amma mən başqasının düşüncəsi ilə öz həyatımı qura bilmərəm, içimdən nə gəlirsə, onu etmək istəyirəm.

Məsələn, deyək ki, yaşıl libaslar indi dəbdədir. Amma mənə yaraşmırsa, onu həyatda geyinmərəm. O, mən deyiləm. İnsan özünə aid olanı tapanda həm gözəl görünür, həm ona yaraşır, həm də əhval-ruhiyyəsi qalxır”.

Ülviyyə xanım öz işinin öhdəsindən çox gözəl gəlir

Related image

Müsahibimiz sonda “Nargis” jurnalının redaktoru, habelə “Nargis” nəşriyyat evinin təsisçisi və rəfiqəsi Ülviyyə Mahmudova ilə münasibətlərindən də danışıb:

“Ülviyyə xanım mənim rəisim idi. Təbii ki, dostluq münasibətlərimiz var, amma o, ilk növbədə bossum olub. Bizim münasibətlərimiz hər zaman dərin qarşılıqlı hörmət hissinə söykənib. “Nargis” jurnalı yeni fəaliyyətə başlayanda, ona aktyorluq karyeramla ciddi məşğul olmaq istədiyimi və ayrılacağımı demişdim. Ayrılmaq müddəti 3 il çəkdi. O, bu günə qədər uğurlarıma sevinir və məni dəstəkləyir. Rəhbər kimi Ülviyyə xanım öz işinin öhdəsindən çox gözəl gəlir. Yaradıcı fikirləri aşıb-daşan nadir insandır. Daim orijinal ideyalar istehsal edir və yeniliklərə can atır. Jurnal indi də uğurla fəaliyyətini davam etdirir. Hər şeyə özü şəxsən nəzarət edir. O, öz işini və jurnalını çox sevir. Çünki orada min insanın əməyi var, bütün bunların başında da Ülviyyə xanım dayanır. Mən də o komandanın bir üzvi idim, sonra öz yolumu seçib getdim. Bu, bizim münasibətlərimizə təsir göstərmədi”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm