Həkimlərin 6 ay ömür qoyduğu qadının ÜRƏKDAĞLAYAN HƏYATI: Uşaqlara deyirmiş ki... - REPORTAJ
Bizi izləyin

Xüsusi

Həkimlərin 6 ay ömür qoyduğu qadının ÜRƏKDAĞLAYAN HƏYATI: Uşaqlara deyirmiş ki... - REPORTAJ

Bir gün oyanırsan ki, paytaxtın kənar qəsəbələrindən birində, yerdən beş mərtəbə hündürlükdə, ömrünün payız çağında, budaqlarının meyvələrinin şirin suyunu ciyərlərinə çəkməyin həyəcanını yaşayarkən səni namərd bir xəstəlik yaxalayır.

“Qaraciyərin öz fəaliyyətini dayandırıb” - həkimlər deyir.

“Qızım hələ subaydır, oğlumun evlənmək yaşı çatıb” - bunu da sən düşünürsən.

Orta statistik Azərbaycan qadınının dar gündə də, şad gündə də düşünə biləcəyi ən primitiv bəşəri arzuların təcəssümüdür bu cümlə. Məhz övlad sahibi olduğu üçün karyerasından, şəxsi zövqlərindən, hətta bəzən yemək-içməyindən vaz keçib. Göz yaşı ovcunda, deyə bilmədiyi laylaların ağrısı kürəyində, bir qarnı tox, bir gözü yuxusuz övladlarının qayğısını çəkə-çəkə yaşa dolub. Qızı boya-başa çata-çata, o, iki dəfə uşaq olub. Oğlunun velosipeddən yıxılarkən qanatdığı dizlərinin yarasını üfürə-üfürə, ömründən ömür kəsdiyi canıyananlıqla qırx doqquz yaşına çatıb. Məktəbdə bütün dərslərindən beş alan o hörüklü qızı indi ömür əllisinə iki addım qalmış bu həyat dolu qadın kimi həyat dərsindən iki qiyməti ilə kəsmək istəyir.

Qadın evlənəndə də öz ata-anası ilə birgə evlənir, işləyəndə də beyin yarımkürəsinin bir küncündə ailəsi ilə birgə işləyir. Yaşa dolanda da ailə qayğısı ilə qocalır, xəstələnəndə də ailəsindən xəstələnir. Amma o, içində hər zaman qısınmağa bir təklik axtarır. Bu qədər insanın, qayğının, dərdin içində qadın o təkliyi də tapa bilir...

Məsələn, indi “Hepatit B” adlı zəhrimarı üç uşaq böyütdüyü bətnindən üç çimdik yuxarıdakı qaraciyərində dördüncü balası kimi əzizləyən Zülfiyyə xanımı xəstəlik çox da maraqlandırmır. Boğazından kəsib böyütdüyü uşaqlarına indi də ömründən kəsib calamaq istəyən bu zəhmətkeş ananı ailə başsızlığı ehtimalı, qadın xoşbəxtsizliyi, ana qayğısızlığı kövrəldir. İndi mərdimazar, üzüqaraolmuş bir xəstəlik vaxtilə gənc qız ikən taksidən qaçırdığı Zülfiyyəni nəvə oynadacaq yaşda ömründən kəsib-qoparıb birdəfəlik oğurlaması Rövşən bəyin başına yoxluq boyda bir daş salır.

Zülfiyyə xanım bədəninin qaraciyərin zəhər dadı verən xəyanətinə uğramasından bu ilin may ayında xəbər tutub.

“Şəkər xəstəliyim var. Son vaxtlar dəhşətli dərəcədə qalxıb-enirdi. Respublika Xəstəxanasında qan analizi verdim ki, dərdini öyrənim bu şəkərin. Öyrəndim ki, ağ ciyərimə su yığılıb. Litr yarım... Maye çəkiləndən sonra yenə analizlər verdim. Bu dəfə diaqnoz “qaraciyər serrozu” qoyuldu. Müalicələr etdim. Amma heç bir xeyri yoxdur. Qaraciyərin yetmiş faizi ölüb...”

Zülfiyyə xanım son sözü tələffüz edərkən gözləri otağın divarlarını, binanın daş örtüyünü, işıq dirəklərini, buludları aşıb çoox uzaqlara getdi. Xırda kirpiklərinin arasında həyat eşqi ilə işıldayan gözlərinin parıltısı sönüb fəryada çevrildi. “Ölüb...”

“On altı-on yeddi il əvvəl güclü sarılıq keçirmişdim. Onun zədəsi qaraciyərimdə qalıbmış. Sonra da şəkər xəstəliyi üstələyib daha pis vəziyyətə gətirib. Heç bizim nəsildə şəkər xəstəliyi olmayıb. Bəlkə də bir neçə il əvvəl avtomobil qəzası keçirdiyim vaxtı yarandı. Bilmirəm...

İndi qızdırmam olur, halsızlıq yaranır. Bir neçə müddət əvvələ qədər yataq rejimində idim. İndi-indi ayağa qalxıb hərlənə bilirəm”.

Xəstəliyindən danışarkən, elə bil, axşam oynamağa başı qarışdığı üçün evə gec gələn, üstü toz-torpaq içində olan dəcəl oğlan uşağını danlayır. Əslində isə tələsdiyi, tez gəldiyi üçün...

Danışarkən qarnını, tam da qaraciyərinin olduğu yerdən sığallayır. Xəstəliklə barmaqları vasitəsilə bir canlı kimi danışır.

“Sonra Qara Qarayev xəstəxanasında getdik. Maye çəkiləndən sonra ağ ciyərin üstünə düşüb vərəm axtardılar. O da çıxmadı. Hardasa, iki ay əvvəl qaraciyərin diaqnozu dəqiqləşdi. Sumqayıtda baş həkim var. Nazim doktor. Onun müalicəsi ilə nisbətən yaxşılamışam. Amma deyir ki, əmələ gələn deyil. Qaraciyər dəyişdirilməlidir. Əməliyyatla bağlı prosesi Gömrük xəstəxanasında, Mircəlal Kazımi doktor aparır. Həftədə bir dəfə “albumin” adlı iynə vurulmalıdır. İmkan olmadığı üçün on gündən-bir vurdururam. Bahalı iynədir”.

Həyatın özü kimi bahalı...

“Bütün qohumlarım səfərbər olub. Bir tərəfdən müalicə, əməliyyat üçün pul toplamağa çalışırlar. Bir tərəfdən donor axtarılır. Donor tapılıb. Bacımın qızının qaraciyəri mənə uyğundur. Amma maddi baxımdan əskiklik olduğu üçün əməliyyat oluna bilmirəm. Sarılıq keçirdiyim ərəfədə “Hepatit” olduğunu bilirdik. Amma dedilər ki, yatıb. Oyatma. Müalicə edib oyadacaqsan. Bunu Bərdədə dedilər mənə. Bakıda da gəlib yoxlandım. Həmin faizlər çıxdı. Amma... Nəbilim... İnsan...Belə...”

Bəli. İnsan. Həm laqeyd, həm fədakar, həm də çarəsiz insan... Bax insan belədir...

“Müalicələrim ongünlükdür hələ ki. İynələr olanda lap baha tutur – dörd yüz, beş yüz manat. Tabletlər olanda nisbətən ucuz... Həkim deyir ki, əməliyyat olunsa, hər şey yaxşı olacaq. Olunmasa, bu ciyərlə uzağı altı ay. Şəkərə görə insulin də qəbul edirəm. Şəkər məni pis vəziyyətə salmışdı. Ayaqlarım şişmişdi, iştahdan kəsilmişdim. Yataqda idim. Tənginəfəsliyim də vardı”.

Adına insan dediyimiz, o anlaşılmaz varlıq arada oksigensizlikdən yox, fikirdən, gələcəyin nə gətirəcəyini düşünməyin vahiməsindən də tənginəfəs qalır.

“Əməliyyat bahalıdır. Həkimin qəbuluna getdiyimiz vaxtlarda orada olan xəstələrlə çox söhbət etdik. Əməliyyat olunanlar çox yaxşı vəziyyətdə idi. Ümid var. Amma o ümid də 60 min manatdan asılı qalıb. Təkcə əməliyyat üçün bu qədər tələb olunur. Əvvəl diş çəkdirməkdən belə qorxan adam idim. Amma indi bu əməliyyatı istəyirəm”.

Söhbət boyu Zülfiyyə xanım olduğu yerlərdən, başına gələnlərdən cəm şəkildə danışırdı. “Getdik”, “öyrəndik”, “söhbət etdik”... Əvvəl zənn etdim ki, o, xəstəliyi ilə dost olub. Əl-ələ verib xəstəxanaya gedirlər. Bəzən evdə çay içib söhbət edirlər. Söhbətin sonunda isə məlum oldu ki, bu mübarizənin cəbhəsində Zülfiyyə xanımın ən yaxın dostu, ümid dirəyi elə onun həyat yoldaşı Rövşəndir.

“Heç nəyini əsirgəmədi məndən. Əlindən nə gəldisə elədi. Ona deyirəm ki, başıma bir iş gəlsə belə, sənə heç kim bir söz deyə bilməz. Çünki mənim üçün çalışır”.

“Kiçik qızım deyir ki, Allahın altında, mənim ciyərim düşərdi sənə...”

“Kim istərdi ki?..”

“İçimdə ümid var. Yaxşı olacaq. Soruşan hər kəsə deyirəm ki, hər şey yaxşıdır”.

İstənilən xəstəliyin ən birinci dərmanı motivasiyadır. Psixoloji pozitivlik, ümiddir. Bəzən ağrıları sakitləşdirən ovuc-ovuc atılan dərmanlar, damarları aşsüzənə çevirən inyeksiyalar olmur. Xoş bir söz, bir ümid, bir sığal, bir qucaq, bir təbəssümlü baxışdır.

“Elə bil, hər şey gələndə birdən gəlir adamın üstünə. Əvvəl şəkər, sonra “Hepatit”, sonra da gözümdə mirvari suyu əmələ gəldi. Eynəksiz heç nə görmürəm. Yaxını da görmürəm, uzağı da”.

Olur ki, gözümüz açıqkən belə bəzi həqiqətləri görmək istəmirik. Həqiqətlərin tikanlı məftillərinin boğazımıza dolanıb bizi nəfəsdən məhrum edəcəyindən diksinirik. Bəzənsə, elə gözlərimiz görməsə belə, yenə də bəzi reallıqları görmək istəmirik.

Məsələn, bizə addım-addım yaxınlaşdığını bildiyimiz ölüm kimi... Buz kimi soyuq nəfəsini ənsəmizdə hiss etdiyimiz ölüm. Bizi doğmalarımızdan bir göz qırpımında ayırmaq potensialına malik ölüm. Oyunun ən güclü kartları da ondadır: Həyat, nəfəs, ailə, xoşbəxtlik, varlıq.

Bu beş düzün bir səhvi apardığı reallıqda barmaqlarımı qatlayıb Zülfiyyə xanımın saydığı ayları mən də sayıram: dekabr, fevral, mart... Sonra?.. Sonra gəlmir. Sonra yoxdur. Tunelin ucundan gələn parlaq işıq kimi kəskindir korluqdur bu “sonra”.

Zülfiyyə xanım otaqdakılara çay süzür. Fincanın biri artıqdır.

Görəsən, kim gələcək?

***

Qapı döyülür.

Bir neçə dəqiqə sonra gülüş sədaları altında yorğun baxışlarını gizlədən bir kişi daxil olur içəri. Əlində bir torba təsəlli ilə süfrənin başına keçir. Gələn Zülfiyyə xanımın ömür-gün yoldaşı, dərd ortağı Rövşən bəydir.

Söhbət əsnasında öyrənirik ki, çiyinlərini Zülfiyyə xanımın göz yaşlarına vətən elan etmiş bu kişi xəstəliyin cücərdiyi ilk gündən bəri ömür yoldaşına dayaq olub.

"Mən evdə olmayanda Zülfiyyə uşaqlara deyirmiş ki, atanızın yanında bu zəhrimardan çox da söhbət açmayın. Ağlamayın. Çünki bütün günü fikir edir. Öhdəsindən necə gələcəyi haqqında düşünür. Qaçhaqaçdadır. Mən evə gələndən sonra Zülfiyyə otaqda olmayanda uşaqlara, qohum-əqrəbaya deyirəm ki, onun yanında xəstəlikdən filan danışmayın. Deyin-gülün ki, kefi açılsın bir az. Onsuz da, bütün günü fikir çəkir. Sonra məlum olur ki, biz bir-birimizdən gizli əslində bir-birimizin qayğısını çəkirik. Arada deyirəm, yaxşı ki, məni qaçırmısan. Sənsiz neylərdim. Təbii ki, zarafatla..."

Rövşən bəy, stəkanı nəlbəkiyə çırpanda qaşımın düyünləndiyini görüb təəccübümə haqq qazandırır.

"Çox gənc yaşında qaçırmışam onu. Taksidən. Ailəsi xeyli müddət danışmadı bizimlə. İş o yerə gəldi ki, sonra mənim də başıma gəldi eyni iş. İlk qızımı qaçırdılar. Şükür, indi hər şey yaxşıdır. Bircə bu xəstəliyin öhdəsindən də gələ bilsəydik..."

Bu bəlkələrin fonunda dərin fikrə daldım və bir şeyi özüm üçün dəqiqləşdirdim ki, onlar mütləq bu işin öhdəsindən gələ biləcəklər. Çünki o evin divarları məscidlərdən çox dua eşidib. Şadlıq saraylarından çox gülüş, alqış səslərinin şahidi olub. Evdə qəribə bir enerji vardə. Elə bil, o enerji dünya yaranandan bəri olub və bundan sonra da sonsuza qədər olacaq. Və elə həmin enerji Zülfiyyə xanımı Rövşən bəyin intizarlı gözlərini müşayiət edən gülüşlərinin simasında sağaldacaq.

Çünki bir xəstəliyin ən birinci dərmanı yaxşı əhvaldır.

Ümid edək ki, bu nəşə dolu, sevgi qucaqlı ailə qəfil haqlayan fəlakətin öhdəsindən tezliklə gələ biləcək. Təbii, xeyirsevər insanların sayəsində. Çünki hazırda əməliyyat üçün tələb olunan altmış min manat bu orta statistik ailə üçün əlçatmaz məbləğdir...

Zümrüd Kərimova,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm