"KTMT-yə üzv olmaq Qarabağ məsələsini həll etməyəcək” - İlham Rəhimov - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"KTMT-yə üzv olmaq Qarabağ məsələsini həll etməyəcək” - İlham Rəhimov - MÜSAHİBƏ

Publika.az hüquq professoru İlham Rəhimovun “Yeni Müsavat”a eksklüziv müsahibəsi

- Professor, bu gün (dünən – red.) Milli Məclis buraxıldı. Siz Azərbaycanda gedən sürətli dəyişikliklər fonunda belə bir addımın atılacağını gözləyirdinizmi?

- Siyasətlə aktiv məşğul olmasam da ölkədə gedən prosesləri davamlı izləyirəm. İlin əvvəlindən bir çox siyasətçilər, politoloqlar parlamentin buraxılacağı və növbədənkənar seçkilər keçiriləcəyi haqqında proqnozlar verirdilər. Səsləndirilən arqumentlərin bir çoxu yetərincə ciddi idi, ona görə də qərar gözlənilməz olmadı. Mən də hesab edirəm ki, parlament işinin öhdəsindən gəlmirdi, Brejnev dönəmindəki durğunluğun ab-havasını yaradırdı, vətəndaşlar arasında etimadı çox aşağı idi. Səbəb də odur ki, ölkə gündəmi ötən 4 ildə Milli Məclisin gündəminə çevrilmədi. Nə ciddi müzakirələr, nə diskussiyalar baş verdi, nə vətəndaşın gözlədiyi qərarlar qəbul olundu. Açıq-aydın görünürdü ki, parlamentin tərkibi xalqı yorub. Dünya sürətlə dəyişir. Zamanla ayaqlaşmamaq, fürsətləri əldən vermək deməkdir. Bizə varlığı ilə yoxluğu arasında ciddi fərq olmayan Məclis yox, çevik, funksional parlament gərəkdir. İlk növbədə imkan vermək gərəkdir ki, Milli Məclisi xalq seçsin. Əsas məsələ seçkinin demokratikliyini təmin etməkdir. Xalq seçməyi öyrənməlidir. Bu halda məsuliyyət də xalqa aid olacaq. Tərkib yaxşı olsa, xalqın uğuru olacaq, cəmiyyətimiz inkişaf edəcək.

- Milli Məclis üzvlüyünə namizədliyinizi irəli sürəcəksinizmi?

- Hələlik belə bir niyyətim yoxdur. Lakin seçki prosesi başlayandan sonra seçki şəraitini təhlil edib uyğun qərar qəbul etmək olar. Bilirsiniz ki, əslən Tovuz rayonundanam. Əgər Tovuz ziyalıları və ictimaiyyəti parlamentdə təmsil olmağımın ölkə üçün fayda verə biləcəyi qənaətinə gəlsələr, bu haqda düşünərəm.

- Professor, son aylarda Rusiya-Azərbaycan münasibətlərində xüsusi yaxınlaşma müşahidə olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya səfər etdi, prezident Putinlə geniş müzakirələr aparıldı. Bu yaxınlaşma Azərbaycan nə vəd edir?

- Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiləşməsi Vladimir Putin hakimiyyətə gələndən başlayıb və davamlı inkişaf edib. Rusiyanın siyasi elitasına yaxşı bələd olduğum üçün əminliklə deyə bilərəm ki, bu gün münasibətlər çox yüksək səviyyədədir. Sözsüz, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskva səfəri çox önəmlidir, iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Azərbaycanın birinci vitse-prezidentinin Rusiyanın dövlət başçısı da daxil olmaqla bir çox rəhbər şəxslərlə görüşü Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir.

f47685c4-b232-4906-9a3f-6ffe14f94fef.jpg (64 KB)

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskva səfəri çox önəmlidir, iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edir”

- Rusiya XİN-in rəhbəri Sergey Lavrovun Bakıya ikigünlük səfəri başlayıb. Gündəlikdəki məsələlər haqqında bilginiz varmı?

- Lavrov Azərbaycana dəfələrlə gəlib. Bu da həmin işgüzar səfərlərdən biridir, bu səbəbdən səfərə xüsusi məna yükləməyə lüzum görmürəm. O, adətən Azərbaycanda Qarabağla bağlı müzakirələr aparır, ancaq indi hansısa dönüş, ya da dönüş üçün zəmin olacaq önəmli qərarların qəbulu gözlənilmir.

- Rusiya-Azərbaycan münasibətlərinin indiki durumunu şərh edən bəzi politoloqlar bildirir ki, iki ölkə arasında yaxınlaşma Qarabağ münaqişəsinin ədalətli çözümü üçün şans yarada bilər. Belə iddialar səsləndirilir ki, əgər Azərbaycan məsələn, Rusiya-Belorus birliyinə, ya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsa, Rusiya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyə bilər. Bu fikirləri bölüşürsünüzmü?

- Yanlış yanaşmadır. Rusiya Qarabağ məsələsi ilə bağlı mövqeyində qalır və mən bu mövqeyin dəyişəcəyini ehtimal etmirəm. Rusiya-Belorus ittifaqı konkret iki ölkə üçün yaradılan modeldir, hər hansı üçüncü ölkənin bu birliyə qoşulması mexanizmlərinin olub-olmadığı bəlli deyil. Əgər ciddi mənfəəti olacaqsa, Azərbaycan Rusiyanın, digər Sovetlər Birliyi dövlətlərinin təmsil olunduğu iqtisadi qurumlara üzv ola bilər. KTMT-yə gəlincə, bu, hərbi qurumdur. Quruma üzvlüyümüzün bizə Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü əsas götürülməklə ədalətli çözüm şansı yaradacağını iddia etmək reallıqdan tamamilə uzaq təşəbbüslərdir. Bir daha bildirirəm ki, Rusiyanın Ermənistanla bağlı siyasətində heç bir dəyişiklik gözlənilmir. Əgər Azərbaycan KTMT-yə üzv olsa, bu o deməkdir ki, biz işğal edilən ərazilərimizi hərb yolu ilə azad edilməsi məsələsinin üzərindən birdəfəlik xətt çəkəcəyik. Çünki Ermənistan o qurumun üzvüdür və Azərbaycan quruma üzv olarsa, üzərinə təmsil olunan ölkələrin heç biri ilə hərbi konfliktə girməmək öhdəliyi götürəcək. KTMT-yə üzvlükdə Azərbaycanın yalnız bir üstünlüyü ola bilər - biz də Ermənistan kimi Rusiyadan silah alanda güzəştli şərtlərdən yararlana bilərik. Əgər bu gün Azərbaycan Rusiyadan silahı dünya bazarı qiymətinə ödəniş edib alırsa, Ermənistan imtiyazlı qiymətlə və üstəgəl onu da kreditlə alır. Bundan başqa Azərbaycan KTMT-yə üzvlükdən heç bir mənfəət əldə edə bilməz. Hərbi birliklərin əsas məqsədi beynəlxalq terrorizm də daxil olmaqla kənar təhdidlərə qarşı birləşməkdir. Azərbaycan Ermənistandan başqa bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərindədir. Biz yalnız Ermənistanla münaqişəyə cəlb olunmuşuq. Hansı məntiqlə biz Ermənistanın da təhlükəsizliyi üçün üzərinə öhdəlik götürən hərbi birliyə üzv ola bilərik? Belə məsələlərə diletant yanaşıb cəmiyyəti çaşdırmağa ehtiyac yoxdur.

7191b200-78ff-4dbe-8181-a31be31964ff.jpg (82 KB)

- Ermənistanın baş naziri ötən həftə yenə Qarabağa getdi. Onun bu addımları sülh missiyasına təhdid kimi qiymətləndirilə bilərmi?

- Paşinyan fəal siyasətçidir. Populyarlığını qorumaq, ölkə vətəndaşlarının nəbzini tutmaq üçün Qarabağla sıx təmaslar qurur, Azərbaycanın işğal edilən torpaqlarına səfərlər edir. İndi Paşinyanın ən önəmli vəzifəsi Ermənistan cəmiyyətində Qarabağla bağlı fikir ayrılığına imkan verməməkdir. Ermənilər onsuz da bu məsələdə vahid mövqedədirlər. Paşinyan da bu xətti yürüdür. Sülh missiyasına gəlincə, sözsüz ki, onun Qarabağa gəlişi prosesə mənfi təsir edir, Azərbaycan tərəfi bu səfərlərə haqlı olaraq etiraz edir. Eyni zamanda, belə səfərlər danışıqlar prosesinə inamı azaldır, hərbi üstünlük əldə etmiş Ermənistan rəhbərliyinə Qarabağla bağlı öz maraqlarına uyğun siyasət yürütmək şansı qazandırır. Reallıq budur.

- İlham müəllim, bu arada Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər məsələsi gündəmə gəldi. İlk jurnalist səfərləri təşkil olundu, indi də siyasətçilər arasında görüşlər təklif olunur. Siz bu təmasları necə qiymətləndirirsiniz? Gərəklidirmi?

- Bu, Azərbaycan cəmiyyətinə heç nə vermir, əksinə, cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirir. Torpağını itirən, əzizləri şəhid, qazi olan, itkin düşən insanları barışığa çağırmaq onları qıcıqlandırmaqdır. Qarabağ Azərbaycan üçün, azərbaycanlılar üçün çox həssas nöqtədir. Ona görə də, çox diqqətli olmaq gərəkdir.

- Professor, icazənizlə Rusiya-Azərbaycan münasibətlərinə yenidən qayıdaq. Ölkələr arasında ticarət dövriyyəsi hər keçən il artır. Kənd təsərrüfatı sahəsində, eləcə də xidmət sektorunda təşəbbüslər genişlənir. Sizcə, iki ölkə arasında iqtisadi münasibətlər daha hansı sahələr üzrə inkişaf edə bilər?

- Azərbaycanla-Rusiya arasında iqtisadi münasibətlərin əsas iki istiqaməti var - kənd təsərrüfatı və neft sektoru. Düşünürəm ki, perspektiv də elə bu sahələrdədir.

571eaf8e-cab8-409b-ae60-75288af4118a.jpg (93 KB)

- Bu günlərdə Rusiya mətbuatında Antipinsk Neftayırma zavodunda Azərbaycan tərəfdən SOCAR-dan başqa sizin də payçı olduğunuz barədə məlumatlar yayılıb. Bu məlumatlar həqiqətdirmi?

- Məsələ Azərbaycanda təqdim olunan kimi – yəni “SOCAR Rusiyada heç kimə lazım olmayan, dayanmış zavoda 3 milyard dollar yatırım edib” səviyyəsində deyil. Doğrudur, Antipinks Neft Emalı Zavodu bir neçə il idi dayanmışdı. Amma indi fəaliyyətdədir. O ki, qaldı mənim orada paya sahib olmağıma, bəli, bu, doğrudur. Daha geniş məlumat əldə etmək istəyirsinizsə, bu günlərdə “Kommersant” qəzetində dərc edilmiş yazı ilə tanış ola bilərsiniz.

- Professor, 2019-cu il sizin elmi yaradıcılığınız baxımından da önəmli il oldu. Əsərləriniz bir neçə dilə çap edildi, yüksək səviyyədə prezentasiyalar keçirildi. 2020-ci ildə hüquq elminin inkişafı ilə bağlı hansı planlarımız var?

- Uzun müddətdir yeni bir kitab üzərində işləyirəm. Əsərdə dinin cinayət və cəza anlayışına baxışı təqdim olunur. Bu məsələ üzərində bir neçə ildir araşdırma aparıram, səmavi kitablarla yanaşı həm Qərb, həm Şərq müəlliflərinin baxışları ilə tanış oluram. Çox geniş mövzudur. İnsanın yaradılış fəlsəfəsi, Allahla insan arasında münasibətlər sistemi, dinlərin cəmiyyətin idarə olunmasında rolu, ədalət, mərhəmət, cəza anlayışlarına müxtəlif rakurslardan baxış – bütün bunlar haqda fikirlərimi kitabda toplamağa çalışıram. Düşünürəm 2020-ci ildə bu kitab da çapdan çıxacaq.

“Cinayət və cəzanın fəlsəfəsi” əsərim bu yaxınlarda Qırğızıstanda qırğız dilində təqdim olunacaq. Xəbər almışam ki, “Cinayət və cəzanın fəlsəfəsi” əsəri İranda da fars dilinə çevrilir və yaxın zamanlarda Tehranda təqdimatı olacaq. Görünür, əsər İran üçün Qurani-Kərimlə paralellər aparıldığından maraqlı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm