• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Prezidentin dostu İNANILMAZ SİRLƏRİ AÇDI: Deyirlər, ondan xahiş etməliyəm ki... - MÜSAHİBƏ

  • Xüsusi
  • 14 Yanvar 2020 15:53
  • 7 539 Baxış
Prezidentin dostu İNANILMAZ SİRLƏRİ AÇDI: Deyirlər, ondan xahiş etməliyəm ki... - MÜSAHİBƏ

Əvvəli burada

Publika.az Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun news24.az-a eksklüziv müsahibəsini təqdim edir.

- Müəllim kimi çoxsaylı tələbələriniz olub və var. Tələbələrinizə nəyi və necə olmağı öyrətmisiniz?

- Hüquqşünas tələbələrin bəziləri elə başa düşürdülər ki, məcəllələri əzbər bilmək ən yaxşı hüquqşünas olmaq deməkdir. Onlara deyirdim ki, nə qədər siz məcəllələri əzbər bilsəniz də, türmədə yatanlar qədər cinayət məcəlləsini bilməzsiniz. Onlar məcəlləni sizdən daha yaxşı bilirlər. Bu, doğrudan belədir. Ona görə ki, kalonda yatanların sinəsində həbs olunduqları maddə yazılır və onlar bunu əzbər bilirlər. Yəni, bu yolla başa salırdım ki, əzbər bilmək hələ hüququn mahiyyətini bilmək deyil. Sən gərək o maddələrin mahiyyətini öyrənəsən. “Qurani Kərim” kimi. Məsələn, mollalar surələri əzbər bilirlər, amma Allah insanlara nə çatdırmaq istəyir, onu bilmirlər. Və o mollalarla dialoqa girəndə nə qədər dayaz, bəsit olduqlarını görürsən. Ona görə, tələbələrimə öyrədirdim ki, həmin maddələri əzbər bilməyə yox, mahiyyətini dərk etməyə çalışın. Onu da deyirdim ki, çox şeyi bilməkdənsə, lazım olanı bilmək daha yaxşıdır. O daha sərfəlidir və daha çox köməyinə gələcək. Çox şey bilə bilərsən, amma bu bilgin nə özünə, nə də insanlara lazım olmaya bilər.

- İnsanlar bəzən uğursuzluqlarının səbəbini maddiyyatla əlaqələndirirlər. Sizcə, uğursuzluğun pulla əlaqəsi varmı?

- Birbaşa əlaqəsi yoxdur. Ən çox da Rusiyada elə milyarderlər, oliqarxlar tanıyıram ki, onların öncə heç nəyi olmayıb. Bu işə mağazaların qarşısında cins şalvar satmaqla başlayıblar. Bu o deməkdir ki, ən çox uğurlu olmağa aparan zəhmətdir. Məqsəd qoymaq və zəhmət çəkmək lazımdır. Təbiidir, zaman keçdikcə maddi cəhət sənə kömək edəcək. Faktlar olub ki, çox imkanlı bir insanın övladları bütün varidatı dağıdıb və artıq heç nə köməyə gələ bilməyib. Çox şey insanın özündən asılıdır.

- Demək istəyirsiniz ki, övlada verilə biləcək ən böyük sərmayə, mal-mülk təhsildir. İnsanın əlindən hər şey çıxa bilər, yalnız ağlında, beynində olanları almaq mümkünsüzdür.

- Yüzə yüz razıyam. İnsanın beynində nə varsa, heç bir vaxt onun əlindən almaq olmaz. İnsanın həyatında elə bir məqam ola bilər ki, onun çoxlu var-dövləti olar, amma o elə çətin vəziyyətə düşə bilər ki, onu o var-dövlət həmin vəziyyətdən çıxara bilməz. Bir ağlı onu o durumdan çıxara bilər, var-dövlət köməyə gələ bilməz, yaramaz. Amma ağlı ona köməyə gələ bilər. Hər şeydən əvvəl insanın ağlı və savadı olmalıdır. Ağıl heç bir zaman insanı çətin durumda qoya bilməz.

- Var-dövlətinizin aciz olduğu zamanlar olubmu?

- Olub. Əgər savadsız olsaydım, o zaman düz qərar qəbul edə bilməzdim və hər şeyi itirə bilərdim. Bizim dövrümüzdə ana balasına daha çox “qurban olum, ay oğul, oxu” deyirdi. Valideyn bilirdi ki, bu uşağın gələcəyi məhz savadla işıqlı ola bilər. O dövr elə idi. Valideynlər övladlarını bu yöndən həyata hazırlayırdı. Amma indi valideynin dilindən belə söz eşitmirsən. Kənddə analar heç nəyi olmaya-olmaya çalışırdılar ki, uşaqları oxusun. Uşaq da dərk edirdi ki, ən vacibi oxumaqdır.

- Dövrümüzdə də yüksək bal toplayan abituriyentlərin əksəriyyəti kənd və rayonlardandır. Dünyanın müxtəlif ölkələrində orta təhsil alanlar belə o yüksək nəticəni göstərə bilmirlər. Deməli, ailənin maddi durumunun bu məsələdə heç bir rolu yoxdur.

- Razıyam. Burada başqa bir məqamda var ki, rayonda böyüyən uşaq onun ailəsinin gələcəyinə təkan vermək gücünün olmadığını anlayır. Amma dövlətli uşağı beynində fikirləşir ki, nə olsa da, ata-anam varlıdır, məni vəziyyətdən çıxaracaqlar. Sovet dövründə “dövlətli” sözü yox idi. İndi belə deyirlər. O zaman “imkanlı”, “orta” və “kasıb” ailələr deyimi var idi. Mən imkanlı ailədə böyümüşəm. Atam böyük vəzifədə işləyirdi, ögey anam da oxuduğum məktəbdə müəllimə idi. Heç bir korluq çəkməmişik və bu barədə düşünməmişik.

- Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidentisiniz. Bu yaxınlarda rəhbərlik etdiyiniz qurumun təşəbbüsü ilə Moskvada "Qlobal tranformasiya dövründəki müasir dövlətlər" adı altında beynəlxalq konfrans baş tutdu. Bu görüşün və konfransın nəticəsindən razı qaldınızmı?

- Bu formatda keçirilən konfranslarımız artıq ənənə halını alıb. Ötən il Bakıda da keçirmişdik. Konfransda 15-dən çox xarici ölkə nümayəndəsi iştirak edirdi. Biz bir-birimizi görürük, müzakirələr edirik, əlaqələrimizi möhkəmləndirir və genişləndiririk, hər kəs öz ölkəsindəki ən son hüquqi proseslərlə bağlı çıxışlar edir. Eyni zamanda dünyada olan aktual problemləri müzakirə edirik, savadmızı artırırıq.

- Konfransda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də iştirak edirdi. Siz dəvət etmişdiniz?

- Aleksandr Bastrıkinlə tələbəlikdən dostuq. Biz onunla tez-tez görüşürük. Konfransa o da dəvət olunmuşdu, eyni zamanda digər qurum rəhbərləri də orda idi. Ümumiyyətlə, Aleksandr Bastrıkin istənilən tədbirimdə iştirak edir. Çox aktiv insandır və belə konfranslara dəvəti həmişə qəbul edib çıxış edir.

- İlham müəllim, bir çox kitabların müəllifisiniz. Bəs, memuar yazmağı necə, düşünürsünüzmü?

- Elə bir fikrim var. Amma hələ tezdir.

- Bu gün Tovuzda çox sayda aztəminatlı ailələr var. Tovuzla bağlı hansısa bir planınız varmı?

- Təkcə tovuzlular yox, bütün Azərbaycan insanlarına yardım etməyi zəruri sayıram. Artıq sayı yadımdan da çıxıb nə qədər tələbənin xaricdə - Amerika, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, eləcə də Azərbaycanda təhsil almalarına yardım edirəm. Ən çox müraciətlər aydın məsələdir ki, xəstəliklə, insanların müalicəsi ilə bağlı olur. Çox köməklik edirik və bunun üçün çalışıırıq. Ayrı-ayrı işsiz adamlara da yardım edirəm və yenə də edəcəm. Tovuzla bağlı isə bir layihəm var, amma onu indi demək istəmirəm.

- Siz həm də dünyanın ən böyük ölkələrindən biri olan Rusiyanın prezidenti Vladimir Putinlə yaxın dostsunuz.

- İndi o dövlət başçısıdır. Elə xatirələr var ki, o dövlət başçısı olduğuna görə danışmaq olmaz, heç ehtiyac da yoxdur. Amma memuar yazanda yəqin ki, bu xatirələrin çoxu orda əks olunacaq. Bu, çox maraqlı olar. Bu xatirələrin çoxu bizim gəncliyimizə, oxuduğumuz dövrə aiddir. Artıq 50 il olacaq ki, Putinlə bir-birimizi tanıyırıq. Biz tələbə yoldaşı olmamışdan əvvəl tanış olmuşduq, abituriyent olanda. İkimiz də imtahan verirdik. İmtahan günü hamı dəhlizdə dayanıb gözləyirdi, heç kim də bir-birini tanımırdı. Və istər-istəməz ordakı abituriyentlər bir-biri ilə tanış olurdular. Çoxu da mənə yaxınlaşırdı, qafqazlılara münasibət daha fərqli idi və hər kəsə maraqlı gəlirdi. Putinlə universitetin dəhlizində tanış olduq. Tale elə gətirdi ki, bir yerə də qəbul olunduq. Sonra da dostluğumuz başladı və bu günə kimi də davam edir. Bu yaxınlarda “Youtube”da bir söhbətə qulaq asdım. Baxmaq fikrim yox idi, sadəcə mənə aid bir məsələ olduğundan dinlədim. Çünki soruşdular, “buna qulaq asmamısan?!” Bir siyasətçi, partiya lideri, daha doğrusu sədri, “lider” sözü ona yaraşmaz, bir jurnalistlə Qarabağ məsələsini müzakirə edir. Bizim günümüzə bax. Siyasətçi, hansısa partiyanın lideri, əgər liderdisə, deməli, bunun prezident olmaq iddiası var. Deyir ki, “İlham Rəhimov istəsəydi, dostluq münasibətlərindən istifadə edərdi, ildə bir dəfə dostunun ad gününü təbrik edəndə işğal olunan rayonlarımızın bir kəndinin azad olunmasını xahiş edərdi”. Bu siyasətçinin, özünü lider adlandıran birinin fikridir. Jurnalist də o məqamda deyir ki, “əlbəttə, düz deyirsiniz. İlham müəllim də bunu hər dəqiqə başı üzümüzə vurur, gözümüzə soxur” (Gülür). Elə olur ki, ildə onunla 4-5 dəfə görüşürəm. Hər il də təbrik edirəm. Nə qədər ağılsız və çoban səviyyəsində siyasətçi olmalısan ki, “dostluq münasibətindən istifadə edib hansısa bir kəndi işğaldan azad edə bilər” deyəsən. Bunların düşüncəsinə görə, mən Putindən xahiş etməliyəm ki, sən Allah, orda bir kəndimiz var gör, onu azad edə bilərsən. Hər dəfə bir kəndi xahiş etməliyəmmiş. Bu da mənim siyasətçim...

- Rusiyadakı azərbaycanlı iş adamlarından kiminlə dostluq edirsiniz?

- Dost ayrı, tanış ayrı, münasibət saxladığım ayrıdır. Amma çoxlarını tanıyıram, çoxları ilə münasibətimiz də var. Necə deyərlər, “salaməleyküm” var. Bir neçəsi ilə isə dostam. Amma əksəriyyətini tanıyıram, yaxşı da münasibətim var. Biz lazım olanda bir-birimizə kömək edirik. Azərbaycanlılar hər yerdə bir-birinə dəstəkdir və belə də olmalıdır.

- Kömək etdiyiniz insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz? Məsələn, Qod Nisanov, sizin tərəfdaşınız...

- Biz partnyorlar bir-birimizə dəstəyik. Demək olmaz ki, yalnız mən tərəfdaşlarıma dəstəyəm. Hərənin öz funksiyası var. Bir-birimizə arxayıq və kömək edirik. Hərə öz işini bilir. 1999-cu ildən bu günə kimi bizim aramızda nə soyuqluq olub, nə də incilik. Bir-birimizi çox yaxşı başa düşürük. Səmimiyyət və düzlük, ədalətli olmaq insanda önəm verdiyim xüsusiyyətlərdir. Hər kəs bir-birinə arxa olmalıdır, bunu bacarmalıyıq. Partnyorlarla bu günə kimi də bu prinsiplə davam edirik.

“Mənə hədə-qorxu gəlmək çox çətin məsələdir”

- Deyəsən, tərəfdaşlar sarıdan bəxtiniz gətirib.

- Düzdür. İstər Rusiyada, istər Azərbaycanda da hamı məəttəl qalır ki, necə ola bilər ki, indiyə qədər aranızda heç bir narazılıq olmayıb. Bu iki tərəfdən də qaynaqlanıb. Bir-birimizi başa düşürük, bu illər ərzində də bir-birimizə çox inanırıq və qətiyyən şübhələnmirik. Onun üçün də çoxları paxıllıq edirlər.

- Çox zamanlar dövlətli adamlara qarşı hədə-qorxular olur. Sizə hədə-qorxu gələn olmayıb ki?

- Yox olmayıb. Hər şey insanın özündən asılıdır. Gərək özünü elə aparasan və həyatda elə addımlar atasan ki, elə bir şəraitə düşməyəsən. Hər şey insanın özündən asılıdır. Gərək o şəraiti yaratmayasan. Özüm üçün heç bir vaxt bu şəraiti yaratmamışam və çoxları da bilir ki, mənə hədə-qorxu gəlmək çox çətin məsələdir.

- Deyəsən, idmanla da məşğulsunuz.

- Bəli. Hər günümün səhəri idmanla başlayır. Harda olmağımdan asılı olmayaraq, rejimimi pozmuram.

- Ananızın bişirdiyi yeməklərdən hansı üçün darıxırsınız?

- Anamın bişirdiyi xəngəl ən çox sevdiyim yemək idi. O cür dadlı xəngəl bişirməyi indiyə kimi bütün günü anamın yanında olan bacım da bacarmır. Bu yaxınlarda Qod, mən və rusiyalı oliqarx Rotenberq bir yerdə Moskvadan Bakıya uçurduq. Qod qayıtdı ki, bilirsiniz yadıma nə düşüb? Bir dəfə Tovuza getmişdik və ananız bizə xəngəl bişirmişdi. Bax, o xəngəl neçə vaxtdır ağlımdan çıxmır. Hava limanından zəng elədim, Tovuzdan qara un, qalan nə lazımdırsa, hamısını gətizdirdim. Dedim, biz gəlirik, elə eləyin, hazır olsun, təyyarədən düşən kimi gəlirik xəngəl yeməyə.

Dediyim kimi, üçümüz də gəlib o xəngəli yedik. Qod yeyəndən sonra dedi ki, bax, indi beynimdən çıxdı, yoxsa dadı damağımda qalmışdı...

İlham Rəhimovla müsahibəni Azərbaycanla bağlı istəkləri və anası haqda xatirəsiylə yekunlaşdırdıq. Bu bir daha onu göstərdi ki, həmsöhbətimiz harda olmasından, harda yaşamasından asılı olmayaraq qəlbi, ürəyi ilə bu torpağa, məmləkətinə bağlıdır. Məhz bu səbəbdən də həyatındakı bütün özəl günlərini vətəndə, çox sevdiyi torpağında qeyd edir. Bu dəfəki ad günü kimi...

Biz də öz növbəmizdə bu gün doğum gününü qeyd edən professor İlham Rəhimovu təbrik edirik. Ona cansağlığı və Azərbaycanla bağlı bütün arzularının gerçəkləşməsini diləyirik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR