Dünya şöhrətli jurnalist: 21 günlük bu orucdan sonra bədənimiz... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Dünya şöhrətli jurnalist: 21 günlük bu orucdan sonra bədənimiz... - MÜSAHİBƏ

Publika.az dünyaca məşhur serbiyalı jurnalist, rejissor, prodüser Vesna de Vinça ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissəni buradan oxuya bilərsiniz:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

- Deyirsiniz ki, səyahət mənim dinimdir...

- Bu səyahətin fəlsəfəsi ilə bağlı məqamdır. Jurnalist peşəsi qarşımda sehirli dünya açdı. Ən həyəcanlı, duyğulu məqamları peşəmlə yaşadım. Lakin mən sadəcə turist olmağın zövqünü anlamıram. Sanki hamı sosial şəbəkələr üçün yaşayır. Getdikləri ölkələrdə çəkdirdikləri fotoları öz zövqləri üçün deyil, insanlar görsün deyə paylaşırlar. Halbuki hər səyahət ruhumuzun qalxdığı növbəti pillədir. Turist və səyyah arasında çox böyük fərq var. Səyyahlar dediyim yüksək keyfiyyətlərə malik insanlardır. Səyahət etdikləri yeni dünyanın mədəniyyəti, estetikası, insanları ilə bütövləşməyi bacarırlar. Bu müqəddəs ünsiyyət ovuclarında yeni xətlər cızır, müdrikləşdirir.

Bir dəfə Şri-Lankada buddist kahindən müsahibə alırdım. Mənə baxıb dedi ki, görürəm, çox səyahət edirsiniz, amma ən ali yoldan keçməmisiniz. Soruşdum o yol haradan keçir? Cavab verdi ki, qət etməli olduğun əsas yol şüurundan qəlbinə gedəndir.

- Bəs mən o yolu qət etdiyimi haradan biləcəm?

- Planetin hər nöqtəsində özünü evindəki kimi rahat hiss edəndə, o yolu tapmış olacaqsan.

Düşünürəm ki, həmin yolu tapmaq üzrəyəm. Afrikanın vəhşi qəbilələri ilə də, Hindistanın ən kasıb təbəqəsi ilə də, Avstraliyanın aborigenləri ilə də, yunan sahillərinin sakinləri ilə də doğmalıq duyuram. Planet yavaş-yavaş evimə çevrilir. Artıq ruhumun müdrikləşdiyini anlayıram. Sırf bu müdriklikdən doğan məhəbbətdə qorxu, vahimə yoxdur. Ətrafına yaymaq da daha asandır. Dünyanın 100-dən çox ölkəsində olmuşam. Bu möhtəşəm ilahi təcrübədir.

- O zaman ilahi enerjini udmusunuz?

- Əlbəttə. Zehni açıq, düşüncələri aydın xristianam. Ümumiyyətlə, düşünürəm ki, dini inancından, tanrının 100 adından hansına sitayiş etdiyindən asılı olmayaraq insanlar bir-birinə qucaq açmalıdır. Bir dəfə hava limanında təyyarə gözləyirdim. Vaxtımı səmərəli keçirmək üçün əlimə keçən ilk kitabı oxumağa başladım. Orada belə bir fikir vardı: "Müasir insan üçün Tanrı kəlməsi çox köhnəlib. “Komos”, “Ali təfəkkür” anlayışları ilə əvəzlənməlidir. Fikrimcə, bizim o qüvvəyə verdiyimiz adın heç bir önəmi yoxdur. Əsas onu içimizdə hiss etməkdir. Bizi cəzalandıran deyil, yardımını əsirgəməyən o ali qüvvəni içimizdə tapmalıyıq. Tanrı qorxu deyil, sevincdir. Bu dünyada tənha olmadığımızın sübutudur. Onu daha çox dərk etdikcə, içindəki mənlərin sayı da artır. Tanrı demokratiyanın özüdür. Düşünürəm ki, onu səsləmək yox, görüşünə getmək lazımdır. Çoxlarına görə, tanrıya çatmaq üçün zirvəyə qalxmaq gərəkdir. Lakin sevdiyim şair Rasa Medou deyir ki, hələ heç kim Tanrının üzünü görəcək qədər dərinə enməyib.

- Dərinə enməyin bir sirri var bəlkə?

- Kədərimiz, acılarımız, ümidsizlik ruhumuzun işığını artırıb ona qovuşdurur. Çox acı çəkmişəm. Bu duyğular qəribə transformasiyaya dönüb gücümü artırıb. Mən sevgiyə, mərhəmətə, paklığa, mövluda inanıram. İnsanları cəbhələrə bölən siyasətçilərin kini, nifrəti dünyanı məhvə aparır. Ümumiyyətlə, bizi birləşdirən hər şey xeyir, ayıranlar isə şərdir.

- Bəs gözəl həyatın sirri nədir?

- Mənim üçün gözəl yaşamın sirri incəsənətdən, yaradıcılıqdan keçir. Sadəlik də sənətdir, onu duymaq xoşbəxtlikdir. Təsadüfə baxın ki, bir müddətdir gözəl həyatın sirlərini araşdırıram. Hər gün daha gümrah oyanmağın bir yolu var - bizi enerji ilə doyuran hər şeyə, hər kəsə yaxınlaşmaq, əskinə üzənlərdən uzaqlaşmaq. Bura hətta gündəlik rasionumuz, qəbul etdiyimiz qidalardan əlavə ən xırda ayinlərimiz aiddir. Nobel mükafatı laureatı Yoşinori Osuminin avtofogiyası ilə tanış deyilsinizsə, mütləq oxuyun. Bu siyahıya 21 gün ərzində gerçəkləşdirməli olduğumuz dualar, meditasiyalar aiddir. Bütün dinlərdə var olan oruc kimi... Məsələn, bağışlamaq enerjini yüksəldir. Həmçinin gözəlliklə bağlı bir sıra düşüncələrim var ki, yaxın gələcəkdə kitab halına salmaq istəyirəm. Mənim dəyişməyən prinsipim var. Həyat gözəldir, insanlar gözəldir. Sadəcə bu dəyəri görmək üçün bütün daxili sayğaclarımızı işə samalıyıq. Gözəllik duyğusu daxilimizdə cücərib, sivilizasiyanı yaradır. Gözəllik daxili enerjidir, sənətin qəlbidir. İnsanlara həsr etdiyimiz zamandır. Bizi paklaşdıran, xeyirxahlaşdıran addımlarımızdır. Həyatımızın mühərrikini öz əlimizə alıb çalışdırmaqdır. Daxilimizi gözəlləşdirmədikcə, firavan həyat mifini unutmalıyıq.

- Bütün həyatımız bu xoşbəxtliyi tapmaq üçün ovucumuzdan axıb gedir.

- Əlbəttə. Ümumiyətlə, xoşbəxtliyin dalınca qaçmaq lüzumsuzdur. İnsanın ən vacib missiyası içindəki məhəbbəti tapmaqdır. Xoşbəxtlik şüurun halıdır. İstehsalçıların tələsinə düşmüsünüzsə, xoşbəxtlik sizin üçün bahalı oyuncaqlardan ibarət olacaq. Bu isə faciənizin qapısının açarıdır. Mən hər yerdə brendlərin əleyhinə çıxış edirəm. Bir qız Kavallidən ən bahalı libasına, Lui Vyutonun 5000 dollarlıq çantasına bürünürsə, öz dəyərinin qat-qat aşağı olduğunu düşünür. Ümid edir ki, bu bahalı əşyalar sayəsində dəyəri artacaq. Hər birimizin əvəzsiz, unikal olduğundan xəbərsizdir. Özünü kainata deyil, quş lələyinə bənzədir. Gündəlik xoşbəxtliyin kökü əldə etdiyimiz, bizə bəxş olunan gözəlliklərə görə minnət duyğusunu formalaşdırmaqdır. Doğuşdan bu günədək qazandıqlarımızın qiymətini anlamaqdır. Toxuduqlarınızın ipini səmadan çəkin. Yalnız bu halda səmavi rahatlığa qovuşacaqsınız. Ən böyük xoşbəxtlik də budur.

- Lakin hazırda bu rahatlığımız Koronavirusun əlində çırpınır...

- Məncə, bu karantin dövrü toxunuşların, isti qucağın, yaxınlığın dəyərini daha çox dərk etməyimiz üçün ideal zamandır. Təbii ki, qlobal, sosial, siyasi dəyişikliklər də baş verir. Ağrılıdır, lakin tarixin ən maraqlı dövrüdür. Müsbət cəhətləri də çoxdur. Karantin planeti, zamanı dondurdu sanki. Bizi düşünməyə, ünsiyyət qurmağa, həyatımız haqda doğru qərarlar verməyə qoymayan vaxt azlığından ölümcül ikinci heçnə yoxdur. Xilas olduq, sevinmək lazımdır! (gülür)

Düşüncələrimizin fast-fudundan ləzzətli sevgi ilə hazırlanmış xörəklərə keçid etdik. Bu günlər həmçinin ən gözəl yaradıcı ideyaların doğulduğu müqəddəs zamandır. Tarix boyu ən gözəl əsərlər epidemiya zamanlarında yazılanlardır. Sükut, təklik sənətin açarıdır. Bir az çılpaq ruhumuzla baş-başa qalaq. Gəldiyimizə geri dönək. Zahiri aləmin süniliyindən yorulan duyğularımızı dincə qoyaq. Əmin olun, karantindən sonra gücümüz ikiqat artacaq. Mandela zarafatca deyirdi ki, bəzən həbsdəki günləri üçün darıxır. Orada heç olmasa sakitlik və dinclik vardı.

- Ümumiyyətlə, çağdaş insan əcdadlarımızdan daha etinasız olmuşdu... Təbiət buna “dur” deməli idi...

- İstənilən dövrdə ən çox üzülən həssas, emosional insanlardır. Lakin bayaq dediyim kimi, kədərə qərq olmadan aydınlığa çıxmaq, gözəlliyi duymaq mümkün deyil.

- Həqiqi dostluq sizin üçün nədir?

- Qarşımızdakı insanın həm sevincinə, həm də acısına şərik olmaqdır. Bütün müsbət və mənfi cəhətləri ilə qəbul etməkdir. Məncə, ən böyük zənginlikdir dostluq.

- Vesna, məqsədsiz yaşamaq daha rahat deyil?

- Həyat varlığımızın mənası yazdığımız qələmdir. Həyatın mənası isə məqsədlərimizlə aramızdakı məsafədən asılıdır. Dünyanı dəyişə bilmiriksə, özümüzü mükəmməlləşdirməyə çalışmalıyıq. Küçəyə çıxa bilmiriksə, içimizə dönməliyik. Dahi psixiatr Viktor Frankl deyirdi ki, həyatımızı mənasız edən mövcud şərait deyil, məqsədsizliyimizdir. Deyərdim ki, hazırda qərb sivilizasiyasının da ən böyük dərdi budur. Frank hesab edirdi ki, insanın daxili azadlığından güclü silahı yoxdur. Özü də o, Osvensim düşərgəsinin əsirləri arasında olmuşdu. Bu nəzəriyyəsini də həmin illərdə yazmışdı. O düşünür ki, insan hər şeyini itirəndən sonra əsl azadlığına qovuşur. İstənilən şəraitdə öz mövqeyini ortaya qoymağı öyrənir. Düşəcəyimiz durumu seçə bilmiriksə, durumu öz xeyrimizə dəyişə bilərik. Ən xırda uğurunuzdan ruhlanın, baş verən dəyişiklikləri təbəssümlə qarşılayın. Əsas məqsədiniz sevgi olsun!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm