Xüsusi
Corc Kluninin azərbaycanlı bənzəri: "Heç nə dərk etməyən körpələri 50 min manata satırlar" - MÜSAHİBƏ
Karantin rejiminin yumşaldığı növbəti mərhələdə gözəllik salonları və bərbərxanalar fəaliyyətə başladılar. Biz də ölkənin ən qlamur bərbəri, Corc Kluninin azərbaycanlı bənzəri Fuad Hacıyevlə həmsöhbət olduq.
Publika.az müsahibəni təqdim edir:
- Fuad, bütün dünya pandemiyaya hazırlıqsız yaxalandı. Karantin həyatınızda necə iz qoydu?
- Təbii ki, planet üçün gözlənilməz oldu. Qəribə təlaş yaşandı. Amma etiraf edim ki, çox xoşuma gəldi bu dövr. Anama, ailəmə daha çox vaxt ayırdım. Bağımda əkin işləri ilə məşğul oldum. 40 il ərzində görülməyən bütün işlərimi həll etdim. Çox maraqlı insanlarla tanış oldum. Aztəminatlı ailələrə yardım etdik. Yeganə mənfi cəhət dünya iqtisadiyyatına dəyən ziyandır. Amma bütövlükdə zövq aldım. Hətta təklif edərdim ki, hər ilin 1 həftəsi dünyada karantin elan olunsun. İnsanlar evlərində otursun, ekologiya təmizlənsin. Mərhəmətimiz artsın.
- Mərhəmətiniz artdı?
- İçimdən daha mehriban, şəfqətli Fuad çıxdı. Dünyaya, heyvanlara, təbiətə qarşı... Çox pozitiv qayıtmışam. Hər şeyin gözəl olacağına ümid edirəm. İnanıram ki, varlılar xoşbəxtliyin yalnız çoxlu pulda olmadığını dərk etdilər. Hər ay səyahətə çıxanlar imkansızlıqdan evdə oturanlarla eyni duruma düşüb, həmrəyliyin nə olduğunu anladılar.
- Ümumiyyətlə məşhurluqla cazibə qüvvəsi arasında tərsmütənasiblik var. Tanındıqca, insanların ayaqları yerdən kəsilir. Yəqin ki, siz də nə vaxtsa bu çaşqınlığın qurbanı olmusunuz.
- Buna vicdanlı cavabı ancaq dostlarım verə bilər. Doğrudur, "ulduz xəstəliyi"m var və sönməyib. Amma əsl ulduzlarla çalışdıqca, dostluq etdikcə, özümü yerə çəkirəm ki, sakitləş. Restoranda ofisianta yuxarıdan aşağı baxan adamları, puluna, məşhurluğuna güvənib ətrafındakıları alçaldanları sevmirəm. "Ulduz xəstəliyi"nin fəsadları çoxdur. İnsan yazıq, gülünc duruma düşür. Mən özüm də fəhləlikdən başlamışam həyatıma. Keçmişimi unutsam, qazandıqlarımın mənası qalmaz. Amma özgüvənim var. Heç vaxt bir nöqtədə durmuram. Bir uğurdan yenisinə ruhlanıram. Məsələn çoxdandır geyim kolleksiyamı yaratmaq istəyirdim. Bunun üçün həm imkanım, həm təvazökarlıqdan uzaq olsa da, zövqüm var. Nəhayət karantində zaman tapıb diqqətimi bu işə yönəltdim. Alınmasa da ruhdan düşməyib, başqa ideyalarımı gerçəkləşdirəcəm.
- O zaman yeni layihənizdən danışaq.
- Gündəlik kişi və qadın geyim kolleksiyası nəzərdə tutmuşuq. Qiymətlər də sərfəli olacaq. Daha çox idman stilinə üstünlük vermişik. Əsasən elementlər çoxluq təşkil edəcək. Hələlik satışımızı onlayn aparacağıq.
- Brendinizə ad qoymusunuz?
- Öz adımla bağlı bir şey düşünürəm. Amma hələ ki, tam qərar verməmişəm.
- Bəs hazırkı işiniz - bərbərlik?
- Ümumiyyətlə mən bir çox sahədə çalışıram. Məsələn həftədə iki dəfə model agentliyində dərs verirəm. Klub industriyasında çalışıram. Amm bu işim lap doğmadır. Bəziləri narkotik aludəçisidir, kimlərsə spirtli içki. Mən işimdən çox asılıyam. İlk övlad kimidir. Narkotikimdir. Yerini heç nə tuta bilməz. Onsuz yaşaya bilmərəm.
- Fuad, çox dostunuz var. İnsanın çoxlu dostu ola bilməz axı...
- İddiaya girərəm ki, bu mümkündür. Ümumiyyətlə məncə, planetdə pis insan yoxdur. Dostluq etmək üçün öncə özün insan olmalısan. Mən hər kəslə dil tapan insanam. Birinci ünsiyyətdə oluram. Düşüncələrimiz, həyata baxışımız eyni olmasa belə həyatımda qalacaq. Amma lap yaxın dostum olmayacaq. Çətin deyil, sadəcə hər kəsin maraq dairəsinə uyğun mövzular tapmaq lazımdır. Bəzən hətta bütün dostlarım xəbərdarlıq edir ki, bax, bu insandan uzaq durmalısan. Hamıya əksini sübut etmək üçün həmin adama daha da isti münasibət göstərəcəm. Ümumiyyətlə problem sevən insan deyiləm. Hətta xidmətini bəyənmədiyim restoranda da irad bildirmirəm. Səssizcə çıxıram. Bir daha ora getmirəm. Həyat neqativ saçmaq üçün çox qısadır.
- Düşünürəm ki, sizin kimi sakit təbiətli insanın həyatında mütləq harmonik eşq var. Yanılıram?
- Mənim üçün ailə çox müqəddəsdir. Mənimdir. Heç kimlə bölüşmürəm. Həyatı çox sevirəm, yarımçıq yaşamaq istəmirəm. Ümid edirəm, bir gün qarşıma məni bütün kaprizlərimlə sevib qəbul edən insan çıxacaq.
- Bəs indi sevgisizliyin boşluğunu hiss edirsiniz?
- Əlbəttə. Yox desəm, yalan olardı. Doldurmaq istəyirəm bu boşluğu. Bəzən deyirlər, artıq 40 yaşın var, gecdir. Heç nə üçün heç vaxt gec olmur. Bir gün şübhəsiz, ailə quracam. Yalnız ailəmin qayğılarını, ehtiyaclarını təmin edəcəm. Bəs öz həyatım?
- Eqoistsiniz.
- Bəli. Amma sevgimi tapmasam elə ata olmaq istəyirəm.
- Bizim cəmiyyətə sizin kimi atalar lazımdır.
- Sizinlə bir məsələni bölüşəcəm. Tezliklə uşağım olacaq. Öz uşağım olmasa belə mütləq övladlığa götürəcəm. Bu müzakirə olunmur. Anamla da danışdıq. Dedi, sənin seçiminə həmişə hörmətlə yanaşacam. Lakin hələ də bu ciddi addıma mənəvi cəhətdən tam hazır deyiləm. Fiziki və maddi tərəfdən bütün imkanlarım var. Gözəl tərbiyə, güclü təhsil, ailə məhəbbəti verəcəyimdən əminəm. Bu günlərdə bir filmə baxdım. Nikol Kidmanın "Şir" filmi idi. Orada çox maraqlı bir epizod var. Övladlığa götürdüyü oğlan öz ailəsini tapandan sonra gəlib təşəkkür edir ki, bizi gözəl böyütdüyünüz üçün, ümumiyyətlə hər şeyə görə çox sağ olun. Heyf ki, öz övladlarınıza sahib olmaq imkanından məhrumsunuz. Kidmanın qəhrəmanının cavabı çox təsirlidir. Deyir, sənə kim deyir ki, məhrumuq. Sadəcə biz düşündük ki, dünyaya yeni övlad gətirmək əvəzinə, hər şeyi əlindən alınmış kimsəsiz uşağa yeni həyat versək daha yaxşı valideyn ola bilərik. Bu filmdən sonra əmin oldum ki, doğru yoldayam. Ana, ata məhəbbətindən məhrum körpələrə bu sevgini verəcəm.
- Çox kövrəldim.
- Mən bunu istəyirəm. İlkin mərhələdə körpə qıza atalıq edəcəm. Hər şey yaxşı getsə, bir oğlum da olacaq. Amma çox üzülürəm ki, bu işlə məşğul olan qurumlar uşaqlara qiymət qoyurlar. Heç nə dərk etməyən körpələri 50 min, balaca uşaqları isə yeni valideynlərinə 20 min manata satırlar.
- Dəhşətdir.
- Hazırda bu durumla mübarizə aparıram. Əminəm ki, nail olacam. Səbrim dəmirdəndir. Gözləyəcəm, ümidlə yaşayacam. Ən əsası istəyim uğrunda hər şey edəcəm. Ümumiyyətlə həyatda daha çox şeyə nail olmaq istəyirsinizsə, pis fikirləri beyninizdən qovun. Həmişə yaxşı pisi üstələməlidir.
- Bəs üstündən xətt çəkdiyiniz insanlar olub?
- Olmayıb desəm, inanmayacaqsınız. Ümumiyyətlə "qara kitab"ım yoxdur. Heç kimi iqnor etmirəm. Hətta çiynimdən bıçaqlayanları da görəndə, salamlaşıram. Amma çalışıram, onlar olan məkanlara getməyim, uzaq durum. Göstərməyə çalışıram ki, sənin yoxluğunda daha yaxşıyam. Qoy, sevindiyimi görüb, lap məyus olsunlar. Amma nə vaxt çətinlikləri olsa, mənə ehtiyac duysalar, köməklərinə hamıdan tez qaçaram. Sadəcə həyatımda onlar üçün yer qalmayıb. Belə yaşamaq daha asandır, rahatdır. Ümumiyyətlə məni üzən məsələlər haqda düşünmürəm. Əvvəllər başıma pis iş gələndə, ümidsizliyə qapılırdım. Niyə mən, deyirdim. İllər keçdikcə, görürsən ki, mütləq mübarizə aparmaq lazımdır. Olmadı, yenidən cəhd et. Sınmaq, ruhdan düşmək olmaz. Bu həyatın ən təbii qanunudur. Allahın günahı yoxdur ki, sən fərsizsən. Günahı da, səhvi də özünüzdə axtarın. Mütləq tapıb, daha mükəmməl olacaqsınız. Kədər daha böyük kədər gətirir. Düşünməyin ki, Allah sizə ailə, övlad, pul, iş verib. Düşünün ki, sizə cəmi bir həyat verib və siz onu ən gözəl şəkildə yaşamağa çalışmalısınız. İndi yenə deyəcəksiniz ki, eqoistəm. Ola bilər... İlk növbədə özümüzü düşünməliyik. Hətta bəzən anama deyirəm ki, niyə ömrünü bizə qurban vermisən? Vaxt olub, iki işdə işləyib, bizi doyurmusan. Gərək öncə özünü, sağlamlığını düşünərdin. Bir hadisə danışacam. Karantindən öncə səyahətə getmişdik. Çox gözəl hoteldə qalırdıq. İnanın, hovuzun ətrafında toplaşanlar arasında ən gənci mən idim. Elə bilirsiniz, onların övladları yoxdur? Sadəcə həddi-buluğa çatandan sonra əllərini buraxırlar ki, get yaşamağı, pul qazanmağı öyrən. Sonra öz həyatlarını yaşamağa başlayırlar. Həyatınızın qədrini bilin. Unutmayın ki, hər şey geri dönür. Bu günlərdə qəribə bir xəbər oxudum. Pandemiya müddətində kökünün kəsildiyi zənn edilən heyvanlar təbiətə qayıdıblar. Təbiətdə heç nə itmir. Yaxşılıq da, pislik də... Müsbət enerjinin varlığına inanın. Tanrı deyin, "God" deyin, amma təmiz enerjinin sizdən mərhəmət gözlədiyini unutmayın.
Leyla Sarabi
Fotolar: Pərviz Həşimi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO