• USD 1,7000 0,00% EUR 2,0652 0,00%
    • GBP 2,3259 0,00% RUB 0,0232 0,00%

Fransız jurnalistlə ŞOK MÜSAHİBƏ: Müharibə davam etsəydi, bəlkə də Paşinyan...

  • Xüsusi
  • 25 Noyabr 2020 14:57
  • 26 065 Baxış
Fransız jurnalistlə ŞOK MÜSAHİBƏ: Müharibə davam etsəydi, bəlkə də Paşinyan...

Hazırda Fransa hakimiyyəti ilə ölkədəki radikal erməni icmaları arasında münaqişəyə şahidlik edirik.

Bu sözləri Publika.az-a özəl müsahibəsində "Causeur.fr" media qurumunun rəhbəri Gil Mixaeli bildirib.

- Cənab Mixaeli, peşəmizlə bağlı bildiyimiz əsas həqiqət budur ki, bütün məsələlərdə qərəzsiz və vicdanlı yanaşmamızı qorumalıyıq. Bəs mövzu Qarabağa gəlincə, fransız mediası bu prinsipləri niyə tapdayır?

- Ümumiyyətlə, fransız mətbuatında Cənubi Qafqaz, Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələr ziddiyyətlidir. Bunun əsas səbəbi isə ölkədəki erməni icmalarının təsiridir. Demokratiyanın demoqrafiya ilə qohum anlayış olduğunu nəzərə alaraq xatırladım ki, Fransada yaşayan 600 min vətəndaş özünü erməni diasporuna aid edir. Bu rəqəmin yarıdan çoxu, yəni 400 min nəfəri isə fəal seçicilərdir. Həmin vətəndaşların böyük əksəriyyəti Marsel şəhəri ətrafında, Lion və Parisin müəyyən ərazilərində məskunlaşıblar. Belə ki, 1915-ci ildə iddia etdikləri "soyqırımı"dan sonra Fransaya qaçan ermənilərin çoxu məhz bu regionlara üz tutublar. Erməni icmaları illər boyu özlərini həm dini, həm də mədəni sferada güclü təbliğ etməyə nail olublar. Diaspor nümayəndələri Fransa tarixində mühüm rol oynayıblar. Nasist hücumlarında Fransa uğrunda döyüşən ermənilər müharibədən sonra da ölkənin müxtəlif sahələrində, o cümlədən şou biznesində parlaq karyera qurublar. Elə götürək Şarl Aznavuru... Fransanın ən çox sevilən ermənilərindən biri idi. Digərləri mətbuatda, siyasi dairələrdə özlərini çox yaxşı tanıda bildi. Erməni "soyqırımı"nı hər yerdə kədər və ağrı ilə təbliğ etdikləri üçün fransız xalqı onların faciəsinə qarşı dərin hüzn kapitalı formalaşdırıb. "Musa dağının 40 günü" kimi kitablar isə bu faciənin Fransada Holokosta bərabər tutulmasına gətirib çıxardı. Bəli, bu ölkənin erməni diasporu illər boyu özünü təbliğatla məşğul olur. Xüsusən də bölgədəki Fransa-Türkiyə, həmçinin Almaniya gərginliyi məsələyə münasibət formalaşdırmağa təkan verir. Əksər fransızlar Azərbaycan haqda eşitməyib. Onlara xalqınızdan bəhs edəndə, türk millətidirsə, Türkiyə vətəndaşıdır, Azərbaycan Türkiyənin davamıdır deyə cavab verirlər. Xüsusən də erməni əsilli fransızlar bütün addımlarınızda Türkiyənin də yanınızda olduğunu, bu qəbildən bir sıra iddia ilə çıxış edirlər. Nəticədə Fransada yaşayan hər bir erməni yerli əhalinin mərhəmətini öz üzərinə çəkməyi bacarır. "Türklərin əlindən çəkdikləri azmış kimi, indi də azərbaycanlıların "soyqırımı"na məruz qalırlar" kimi miflər formalaşır. Məsələnin içinə bir az nüfuz edən kimi erməni mənəviyyatının cılızlığını azərbaycanlıların haqlı olduğunu anlayırsan. Lakin hadisələrə yalnız ermənilərin gözü ilə baxan fransız media nümayəndələri Azərbaycana qarşı böhtan dolu məqalələr yazmağa başlayır. Çünki onun azərbaycanlı müğənni, kinorejissor dostu, qonşusu yoxdur. Onlar heç vaxt Azərbaycan haqda filmlərə baxmayıblar, romanlar oxumayıblar. Lakin bir məqam da sevindiricidir ki, İkinci Qarabağ müharibəsini iyul hadisəsinə rəğmən daha obyektiv işıqlandırmağa cəhd etdilər. Yəni radikal erməni mövqeyini əks etdirməyən mətbuat nümayəndələri də var. Çoxu da faktları araşdırdıqca, hər şeyin göz önündə olduğunu dərk edir.

- Bu baxımdan müharibə dövründə yazdığınız məqalələr olduqca dəyərlidir. Həqiqəti eynəksiz də görüb anladığınız üçün minnətdaram.

- Təşəkkür edirəm. Doğrudur, bu müharibə ərzində bir sıra məqalələr yazdım. Xüsusən də erməni tərəfin kapitulyasiyası ilə yekunlaşan müharibədən sonra hadisələri analiz etmək imkanım yarandı. Nikol Paşinyan bu razılığa gəlməsəydi, ordusunu, hakimiyyətini, bəlkə də həyatını itirəcəkdi. Onsuz da qondarma Dağlıq Qarabağ respublikası məhvə məhkum idi. Xüsusən də müharibə davam etsəydi, bu, Ermənistanın daha çox əsgər ölümü ilə nəticələnəcəkdi. Bundan sonra isə yerdə qalan gənclərin iqtisadiyyatı, təsərrüfatı çökmüş Ermənistanda yaşamağa tab gətirməyəcəkləri bəlli idi.

Odur ki, bu süquta uğramış erməni dövləti üçün ən məntiqli qərar idi. Xalqı üçün ağrılı olsa da, Paşinyan bu yolla hansısa mənada ölkəsini məhvdən xilas etdi. Hakimiyyətdə olduğu 30 ay müddətində nə Rusiya ilə münasibətləri sahmana saldı, nə də rəqibinin güclü ordusu və siyasi elitasını obyektiv qiymətləndirməyi bacardı. Sanki 1994-cü ilin erməni ordusunun artıq mövcud olmadığını anlamaq istəmirdi. Bir də dərk etmədi ki, Azərbaycan həm 7 rayonu, həm də Dağlıq Qarabağı güclü ordusu hesabına qısa müddətdə döyüş yolu ilə azad edəcək. "Qarabağ Ermənistadır" deyərək, nəinki güclü Azərbaycanı hiddətləndirməyə, eləcə də düşünülməmiş addımları ilə öz müdafiəçisini qıcıqlandırmağa nail oldu. Müzakirə cəsarəti olmayan rəhbərin sonu bu idi.

1994-cü ildə Azərbaycan tarixi torpaqlarını itirsə də, mərhum prezidentiniz Heydər Əliyev güclü iqtisadiyyatın, siyasi platformanın bünövrəsini qoydu. Məğlub Azərbaycanı qalib, güclü ölkəyə çevirmək yolunda çalışdı. Bu siyasi yol bugünkü rəhbəriniz tərəfindən zirvəyə çatdı. Azərbaycan bütövləşməyə nail olsa da, ermənilər 3 cəbhəyə bölündülər - İrəvan erməniləri, Dağlıq Qarabağ erməniləri və xarici diaspor erməniləri. İrəvan erməniləri rəsmi Bakı ilə razılığa gəlmədiyi müddətdə digər iki cəbhədən güclü ola bilməyəcək.

- Bəs Fransız cəbhəsi necə? Elə bu günlərdə cənab Makron Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünü etiraf etdi...

- Bəli... Bu cəbhədə iki qalib var. Yolunda yaşıl işıq olan, 30 il sonra ədaləti bərpa edən Azərbaycan və İrəvanda mövqeyini möhkəmlədən Rusiya. Fransa Minsk Qrupunun üzvü kimi öz neytrallığını qorumasa da, beynəlxalq hüquq məhz erməni tərəfi istilaçı kimi qəbul edir. Sanki hazırda Fransa hakimiyyəti ilə radikal erməni icmaları arasındakı münaqişəyə şahidlik edirik. Fransa dövləti münaqişədən sonrakı sülhü dəstəkləmək istəsə də, parlamentdə fəallıq göstərən ermənilər bu sükutu pozmağa cəhd edirlər. Lakin Fransa kimi demokratik ölkənin beynəlxalq hüquqa qarşı çıxacağı mümkün deyil. Bəli, Fransadakı erməni qruplaşmaları güclüdür, amma məğlubedilməz deyil. Fransa tərəfi də gec-tez anlayacaq ki, 1915-ci ildə deyil, 2020-ci ildə yaşayırıq. Qarşı tərəf isə güclü Azərbaycandır. Azərbaycanla razılığa nail olmaq isə ən əsası ermənilərin işinə yarayacaq. Fransa isə Ermənistanın Azərbaycanla stabil münasibət qurmasında dost ölkəsinə yardım edə bilər.

Müsahibəyə şərait yaratdığı üçün Fransa-Azərbaycan Dialoqu Assosiasiyasına təşəkkür edirik.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR