Emmanuel Dupuy: Döyüşlərdə Fransanın Ermənistanın qeydinə qaldığını düşündünüz, lakin... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Emmanuel Dupuy: Döyüşlərdə Fransanın Ermənistanın qeydinə qaldığını düşündünüz, lakin... - MÜSAHİBƏ

İstənilən müharibədə haqlı və haqsız tərəf dəqiq bilinsə belə, məğluba yardım göstərilməlidir. Fransanın beynəlxalq diplomatiyası da məhz bu bünövrə üzərində qurulub.

Bu fikirləri Avropa Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Publika.az-a özəl müsahibəsində vurğulayıb.

Müsahibəni təqdim edirik:

- Cənab Dupuy, Fransada da dünyanın digər nöqtələrində olduğu kimi koronavirusun ikinci dalğası tüğyan edir. Ölkədəki son durumla bağlı nə deyə bilərsiniz?

- Sentyabrın sonundan etibarən həm ölkə başçısı, həm də baş nazir xalqa müraciət edərək koronavirusun ikinci dalğasının əsməyə başladığını bildirdilər. Hazırda bu virus bütün dünyanı, eləcə də Avropanı bürüyüb. Bütün qonşu dövlətlərdə olduğu kimi Fransa da pandemiyadan ağır zərər gördü. Bugünədək ölkəmizdə virusdan ölənlərin sayı təxminən 50 min nəfərə yaxındır. Hakimiyyət də bu qədər ağır şəraitə hazır deyildi. Hazırda hər şey elmin, təcrübənin, səhiyyənin üzərinə düşür. Tezliklə virusa qarşı vaksin hazırlanmalıdır. Əks halda ölkə iqtisadiyyatı, turizm sektoru, ölkənin mədəni və təhsil həyatı çox böyük təhlükəyə düçar olacaq.

- Son günlər Parisdə çıxışlar baş verdi. Polislə əhali üz-üzə qaldı.

- Fransa hər zaman bütün vətəndaşlarının təhlükəsizliyini eyni dərəcədə təmin etməyə çalışıb. Lakin cəmi bir məqalə ölkədə qarşıdurmaya səbəb oldu. Etiraz aksiyalarında polislə çıxışçılar üz-üzə gəldilər, şiddət tətbiq olundu. Lakin ölkə başçısının da vurğuladığı kimi, dövlətin rəmzlərindən biri də azadlıqdır. Hər kəsin tam sərbəst seçim etmək, öz dininə açıq şəkildə ibadət etmək hüququ var, buna heç kim mane ola bilməz.

- Pandemiya durğunluğundan ən çox ziyan görənlər də çalışıb, təhsil alan tələbələr oldu. Fransa tələbələrinə yardım edirmi?

- Fransa sosial dövlətdir. Amma sırf evsiz, imkanı məhdud tələbələr üçün heç bir müavinət nəzərdə tutulmayıb.

- Fransa ilə Azərbaycanın münasibətlərini şərh etməyinizi istərdim.

- İki ölkənin enerji sektorunda çox güclü əməkdaşlığı mövcuddur. Sırf bu yönə fokuslanmaq lazımdır. Lakin bundan əlavə, Bakı-Paris münasibətləri də hər zaman isti olub. Siyasi problemləri, anlaşılmazlıqları da aradan qaldırmaq vacibdir. Çünki Azərbaycan Fransa üçün həm güclü sərmayəçi, həm də müttəfiqdir. İstənilən sahədə əlaqələrimiz möhkəmlənməlidir.

- İkinci Qarabağ müharibəsinə, ölkəmizin zəfərinə ermənipərəst fransız deyil, humanist Avropa vətəndaşı kimi münasibət bildirməyinizi rica edirəm.

- 44 günlük qızğın müharibədən sonra Azərbaycanla Ermənistan arasında imzalanan bəyannamə tək bu savaşa deyil, həm də 30 illik işğala son qoydu. Şübhəsiz, Rusiya və Türkiyə regionun nəhəngləridir. Cənubi Qafqazda ədalətin bərpası, alovun söndürülməsi üçün çalışdılar. 1992-ci ildə tarixi qonşular olan Azərbaycan və Ermənistan arasında sülhü bərpa etmək məqsədilə yaradılan Minsk Qrupu 13 ölkədən ibarət idi. Burada ABŞ, Rusiya və Fransanın adlarını xüsusi qeyd etmək lazımdır. 1988-ci ildən başlayan erməni işğalçılığı 1992-ci ilədək pik həddə çatdı. Ermənistan Azərbaycanın 20 faizini işğal etdi. İllərdir BMT-nin 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin qonşu ölkənin ərazisindən şərtsiz çıxmağını tələb etsə də, vəziyyət dəyişmirdi. İllərdir ki, bu münaqişədə hər iki ölkə cəmi 25 min qurban verib. Milyondan çox azərbaycanlı öz torpaqlarından qovulub. Nəhayət dövlətiniz Qarabağı geri qaytardı, qalib imicini bərpa etdi.

- Bizim doğma, tarixi torpaqlarımızı tərk edən mülki ermənilər öncə evləri yandırır, ağacları kəsirdilər.

- Bu kədərlidir. Təəssüf ki, bir sıra müharibələrdə işğalçıların atdığı addımdır. Lakin əsas məsələ gələcəyə fokuslanmaqdır. Azərbaycan geri qaytardığı ərazisini abadlaşdırmalıdır. Ölkənizdə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "France 24" kanalına verdiyi müsahibədə bütün bu məsələlərə aydınlıq gətirdi. Çoxmillətli, tolerant Azərbaycanın Qarabağ ərazisindəki xristian məbədlərini də qoruyacağı ilə bağlı danışdı. Ermənistanın müsəlman məbədlərinə qarşı illərlə davam edən təhqirlərinə Azərbaycanın yol verməyəcəyini bildirdi. Həmçinin YUNESKO rəhbərliyini işğaldan azad olunmuş ərazilərinizə dəvət edərək məhv olmuş tarixi abidələri, məbədləri canlı görmələri üçün bütün imkanları yaradacaqlarını vurğuladı. Hazırda Azərbaycanın dünya ictimaiyyətində üstün siyasi imici formalaşıb. Müharibə boyu Fransa dünya ictimaiyyətində ermənilərin dəstəkçisi təsəvvürünü formalaşdırdı. Daha çox Ermənistanın qeydinə qaldığını düşündünüz. Lakin istənilən müharibədə haqlı və haqsız tərəf dəqiq bilinsə belə, məğluba yardım göstərilməlidir. Fransanın diplomatiyası da məhz bu bünövrə üzərində qurulub. Unutmayaq ki, Azərbaycanla Fransa arasında sarsılmaz münasibət formalaşıb. 44 günlük ağır müharibə ölkənizdə çoxsaylı dinc əhalinin və əsgərlərin itkisinə səbəb oldu. Artıq diplomatiya yenidən öz məcrasına geri dönməlidir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm