Sevgi münasibətlərinə görə 4 milyon xərcləyən qadın - Məşhur psixoloq MARAQLI FAKTLARI AÇDI
Bizi izləyin

Xüsusi

Sevgi münasibətlərinə görə 4 milyon xərcləyən qadın - Məşhur psixoloq MARAQLI FAKTLARI AÇDI

Son günlər baxdığım bir sıra film və serialların təsiri altındayam. Bunun yaxşı, yaxud pis hal olduğunu bilmirəm. İnsanların psixoloji problemlərinin, törətdikləri cinayətlərin səbəbini uşaqlıq travmaları ilə əlaqələndirməyə başlamışam. Məhz bu məqamda köməyimizə psixoterapevtlər gəlir. Bəli, bu gün kimin pulu varsa, problemlərini, həyat yolundakı düyünləri bu sahənin mütəxəssislərinin qəbuluna getməklə çözməyə çalışır. Digərlərimiz isə önümüzdə yanan qırmızı işıqdan qurtulmaq üçün psixoloji yardım almağa məhkum olunuruq.

Bəs bu elm haqqında nələr bilirik? Həqiqətənmi psixoloq və psixoterapevtlər mənəvi dünyamızın günəşini parıldadırlar?

Publika.az-ın müsahibi Finlandiyanın məşhur psixoanalitiki Lyavas Kovarskis çoxumuzu düşündürən sualları cavablandırdı.

- Cənab Kovarkis, bu gün peşəkar psixoterapevtlərin qəbulu bahadır. Üstəlik bir çox ölkədə olduğu kimi bizdə də ödənişsiz müayinə ya çox bərbad səviyyədə fəaliyyət göstərir, ya da ümumiyyətlə yoxdur. "Coker" filmində olduğu kimi... Niyə psixoterapevt qəbuluna pul xərcləməliyik?

- Axı biz digər həkimlərin qəbuluna gedəndə də müəyyən məbləğ ödəməliyik. Qarşı tərəfin səni anlayıb, qəbul etməsi çox gözəl məqamdır. Xüsusi həzzdir, ağrıların azalmasıdır. Məsələn, gözünüzü əməliyyat etdirib, dünyanı şəffaf görmək üçün pul ödəyirsiniz. Bu da bənzər üsuldur. Ruhunuzu sağaldıb, dünyada öz yerinizi müəyyən edirsiniz. Ətrafınızla, özünüzlə harmoniyaya nail olursunuz.

- Doktor, psixoanalitik peşəsini necə xarakterizə edək?

- Heç düşünmüsünüz ki, ruhu, mənəviyyatı ağrıyan insanlarla çalışan prixoterapevtlərin müəllimi kimlərdir? Təbii ki, psixoanalitiklər. Çox vaxt psixoterapevtləri ali zümrənin rahibləri adlandırıram. Çünki onlar da söhbət vasitəsilə qarşılarındakı insana kömək etməyə çalışırlar. Yeni ümidlər, rahatlıq bəxş edirlər. Dərdli insan da tənhalıqdan qurtulur, içindəki acının kökünü tapır. Belə deyim, psixoterapevtlər insanı cəmiyyətə bağlayan çox güclü tellərdir. İstənilən rahib, yaxud digər din xadimləri də bu işlə məşğuldur, elə deyil?

- Doğrudur.

- Elə ən primitiv misal: ata-babalarınızın ruhu canınıza girib sizə rahatlıq vermir. Bədəninizdəki cini qovmaq üçün şamandan yardım istəyəcəksiniz. Ən böyük günahınızı kilsədə rahib dinləyib, qəlbinizi körpə kimi məsum olanadək təmizləyəcək. Psixoterapevt də buna bənzər missiyanı daşıyır. Siz onun qəbulundan çıxıb dərin nəfəs alırsınız. Bu böyük planetdə tək olmadığınızı anlayırsınız.

- Belə çıxır ki, psixoterapevtin qəbuluna düşmək üçün xərclədiyimiz pullara qənaət edərək din xadimlərinin də yanına gedə bilərik?

- Baxın, burada incə məqam var. Psixoterapevt xüsusi etik normanın müəllifidir. O, insanın ali məhkəməsini öz içində tapması üçün çalışır. Öz hərəkətlərinə obyektiv qiymət verib daxili harmoniyanın mənbəyinin yalnız özü olduğunu öyrədir. Ətrafdakılara qarşı obyektiv mövqedə durmağı aşılayır. Yəni nə valideynlər, nə Tanrı, lap elə qanun məhkəməsi belə, içinizdəki hakimdən daha qüdrətli deyil.

- Yəni psixoterapiya ən ədalətli dindir? Yaxud insan duyğularının dinidir?

- Psixologiya sözündəki "loqos" elm deməkdir. Bu elm qədim Yunanıstanda yaradılıb. Mənəviyyat haqda elm deməkdir. Hissləri, emosiyaları öyrənib. Məsələn, insan həyəcanlananda əlləri niyə tərləyir, ürəyi daha sürətlə döyünməyə başlayır və s. Lakin illər ötdükcə psixologiya psixiatriyanın bir qoluna çevrilib. Yəni kimyəvi preparatlarla paralel müalicə növü sayılmağa başlayıb. Lakin müəyyən müddət sonra psixologiya psixoterapiya adlı övladını dünyaya gətirdi və yenidən insanların ruhunu sözlə, ünsiyyətlə sağaltmağa başladı. Bu baxımdan fikrinizlə razılaşa bilərəm.

- Bəzən bizə yol göstərmək istəyən insanların fikrini dinləməkdən qaçırıq. Bu, nə dərəcədə doğru mövqedir?

- Düşünürəm ki, tam sağlam mövqedir. İnsan öz qərarlarını düşünüb vermək istəyirsə, burada pis nə ola bilər ki?! Amma inanmaq istərdim ki, həmin şəxs düşüncələrinin onun həyatını idarə etdiyinin də fərqindədir. Bunu dərk etmək xoşbəxtliyi isə hər kəsə nəsib olmur. Yalnız bu məqamda psixoterapevtə müraciət etmək olar. Sadaladıqlarımın fərqində olanlar isə ruhlarını kömək olmadan sağaltmaq iqtidarındadırlar. Çünki heç bir mütəxəssis sizin duyğularınızı özünüzdən yaxşı anlaya bilməz.

- Doktor, hərdən mənə elə gəlir ki, özüm də daxil olmaqla ətrafımda psixi sağlam insan yoxdur... (gülürük)

- Razıyam. Psixiatrlar hərdən zarafatla deyirlər ki, sağlam insan tam müayinə edilməmiş xəstədir. Burada böyük həqiqət var. Elə bir psixiatrik simptom yoxdur ki, həyatımızda heç olmasa bir dəfə dadmamış olaq. Yuxu görəndə psixoz halı yaşayırıq. Bu, psixoloji xəstəliklər arasında ən ağırıdır. Lakin yuxu anında baş verdiyi üçün normal sayılır. Amma oyaq ikən yuxu görmək qorxulu məqamdır. Hətta asqırarkən epileptik özündən getməyə bənzər titrəməmizi idarə edə bilmirik. Yaxud yuxuda sayıqlama və digər simptomların da adlarını çəkib siyahını uzada bilərik. İndi siz deyin, "sağlam" insan bu halları yaşamır?

- Təbii ki, yaşayır.

- Hər şey bu simptomların mütəmadiliyindən və davamiyyətindən asılıdır. Bəzi insanlar peşəkar müdaxiləsi olmadan da rahat yaşayırlar. Bir qismi isə özündə o gücü tapa bilmir. Sizə bir hadisə danışacam. Yaşı 40-ı keçmiş bir qadın 22 il idi ki, psixoanalitikin qəbuluna gedirdi. Şəxsi həyatında, sevgi münasibətlərində böyük problemləri var idi. Bu illər ərzində psixoloji müalicəsinə 4 milyondan çox pul xərcləmişdi. Amma psixoanalitik bu müddət ərzində qadının daxili dünyasına baş vurmaq, təlatümləri tam anlamaq istəyirdi. Bu durumda nə mütəxəssisi, nə də xəstəni günahlandıra bilərik. Amma qadının dərdinə əlac olmadan pullarını rahatca alıb cibinə qoyan psixoanalitikin qüsurları var. Axı bu, ən azı etik normalara ziddir.

- Təbii ki, insan özü-özünə də yardım etməlidir. Yoxsa heç bir psixoloji dəstək fayda verməz. Amma düşünmürsünüz ki, bu durumda başqa mütəxəssisə müraciət etmək lazım idi?

- Əlbəttə. Həmin analitikin tutaq ki, öz övladı bu duruma düşsəydi, belə rahat davrana bilməzdi. Ya mütəxəssisi, yaxud da müalicə üsulunu dəyişməyi tələb edərdi. Ancaq insan özü hadisənin iştirakçısı olanda vəziyyət başqa cür olur. Ümumiyyətlə, düşünürəm ki, pul indi o qədər intim mövzuya çevrilib ki, pasiyentlə seksdən danışmaq daha rahatdır. Hətta bu sahədə çalışan insan kimi mən də qərar verməkdə çətinlik çəkirəm. Dinləmək zövqünə nail olduğu üçün peşəkar pasiyentə pul ödəməlidir, yoxsa ruhu dincəlib öz məcrasına düşdüyünə görə pasiyent mütəxəssisə?! Amma istənilən halda sizi anlayan, doğru yol tapmaqda yardım edən insanla ünsiyyətdə olmağın zövqünə görə ödəniş etmək zəruridir.

- Mübahisəli mövzudur. Çünki bədəndən fərqli olaraq ruh maşın mexanizmi ilə çalışmır.

- Nə demək istədiyinizi anladım. Tutaq ki, cərrah əməliyyat edir, xəstə ayağa qalxıb gəzməyə başlayır, Amma duyğularımızı tam təmir etmək heç vaxt mümkün olmayacaq. Ruhunu dirçəltmək istəyib-istəmədiyinə pasiyentlə həkim birgə qərar verirlər. Əsas odur qarşınızdakı insana ümidsizlik içərisində güc tapmağa, daxili məhkəməsini qurub həm cani, həm şahid, həm də qurban qismində iştiraka sövq etməyə nail olasınız. İntim məsələlərdəki qaranlıq yollardan birgə çıxa biləsiniz. Onlara ən çətin olan şeyi, vicdanlı düşünməyi öyrədəsiniz. Amma bu əməliyyatı da zərgər dəqiqliyi ilə, ehtiyatla həyata keçirmək lazımdır. Təsəvvür edin ki, xəstəyə deyirsiniz, sənin psixoloji problemlərin var. Elə pis haldasan ki, ətrafında heç kim sənə yardım edə bilmir. Ona görə mənim yanıma gəlmisən. Sən mənə pul ödəyəcəksən, mən də səni sağaldacam. Bunu eşidən kəs bir daha qapınızdan içəri addımını atmaz.

- Psixoterapiyanı mifologiya adlandıra bilərik? Yəni bir növ düşüncələrimizi hipnoz edərək özümüzü bir müddət xoş hiss etdirən vasitə...

- Əslində Tanrıya inam da buna bənzər sistem deyilmi? Düşünürəm ki, lap 500, yaxud 1000 il öncə cənnəti, cəhənnəmi, müqəddəs kultları təsdiqləyən sistem olmasaydı, heç kim bu varlıqlara inanmazdı. Məhz bu əlavə təsir sayəsində müqəddəs sözlərin təsirinə inanmışıq, cəhənnəm əzabından qorxmuşuq. Düşüncələrimizi yönləndirən bu təsir qüvvəsi olmasaydı, Allaha inam da olmazdı. Həmçinin psixoanaliz sistemi də belə qurulub. Psixoloji sarsıntı keçirən insanlara daş-kəsəksiz yol göstərməyi, özünü tapmağı önə çəkən ünsiyyət sistemi yaranmasaydı, bu elm də var olmazdı. Düşünürəm ki, ondan gələn fayda dinə nisbətən qat-qat çoxdur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm