“Bu 3 kitabı prezident və xanımı bağışlayıb” - "Ginnes"ə düşən ilk özəl muzeydən REPORTAJ
Bizi izləyin

Xüsusi

“Bu 3 kitabı prezident və xanımı bağışlayıb” - "Ginnes"ə düşən ilk özəl muzeydən REPORTAJ

Yazıçı dostlarımla Şirvanşahlar sarayından üzü aşağı düşürdük. Birdən arxadan əmiranə səs gəldi:

- Bir dayanın görüm!

Səs həddindən artıq yüksək tonlu, bir qədər də əsəbi idi:

- Sizinləyəm, dayanın!

Addımlarımızı yavaşlatdıq. Təxminən səksən yaşlarında olan xanım iti yerişlərlə bizə yaxınlaşdı. Gözlərimizin içinə baxırdı. Yenə də yüksək səslə sözə başladı:

- Deyin görüm, Azərbaycanda kimsə Ginnesin Rekordlar Kitabına düşüb?

Adamın kimliyinin fərqinə baxmadan ani olaraq düşünməyə başladım. Qaşlarım çatıldı. Qəfildən "Tapdım, var!" dedim.

Yaşlı xanım gözləmirmiş kimi "Kim? Kim?" - deyə tələsik soruşmağa başladı.

Cavabım isə qısa oldu:

- Etibar Elçiyev, Borçalıdandır, azərbaycanlıdır. Pəhləvandır. Maqnit bədənlidir. Ayaq üstə durmaq bədənində onlarla metal əşyanı saxlaya bilir.

Yaşlı xanım deyəsən adını çəkdiyim adamı tanımadı. "Pəhləvandır, “Ginnes”ə düşüb?". Üzünü turşutdu.

Sonra davam elədim:

- Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır.

Yenə də üzünü turşutdu. Amma bu dəfə xəfifcə gülümsədi. "Gəlin, gəlin, bura gəlin" deyib bizi divarına “Miniatür Kitab Muzeyi” yazılmış binanın qapısından içəri saldı.

Düz qapının ağzında yoldan keçən bir nəfəri də içəri salmaq istəyirdi ki, o bu yaşlı qadının əlindən “qurtulub” çıxa bildi:

- Zərifə xanım, siz bizim böyük rəssamımız Tahir müəllim Salahovun bacısısınız da, elə deyil?!

- Bəli?

- İndi tələsirəm, amma məndə bir neçə minatür kitab var, gəlib sizə bağışlayacağam.

Bir az əsəbi, bir az da narazı halda sözünə davam elədi:

- Xaricdə hər il bu cür muzeylərə minlərlə adam gedir. Amma biz biganəyik. Pulsuzdur, di gəl ki, gələn yoxdur.

İçəri keçən kimi muzeyin direktoru Zərifə xanım Salahova söhbətə divardakı sertifikatdan başlayır. Dünyanın ilk özəl miniatür kitab muzeyi olaraq bura 2014-cü ildə “Ginnesin Rekordlar Kitabı”na daxil olduğunu söyləyir.

Biz də burada gördüklərimizi Publika.az-ın obyektivindən sizlərə təqdim edirik:

Zərifə xanım deyir ki, dekabr 2014-cü ildə Naxçıvanda Məmməd Səid Ordubadi adına kitabxanada Miniatür Kitab Muzeyinin filialı da açılıb. Sonra Miniatür Kitab Muzeyinin Gəncə filialı fəaliyyətə başlayıb. Burada 15 vitrində 29 ölkədə nəşr olunan yüksək poliqrafiya səviyyəsində çap olunan 1045 nüsxə miniatür kitab nümayiş etdirilir. Vitrinlərdə rus, türk, ingilis, alman, ərəb, gürcü və digər dillərdə çap olunmuş kitabları görmək mümkündür.

Zərifə xanımla söhbətləşirik. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışır:

- Mən o vaxt 1969-cu ildən -2000-ci ilin dekabrına qədər Heydər Əliyevin bütün görüşlərini, çıxışlarını özündə əks etdirən bir kitab buraxdırmışdım. 2000-ci il idi. Günlərin bir günü Dilarə xanım Seyidzadə həmin kitabı prezident Heydər Əliyevin qabağına qoyur. Ardınca isə mənim qələmə aldığım neft strategiyası ilə bağlı ikicildlik plan kitabını ona təqdim edir. Həmin kitabı oxuyandan sonra ulu öndər Heydər Əliyev söyləyib ki, neft strategiyası ilə bağlı ilk kitabı Zərifə çap etdirib. Onu da növbəti çap olunacaq kitaba daxil edin. Həmin kitab da indi bu muzeydədir. Heydər Əliyev bu kitabda yazır ki, Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir. Heydər Əliyev çox uzağa baxan şəxsiyyət idi.

- Bəs bu kitabların ilk sərgisi nə zaman olub?

- Miniatür Kitab Muzeyinin açılışı 3 iyun 1995-ci ildə olub. Heydər Əliyev də açılışda iştirak edib. Bu fotolar da oradandır. Burada sərgilənən kitabların ilk dəfə sərgisi keçirilirdi və mən orada ulu öndərə dedim ki, mənə yer verin. Heydər Əliyevlə bağlı 39 ədəd miniatür kitab buraxdırmışam. Həmin kitablarda onun çıxışları, prezident seçilərkən ilk dəfə andiçmə mərasimindəki çıxışı əks olunub.

- Hazırda burada nə qədər kitab nümayiş olunur?

- Hazırda bu muzeydə 5827 kitab nümayiş olunur. Həmin kitablar 83 ölkədə çap olunub. Ən qədim kitabın yaşı 368 ildir. Puşkinin və rus ədəbiyyatı klassiklərinin miniatür kitablarıdır. Buradakı ən bahalı kitab da Puşkinin kitabıdır. Dəyəri haqqında onu deyə bilərəm ki, qiyməti yoxdur, əvəzsiz bir kitabdır. 1837-ci ildə çapdan çıxıb. Hələ onda Puşkinin özü də sağ idi. Həmin kitabdan dünyada cəmi 11 ədəd qalıb.

Yazar dostlarımla miniatür kitab muzeyini gəzməyə başlayırıq. Məlum olur ki, muzeydəki kitablar 35 vitrində nümayiş olunur. Bundan əlavə, muzeyin ehtiyat fondunda 6000-dən çox kitab var. Zalın mərkəzində, girişlə üzbəüz 3 vitrin quraşdırılıb: Birinci vitrində - Azərbaycanda nəşr edilmiş kitablar, sağda yerləşir. İkinci vitrində - mikrokitablar və nadir nəşrlər, soldadır. Üçüncü vitrində - dini mini kitablar nümayiş etdirilir.

Gəzdikcə Zərifə xanımı bir az əvvəllərə qaytarmaq istəyirəm:

- Bir az da kitabları necə toplamağınızdan danışaq... Nə zaman başladınız?

- 1982-ci ilin noyabrı idi. O vaxt Moskvada, Ümumittifaq könüllü kitabsevərlər cəmiyyətində mənə 23 rubla İvan Krılovun 1835-ci ildə buraxılmış təmsillərinin tam külliyatının kiçik formatlı faksimil nəşrini əldə etməyi təklif elədilər. Bu qiymət o zamanlar üçün böyük rəqəm olsa da, o kitabları almaq qərarına gəldim. Qiymətini ödədikdən sonra kitabların saxlandığı anbara getdim. Elə həmin yerdə ilk dəfə miniatür kitabları gördüm və həmin gündən də kolleksiyamın təməli qoyuldu.

- Bəs digər kitabları necə topladınız?

- Bu kitabları dünyanı gəzdikcə toplamışam. Xeyli hissəsini öz pulumla almışam. Miniatür kitabları toplamaq hobbim idi. Sonra muzey halına gətirdim, sərgilərini təşkil elədim. Allah qoysa, gələn il bu kitabları toplamağa başlamağımın 40 ili tamam olur. 1982-ci ildən bu kitabları toplamaqdayam. Muzeyin də gələn il 20 yaşı olacaq. Eyni zamanda, gələn il mənim də yubileyimdir.

- Dövlət rəsmiləri heç buraya kitab hədiyyə ediblərmi?

- Heç dövlət rəsmiləri buraya gəlib ki... Giriş qapısı ilə üzbəüz rəfdə üç kitab yanaşı durub. Həmin kitabları cənab prezident İlham Əliyev və həyat yoldaşı, birinci vitse-prezident Mehriban xanım Əliyeva bağışlayıblar. Orada da qeyd edilib, oxuyun. Bu miniatür kitabları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeva və birinci xanım Mehriban Əliyeva bağışlayıb. Bu elə-belə şey deyil, bizim muzeyə prezidentin, birinci xanımın diqqətinin təzahürüdür.

Zərifə Salahova bir-bir bizə kitabları göstərir. Yenə də muzeyə adamların axın etməməsindən gileylənir:

- Bu, hər kəsin muzeyidir. Gəlin, həmişə gəlin... Gəlin ki, gəlib-gedəni çox olsun.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm