Bədənində iki ruh "olan" diplomatla MÜSAHİBƏ: Məqsədim...
Bizi izləyin

Xüsusi

Bədənində iki ruh "olan" diplomatla MÜSAHİBƏ: Məqsədim...

Qadının gücü, enerjisi hüdudsuzdur. Onun gözəlliyinə gözəllik qatan da elə bu cəhətləridir.

Eyni anda müxtəlif obrazlara bürünən, içində həm cəsur döyüşçü, həm də şarmlı ledi cücərdə bilənlər sırasında Türkiyənin tanınmış rəssamı və diplomatı Gülşen İpiçürük də var.

Publika.az-ın müsahibi Türkiyənin Norveçdəki səfirinin 3-cü katibi Gülşen İpiçürükdür.

- Gülşen xanım, Afrikadan Avropaya bir sıra ölkələrdə diplomat kimi çalışmısınız. Amma rəssamlıq karyeranız ayaq açıb yeridiyiniz dövrə təsadüf edir.

- Doğrudur. Rəsmə 4 yaşımda başlamışam. Atam Türkiyənin məşhur rəssamıdır. Erkən yaşımdan atamın rəng palitrası oyuncağım olub. Heç unutmuram, bir gün oyandım ki, atam otağımı rənglərlə, fırçalarla bəzəyib. Həmin məqamda içimdə dolub-daşan sevinci ötürməkdə çətinlik çəkirəm. Hacettepe Universitetində də gözəl sənətlər üzrə dərs almışam. Doğrudur, özəl müəllimlərim çox olub, amma öz texnikamla çalışıb, özüməməxsus yolu tapmağa nail olmuşam.

- Genetika, istedad, yoxsa təhsil?

- Ən geniş yayılmış mübahisə mövzusudur. Təbii ki, gözümüzü açıb valideynlərimizi görürük. Bəli, ailənizdə rəssam varsa, bu sənətə bir addım daha yaxın böyüyürsünüz. Lakin bütün bunlara, akademik təhsilimə rəğmən, özüm maraq, həvəs göstərməsəydim, düşünürəm ki, uğur əldə edə bilməzdim. Peşəkar rəssam kimi formalaşmağımın əsas səbəbi, bünövrəsi özüməm. Çünki incəsənət sahəsi üzrə müxtəlif ölkələrdə təhsil almışam. Avropanın bir sıra ali məktəblərində seminar vermişəm. Fitri istedadla doğula bilərsiniz və bu bacarığınızı art terapiyaya çevirmək şansınız da var. Lakin mənəvi mirasınıza, istedadınıza güvənərək yerinizdə sayırsınızsa, peşəkar yüksəlişə ümid bəsləməyin.

- Etiraf edək ki, bəzən peşəkar tədris deyib, gənc rəssamın istedadını, fantaziyasını soldururlar.

- İnsanlar rəssamın özgür fikirlərinə hörmətlə yanaşmalıdırlar. Hətta qarşısındakı sənətşünas olsa belə, bu xətti səhv çizmisən, ideyanı aça bilməmisən, bəyənmədim kimi fikirlər xüsusən də gənc rəssamın sənət dünyasını darmadağın edə, fikirlərini zədələyə bilər. Hətta atam da heç vaxt yaradıcılıq yoluma yön verməyib. Bir məqam da odur ki, rəssam öz savadı üzərində çalışmalı, intellektini paslanmağa qoymamalıdır. Yalnız bu halda orijinal və azad sənətkar olacaqsınız. Mənə gələndə isə, yaradıcılığımda müdaxiləyə ehtiyac duymuram. Xüsusən də diplomat olduğum üçün bu iki dəyərə layiq əsərlər yaratmağı qarşıma hədəf qoymuşam. Məqsədim Türkiyə mədəniyyətini, təbiətini dünyanın göz önünə sərməkdir. Hazırda isə Afrika mövzusuna həsr etdiyim əsərlərimi Osloda təşkil olunan sərgimdə nümayiş etdirdim. Bir çox ölkənin tanınmış ictimai xadimləri və diplomatları da tədbirə təşrif buyurmuşdular. Tabloların satışından əldə olunan gəliri isə Botsvanadakı uşaqlara yardım fondunun hesabına göndərdik.

Yəni hər iki səmtdə ölkəmi təmsil etməyə çalışıram. Həm intellektual yöndə, həm də sənət baxımından türk qadınının obrazını qərəzsiz tanıtmaq niyyətindəyəm.

- Dünyanın bir neçə ölkəsində yaşayıb, çalışmısınız. Səyahətləriniz rəng palitranıza təsirini göstərib?

- Sayca 9-cu sərgimi geridə qoydum. Onların 4-ü Türkiyədə təşkil olunub. Rəssam görərək, hiss edərək, hətta özünü bir otağa həbs edərək də yarada bilər. Bir məqam da var ki, məsələn, Botsvanada diplomat kimi çalışanda səhraları gəzərkən, insanların güzəranı ilə tanış olarkən sanki başqa dünyaya düşmüşdüm. Hətta həmin təbiətə məxsus heyvanları görmək, səslərini eşitmək də qəribə duyğu idi. Bütün səyahətlərim gözümü, könlümü qidalandırır. İmpressionist janrda tablolar çəkdiyim üçün daha çox hiss etmək, duymaq məcburiyyətindəyəm. Ümumiyyətlə, sərgilərimə gəzdiyim bütün ölkələrin nəfəsi hopur.

- Gülşen xanım, bir bədəndə iki ruh yaşadırsınız. Hər ikisini də bəsləmək məcburiyyətindəsiniz. İçinizdəki şıltaq rəssamın sərt təbiətli diplomata mane olduğu vaxtlar olub?

- Hazırda Norveçdə fəaliyyət göstərirəm. Bu ölkə təbii gözəlliklə o qədər zəngindir ki, burada yaşamaq insanın ömrünə ömür qatır. Diplomatiya təbii ki, kifayət qədər ciddi mühitdir. Burada ağzımızdan çıxan ən bəsit cümlələrə də diqqətlə yanaşmaq məcburiyyətindəyik. Bu baxımdan rəssamlıq mənə nəinki mane olur, əksinə köməyimə çatır. Çünki biz diplomatlar rəsmi görüşlər xaricində siyasi məsələlər barədə danışmamalıyıq. Mən rəssam olduğum üçün sənətdən, rəsmdən, intellektual mövzulardan söz açmaq çətin olmur. Əksinə, insanı bir addım önə çəkir. Tablolarım isə Türkiyə və digər ölkələrin təbiəti və mədəniyyətini təbliğ edir. Odur ki, şirin söhbət üçün mövzularım bitib-tükənmir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm