Azərbaycan-Ermənistan sərhədindəki məsələni birdəfəlik həll etməliyik – Tofiq Zülfüqarov DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

Azərbaycan-Ermənistan sərhədindəki məsələni birdəfəlik həll etməliyik – Tofiq Zülfüqarov DETALLARI AÇDI

Rusiyalı sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədində və Laçın dəhlizindəki özbaşınalıqları rəsmi Bakının səbrini daşırdı. Daha dəqiq desək, Bakı ən yüksək səviyyədə Moskvaya xəbərdalıq etmişdi ki, hər şeydən xəbərimiz var və dəhlizdən üçüncü ölkələrin qanunsuz olaraq sərhəddən keçərək Xankəndinə getməsinə yol verilməməlidir.

İrana məxsus yük maşınlarının video və fotolarının medialarda yayılması isə bardağı daşıran son damla oldu. Əvvəlcə Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə və Qarabağdakı sülhməramlıların komandanlığına məktubla müraciət ünvanladı. Ardınca Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis postları quruldu. Xüsusi təyinatlı polislərimiz giriş-çıxışda nəzarəti gücləndirdilər. İndi İrandan gələn yük maşınları ciddi yoxlanılır. Hətta sürücülərin sənədlərinə qədər...

PolitolorTofiq Zülfüqarovla Laçın dəhlizi və Gorus-Qafan yolundakı məsələləri, onun siyasi pərdəarxasını müzakirə etdik.

Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində deyib ki, Azərbaycan tezliklə Laçın dəhlizində gömrük və sərhəd mühafizəsi postları qurmağa hazırlaşır.

- Tofiq bəy, rusiyalı sülhməramlıların Laçın dəhlizindəki özbaşınalıqlarının qarşısını almaq üçün rəsmi Bakı nə etməlidir?

- Əslində Rusiyanın Qarabağdakı sülhməramlılarının vəzifələrini tənzimləyən hazırda yeganə bir sənəd var. Bu da 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdır. Həmin sənəddə də göstərilir ki, rusiyalı sülhməramlılar yerləşdikləri ərazidə yalnız təhlükəsizliyi təmin etməlidirlər. Çünki həmin bəyannamədə dəhlizin və digər nöqtələrin adları çəkilir. Təhlükəsizlik o deməkdir ki, onlar orada hər hansı təxribatların qarşısını almağa borcludurlar. Hərbi toqquşmaların qarşısının alınması ilə mükəlləfdirlər. Vəzifələri bundan ibarətdir. Bu üçtərəfli bəyanatı qəbul edən dövlətin funksiyalarını sülhməramlılar həyata keçirə bilməzlər. Heç bir beynəlxalq təcrübədə bu məsələlər yoxdur.

- Dövlətin funksiyaları deyəndə əsasən nələri nəzərdə tutursunuz?

- Əsasən sərhəd məsələlərinə aid funksiyaları nəzərdə tuturam. Giriş-çıxışın təmin olunması, iqtisadi məkanların qorunması, gömrük kimi məsələlər buraya daxildir. Hətta sanitar qaydaların qorunması və ona riayət edilməsi də buraya aiddir. Sərhəddə sanitar-veterinar nəzarəti kimi nüanslar var. Bu, təsbit olunmuş və hər kəs tərəfindən qəbul olunan, riayət edilən vəzifələrdir. Bu işləri orada Azərbaycanın müvafiq qurumları həyata keçirməlidirlər. Necə ki, giriş-çıxışlarda bu cür qaydalar mövcuddur. Bu da o cür icra olunmalıdır. Bu qaydaları Azərbaycan tərəfinin icra etməsi təhlükəsizlik qaydasının pozulması deyil. Əgər bu gün Rusiya həmin qaydaları pozursa, sabah da başqa dövlətlər, məsələn, Fransa pozacaq. Daha doğrusu, hansısa fransız vətəndaş həmin qaydalara əməl etməyəcək. Birisi gün Afrikadan kimsə gələcək. Ona görə də sərhəddə, giriş-çıxışda bu kimi məsələləri birdəfəlik həll etmək lazımdır.

- Birdəfəlik, necə?

-Yəni, sərhəd və gömrük nəzarəti Azərbaycan tərəfindən həyata keçirilməlidir, vəssalam! Söhbət ondan gedir ki, orada xüsusi rejim yalnız Qarabağda yaşayan ermənilərə aiddir. Onların müvafiq dəvətlər olmadan giriş-çıxışı, yoxlanılması Azərbaycana aid məsələlərdir. Bu kimi məsələlər də hansısa müvəqqəti qaydalar əsasında olacaq. Bu, bəllidir. Amma Ermənistan vətəndaşları xarici vətəndaşlardır. Onlar bizim qanunlara uyğun olaraq sərhəddimizi keçə bilərlər. Buraya Rusiyanın, İranın və digər ölkələrin vətəndaşları da daxildir. Bütün bu prosedurlar mütləq şəkildə həyata keçirilməlidir. Hesab edirəm ki, baş verən hadisələr onunla nəticələnəcək ki, sərhəddə Azərbaycan qanunları və hüquqi mexanimzləri gerçəkləşəcək.

- Hazırkı məqamda Azərbaycanın əlində Rusiya və İrana qarşı daha hansı təsiredici rıçaqlar var? Bakı daha hansı sərt tədbirlərə əl ata bilər?

- Mən “sərt tədbirlər”, “rıçaqlar” kimi terminologiyadan uzağam. Orada bizim Azərbaycan Respublikasının Konstitusiyasına uyğun qanunlar tətbiq olunmalıdır. Vəssalam! Nə sərt, nə də qeyri-sərt... Sülhməramlıların yeganə vəzifəsi təhlükəsizlikdir. Laçın dəhlizində və digər nöqtələrdə Azərbaycan gömrükçüləri, sərhədçiləri dayananda da təhlükəsizlik tədbirlərini gerçəkləşdirmək mümkündür. Rusiyalı sülhməramlılar öz yerlərində qalaraq təhlükəsizliyi təmin etməlidirlər. Heç bir yerdə ordu, hərbçilər sərhədçilərin funksiyasını yerinə yetirmir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Rusiyada, İranda, bizim özümüzdə də belə bir anlayış mövcud deyil. Sərhədçilərin ayrı, hərbçilərin ayrı funksiyaları var. Sülhməramlıların bir funksiyası var, o da təhükəsizliyin təminatına cavabdehlikdir. Onların sərhəd məsələlərinə heç bir aidiyyatı yoxdur.

-Azərbaycan Laçın dəhlizində və sərhəddəki giriş-çıxış nöqtələrində öz gömrük postlarını qura bilərmi? Bu, mümkündürmü?

- Azərbaycan bu gömrük postlarını çoxdan qurmalı idi. Hesab edirəm ki, bu məsələni ciddi şəkildə həll eləmək lazımdır. 10 noyabr üçtərəfli bəyanatında iki dəhliz barəsində söhbət açılır. Daha doğurusu, onlardan biri barəsində “dəhliz” ifadəsi işlədilib, digəri haqqında belə bir ifadə mövcud deyil. Amma status mahiyyətinə görə eyni şeylərdir. Burada da təhlükəsizliyi sülhməramlılar həyata keçirir. Zəngəzurda isə təhlükəsizliyin təminatçısı kimi rusiyalı sərhədçilər göstərilir. İndi ermənilərin davranışlarına baxın; Ermənistan tərəfi deyir ki, Zəngəzurda onların qanunları tətbiq olunmalıdır. Onda belə məsələ ortaya çıxır; əgər siz belə etmək istəyirsinizsə, o zaman biz də bu cür addım ataq, burada nə var ki?! Vəssalam! Söhbət ondan gedir ki, ermənilər artıq bizim istədiklərimizdən imtina ediblər və deyirlər ki, mövcud şərtlərin reallaşmasına imkan verməyəcəyik. Əslində, bizdə sülhməramlılar beş il fəaliyyət göstərməlidir. Zəngəzur dəhlizi ilə bağlı müddət və onun fəaliyyət mexanizmi və digər məsələlər sənəddə öz əksini tapmayıb. Fərq yalnız bundan ibarətdir.

- 10 noyabr üçtərəfli bəyanatına İrəvan və Moskva əməl etməsə, Bakı bu bəyannamədən çıxa bilərmi?

- Burada bəyannamədən çıxmaq söhbəti getmir. Əgər ermənilər 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etmirsə, o zaman bizim də hüququmuz var ki, onun şərtlərinə əməl etməyək. İlk olaraq məsələnin mahiyyətinə baxmalıyıq; əgər Rusiya təhlükəsizliyi təmin edirsə, bu çox yaxşıdır. Biz də istəyirik ki, Qarabağda təhlükəsizlik təmin olunsun. Bu, bizim də marağımızdadır. Bizim də maşınlarımız Xankəndidən və digər yerlərdən keçir. Tikinti materialları və digər avadanlıqlar daşıyırlar. Rusiya sülhməramlıları təhlükəsizliyi təmin etsinlər. Amma sərhəd qanunlarının icrasını biz həyata keçirəcəyik. Giriş-çıxış ilə bağlı qeydiyyat olmalıdır. Dünyanın hər yerində belədir. Dövlətin iqtisadi maraqlarının qorunmasını gömrük həyata keçirir. Bu kimi nüansların təhlükəsizlik məsələsinə heç bir dəxli yoxdur. Bir sözlə, məsələnin qoyuluşunda məntiq olmalıdır. Bu mənim ərazimdir və burada sərhəd və gömrük məsələləri Azərbaycan qanunları əsasında öz həllini tapmalıdır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm