Pərviz Abasov: "Mənə qalsa, heç bir əsərimi satmazdım" - FOTO
Bizi izləyin

Xüsusi

Pərviz Abasov: "Mənə qalsa, heç bir əsərimi satmazdım" - FOTO

Pərviz Abasov o rəssamlardandır ki, bütün rəngləri eyni dərəcədə sevir və onun əsərlərində rəssamlara xas dramatizm çalarlarını görmək mümkün deyil. O, həm də köhnə Azərbaycan kişi obrazlarını fərqli və modern üslubda çəkməsi ilə məşhurdur.

Publika.az rəssamla müsahibəni təqdim edir:

- Pərviz bəy, əvvəlcə sizi yaxından tanıyaq.

- 1992-ci ildə Bakı şəhərdində anadan olmuşam. 2008-2012-ci illərdə Əzim Əzimzadə adına rəssamlıq kollecində heykəltəraşlıq ixtisası üzrə təhsil almışam, 2015-2019-cu illərdə ADRA-da heykəltəraşlıq üzrə bakalavr təhsili almışam, 2021-2022 ci illərdə isə ADRA-da heykəltəraşlıq üzrə magistr təhsili almışam, hazırda isə öz emalatxanamda yaradıcılıq işləri ilə məşğulam.

- Rəsmlərinizə baxanda bu qənaətə gəlmək olur ki, uşaqlığınız çox rəngarəng keçib. Necə bir ailədə böyümüsüz?

- Ailədə incəsənət sahəsi ilə məşğul olan yoxdur, sadəcə məndə uşaqlıq dövründən incəsənətin bəzi sahələrinə maraq yaranıb, uşaq yaşlarımdan rəsm dərnəklərinə gedirdim, heykəltəraşlıqla məşğul idim. Bəlkə də Bakıda böyüyüb boya-başa çatmağım yaradıcılığıma öz təsirini göstərib.

- Rəssamlıq istedadınız olduğunu nə zaman və necə kəşf etdiniz?

- Məktəb vaxtlarından, ibtidai sinif dövründən, hətta Əzim Əzimzadə kollecinə qəbul olana qədər müxtəlif dərnəklərə getmişəm.

- Bəs heykəltəraşlıqdan rəssamlığa keçmək və üslubunuzu tapmaq asan oldu?

- Əslində bu necə oldu, özüm də bilmirəm bakalavr dövründən heykəltəraşlıqda müxtəlif axtarışlarda idim, rəssamlığa keçid mənim üçün gözlənilməz oldu, özümü rəngdə də sınamaq qərarına gəldim və hiss etdim ki, mənə daha yaxın üslubu rənglərdə tapa bilirəm.

- Sizin rəsmlərinizdə rəssamlara xas drammatizm nəzərə çarpmır. Bu qədər müsbət enerjini hardan alırsınız?

- Ümumiyyətlə, hər bir rəssam əsərini öz xarakterinə uyğun yaradır, əgər sənin içində pessimizm varsa, bu sənin yaratdığın əsərlərdə öz əksini tapacaq və ya əksinə sən pozitiv insansansa, əsərlərinə təsirsiz ötüşməyəcək. Mənim də xarakterim yumoristik, daha parlaq rəngli əsərlər yaratmağa sövq edir

- Alıcılar rəsmlərinizə layiq olduğu dəyəri verir?

- Şükürlər olsun ki, bəli hər bir rəssamın əsərlərinin öz alıcısı var, məncə, satılmayan və ya pis əsər yoxdur, sadəcə sənin onu müştəriyə və ya izləyiciyə necə təqdim etməyindən asılıdır. Bizim sahədə təqdimat çox önəmlidir, dərinə getsək hər hansısa bir əsəri yaradanda satış tərəfini fikirləşməməlisən, daha çox yaradıcı məqamlara fokuslanmalısan.

- Ümumilikdə bizdə sənət əsərlərinə maraq hansı səviyyədədir? İnsanlar rəsm əsəri almağa nə dərəcədə meyllidir?

- Təəssüf ki, hələ istədiyimiz dərəcədə deyil. Bununla belə hesab edirım ki, öz üzrəində işləyib daha kreativ əsərlər ortaya çıxarmaqla və izləyicilərin qarşısına daha fərqli əsərlər çıxarmaqla bu problemi həll edə bilərik.

- Yeri gəlmişkən, ən bahalı əsəriniz neçəyə olub?

- Sözün düzü, mənə qalsa müəyyən vaxta qədər heç bir əsərimi satmazdım. Ən bahalı satdığım əsərin məbləğini sirr olaraq saxlasam da, onu deyə bilərəm ki, məni qane edən məbləğ olub.

View this post on Instagram

A post shared by abasovparviz

- Əsərlərinizi xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirməyə həvəslisiniz?

- Təbii ki, lakin məsələ budur ki, əvvəlcə öz ölkəmizdə yaddaqalan sərgi keçirmək niyyətindəyəm. Cəmiyyətimizdə müəyuən qədər məşhurluq qazandıqdan sonra xaricdə və digər ölkələrdə işlərimin sərgilənməsini barədə düşünməyə başlayacam.

- Çəkdiyiniz obrazların dili ilə insanlığa və dünyaya vermək istədiyiniz əsas mesaj nədir?

- Heç bir mesaj və ya fəlsəfi fikir yoxdur, əsas məqsədim əsərlərim vasitəsilə izləyiciyə müsbət enerji ötürməkdir.

- Repi, meyxananı, Azərbaycan mentalitetinə xas ənənələri, lüks brendləri birləşdirib maraqlı bir rəsm əsəri ortaya çıxarırsınız. Maraqlıdır ki, tanınmış rəssamlarımızdan ünvanınıza irad, yoxsa tərif eşitmisiniz?

- Təbii ki, tənqidlər də, təriflər də olub hər kəsin öz zövqü, öz fikri var, amma mən hər hansısa kənardan gələn fikirlər üzərində dayansaydım, rəssamlıqla məşğul olmazdım, fikrimcə, rəssamı digər peşə sahiblərindən ayıran əsas xüsusiyyəti yaxşı mənada onun dəliliyidir. Salvador Dali "Məni dəlilərdən ayıran bir şey var ki, o da onların dəli, mənim isə dəli olmamağımdır" deyəndə də bunu nəzərdə tutub. Yaradıcı insan fərqli olmalı və bu, özünü yaratdığı əsərlərdə büruzə verməlidir.

- Heykəlləriniz arasında qadın fiqurları olsa da, rəsmlərinizdə qadın obrazlarına demək olar ki, yer verməməsiniz. Xarici reperlər, köhnə kişi obrazları nə üçün diqqətinizi daha çox çəkir?

- Rəssam var ancaq qadınları çəkir, eləsi də var ki, natürmort çəkməkdən zövq alır. Bu mövzu mənə daha yaxındır. Bəzi əsərlərdə qadın obrazları əlavə etmişəm. Amma ümumi formata uyğun gəlmədiyi üçün bu cür obrazlarla işləyirəm.

- Azərbaycanda rəssamlar layiq olduğu dəyəri görmək və layiq olduğu həyatı yaşamaq üçün sizcə nə etməlidirlər?

- Hər bir rəssamın öz üslubu, öz dəsti xətti, öz yolu var, mən hazırda öz üzərimdə işləməklə, öz yaradıcılığımda yeni ideyalar axtarmaqla, əsərlərimin daha çox izləyiciyə gedib çatması üçün çalışıram. Yaradıcı insan ilk növbədə öz yaratdığı əsərə layiq olduğu qiyməti verməli, daha sonra isə tamaşaçıdan gözlədiyi dəyəri görməlidir. Bunun üçün də təkcə əsər yaratmaq kifayət deyil.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm