Gənc ifaçı: “Qadın həmişə gözəl və təravətli olmalıdır” - FOTOLAR
Bizi izləyin

Layihə

Gənc ifaçı: “Qadın həmişə gözəl və təravətli olmalıdır” - FOTOLAR

Tabloid.az-ın "Kokteyl" layihəsinin bu həftəki qonağı ifa tərzi ilə seçilən "- 40 dərəcə" mahnısının müəllifi Rauf Əhmədov oldu. Qeyd edim ki, Rauf Əhmədovun mahnıları qədər özü və fikirləri də maraqlıdır.

- Əvvəlcə istərdim ki, sizi daha yaxından tanıyaq. Özünüz haqqında bir az məlumat verin...

-1987-ci il 22 iyunda Bakı şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Mədəniyyət və İncəsənət universitetinin teatr və kino aktyoru fakültəsinə daxil olmuşam. Paralel olaraq fortepiano üzrə 5 illik musiqi təhsilim var.

- "Mənfi 40" dərəcə mahnısı ilə hansı mesajı ötürmək istəmisiniz?

- Komanda bu mahnı üzərində çalışanda hansısa mesaj haqda düşünmürdü. Sadəcə keyfiyyətli iş ortaya çıxartmaq fikrimiz var idi. Ümumiyyətlə, bu layihədə dünya şou biznesində trend halını almış hər şeydən kiçik bir detal var. Etiraf edim ki, mənasız mahnılar da dəbdədir. Məqsəd isə bunu alqışlamaq deyil, sadəcə buna ciddi yanaşmaq lazım deyil. Dünyada müzakirə ediləcək, baş sındıracaq daha ciddi problemlər var. Mahnının sözlərindən çox yaratdığı əhval-ruhiyyə önəmlidir. Dünyada milyonlarla insan sözlərini, dilini anlamadığı mahnılara qulaq asır, oynayır. Musiqinin dili və sərhədləri yoxdur...

- İfa tərziniz, üslubunuz çox maraqlıdır. Amma mənə İvan Dornu xatırladır. Həm də xarici görkəminiz bənzəyir. Bu bənzərlik təsadüfdür?

- Azərbaycan səhnəsində sarışın sima çox azdır. Ola bilər ki, kimsə məni kiməsə oxşadır. Normal haldır. Lakin valideynlərim məni dünyaya gətirəndə bu barədə düşünmürdülər. Hətta Dornla saç düzümlərimiz, geyim tərzlərimiz ayrıdır. Adətən süni bənzərlik ilk öncə bunlardan başlayır. Əslində bizim səhnə bir çox xarici səhnələrdən geridə qalır. Bizi rahat kimlərəsə oxşada bilərlər. Digər tərəfdən yaxşı olana bənzədilmək elə də pis hiss deyil. Hətta, Dorn özünü kiməsə oxşadır. Bizim aramızda isə qeyd etdiyiniz bənzərlik varsa, sadəcə təsadüfdür.

- Fərqlənmək üçün nə etməyi fikirləşirsiniz?

- Rəqs etməyi sevirəm, amma daha da mükəmməlləşdirməyi düşünürəm, idmanla daha da müntəzəm məşğul olmalıyam, səsimin üzərində işləməliyəm, daha çox kitab oxumalıyam, intellektimi artırmalıyam. Düşünürəm ki, mənimlə bərabər çalışan insanlar çox istedadlıdırlar. Nicat Məlikov, Fərid İsmayılov ən çox bu işin içində olan adamlardırlar. Bir az da onlara arxayınam ki, fərqlənməyim üçün bir çıxış yolu tapacaqlar. Əsas dayanmamaq və çalışmaq!

- İnsanların xoşuna gəlmək üçün nə etməyi düşünürsünüz? 2015-ci ilə hansı planlarınız var?

- Bu yaxınlarda "Limonlu çay" adlı yeni bir mahnımız çıxacaq və klip... Məncə, bu, daha fərqli olacaq. İnsanların xoşuna gəlmək üçün biz sadəcə yaxşı iş ortaya qoymalıyıq. Keyfiyyətli iş olandan sonra insanlar özləri bizi sevəcəklər. Təbii ki, hamısı yox. (gülür) Çünki biz dollar deyilik, hamı bizi sevə bilməz.

- Mahnıda "Etibarsız dostlarımı atıram" deyirsiniz. Dostlarınızın etibarsız çıxmasının günahı kimdədir? Siz yaxşı dost seçə bilmirsiniz, yoxsa yaxşı dost olmağı bacarmırsınız?

- O sualı, sözləri yazan Nicat Məlikovdan soruşmaq lazımdır. (gülür)

- Sizcə, dost xəyanətini bağışlamaq nə dərəcədə düzgündür? Bununla səhv edirik?

- Mənə qarşı əgər belə bir hərəkət olsa, mən sadəcə o insanı Allahın ixtiyarına buraxaram.

- Etibar və sədaqət mövzusundan söz düşmüşkən, sizcə, indiki dövrdə kişilər, yoxsa qadınlar daha çox vəfalıdır?

- Bütün insanlar səhv buraxa bilər, bu, normaldır. Məncə, qadınlar da, kişilər də eyni miqdarda vəfalı və vəfasızdırlar.

- Münasibətlərdə sədaqət nəsə çox müqəddəs və əlçatmaz keyfiyyətə çevrilib. Hətta belə bir məsəl var ki, "İtlər kişilərdən daha sədaqətlidir". Buna münasibət bildirərdiniz...

- Münasibətim əlbəttə ki, çox pisdir, hətta – 40 dərəcə. Sevdiyimiz və dəyər verdiyimiz insanların etibarını qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik.

- Müasir dövrdə sevginin ömrü nə qədər davam edir?

- Xəbərim yoxdur.

- Sevgini, sevmək qabiliyyətini dondurmaq mümkündür? Əgər mümkündürsə, sevgisiz, hisssiz, duyğusuz yaşamaq çətin deyil ki?

- Xeyr, duyğusuz yox, amma müəyyən müddətə qədər sevgisiz yaşamaq əksinə rahatlıqdır. Sevgi ilk dövrlər xoş hisslər bəxş edir, xoşbəxtlik gətirir, amma sonradan bu hisslər əzabla əvəz olunur və səni narahat edir.

- Keçmişi xatırladan əşyaları, şəkilləri atmaq unutmağa kömək edir?

- Xeyir, sadəcə əsəbləri sakitləşdirir.

- Şöhrət kişinin yoxsa, qadının pis vərdişlərini artırır?

- Qadın-kişi fərq etməz. Şöhrət insanların ən sevdiyi hissdir. İnsan yolunu aza bilər. Qorxuludur.

- Məşhur olan kimi sevgi etirafları da çoxalır. Yeni mahnınız və klipiniz sizə müəyyən mənada məşhurluq gətirib. Sizi boğaza yığan fanatlar olur?

- Yaxşı sözləri eşitmək hamının ürəyincə olur. Yeri gəlmişkən, buradan bizi dinləyən hamıya SALAMLAR!

- Qızlardan sevgi etirafları alırsınız? Ümumiyyətlə, qadının kişiyə sevgi etiraf etməsinə necə baxırsınız?

- Bu suala yalnız belə cavab verə bilərəm ki, qadınları çox sevirəm, onlarsız bir günümüz olmasın!

- İlk baxışdan vurula bilərsiniz?

- Bəli! Qadın gözəlliyi ovsunlayıcıdır.

- Sevdiyiniz xanım var?

- Bu barədə məlumat vermək fikrim yoxdur, şəxsi həyat haqqında danışmaq istəmirəm.

- İnsanlarda axtardığınız səmimiyyəti tapa bilirsiniz? Mahnılarınızda nə dərəcədə səmimisiniz?

- Bəli, tapa bilirəm. Az olsa da, yaxşı və səmimi insanlar qalıb hələ... Mahnılarda təbii ki , səmimiyəm. Buna bənzər bir həyat yaşayıram!

- Kişilər niyə ilk növbədə təbii gözəlliyə üstünlük versə də, baxımlı və makiyaj edən bir xanım görəndə baxışlarını ondan çəkə bilmir? Kişiləri necə başa düşək?

- Qadın həmişə gözəl və təravətli olmalıdır. Amma bu o demək deyil ki, makiyaj olmamalıdır. Ev paltarı da rahat və gözəl ola bilər. Amma heç birimiz ev paltarında ictimai yerlərə çıxmırıq. Yəni, hərəsinin öz yeri var.

- Qadın intuisiyası daha dəqiqdir, yoxsa kişi məntiqi?

- Qadında intuisiya, kişidə məntiq!

- İrimiqyaslı, yaxud Türkiyədə keçirilən yarışmalarda iştirak etmək fikriniz yoxdur ki?

- Belə bir iddiam yoxdur. Ümumiyyətlə, yarışma formatına sığan biri deyiləm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm