Bizə sırınan, yoxsa bizim sırıdığımız ADƏT? - Alimlərin ÇƏRŞƏNBƏ DAVASI
Bizi izləyin

İnanc

Bizə sırınan, yoxsa bizim sırıdığımız ADƏT? - Alimlərin ÇƏRŞƏNBƏ DAVASI

Çərşənbə qarşıdurması

Novruz bayramı və ondan əvvəl qeyd edilən 4 çərşənbə, onun adətləri barədə zaman-zaman tənqidi fikirlər səsləndirilir. Həmin fikirlərin əsas qayəsini bu adətlərin bizə aid olmaması, uydurulması, dəyişdirilməsi təşkil edir.

Sonuncu belə fikirləri AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi Güllü Yoloğlu dilə gətirib. O, çərşənbələrin adlandırıldığı ünsürlərin biz yad olduğunu deyib. G.Yoloğlu hesab edir ki, biz yalnız ilaxır çərşənbəni qeyd etməliyik, çünki tarixən də belə olub. O, fikirlərini belə əsaslandırır.

Картинки по запросу Güllü Yoloğlu

“Xocalı faciəsi Boz ayın ilk çərşənbəsi – Yalançı çərşənbə günü baş verib... Qarışıq dövr idi. Bilənlər bilir, biz, yəni, xalq Bakıda Xocalı faciəsi haqqında bir həftə, on gün sonra xəbər tutduq. Çünki yuxarıdan göstərişlə camaatın başını çərşənbələrlə qatdılar.

Amma bu dörd ünsür, dörd çərşənbənin xalqımıza bir çox yöndən ziyanı var.

Dörd çərşənbə, dörd ünsür məsələsi heç bir türk xalqında, elə farsların özündə də yoxdur. Əgər dünyanın heç bir yerində bu yoxdursa, qondarma məsələ bizi dünyadan, eləcə də türk dünyasından ayırmağa xidmət edir...

Ağır qışdan çıxmış, bütün odun, oduncağını, əlindəki taxta tabağını yandırmış, azuqəsi bitmiş, taxça-boxçası boşalmış, yaz iş-gücünə başı qarışmış xalqın o qədər odunu, yemək-içməyi, boş vaxtı haradan idi ki, dörd çərşənbənin dördündə də kef eləsin, tonqal qalasın, şəkərburalı, paxlavalı, plovlu süfrə açsın, çıqqıdı-çıqqıdı etsin?” deyə, o bildirib.

G.Yoloğlunun bu fikirləri cəmiyyətdə və bu sahəni araşdıranlar arasında birmənalı qarşılanmadı.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli bu bayramın Xocalı faciəsini unutdurmaq üçün ortaya atılmasının doğru olmadığını deyir. O fikirlərini ötən əsrin əvvəllərində yazılmış məqalələrlə əsaslandırır: “Ötən əsrin 20-ci illərində “Azərbaycanı öyrənmək yolu” adlı məcmuə işıq üzü görürdü. Onun 1928-ci ildə dərc olunan sayında Əhməd Paşabəyli adlı müəllifin “İlin axır çərşənbəsi” adlı məqaləsi çap olunub. Həmin məqalədə müəllif yazır: “Göyçay qəzası və ona yaxın olan ərazilərdə insanlar hər bir çərşənbə günü hər bir ünsürün şərəfinə yığışıb tonqal yandırardılar. Bu cisimlərin oyanmasını bu mərasimlə qeyd edərdilər”. Müəllif çərşənbələri hava, su, torpaq və ağac kimi verib. Od əvəzinə ağac kimi qeyd olunması da səbəbsiz deyildi. Çünki ağac həm də təbiətin oyanması, bəlgəsidir. Odun qeyd edilməməsinin səbəbi hər çərşənbədə onsuz da od qalanması, ocağın bütün çərşənbələrdə baş rolda olmasıdır. Onu ayrıca qeyd edilməsinə xalq əsas duymayıb. Xalqın bu çərşənbələri dörd ünsürlə bağlaması, havanın tədricən isinməsi, təbiətin oyanması ilə bağlıdır. Bu proses mifologiyaya görə xaosdan kosmosa keçidi təsvir edir”.

Bu çərşənbələrin bizi türkçülükdən uzaqlaşdırması iddiasına gəldikdə, A.Əhmədli bunu əsassız hesab edir.

O deyir ki, hətta G.Yoloğlu da öz məqaləsində bunun əksini sübut edib: “Çərşənbələrin 4 ünsürü həm də dünyanın yaradılışını ifadə edən ünsürlərdən ibarətdir. Bu bayramla həm də insanlığın, dünyanın yaradılışı bayram edilir. Təəssüf ki, əks fikirləri səsləndirənlər bunu bilmədiyindən belə danışırlar. Yaxşı olardı ki, o, bu məsələ ilə bağlı fikir səsləndirmədən əvvəl mənbələrlə tanış olsun. Güllü xanımın özünün 2008-ci il fevralın 26-da “Kaspi” qəzetindəki “Çərşənbələr, niyə çaşırıq?” məqaləsində də çərşənbələrin ünsürlərlə əlaqəsini inkar etsə də, bu bayramın Türkiyənin Qars vilayətində bayramın necə keçirilməsindən danışılır. Onun Qarsdakı çərşənbə adətləri barədə məlumatı Göyçay qəzasındakı ardıcıllıqla üst-üstə düşür. Müəllif yazır: “Qars vilayətin fevral ayının 20-də Cəmrə (Od, Günəş) havaya baxır. Fevralın 27-də Cəmrə suya baxır, su isinir, çayların suyu bol olur, təbiətə can verir. Martın 6-da Cəmrə torpağa düşür, torpağın donu açılır. Ancaq maraqlıdır ki, burada bir ünsür digərlərinin canlanmasına səbəb olur. Nə hava, nə torpaq, nə də suyun canlanması od, Günəş olmadan mümkün deyil”. Bu məqalədə ard-arda Günəşin havanı, suyu və torpağı isitməsi, dolayısı ilə çərşənbələrin bu ünsürlə əlaqələndirilməsini təsdiq edir. Qarsda bu adətin olması məhz bayramın bizi türk dünyasından ayırmadığını göstərir, əksinə birləşdirdiyini sübut edir”.

A.Əhmədli deyir ki, qışdan çıxan xalqın bu çərşənbələri xüsusi qeyd edəcək maddi imkanının olmaması barədə iradlar da doğru deyil: “Çünki bu çərşənbələrin heç də hamısının xüsusi təmtəraqla keçirilmədiyi bəllidir Düzdür, bayrama hazırlıq bu çərşənbələrlə başlayır, lakin hazırlıq deyəndə təkcə şirniyyatların bişirilməsi nəzərdə tutulmur. Hər həftə evdə, həyət bacada bir hissə təmizlənir və sonuncu çərşənbə artıq xüsusi qeyd edilir. Od yandırmaq üçün isə qışda ağacların qurumuş budaqlarından istifadə edilir. Çünki onsuz da həmin budaqlar atılmalıdır. Hətta görkəmli maarifpərvər xadimimiz Mirzəabbas Abbaszadə tərəfindən bayrama Gəncə bölgəsində hazırlıqla bağlı hələ yüz il əvvəl “Azərbaycan” qəzetindəki “Novruz bayramı” məqaləsində insanların ovqatı və geyim tərzindəki dəyişikliklər, bir ay əvvəldən başlanan hazırlıqdan danışılır”.

Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan Şifahi Xalq ədəbiyyatı kafedrasının dosenti, folklorşünas Məhəmməd Məmmədov Publika.az-a bildirib ki, Novruz bayramından əvvəl 4 çərşənbənin olmasının tarixi qədimdir: “Su, od, torpaq və yel olaraq sıralanan bu çərşənbələr barədə fikirlər müxtəlifdir. Bəzi tədqiqatçılar hesab edir ki, ötən əsrin 80-ci illərindən sonra bu cür sıralama aparılıb. Lakin bu, doğru yanaşma deyil. Çərşənbələrin bu cür adlandırılmasına ötən əsrin əvvəllərində rast gəlirik. Məsələn, Həsən bəy Zərdabinin 1905-ci il 24 iyul tarixli “Həyat” qəzetinin 35-ci nömrəsində “Quyruq doğdu, çillə çıxdı” məqaləsində çərşənbələri su, od, torpaq və hava kimi sıralanıb. Bu da dünyanın və insanın yaradılışında mifoloji mətnlərdə rast gəlinən ab, atəş, xak, bad məsələsini əsas tutur. Folklor çoxvariantlı olduğuna görə müxtəlif cür sıralamalara rast gəlirik. Əhməd Cavadın 1920-21-ci illərdə bir sıra etnoqrafik şeirlərində böyük çillə, kiçik çillə, boz ay, Novruz bayramı və çərşənbələrdən danışılır. İstiqlal şairinin şeirlərində bu məsələlərdən bəhs etməsi də sözügedən adətin tarixən mövcud olmaması barədə fikirləri alt-üst edir”.

M.Məmmədov bu adətin islam dini ilə əlaqələndirilməsi fikri ilə razılaşmadığını söyləyir: “Novruzun çərşənbələrinin hamısı xüsusi təmtəraqla qeyd olunmayıb. Məsələn, su çərşənbəsinə “əzəl çərşənbə”, “kiçik çərşənbə”, “sular Novruzu” kimi də müraciət edirlər. Od çərşənbəsinə “kül çərşənbəsi”də deyirlər. Bu çərşənbədə ocağın külü əkin sahələrinə səpilərdi. Üçüncü çərşənbəyə el arasında “yel çərşənbəsi, “yelli çərşənbə” deyirlər, bəzən bu gündə rəhmətə gedənlərin qəbri ziyarət edildiyinə görə “ata-baba günü” də deyirlər. Bu çərşənbələr içərisində ən təmtəraqlı ilaxır çərşənbədir ki, əksər yerlərdə xüsusi təntənə ilə qeyd edilir. Bəzi ərazilərdə torpaq çərşənbəsi Novruzu kölgədə qoyur.

Bu çərşənbələrin məqsədi köhnə ilin çətinliklərini bu ildə qoyub, yeni ilə daha təmiz, daha pak formada qədəm qoymaq mənasını bildirir. Hər çərşənbə də keçirilən ayinlər insanları yeni ilə hazırlayıb. İnsanlar odu müqəddəsləşdirmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm