Mehriban Xanlarova: “Cənab İsrafilov, qapını açıq qoy...“
Bizi izləyin

Digər

Mehriban Xanlarova: “Cənab İsrafilov, qapını açıq qoy...“

Bir neçə gün öncə Publika.Az-da tanınmış və sevilən aktrisa, əməkdar artist Mehriban Xanlarovaya Əfqanın “Oliqarx” tamaşasının məşqinə gəlmədiyinə görə çalışdığı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən xəbərdarlıq edildiyi barədə məlumat getmişdi. Həmin vaxt Mehriban Xanlarovanın fikirlərini öyrənməyə çalışsaq da, o bu barədə heç nə danışmaq istəmədi.

Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova Publika.Az-a müsahibəsində nəhayət ki, susqunluğuna son qoydu.

- Mehriban xanım, həqiqətənmi “Oliqarx” tamaşasının məşqinə getməmisiz?

- Əvvəla, mən bilmirəm, bu məlumat mətbuata necə sızıb. Hər halda bu, bizim teatrda birinci belə hal deyil. Bundan öncə də Nurəddin Mehdixanlıya, Rafael Dadaşova xəbərdarlıq verildiyi xəbəri yayılmışdı. O məlumatları mətbuata kim sızdırmışdısa, bunu da o adam edib, əminəm.

Amma bu, düzgün deyildi. Evimin sirri bayıra çıxmamalıydı. İkincisi, mən cəmi bir gün o tamaşanın məşqinə gəlməmişəm. Deməli, ondan bir gün qabaq, mayın 1-də İsrafil İsrafilova ikinci ərizə ilə müraciət etdim. Ayın 2-də isə məşqə getmədim. Ondan sonra mənə bu xəbərdarlıq verildi. Özü də qərəzli şəkildə.

Açığı, ikinci xəbərdarlıq gəlməsin deyə tamaşanın məşqlərinə gedirəm. Amma ürəksiz şəkildə. Bunu rejissorun özü də bilir. Dəfələrlə rejissordan soruşmuşam ki, siz məni bu obrazda görürsüz? Mən yüzdə yüz əminəm ki, obrazları şəxsən İsrafil İsrafilov öz otağında bölüşdürür. Sabah da gedib deyəndə rejissoru otağına çağırıb səninlə üzləşdirir. Soruşur: “Rolları mən bölürəm, sən?” Rejissor da neyləsin, cavab verir ki, “mən”. Kimə sübut edəsən?

Elə bu tamaşada mənim anam rolunu həmyaşıd olduğum aktrisa Almaz Amanovaya veriblər. Bu nə qədər doğrudur? Almaz direktorun yanına da girib deyib ki, yan-yana duranda biz bacıya oxşayırıq, ana-balaya yox. Cavab verib ki, mən bilmirəm. Necə yəni bilmirəm?

- O roldan niyə narazısınız ki?

- Buyurun, baxın (rolun sözlərini göstərir). Görün bu rol mənə uyğundurmu? “Papulya-mamulya...” “Papulya” sözündən başqa bir şey yoxdu. Gülməlidi vallah. O rolu cavanlara versinlər də. Mən 18 yaşımdan sənətdəyəm. Teatra da filmdən gəlmişəm. Özü də baş rollar oynamışam. Yaxşı filmlərim, tamaşalarım, seriallarım var.

Məlahət Abbasovadan sonra Türkiyədə seriala çəkilən ikinci aktrisa mənəm. O cür rollardan sonra iki-üç mənasız kəlmə ilə səhnədə oynamaq olar? Adi bir sənətçi olsam, qürurla deməzdim ki, mən Mehriban Xanlarovayam. Bəli, mən sənətdə sözünü demiş aktrisayam. Və niyə bu gün özümə, sənətimə uyğun obraz oynamamalıyam?

- Deyirlər aktyor üçün rolun böyük-kiçiyi olmur.

- Söhbət böyük-kiçik roldan getmir. Mənim nə ixtiyarım var deyim ki, kiçik rol oynamayım. Neçə aktyorumuz kiçik rolla sözlərini deyib məşhurlaşıblar. Elə mən də oynamışam. Amma gərək rol sənə uyğun olsun. Bu gün mənə kiçik rol versinlər, razıyam. Amma haqla. Ayrı-seçkilik qoyaraq kimlərəsə baş rol verib, kimlərisə küncdə saxlamaqla deyil.

Əvvəl deyirdik rolun böyük-kiçiyi yoxdur. Amma bu gün o fərq var, vallah, var. Kiminsə ad almasında, mükafat almasında böyük rol mütləq lazımdır. Allaha şükür, mənim baş rol dərdim yoxdur.

Həsənağa Turabov 1998-ci ildə məni bu teatra işə götürəndə artıq bir neçə baş rol oynamışdım. Gələn kimi Sofoklun “Şah Edib” əsərində İsmena, “Hələ sevirəm deməmişlər”də erməni qızı, Nazim Hikmətin “Kəllə” tamaşasında Kamal Xudaverdeyin qızını oynadım. “Burla xatun”da Şəhrəbanu obrazını yaratdım.

Allah mənə qismət elədi, ulu öndərimiz Heydər Əliyev o tamaşaya baxdı. Mənim oyunum onun çox xoşuna gəldi. Dedi “sən oxudun, amma az oxudun, sən oynadın, amma az oynadın...” O tamaşadan sonra 2002-ci ildə əməkdar artist fəxri adına layiq görüldüm. Özü də soyadımı görəndə soruşmuşdu ki, “bu, o Xanlarovadır?”

- Xəbərdarlıqda qeyd olunmuşdu ki, Elçinin “Teleskop”, M.Frişin “Don Juan və həndəsə”, B.Brextin “Kuraj ana və uşaqları” və Əfqanın “Oliqarx” tamaşalarının hazırlığı prosesində rol bölgüsü ilə əlaqədar hər dəfə yersiz mübahisələrlə yaradıcılıq mühitində gərginlik yaradırsız. Bu məsələyə aydınlıq gətirərdiz.

- Elçinin “Teleskop” əsərində mənə əmrlə heç bir rol verilməyib. Rejissordan şəxsən xahiş etdim ki, bu rolu mənə vermə, çünki mənə uyğun deyil.

- Bəs “Don Juan və həndəsə”də?

- Əminəm ki, o obraz bilərəkdən İsrafil İsrafilovun əli ilə mənə verilmişdi. Gürcü rejissoru məni və ya başqa aktrisanı harda görüb tanıdı ki, rolları da bölsün? O obraz mentalitetimizə, xasiyyətimə görə mənə uyğun deyildi. Ona görə rejissordan şəxsən xahiş etdim ki, məni o obrazdan azad etsin.

“Kuraj ana və uşaqları” tamaşasına görə isə heç bir mübahisəm olmayıb. Direktor otağında ssenarini şəxsən özü mənə verdi. Dedi “tez oxu, gətir”. Mən də bir gün ərzində oxudum, gəlib dedim ki, oradakı lal obrazını mənə verin. Çünki mənim ana-atam lal olub. Onların yaşantısını bildiyim üçün rol mənə uyğun idi.

Böyük rol davası eləsəydim, deyərdim Kuraj ananı mənə ver də. Amma mən özümə uyğun rolu istədim. Dedi baxarıq. Bir də gördüm əmr vurulub, mənim adım layiq olmadığım obraza yazılıb. İstədiyim lal obrazı isə başqa teatrın aktrisasına verilib.

Rejissora dedim məni roldan azad eləsin, eləmədi. Mən də direktora ərizə yazdım. Amma əhəmiyyət və cavab vermədi. Sadəcə mənə acıq gələn odur ki, kənar aktrisalara baş rol verilir, teatrın öz aktrisalarına epizodlar.

Günah rejissorda deyil, rəhbərlikdədi. Hər halda direktor rejissora deyə bilərdi ki, öz teatrımızın aktrisalarını yoxla, görsən alınmır, başqa teatrdan dəvət et. Əgər biz doğrudan da bacarmırıqsa, lazımsızıqsa, onda ərizəmizi yazıb çıxaq da. Bəlkə də kənar aktrisalar elə bilər ki, mən onları qısqanıram. Vallah yox. Mənim onların heç biri ilə ədavətim yoxdu, rollarını da yaxşı oynayıblar. Sadəcə biz bu teatrın aktrisası ola-ola niyə başqa teatrın aktrisaları oynamalıdır?

- İkinci ərizənizə direktor cavab verdi?

- Xeyr. Nə birinci, nə də ikinci ərizəmə bir rəhbər kimi cavab verməyib. Məni yanına çağırıb soruşmayıb ki, ay bala, sənin dərdin nədi? Götürüb kağızı qırağa tullayır ki, mən heç bir ərizəyə cavab vermirəm. Qəbuluna düşmək üçün saatlarla növbəyə yazılmaq lazımdır.

Cənab İsrafil İsrafilov, qapını aktyorların üzünə açıq qoy, camaat girib dərdini desin. Bura teatrdır, direktor aktyorların şikayətlərinə də qulaq asmalıdır, dərdlərini də bilməlidir, istəklərini də nəzərə almalıdır. İnanın, bunu bilib deyirəm. Heç kimə şər atan insan deyiləm. Yaşlı aktyor direktorun yanına girmək istəyib. Deyib, gözləsin vaxtım olanda çağıracam. Bu qədər hörmətsizlik olmaz vallah. Çox uzağa getmirəm, bu yaxınlarda əməkdar incəsənət xadimi adına layiq görüldü. Çox mübarək! Şəxsən mən onun qapısına getmədim.

- Niyə?

- Çünki heç vaxt istəmərəm katibəsi desin “get otur, səni nə vaxtsa çağıracaqlar, gəlib təbrik et”. Dəfələrlə olub ki, aktyor direktorun qapısına gedib, amma üzüqara geri qayıdıb. Teatr türmə deyil. Sən də türmə rəisi deyilsən, Akademik Dram Teatrının direktorusan.

- Bundan qabaq yanına gedib söhbət etməmisiz ki?

- Bir dəfə otaqda söhbət etdik. Deyir, rejissorlar sizi görmür. Görmür, sən gördür də... Necə olur başqa teatrın aktrisalarını görürlər, amma rəhbərin olduğun teatrın yox? O, məni sevməyə bilər və ya kimisə sevə bilər. Amma içində, teatrdan kənarda. Şəxsi hisslərini burada büruzə verməsin.

Direktor kollektivin içində olar. Daha başqa ölkəyə qastrola gedəndə kollektivdən kənar yerdə ev tutub qalmaz. Neçə direktor görmüşük, xeyrimizdə, şərimizdə yanımızda olub. Amma rəhmətlik Sevil Xəlilovanın yasına heç kim getmədi.

- Hə, bilirəm. Mən də orda idim. Hicran Nəsirovadan başqa heç bir aktrisa yasa gəlməmişdi.

- Çünki həmin gün İsrafil müəllim məşq salmışdı. Nə olardı ki, məşqi yarım saat saxlatdırıb aktrisaların yasa getməyinə icazə verərdi? Amma özünə sərf edəndə getməyi bilir. Ölümüzə elə hörmət qoyan adam dirimizə nə hörmət qoyacaq? Mən öləndə də rəhbərlik tərəfindən urvatsız qarşılanacamsa, daha nəyim lazımdı?

Yenə deyirəm, ikinci ərizəmi yazdığım günün səhərisi bütün bunları əlində dəlil tutub mənə xəbərdarlıq verib ki, guya mən mübahisəli aktrisayam. Xeyr, mən mübahisəli aktrisa deyiləm. Sadəcə, özümə uyğun obraz istəyirəm, aktrisalar arasında ayrı-seçkilik qoyulmamasını tələb edirəm. Niyə bu vaxta qədər mübahisəli deyildim, indi oldum?

Mən belə başa düşürəm ki, o insan mənimlə ədavət aparır. Amma bilmirəm niyə... Sonra da deyirlər Mehriban aqressivdi. Mehriban sözün düzünü deyir ona görə aqressivdi, pisdi. Təmiz insan olanda onu əzərlər? Mən buna imkan vermərəm.

Düzünü deyirəm, həmin İsrafilov çoxlarını mənim yanımda pisləyib, amma sonra onlara baş rol verib. Onlardan qorxur, ya adamları güclüdür? Mənim adamım tamaşaçılarımdı, məni sevənlərdir. Mən bu günə qədər heç nədən, heç kimdən istifadə etməmişəm, yalnız sənətimdəm istifadə etmişəm.

- Bəs bu gün hansı tamaşada oynayırsız?

- Heç birində. Bir tamaşada da səhnəyə çıxmıram. Təzə direktor gələndən bəri bir yeni rol oynamamışam. İki ildi gözləyirəm. Ən yaxşı tamaşam “Messenat” idi, onu da repertuardan çıxardı.

Bircə Əfqanın “Məhəbbət adlı qərənfilim” tamaşasında mənə baş rol verdi. Əmr yazılıb divara vurulmuşdu. Abbas Qəhrəmanov da rejissorluq edirdi. Bir neçə gün gəlib getdik. Abbasa dedim vallah, bu tamaşa qoyulmayacaq. Elə də oldu. Tamaşa dayandırıldı.

- Səbəbini bildiz?

- Yox. Abbasa da nə dediyini bilmirəm. Özü bilər, Allahı bilər. Bir söz də deyəndə müqaviləni gözümüzə soxurlar.

- Müqaviləni kim tərtib edib?

- Buyurun, baxın da (müqaviləni göstərir). Kimin adı var orda? Direktorun. Mədəniyyət və Turizm Nazirliyinin adı da qeyd olunmayıb. Bunu bizi özündən asılı vəziyyətə salmaq üçün tərtib edib. Öz qorxaqlığına görə müqaviləni bizimlə bağlayır ki, əlində sübutlar olsun. Yəni müqavilə ilə hərəkət edirik.

Məgər mən başqa teatrdan gəlmişəm ki, müqavilə imzalayırsan mənimlə? 14 ildə özümü göstərməsəydim, əməkdar artist olardım, filmlərə çəkərdilər? Biz onun ailəsi sayılırıq, niyə ayrı-seçkilik qoyur? Hanı o verdiyi vədlər?

- Nə vədlər vermişdi ki?

- Təzə gələndə iclasda bizə çox söz verdi, amma heç birinə əməl etmədi. Deyirdi, aktyor-aktrisalar arasında heç bir ayrı-seçkilik qoymuram. Xeyr, qoyur. Bu gün teatrda böyük ayrı-seçkilik var. Təzə gələndə haqq-ədalətdən danışan İsrafil İsrafilov bu gün haqq-ədaləti pozur. O, öz sözlərinə əməl etməyən şəxsdir. Özü də əsl siyasətçidir. Qanun-qaydayla bizi parçaladı, hamının arasında intriqa yaratdı, düşmən elədi, sonra oturdu idarəetməyə - “parçala, hökm sür”. Birləşib onun əleyhinə çıxmayaq deyə.

İsrafilov bura direktor gələnə qədər mən teatra daxil olanda elə bilirdim istirahətə gəlirəm. Adi bufetdə oturub dərdləşirdik, deyib-gülürdük. Hamı bir-biri ilə mehriban idi, gözəl ab-hava vardı. Bu gün o mehribançılıq, o ab-hava yoxdu. Hamı bir-birindən qorxur ki, kimsə nəsə desə, direktora çatdırarlar.

- Bir neçə aktrisa da mənə dedi ki, bunu yazma, amma teatrda böyük bir gərginlik var. Heç kim də danışmır, susur.

- Hə, hamı susur, dözür. Qorxurlar ki, bir söz deyərəm məni işdən çıxardar, ya da mükafatı kəsər. Mən onları qınamıram. Neçə ildi teatrda işləyirlər. Teatrdan çıxandan sonra nə işləyəcəklər? Bərbər, ya süpürgəçi?

Yeri gəlmişkən, İsrafilov deyirdi maaşlarınız da artacaq. Bəs hanı? Mən aparıcı səhnə ustasıyam. Aparıcı səhnə ustası kimi mənə verdiyi rol hanı? Budu – “papulya”. O, xəbərdarlıq etməklə istəyir əlində sübut olsun ki, məni işdən çıxarsın.

O, məni heç vaxt teatrdan çıxarda bilməz. Çünki məni bura o götürməyib. Məndən öncə də teatrda bir neçə qiyam oldu. Müsahibələr verdilər və nəticədə direktor baş rolla onları susdurdu.

- Bu müsahibədən sonra sizə də baş rol versə...

- Yox, çətin. Bu ədavət davam edəcək. Teatrda mənim kimi narazı aktrisalar çoxdu. Sadəcə susublar. Çünki çörək ağacları ordadı.

- Bəs yanına çağırsa, getməyəcəksiz?

- Yox, getməyəcəm. Axı mən mətbuata çıxmamışdan qabaq ona iki dəfə ərizə ilə müraciət etmişəm. Niyə bir dəfə də yanına çağırıb soruşmadı ki, ay işçim, dərdin nədi? Soruşmalıdı axı. Dəfələrlə aktyorların içində sözümü demişəm ki, gedin direktora çatdırın, gedib çatdırıblar da. Amma yenə yanına çağırmayıb ki, məndən nə istəyirsən?. Mənə dırnaqarası baxmaq lazım deyil. Mən kişi qızıyam. Sözümü də deyən adamam. Şəxsən mənim üçün İsrafil İsrafilov direktor deyil. Direktor mənim dərdimi, problemimi bilməlidir.

- İclasda sözünüzü deyərdiz.

- Ümumi iclas da daha olmur. Təzə gəldiyi vaxtlar bir neçə dəfə iclas keçirdi, amma onu da yığışdırdı. Bilirəm, bu müsahibəmdən sonra çoxları ona tərəf duracaq. Yalaqlığıa, yaltaqlığa görə. Amma bilsin ki, hamıdan çox direktorun dalınca onlar danışıblar. Amma mən sözümü deyirəm. Mən onun yanına pul üçün də getmişəm.

- Pul istəmisiz?

- Yeni il şənliyinin məşqləri olub. Dovşan rolunu oynamışam. Bilmişik nə qədər pul alacağıq. Gedib yanına demişəm, mən çörəkpulu almaq üçün o rolu oynayıram. Amma neçə seans üçün bu qədər pul azdır. Yenə boynundan atıb, deyib, mən bilmirəm. Ondan sonra qonorar artdı.

- Hansı addım atmaq fikrindəsiz?

- Deyirlər ilana toxunmasan, səni sancmaz. Mən bu vaxta qədər susdum, amma məni elə sancdı ki, axırı danışası oldum. Vaxtında ərizəmə cavab verib, qəbul edib dərdimi soruşsaydı, mən də mətbuata çıxmazdım, sözümü özünə deyərdim.

Əgər teatrda aktrisaya rol verilmirsə, deməli o heç nədi. Nə olsun kənarda sevilirəm, filmlərə çəkilirəm. Mən çalışdığım teatrda da səhnəyə çıxmaq istəyirəm. Amma özümə uyğun rol olsun, böyük-kiçikliyindən asılı olmayaraq.

Aparıcı səhnə ustası kimi mənə verdiyi obrazlar hanı? Deməli, belə etməklə, mənə təzyiq göstərərək teatrdan kənarlaşdırmaq istəyir. Desin görüm mənimlə niyə intriqa aparır, alıb-verəcəyi nədi? Mən ona neyləmişəm? Bəlkə nə vaxtsa pisliyim keçib, bilmirəm. Mən onu tanımırdım. Bizim teatra gələndə bilmişəm ki, belə bir insan var.

Mən sınan aktrisa deyiləm. Məni işdən çıxarmaq istəyirsə, birbaşa, bəhanəsiz, üzümə deyərək çıxarsın, xəbərdarlıq verməklə yox. Neyləyim, Azərbaycanı tərk edib gedim? Belə davam etsə, Azərbaycan vətəndaşlığından imtina etməli olacam.

Xəyalə Muradlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm