Sevinc Əliyeva: “Gördüm Rəşad gecikir, tamamilə soyundum” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sevinc Əliyeva: “Gördüm Rəşad gecikir, tamamilə soyundum” – FOTOLAR

Müsahibimlə söhbətimiz “Keçmişdən zəng” tamaşasının premyerasından sonra Akademik Milli Dram Teatrının qonaq otağında baş tutdu. Daha doğrusu, söhbətimizi ertələmək istəsə də, razılaşmadım. Elə teatrın baş inzibatçısı Elnur Məmmədov da sağ olsun, söhbət ərzində bizi tək buraxmadı.

Beləliklə, Publika.az Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sevinc Əliyevanın müsahibəsini təqdim edir.

- Sevinc xanım, “Keçmişdən zəng” tamaşasının premyerası oldu, təbrik edirəm.
- Çox sağ olun.

- Gənc rejissorla işə başlayanda narahat deyildiniz ki?
- Tamaşa Anatoli Krımın “Keçmişdən gələn zəng” əsəri əsasında hazırlanıb və Azərbaycanda ilk dəfədir səhnələşdirilir. Əsəri bizə təqdim edəndə rejissor Ərtoğrul Kamalovla da tanış olduq. Çünki o vaxta qədər adını eşitsəm də, işləriylə tanış deyildim. Həmin gün YUĞ teatrında tamaşasına baxdım və bizdə qoyulacaq tamaşa barədə səhəri gün söhbətləşdik. Həddən artıq mədəni, savadlı oğlandır. Bu, onun Akademik Milli Dram Teatrında ilk işidir.

- Bir çox aktyorlar Akademik Milli Dram Teatrında eksperimental tamaşaların oynanılmasına qarşı çıxırlar.

- Ərtoğrulun 24 yaşı var. Düzdür, bura eksperimental teatr deyil. Mən vaxtilə on bir il Hüseynağa Atakişiyevin Gənclər Teatrında işləmişəm. 2000-ci ildən isə bura dəvət olunmuşam. Həsənağa Turabov “Azdrama”da bədii rəhbər işləyən vaxt mənə fəxri ad verilmişdi. Gənclər Teatrında səhnə ustası olsam da, bura gəlib, hər şeyi sıfırdan başladım.

- Tamaşada müasir texnologiyadan yetərincə çox, hətta deyərdim ki, əndazədən çıxmış formada istifadə olunub.

- Məsələn, nə?

- Tamaşanın sonluğunda yaradıcı heyətin adının titrlərlə təqdim olunması yenilikdir. Həm də bir qədər teatra zidd yenilikdir. Həmçinin fondakı musiqinin həddən artıq çox olması...

- Təkcə bizim teatrda yox, digər teatrlarda da musiqilər elə yüksəkdən verilir ki, ağız deyəni qulaq eşitmir.

- Sizcə bu, doğrudur?

- Sözsüz ki, doğru deyil. Bu tamaşa il yarımdır təsdiqlənib. Sadəcə, saxlanılmışdı və yanvarın 6-dan səhnəyə düşmüşük.

- Tamaşanın əvvəlində müəyyən açıq-saçıq, cəsarətli məqamlar var idi. Hətta tərəf müqabiliniz sizi qucağına alır və...

- Bizdə belə tamaşalar çoxdur. Eduardo De Filipponun “Kabuslar”ına baxmısınız? O tamaşa repertuardan çıxarılıb və çox istərdik ki, yenidən bərpa olunsun. Mən orada dəlini - Rəşad Bəxtiyarovun bacısını oynayırdım. Nicat Kazımov bu tamaşanı çox gözəl hazırlamışdı.

- Bu tamaşada rejissorun fikirləriylə razılaşmadığınız məqamlar oldu?

- Xeyr, nə deyibsə, hamısına əməl etmişəm. Hətta daxili baxışda mən tamamilə soyunmuşdum. Çünki tərəf müqabilim Rəşad Bəxtiyarov sözü gecikdirdi, çox asta dedi, mən də eşitmədim. Orada axıra qədər soyunmuşdum və bu, mizanda yox idi.

- Tamaşada bir qadın iki kişinin arasında qalır...

- Təxminən elə bir şeydir. Amma var-dövlətə daha çox yıxılan qadındır.

- Həyatda belə bir vəziyyətlə rastlaşsaydınız...

- (sözümü kəsir və gülür - İ.V.) Rita yaşca məndən çox kiçikdir. Heç mənə də öz yaşımı vermirlər (Müsahibənin bu yerində Elnur Məmmədov otağa daxil olur və “söhbətiniz çoxdur” deyə soruşur. Otaqdan çıxır və yenidən qayıdır - İ.V.).

- Reallıqda belə bir hal yaşamısınız?

- Yox, elə bir şey yaşamamışam. Heç vaxt iki sevgi arasında qalmamışam.

- Bəs eyni zamanda sizi sevən iki insan olub?

- Məni sevənlər olub. Amma heç vaxt şəxsi həyatımı gündəmə gətirməmişəm.

- İndi sizə deyəcəklərim müsahibədə də yazılacaq. Çox qəribədir ki, aktrisalarımız mətbuat üçün çox qapalı olurlar. Amma şəxsi həyatlarını efirdə açanda sanki xüsusi bir ləzzət alırlar. Mən özüm eşitmişəm ki, siz “Yalan-doğru” verilişinidə nə vaxtsa dəlixanaya göndərildiyinizi bildirmişdiniz.

- O, bir şou idi. Əslində, belə bir şey olmayıb. Amma müsahibədə elə etmərəm.

- O da bir müsahibədir. Tamaşaçı nə bilsin ki, siz orda yalan deyirdiniz?

- O, veriliş idi.

- Niyə bizdə aktyorlar, aktrisalar mətbuata müsahibə verəndə məsələlərə çox dəqiq yanaşırlar, şəxsi həyat barədə danışmaq istəmirlər. Amma çox rahatlıqla gedib Fransada dəmirə kəllə atırlar?..

- Televiziya tamam başqa bir şeydir, müsahibədə isə özün olursan.

- Deməli, aktrisa kameranı görən kimi oynamağa başlayır.

- Deyə bilmərəm, oynayırlar. Amma haradasa olur da.

- Siz də oynamısınız?

- Belə də.

- Bir müddət çoxbilmiş, araqarışdıran efir obrazınız var idi. “Dedi-qodu” verilişini nəzərdə tuturam.

- O verilişdə mənimlə rejissor Asif Abramov işləyirdi.

- O tip qadın sizə nə dərəcədə yaxındır?

- Məsələ burasındadır ki, ilk dəfə məni ABA-ya çağırdılar. İstəmirdim. Gənclər Teatrında işləyirdim, “Hamlet” tamaşasında görüb dəvət etmişdilər (Söhbətin bu yerində bayaqdan otaqdan çıxmış Elnur Məmmədov yenidən içəri daxil olur və direktor İsrafil İsrafilovun tamaşanın yaradıcı heyəti ilə görüşmək istədiyini bildirir. Fotoqrafsız olduğumdan, mən də baş inzibatçıdan bir neçə foto çəkməsini xahiş edirəm. Və Sevinc xanım söhbətinə davam edir – İ.V.) Məni dəvət edib dedilər ki, siz bizimlə işləyəcəksiniz. Amma “Dedi-qodu” verilişini aparmağa cəsarət etmirdim. Ümumiyyətlə, həyatda heç kəsin arxasınca danışmamışam. Yaradıcı insanlar iş prosesində belə şeylərdən uzaqdır. Hər gün evdə gecə yatanda Allaha dua edirdim ki, ay Allah, məni bu verilişdən uzaq elə.

- Sizi Azərbaycanın ilk şou-biznes aparıcılarından biri saymaq olar da...

- Aparıcılarından biri yox, ilk şou-biznes aparıcısı mən olmuşam.

- Seriallara çəkilirsiniz?

- “Qız yükü”, “Həkimlər”, “Gürzə”, “Ünvansız eşq” seriallarına çəkilmişəm.

- Seriala çəkiləndə qonorar məbləğini konkret tələb kimi qoyursunuz?

- Bəli, qoyuram.

- Nə qədər?

- Qiyməti açıqlaya bilməyəcəyəm.

- Qırx ilin sənətkarları açıqlayırlar.

- Niyə deməliyəm?

- Bəlkə, bir rejissor sizi çəkmək istəyir.

- (gülür) Onu rejissorla görüşəndə deyə bilərəm. Qapalı danışdığım üçün inciməyin.

- Siz də inciməyin, amma bəlkə də, müsahibə efir üçün olsaydı, siz şəxsi həyatınızdan da geninə-boluna danışacaqdınız.

- Hə, bir az şişirdilmiş formada danışacaqdım. Amma müsahibə belə şeydir ki...

- (sözünü kəsirəm - İ.V.) Niyə? Bu, əslində, riyakarlıq və qeyri-səmimilik deyilmi?

- Xeyr. Ola bilər ki, efirdə müəyyən çərçivə daxilində siz dediyiniz riyakarlığı edə bilərik. Amma burada oynaya bilmərəm, necə varam, eləyəm.

- Oğlunuz nə işlə məşğuldur?

- Artıq üç ildir hərbi xidmətdən qayıdıb, işləyir, bu gün-sabah evlənəcək.

- Hansı peşənin sahibidir?

- Orta təhsillidir, amma kompüter üzrə işləyir (Bu arada Elnur Məmmədov növbəti dəfə xəbərdarlıq edir –İsrafil müəllim təbrik etmək istəyir. Və biz davam edirik – İ.V.).

- Sevinc xanım, teatrdaxili intriqalar...

- (sözümü kəsir - İ.V.) Mən qarışmıram.

- Danılmazdır ki, “Azdrama”da bir neçə qrup yaranıb. Siz hansı qrupdasınız?

- Mən “Azdrama” haqqında yazılanlara nə layk qoyuram, nə də müsahibələri müzakirə edirəm. Elnur burada oldu-olmadı, səmimi sözümdür ki, rolumu oynayıb çıxıb gedirəm. İstəyir el elə getsin, sel selə getsin, mənimçün fərqi yoxdur.

- Sizcə, narazılıq nədəndir?

- Onu mən deyə bilmərəm. Kimlər narazılıq edirlər, yazırlar, onlara müraciət edə bilərsiniz.

- Teatr daxilindəki mübahisələrin səbəbini, bəlkə də, ən yaxşı siz bilirsiniz. Çünki neytralsınız və kənardasınız. Ona görə də baş verənləri daha yaxşı görürsünüz. Razısınız?

- Bəli, razıyam.

- Mən də ona görə sizdən soruşuram ki, sizcə, rəhbərlik haqlıdır, yoxsa narazı aktyorlar?

- Mən heç nə deyə bilmərəm. Hamısının öz yeri var. Çünki İvan gedəcək, Andrey gələcək, Andrey gedib, İvan gələcək. Mən niyə özümü pis eləməliyəm?

- İndi burada İvan kim idi?

- İvan da mən, Andrey də mən.

- Sözünüzü niyə dəyişirsiniz?

- Başqa vaxt görüşərik...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm