Nida Təhlil
Zəngəzur dəhlizi: Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir - TƏHLİL
Dəmir yolu xətləri, avtomobil yolu, dərin keçidlər və körpülər... Zəngilanda qarşılaşdığımız mənzərə Naxçıvana heç bir maneə olmadan gedib-gəlmək hədəfimizin reallaşmasına çox yaxın olduğumuza əminlik yaradır. Vaxtilə yalnız arzu kimi görünən bütün bunlar bu gün gözümüzün önündə reallaşır: Horadizdən başlayaraq, Cəbrayıla və Zəngilana uzanan, nəhayət Ağbəndə çatan avtomobil yolu bizi Mehriyə, oradan da Naxçıvana aparacaq yoldur. Və eynilə dəmir yolu xətti ilə də səfər etmək imkanına malik olacağıq. Bu, üfüqdə aydın görünən reallıqdır.
Zəngilandan gördüklərimizdən sonra əminliklə deyə bilərik: vaxtilə yalnız arzu kimi görünən, bu gün isə həyatın qayıtdığı torpaqlarımızın azad olunması kimi, Naxçıvana heç bir maneə olmadan yerüstü səyahət edə biləcəyimiz diləyi də tezliklə gerçəkləşəcək. Tarixi torpaqlarımız olan Qərbi Zəngəzurdan – Mehridən keçməklə Naxçıvana avtomobillə getmək ideyası ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb və 80-ci illərdə buna nail olmaq üçün mərkəzi hakimiyyəti – Moskvanı razı salmaq istiqamətində işlər də görülüb. Lakin ermənilərin Moskvaya təsiri nəticəsində bu ideya olaraq qaldı. Ulu öndər isə Azərbaycanda hakimiyyətə qayıdandan sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Naxçıvanın blokadadan çıxarılması uğrunda da mübarizəsini davam etdirdi. Hətta Ermənistanla danışıqlar masasında da bu gün gerçəkləşən Zəngəzur dəhlizi məsələsi müzakirə mövzularından biri olub. Təkcə Azərbaycanın yox, bütövlükdə bu coğrafiyanın qədərini dəyişdirən ideyanı gerçəkliyə çevirən lider məhz o oldu: Prezident İlham Əliyev.
İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi özündə çoxsaylı nəticələri əks etdirir.
- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirir, beləliklə, muxtar respublikanın bokadasına son qoyulur;
- Azərbaycan və Türkiyə arasında quru əlaqəsi yaradılır;
- Türkiyədən başlayaraq, Mərkəzi Asiyaya qədər uzanan türk dünyasında coğrafi parçalanma aradan qalxır;
- Bütün region dövlətləri – Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran, eləcə də regiondankənar ölkələr – Çin, Avropa İttifaqı, ABŞ üçün iqtisadi-lojistik dividentlər əldə etmək imkanı yaranır;
Bu ideya istiqamətində ilk addımların 2009-cu ildə atıldığı görünür. Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində Prezident İlham Əliyev bəyan etdi ki, “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. Bu zaman aydın oldu ki, 9 il öncə - 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri də məhz bu coğrafi parçalanmanı aradan qaldırmaq – Zəngəzur dəhlizini reallaşdırmaqdır.
2020-ci il Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan lideri Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr üçtərəfli razılaşmaya Naxçıvana maneəsiz keçidin açılmasını daxil etməklə Zəngəzur dəhlizi layihəsini rəsmiləşdirdi. Artıq müharibə bitmiş, diplomatik masada döyüş başlanmışdı. Döyüş meydanında Zəfər qazanan Prezident İlham Əliyev diplomatik masada da buna nail oldu və Zəngəzur dəhlizi ətrafında baş verən diplomatik döyüşdən – geosiyasi mübarizədən Azərbaycanı qalib çıxardı.
2020-ci ildə Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılması öhdəliyini götürən Ermənistan 2025-ci ilə qədər buna əməl etməmək üçün əlindən gələni edirdi. Rusiya ilə geosiyasi mübarizənin Cənubi Qafqaz cəbhəsini kəskinləşdirməyə çalışan Qərb ölkələri də bu məsələdə rəsmi İrəvana açıq dəstək verirdi.
- Avropada siyasi elita, xüsusilə erməni diasporu/lobbisinin təsirində olan siyasətçilər Ermənistanın öhdəliyindən yayınmasını dəstəkləyirdi;
- ABŞ-da Bayden-Blinken adminisrasiyası Cənubi Qafqazda kommunikasiyanın açılmasına Ermənistanın maraqları kontekstində yanaşırdı;
- Həm Bayden administrasiyası, həm də Avropa elitası 10 noyabr razılaşmasına əsasən Zəngəzur dəhlizində təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsi ideyasına qarşı çıxaraq, vahid mövqedən çıxış edir, Ermənistan da bu situasiyadan istifadə edərək, Naxçıvana maneəsiz keçidi təmin etməkdən yayınırdı;
Lakin Prezident İlham Əliyev bütün bu geosiyasi oyunları pozmağı bacardı və Vaşinqton görüşündə tarixi nailiyyətlərə imza atdı. Avqustun 8-də Ağ Evdə görüşən Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladı. Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı konkret qeydlər yer alır.
- “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” dəstəklənir;
- “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir”: burada “üçüncü tərəf” Azərbaycandır;
Bu razılaşma ilə Zəngəzur dəhlizinin açılması reallaşır. Vaşinqton razılaşmasına əsasən, Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz bağlantısını təmin edəcək yol TRIPP adlandırılır, hərçənd, bunun Zəngəzur dəhlizi olduğu məlumdur. Dəyişən heç nə yoxdur: TRİPP, yaxud Zəngəzur dəhlizi, hər iki halda Naxçıvana maneəsiz keçid təmin olunur.
Zəngəzur dəhlizini siyasi müstəvidə reallaşdıran Azərbaycan layihənin praktiki müstəvidə icrası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Dəhlizin Azərbaycan hissəsində tikinti işlərə 44 günlük müharibədə dərhal sonra – 2021-ci ildə start verilib.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 2021-ci il oktyabrın 26-da təməlini atdığı Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Zəngəzur dəhlizinin əsas hissələrindən biridir. Hazırda inşası davam edən yol ümumi 123,6 kilometrdir: 78,5 kilometrlik hissəsi alt hərəkət zolağından, 45,1 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5–29,5 metr arasında dəyişir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də müxtəlif diametrli 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilir. Hazırda tunellərin qazma işləri başa çatdırılıb, asfalt-beton örtüyü üzrə isə son mərhələdə işlər aparılır. Layihə üzrə nəzərdə tutulan 24 körpünün 23-nün tikintisi tamamlanıb. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycanın Zəngəzur dəhlizinin fəaliyyətinin təmin edilməsi istiqamətində həyata keçirdiyi işlər davam edir:
- Ələt-Osmanlı: dəmiryolu cütxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 60 kilometrdir. Tikinti-quraşdırma işlərinə 2024-cü ildə başlanılıb və 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Hazırda tikinti-quraşdırma işlərinin 30 faizi yerinə yetirilib. İllik buraxılış qabiliyyəti 40 milyon ton təşkil edəcək.
- Osmanlı-Horadiz: dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 143 kilometrdir. Tikinti işləri 2025-2028-ci illərdə həyata keçiriləcək. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
- Horadiz-Ağbənd: dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 110,4 kilometrdir. Tikinti işləri 2021-2026-cı illər ərzində tamamlanacaq. Hazırda tikinti-quraşdırma işlərinin 68 faizi həyata keçirilir. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
- Naxçıvan (Salamməlik-Sədərək): dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 188 kilometrdir. Tikinti işlərinə 2025-ci ildə başlanılacaq və 2028-ci ildə yekunlaşdırılacaq. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Zəngəzur dəhlizinin ümumi uzunluğu 149,9 kilometrdir. Bunun 123,6 kilometri, yəni 95 faizi tamamlanıb.
Dəhlizin Ermənistan ərazisindən keçən 43 kilometrlik hissəsində isə layihələndirmə və tikinti işlərinə başlanılmayıb. Son məlumatlara görə, ABŞ nümayəndələri ilə Ermənistan rəsmiləri bu məsələnin üzərinə işləyir. Prezident İlham Əliyev isə Zəngəzur dəhlizinin 2028-ci ildə açıla biləcəyini bəyan edib.
“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, - dövlət başçısı vurğulayıb.
Zəngəzur dəhlizinin praktiki müstəvidə işə düşməsindən sonra:
- Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas hablardan birinə çevriləcək: Orta dəhlizin perspektivləri güclənəcək;
- Ermənistan regional kommunikasiyanın açılması ilə “dalan ölkə” olmaqdan çıxacaq, eyni zamanda, Şərq və Qərb, eləcə də Şimal və Cənub istiqamətində yeni çıxış imkanları qazanacaq;
- Region ölkələri – Rusiya və İran bu layihədən istifadə etməklə həm regional kommunikasiyada, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində iştirakçılıq imkanları artra bilərlər;
- Türkiyə bu layihə vasitəsilə Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqelərin gücləndiə bilər;
- ABŞ və Avropa ölkələrinin Asiya bazarına, Çinin isə Avropa bazarına çıxış imkanları genişlənə bilər;
Gördünüyü kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün siyasi və iqtisadi-lojistin üstünlük qazandırmır, ümumilikdə region və reguiondankənar qüvvələrə də yeni imkanlar açır. Tarixi ideyanı gerçəkliyə çevirən Prezident İlham Əliyev bu nailiyyəti ilə böyük bir coğrafiyanın gələcək inkişafını müəyyənləşdirdi.
Asif Nərimanlı
-
Magazin118:48Həbsdə olan Təranə Səmədova ilə bağlı QƏRAR VERİLDİ
-
Hadisə17:44Əməkdar artist vəfat etdi - FOTO
-
Nida Təhlil 17:35Zəngəzur dəhlizi: Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir - TƏHLİL
-
Rəsmi xronika16:13İlham Əliyev üç fərman imzaladı
-
Sosial15:50Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı
-
İdman15:03“Qarabağ” pley-offa vəsiqə qazanacaq? - Bukmekerlər əminliklə deyirlər ki...
-
Nida Xəbər 14:45Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq
-
Kriminal13:52“Tərtər işi”ndə təqsirləndirilən generalla bağlı qərar verildi






















.jpg)














